Məhkəmə qərarları › İş №1(060)-86/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-86/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-86/2025 12.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Qəbələ şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs sonuncunu Bakı şəhərində yerləşən Heydər Əliyev fondunda nəzarətçi kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, vahid qəsdlə 2023-cü ilin iyun ayının əvvəlində Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində yerləşən fərdi evinin həyətində 1000 manat, bir-iki gün sonra həmin yerdə 1630 manat pulunu ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2630 manat miqdarında maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa, o təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs adına Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən sosial evlərin birindən 2 otaqlı mənzil ala biləcəyinə dair yalan vəd verib aldadaraq, 2023-cü ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində yerləşən fərdi evinin həyətində sonuncunun 6820 manat pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qəbələ şəhərində doğulmuş, orada yaşayır, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Birinci evliliyindən bir, ikincidən də, bir övladı var, alver edir, rayonda bağladıqları turşu, kampotları Bakıda və digər yerlərdə satır. Zərərçəkmiş şəxs tanıyır, o və ailəsi ilə 2023-cü ilin iyun ayında tanış olmuşdur. Belə ki, onların Sumqayıtda yerləşən mağazalarına tutma turşular, kampotlar gətirməyə başlamışdır. Bu əsnada Səadət və ailəsi ilə yaxın münasibətləri yaranmış, 2023-cü ilin avqust ayına kimi o onlara ümumilikdə 9.508 manatlıq turşu, kampot və digər ərzaq məhsulları satmışdır. Lakin, bu müddət ərzində o onlardan həmin pulu ala bilməmişdir. Hər dəfə bu gün sabaha salıb pulunu gecikdirmişlər. Bundan əlavə bir dəfə həmin aylarda Səadətgil və qardaşı Qəbələ rayonuna istirahətə gələndə o orada onlara qulluq edib, 700 manat pul xərcləmişdir. Həmçinin bir dəfə də, Səadətin qardaşı atasının maşınını vurub əzdiyinə görə dəmirçi pulu kimi 300 manat pul xərcləmişdir. Ümumilikdə onların ona 10.668 manat verəcəyi vardır. O pullarını onlardan ala bilmədiyi üçün qərara gəlmişdir ki, hiylə işlətsin və pulunu onlardan geri alsın, 2023-cü ilin iyun ayının əvvəlində dəqiq xatırlamadığı tarixdə söhbət əsnasında Səadət işə düzəlmək istədiyini demişdir. O da həmin vaxt onların ona olan borclarını əvəzləmək üçün ona bildirmişdir ki, tanışları var onu Bakı şəhərində Heydər Əliyev fonduna işə düzəlməyinə köməklik edə bilər. Səadəti inandırmaq üçün o diplomun surətini, xəstəlik arayışı və s. bu kimi sənədlər istəmişdir ki, guya onu işə düzəltmək üçün çalışır. Amma əsl məqsədi onların ona olan borclarını geri almaq olmuşdur. Bunun üçün əvvəl 1000 manat istəmiş, 2023-cü ilin iyun ayının əvvəllərində həmin 1000 manat pulu, bir-iki gün sonra Sumqayıt şəhərində onların evində 1630 manat almışdır. Həmçinin, həmin vaxt 2023-cü ilin iyun ayının ortalarında sosial evlərdən ev almaqla bağlı söhbət düşəndə o Səadətdə Bakı şəhərində Yasamal rayonunda yerləşən sosial evlərdən ev götürə biləcəyini demişdir. O bunun üçün yuxarı yerlərdə tanışlarının olduğunu bildirmiş, Yasamal rayonunda sosial evlərdə iki otaqlı mənzil üçün 6820 manat pulu 2023-cü ilin iyun ayının ortalarında Sumqayıt şəhərində onların həyətində Səadətdən almışdır. Həmin vaxt onun yanında heç kim olmamış, Səadətin yanında isə atası və anası olmuşdur. Onun Səadəti aldatmaq niyyəti olmamış, onların ona olan borclarını almaq üçün o belə bir hiylə işlətmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir və sonuncu ilə barışmışdır. Özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxs ilə aralarında barışıq olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyini, ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin vurulmuş zərərin iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahid ifadəsi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında valideynləri ilə birlikdə yaşayır, boşanıb, bir azyaşlı uşağı var, anasıgil yaşadıqları evin həyətində “Turan” adlı ərzaq mağazası işlədir. 2023-cü ilin iyun ayından Təqsirləndirilən şəxs adlı şəxs mağazaya yaşadığı Qəbələ rayonundan ev istehsalı ərzaq gətirməyə başlamış, O və ailə üzvləri də, elə həmin vaxtdan onu tanımışdır. Bir dəfə söhbət əsnasında Zaur anasıgilə Bakı şəhərində Heydər Əliyev fondunda nəzarət şöbəsinin rəisi işlədiyini və tanışları vasitəsilə onu işə düzəldə biləcəyini, həmçinin, Bakı şəhərində Yasamal rayonunda sosial evlərdən evə götürə biləcəyini demişdir. Zaur ona bildirmişdir ki, o tək ana olduğundan ona sosial mənzillərdən ev götürməsinə köməklik edə bilər. Zaur onu guya Bakı şəhərində öz işlədiyi yerdə Heydər Əliyev fondunda nəzarətçi kimi işə düzəldəcəydi və o 1.000 manat maaş alacaqdır. Bunun üçün də, ondan diplomumun, şəxsiyyət vəsiqəsinin notarial təsdiq olunmuş surətlərini və bir də, sağlamlıq haqqında arayış almışdır. İşi əvvəl ona 1000 manata düzəldəcəyini demişdir. İşə görə o 2023-cü ilin iyun ayının əvvəlində yaşadığı Sumqayıt şəhəri Xəzər bağları yaşayış massivində yerləşən fərdi evinin həyətində Təqsirləndirilən şəxs 1000 manat pul vermişdir. Üstündən bir iki gün sonra Zaur təkrar ona bildirmişdir ki, 1000 manatla iş düzəlmir əlavə xərclər yaranıb və ondan əlavə 1600 manat və 30 manat da, sağlamlıq arayışına görə istəmişdir. O da razılaşmışdır. 2023-cü ilin iyun ayının əvvəlində Təqsirləndirilən şəxs yenə də yaşadığı evin həyətinə gəlmiş, o da Zaura dediyi əlavə 1630 manat pulu da orada ona vermişdir. Bundan başqa, Zaur Bakı şəhəri Yasamal rayonunda 2 otaqlı mənzil əvvəlcədən 6820 manat pul istəmiş və o 2023-cü ilin iyun ayının ortalarında həmin pulu anası və atasının yanında həyətlərində Zaura əlbəəl vermişdir. Bundan sonra, Zaur onu və qardaşı Şahid3 Yasamal rayonunda yerləşən sosial evlərə aparıb 8-ci mərtəbədə 2 otaqlı mənzil göstərmişdir ki, guya həmin mənzil onun olacaqdır. Zaur ona evə köçmək üçün ən son müddəti 2024-cü ilin 15 yanvar tarixə demişdir. Həmin tarixdən sonra Zaur artıq onun zənglərini cavablamamış və o başa düşmüşdür ki, Zaur yalan danışıb onu aldatmışdır. Beləliklə də, Təqsirləndirilən şəxs onun ümumilikdə 9450 manat pulunu ələ keçirmişdir. Zaur onun evinə mebel dəsti düzəltdirəcəyini bildirib buna görə əlavə olaraq 720 manat pul da almış, lakin Zaur həmin mebeli düzəltdirə bilmədiyindən 720 manat pulu atasına qaytarmışdır. O bu barədə gec məlumatlı olduğundan ərizə və izahatında ona vurulmuş ziyanın ümumi məbləğini 10170 manat kimi göstərmişdir. Əsl həqiqətdə isə ona vurulmuş ziyanın ümumi məbləği 9450 manat təşkil etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayından tanıyır. Zaurla onun arasında alış-veriş olmuş, bunu inkar etməmiş, onunla təxminən 2-3 ay işləmişdir. Zaur qızını özünün işlədiyi yerdə yəni fondda işə düzəltmək adı ilə ondan 2630 manat, sosial evlərdə 2 otaqlı mənzil təşkil edəcəyi adı ilə isə 6820 manat pul almışdır. Həmin pullardan 6820 manatı onların həyətində qızı ona vermişdir. Həmin vaxt o və yoldaşı da, orada olmuşdur. Həmçinin, 2630 manat pulu da qızı Səadət Zaura evdə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yoldaşı və övladları, nəvələri ilə birlikdə yaşayır. Səadət onun qızıdır, bir azyaşlı övladı var, onlarla yaşayır, rəsmi heç yerdə işləmir. Həyətlərində olan “Turan” marketdə işləyir. Təqsirləndirilən şəxs tanıyır, o 2023-cü ilin iyun ayında özünü marketə gəlib Heydər Əliyev fondunda nəzarət şöbəsinin rəisi kimi təqdim edərək kasıb ailələrə yardım etdiyini bildirmiş və ondan bir nəfər şəxs haqqında soruşmuşdur. Həmin şəxsi axtardığını, onun üçün yardım gətirdiyini bildirmişdir. O onun dediyi şəxsi tanımadığını demiş və söhbətləri alınmışdır. Ona söhbət əsnasında fonddan onlara da, yardım etməsini istəmişdir. O, onlara köməklik edə biləcəyini demiş, ailə vəziyyətini biləndən sonra bildirmişdir ki, özü işdən çıxacaq qızını öz yerinə işə düzəldə bilər və həmçinin, qızına Bakı şəhərində Yasamalda sosial evlərdə ona 2 otaqlı ev götürməsində köməklik edə bilər. Bundan başqa, da, marketə müəyyən ərzaq malları da, satmaq üçün gətirib qoya biləcəyini demişdir. Bu barədə ərinə və qızına deyəndən sonra razılaşmışlar. Ondan mal almağa başlamışlar, satıb pulunu da, vermişlər. Qızını da, işə düzəltmək üçün ümumilikdə qızından 2630 manat pul almışdır. Guya fondda nəzarət şöbəsində işə düzəldəcək. Bakıda da, sosial evlərdə ikiotaqlı mənzil təşkil edəcəyi adı ilə də, qızından bir dəfəyə 6.820 manat pul almışdır. Həmin pulu 2023-cü ilin yay aylarının birində həyətdə ona vermişlər. Bundan başqa, hətta bir dəfə Zaur onları inandırmaq üçün qızı və oğlu ilə birlikdə onu Yasamal rayonuna sosial evlərə aparmış və uzaqdan bina göstərib qızının evinin 8-ci mərtəbədə yerləşən mənzil olduğunu demişdir. Məhkəməyədək icraat dövründə şahid qismində ifadə vermiş, məhkəmə iclasında iştirak etməyən Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında ailəsilə yaşayır. Səadət onun bacısı olmaqla, onlarla yaşayır. Anasıgil həyətlərində “Turan” adlı marketdə işlədirlər. Təqsirləndirilən şəxs tanıyır. O, 2023-cü ilin iyun ayında özünü marketə gəlib Heydər Əliyev fondunda nəzarət şöbəsinin rəisi kimi təqdim edərək kasıb ailələrə yardım etdiyini bildirmiş və anasından bir nəfər şəxs haqqında soruşmuşdur. Həmin şəxsi axtardığını, onun üçün yardım gətirdiyini bildirmişdir. Bundan sonra, anası ilə söhbət əsnasında Qəbələ rayonundan satmaq üçün onların mağazaya kampot, turşu və s. bu kimi qida və ərzaq gətirə biləcəyini demişdir. Anası da, razı olmuşdur. Belə bir neçə dəfə onlara qida gətirmişdir. Həmin vaxt anası ondan söhbət əsnasında fonddan onlara da, yardım etməsini istəmiş və Zaur köməklik edə biləcəyini demişdir. Ailə vəziyyətini biləndən sonra bildirmişdir ki, özü işdən çıxacaq və bacısı Səadəti öz yerinə işə düzəldə bilər və həmçinin, onun üçün Bakı şəhərində Yasamalda sosial evlərdə ona 2 otaqlı ev almasında da, köməklik edə bilər. Onlar ona razılıq verəndən sonra Zaur bacısını işə düzəltmək adı ilə ondan ümumilikdə 2630 manat pul almışdır. Bakıda da, sosial evlərdə ikiotaqlı mənzil təşkil edcəyi adı ilə də, bacısından 6.820 manat pul almışdır. O anası və bacısı 2023-cü ilin iyul ayında Zaurla birlikdə Yasamal rayonuna gəlmişlər. Orada sosial evlərdən birinin binasını uzaqdan onlara göstərib guya bacısının mənzilinin həmin binada səhv etmirsə 8ci mərtəbədə olduğunu demişdir. Həmin vaxt guya mobil telefonda kiminləsə də, danışmış və həmin şəxsə bildirmişdir ki, mənzil guya Səadətindir. Amma, həmin şəxsin kim olmasını deməmişdir. O özü ona pul verəndə iştirak etməmiş, amma, ailənin fərdi olduğundan bütün proseslərdən məlumatlıdır. Cinayət işinin 36-cı vərəqəsində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. Cinayət işinin 37-cı vərəqəsində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması və saxlanıldıqdan sonra Sumqayıt ŞPİ-nin MSY-ə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 43-cü vərəqəsində olan axtarışda olan şəxsin tutulması barədə 27 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-yə təhvil verilmişdir. Cinayət işinin 63-cü vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o MSY-dən azad edilmişdir. Cinayət işinin 77-87-ci vərəqələrində olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli 1(125)-23/2024 saylı hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş. Təqsirləndirilən şəxs 30 iyun 2022-ci il tarixdən 30 noyabr 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 05 (beş) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutularaq cəmi 10 (on) ay müddət təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 60-cı vərəqəsində olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs oğlu ailəlidir, onun 01 övladı var (xx.xx.2009-cu il təvəllüdlü X3). Cinayət işinin 66-67-ci vərəqələrində olan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deyərək təsdiq etmiş, Təqsirləndirilən şəxs onun dediklərini təsdiq edərək bildirmişdir ki, evə görə 6820 manat pul almış, ona ev də, göstərmiş, Səadət xanımdan işə düzəltmək adı ilə və evə görə aldığı pulları almaqda əsl niyyəti əslində onların mağazasına satmış olduğu malların pulunu geri ala bilmədiyi olmuş, o pulunu geri ala bilmədiyinə görə bu yolla onlarda qalan pullarını geri almış, Səadətin atası İlhamın ona ümumilikdə 10.668 manat verəcəyi olmuş, o öz yolu ilə, yəni Zərərçəkmiş şəxs həmin pulun 9450 manat pulunu almışdır. Cinayət işinin 68-69-cu vərəqələrində olan Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deyərək təsdiq etmiş, sonuncu da onun dediklərini təsdiq etmişdir. Cinayət işinin 88-ci vərəqəsində olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs ərizəsində “Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayında onun ümumillikdə 9450 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Hazırda Təqsirləndirilən şəxs onun pulunu tam olaraq qaytarıb verdiyi üçün onun barəsində heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır” sözlərini qeyd etmişdir. Cinayət işinin 89-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli CM-nin 178.2.2-ci maddəsindən həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin 72-75-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ rayon İcra və Probasiya şöbəsindən əldə edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-95/2018 saylı xx.xx.2018-ci il tarixli hökmünə əsasən CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş və məhkum tərəfindən cərimə ödənilərək şöbənin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ rayon İcra və Probasiya şöbəsindən əldə edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Gəncə Şəhər Məhkəməsinin 1(125)-23/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə cəzasını çəkib qurtarmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 2363 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkən şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Lakin, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanı tamamilə ödənilməsini, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə ki, təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı tam ödədiyini, özünü təqsirli bilərək, əməlindən peşman olmasını bildirmişdir. Barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və onun məsuliyyətdən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək dəymiş ziyanı tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 2363 manat məbləğində dövlət büdcəsinə ödəniş edilməsini və bununla əlaqədar cinayət işinə xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin təqsirləndirilən şəxs tərəfindən vurulmuş 9450 manat ziyanın iyirmi beş faizi miqdarında, yəni 2363 manat məbləğində dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində Azərbaycan Respublikası 178.2.2 və 178.2.4cü maddələri ilə cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 22 saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar