Məhkəmə qərarları › İş №1(060)-860/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-860/2025

11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-860/2025 11.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Masallı rayon, Qodman ərazi dairəsi, Qodman kəndində qeydiyyatda olmaqla Abşeron rayon, Saray qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd qızılı rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,383 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 19.44 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 8-ci mikrorayon, Nurlan Nuruzadə küçəsi, ev 10V-nin yaxınlığında küçədə saxlanılaraq videoçəkilişlə üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan kiçik cibindən bir ədəd qızılı rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,383 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən tanışı Elməddinlə birgə saxlanılmışdır. O, 10-cu mikrorayon, köhnə Azuqə market, indiki “Araz” market yaxınlığında saxlanılmış, digər şəxs başqa yerə aparılmış, özü isə polis əməkdaşları tərəfindən 8-ci mikrorayona aparılmışdır. Saxlanılarkən üzərinə heç bir narkotik vasitə olmamışdır, həmçinin onun səhərdən axşama kimi üzərində narkotik vasitə gəzdirməsi mümkünsüzdür. Bundan sonra 1-ci Polis Bölməsinə aparılmış və Bölmənin arxasında çəkiliş olmuşdur. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən döyülməməsi üçün videoçəkilişdə psixotrop maddənin ona məxsus olduğunu bildirmiş, həmçinin istintaq zamanı sənədləri imzalamışdır. İstintaqda vəkillə təmin olunmuş, lakin baş vermiş qanunsuzluqları vəkilə bildirməmişdir. Bundan başqa, heç bir orqana da şikayət etməmişdir. O, polis əməkdaşları tərəfindən saat 4-5 radələrində saxlanılmışdır. Həmin gün Elməddin adlı dostu ilə təsadüfən görüşmüşdü. Bundan başqa Elməddinin narkotik vasitələrdən istifadə edib-etməməsini bilmir. Özü isə əvvəllər 1-2 dəfə metamfetamindən istifadə etmişdir. Polis əməkdaşları onu 1-2 saat avtomobildə gəzdirmiş, Corat qəsəbəsinə aparılmış və orada da başqa birini saxlamışlar. O, polis əməkdaşlarına qarşı müqavimət göstərməmişdir. Saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamışdır. Sonuncu dəfə narkotik vasitədən saxlanılmamışdan 5-6 gün əvvəl istifadə etmiş, lakin tutulduqdan sonra narkotik vasitələrdən istifadə etməmişdir. Danışıqdan sonra Şamil adlı polis əməkdaşı ona narkotik vasitəni vermişdir. O, Polis Bölməsində polis əməkdaşları ilə razılaşmış, Bölmənin arxasında çəkiliş olmuşdur. Videoçəkiliş Mehman adlı polis əməkdaşı tərəfindən deyil, digər polis tərəfindən həyata keçirilmişdir. İbtidai istintaq müddətində Təqsirləndirilən şəxs ifadəsi elan edilməklə tədqiq edildi. O, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Masallı rayon, Qodman kəndində qeydiyyatdadır, Abşeron rayon, Saray qəsəbəsində nömrəsiz fərdi evdə yaşayır. Bir neçə aydır ki, psixotrop maddə aludəçisidir. Psixotrop maddədən fasilələrlə çəkməklə istifadə edir. Psixotrop maddəyə olan tələbatını ödəmək üçün müxtəlif yerlərdə, tanımadığı şəxslərdən alıb istifadə edir. Psixi pozuntusu yoxdur, dispanserdə qeydiyyatda deyil. xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon, Nurlan Nuruzadə küçəsi, ev 10V-nin yaxınlığında küçədə tək piyada hərəkət edən zaman bir neçə polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsində, qəbulunda və üzərində gəzdirməyində şübhəli olduğunu bildirib hüquq və vəzifələrini izah etdikdən sonra üzərinə videoçəkiliş ilə baxış keçirəcəklərini izah etmişlər, o etiraz etməmiş, bundan sonra üzərində qanunla qadağan edilmiş hər hansı əşyanın olub olmadığını, müsbət halda təqdim etməyini bildirmişlər. Sonra o, əynində olan şalvarın sağ yan kiçik cibindən bir ədəd qızılı rəngli siqaret kağızma bükülmüş bükümü çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Həmin büküm onun iştirakı ilə polis əməkdaşları tərəfindən açılmış, içərisində ağ rəngli kristalşəkilli kütlə vardır. Sorğu zamanı bildirmişdir ki, həmin kütlə psixotrop maddə metamfetamindir, həmin kütlə özünə məxsusdur və həmin kütləni bu gün Corat qəsəbəsi ərazisində olan zaman tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 20 manata alıb üstündə saxlamışdır. Sonra həmin maddə videoçəkiliş altında polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, sonra isə zərfdə qablaşdırılaraq möhürlənmiş və imzalanmışdır. Bundan sonra onu müvafiq sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş maddi sübut ilə birlikdə Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə gətirmişlər. Bölməyə gəldikdən sonra təhqiqatçı tərəfindən videoçəkiliş ilə ona hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş və müdafiəçi təqdim edilmişdir. Daha sonra da videoçəkilişin müşayiəti ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, şəxsi axtarışa başlamazdan əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub olmadığı soruşulmuş. O da üzərində qanunla qadağan edilmiş hər hansı bir maddi sübutun olmadığını bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilmiş. Bundan sonra polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərindən aşkar edilmiş içərisində ağ rəngli kristalşəkilli kütlə olan möhürlənmiş bağlamaya təhqiqatçı tərəfindən baxış keçirilmiş, daha sonra isə videoçəkiliş dayandırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs saxlanılarkən üzərində narkotik vasitə olmamasının və himayəsində xəstə anasının olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış istintaq sənədləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxslə heç bir ədavət düşmənçiliyi olmamış, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində saxlanılmış, üzəri yoxlanılmış, bir ədəd bükülüdə metamfetaminə bənzər kütlə aşkar edilmiş, həmin büküm qablaşdırılmış, bundan sonra şəxsin polis bölməsinə aparılması təmin edilmişdir. Saxlanılarkən Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuzluğa yol verilməmiş, bütün hərəkətlər videoçəkiliş vasitəsi ilə həyata keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis leytenantı Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunda ifadə vermiş, əlavə olaraq bildirmişdir ki, həmin gün bölmənin əməliyyat qrupunun üzvü olmuş, məlumat daxil olduğu vaxt həmin yaradılan əməliyyat-axtarış qrupuna üzv təyin edilmiş, bu səbəbdən tədbirdə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş əməliyyat müvəkkili Şahid2 eyniməzmunlu ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, tədbirdəki rolu videoçəkiliş aparmaqdan ibarət olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, Nazimlə eyni məhəllədə yaşayıblar. Onlar həmin gün təsadüfən görüşmüşdülər, bu vaxt polis əməkdaşları onlara yaxınlaşdı və avtomobilə əyləşdirdilər. Bundan sonra onları Corat qəsəbəsinə apardılar. Həmin yerdə də başqa əməliyyat qrupu var idi. Onları saxlayan polis əməkdaşları digərlərinə “bunlar narkotik vasitəni boynuna götürəcək” demişlər. Bundan sonra 1-ci Polis Bölməsinə gətirilmişlər. Bölmənin arxasında həm Nazimlə, həm onunla ayrı-ayrılıqda çəkiliş etmişlər. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, 10-cu mikrorayonda, “Araz” market yaxınlığında yolun qırağında polis əməkdaşları tərəfindən saxlanılmışlar. Bundan sonra birlikdə Corat qəsəbəsinə getmişlər. Həmin vaxt üzərində ***-***-**-** nömrəli mobil telefon olmuşdur. Saxlanılarkən nə onun, nə də Nazimin üzərində narkotik vasitə olmamışdır. Cinayət işinin 1-ci vərəqəsində olan “cinayət işini başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2025-ci il tarixində Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 23-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:44-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 55-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin 66-67-ci vərəqələrində olan şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 7-8-ci vərəqələrində olan 05 noyabr 2025-ci il tarixli “əməliyyat axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” haqqında protokoldan görünür ki, kimi, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 19.44 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 8-ci mikrorayon, Nurlan Nuruzadə küçəsi, ev 10V-nin yaxınlığında küçədə saxlanmış, polis əməkdaşları özlərini təqdim etmiş, saxlamaqda məqsədlərini izah etmişlər, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər, Təqsirləndirilən şəxs etiraz etməmiş, sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan kiçik cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş. Sorğu zamanı bildirmişdir ki, həmin kütlə psixotrop maddə metamfetamindir, həmin bir bükümdə olan kütləni həmin gün Corat qəsəbəsi ərazisində olan zaman tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 20 manata alıb üstündə saxlamışdır. Sonra həmin kütlə videoçəkiliş altında polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisinin 0,50 qram olması müəyyən olunmuş, ağ rəngli zərflə qablaşdırılaraq möhürlənmiş və imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş maddi sübut ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirmişlər. Cinayət işinin 32-33-cü vərəqələrində olan 05 noyabr 2025-ci il tarixli “təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə haqqında” haqqında protokoldan görünür ki, bölməyə gəldikdən sonra təhqiqatçı tərəfindən videoçəkiliş ilə ona hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş və müdafiəçi təqdim edilmiş. Daha sonra üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırlmış psixotrop maddəyə bənzər kütlə videoçəkiliş altında onu bölməyə gətirən polis əməkdaşları tərəfindən təqdim olunmuş. Həmin təqdim edilən zərfə təhqiqatçı tərəfindən baxış keçirilmiş, bu barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin 41-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 20\974 saylı rəyindən göründüyü kimi, tədqiqata təqdim olunmuş üzərində: AR DİN “Zərflər üçün № 125 ” möhür əksi, vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm; 1) vət.\imza\ Təqsirləndirilən şəxs; 2) vəkil \imza\ Ş.Vəliyeva; 3) \imza\ Şahid3; 4) \imza\ Şahid1; Tərtib etdi: Təhqiqatçı: \imza\ C.İsgəndərli ” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,383 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,383 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,333 qram qalıq qalmışdır. Cinayət işinin 40-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. Cinayət işinin 70-ci vərəqəsində olan “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 19.44 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 8-ci mikrorayon, Nurlan Nuruzadə küçəsi, ev 10V-nin yaxınlığında küçədə saxlanmış, polis əməkdaşları özlərini təqdim etmiş, saxlamaqda məqsədlərini izah etmişlər, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər, Təqsirləndirilən şəxs etiraz etməmiş, sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan kiçik cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş. Sorğu zamanı bildirmişdir ki, həmin kütlə psixotrop maddə metamfetamindir, həmin bir bükümdə olan kütləni həmin gün Corat qəsəbəsi ərazisində olan zaman tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 20 manata alıb üstündə saxlamışdır. Sonra həmin kütlə videoçəkiliş altında polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisinin 0,50 qram olması müəyyən olunmuş, ağ rəngli zərflə qablaşdırılaraq möhürlənmiş və imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş maddi sübut ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirmişlər. Bölməyə gəldikdən sonra təhqiqatçı tərəfindən videoçəkiliş ilə ona hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş və müdafiəçi təqdim edilmiş. Daha sonra üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırlmış psixotrop maddəyə bənzər kütlə videoçəkiliş altında onu bölməyə gətirən polis əməkdaşları tərəfindən təqdim olunmuş. Həmin təqdim edilən zərfə təhqiqatçı tərəfindən baxış keçirilmiş, bu barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin 77-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,383 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, aparılmış kimyəvi tədqiqatlardan sonra 0,333 qram qahq çəkisi məhkəmənin hökmünə qədər Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. Cinayət işinin 89-90-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 7248 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəsissəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 79-81-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Xalq məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə AR CM-nin 127.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2001 -ci ildə AR MM xx.xx.2001-ci il tarixli Aministiya qərarına əsasən azad edilmişdir. ACDİÜ məhkəmənin xx.xx.2007- ci il tarixli hökmü ilə AR CM -nin 180.2.1-ci maddəsi ilə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci ildə cəzasının sonu ilə azad edilmişdir. YNMD Noyabrsk şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə RF CM 327-ci maddəsinin 1-ci hissəsinə əsasən 20000 rubl cərimə cəzası və həbsdə saxlama müddəti nəzərə alınmaqla cərimə cəzasından azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 126.1, 69.3-cü maddələri ilə 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Sumqayıt Apelyasiya məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılıb. xx.xx.2025-ci ildə cəzanın sonu ilə azad edilib. Cinayət işinin 86-88-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 93-97-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə ilkin yoxlama materialları, şahid ifadələri, Təqsirləndirilən şəxs etirafedici ifadəsi, kimyəvi ekspertizanın xx.xx.2025-ci il tarixli 20\974 saylı rəyi, narkoloji ekspertizanın xx.xx.2025-ci il tarixli 7248 saylı rəyi, xx.xx.2025-ci il tarixli əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol, xx.xx.2025-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokol, DVD diskə baxış keçirilməsi barədə protokol sübut növü kimi tanınmışdır. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,383 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, aparılmış kimyəvi tədqiqatlardan sonra 0,333 qram qahq çəkisi məhkəmənin hökmünə qədər Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. İş üzrə 02 ədəd DVD formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən xx.xx.2025-ci il tarixli qərarla maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmışdır Cinayət işi materiallarına Təqsirləndirilən şəxs, şahidlər Şahid3 və Elməddin Ağayevin istifadələrində olan mobil nömrələrin xx.xx.2025-ci il tarixinə olan anten məlumatları sorğu verilərək əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli müstəntiq Röyal Məmmədov tərəfindən qəbul edilmiş cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara əsasən Elməddin Ağayev “Konstitusiya və Suverenlik İli” münasibəti ilə elan olunmuş Amnistiya qərarının 1.16-cı bəndi tətbiq edilməklə o, cinayət məsuliyyətindən azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin ibtidai istintaq müddətində verdiyi ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirsiz hesab etsə də, toplanmış sübutlar əlaqəli şəkildə tədqiq edildikdə onun təqsirliliyi sübuta yetirilmişdir. Verilmiş sorğular əsasında əldə edilmiş anten məlumatlarına əsasən təqsirləndirilən şəxsin və onun tərəfindən məhkəməyə təqdim edilən şahidin zaman və məkan baxımından məhkəmədə bildirdikləri öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs və Elməddin Ağayev məhkəmə iclasında təsadüfən Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində görüşdüklərini bundan sonra polis əməkdaşları tərəfindən saxlanılaraq Corat qəsəbəsinə, sonradan 8-ci mikrorayon ərazisində yerləşən polis bölməsinə aparıldıqdalarını bildirmişlər. Lakin anten məlumatlarına əsasən N.Ağayevin istifadəsində olan ********** mobil nömrəsi ilə Elməddin Ağayevin istifadəsində olan ********** mobil nömrələri arasında onların saxlanıldığı gün, yəni xx.xx.2025-ci il tarixində saat 16.39-da 85 saniyə və 17.32-də 59 saniyə telefonla danışdıqları müəyyən edilməmişdir. Bu hal həmin şəxslərin təsadüfən görüşmədiyi və 17.30 radələrinədək birlikdə olmadıqlarını, dolayısı ilə günorta 3-4 radələrin polis nəzarəti altında olmadıqlarını təsdiq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs mobil nömrəsi 18.25 radələrinədək Sumqayıt şəhəri 47-ci məhəlləsi, yəni 10-cu mikrorayonun yaxınlığında qeydə alınmış, bundan sonra 18.52-də 9-cu mikrorayon, 19.00 və 19.06-da Corat qəsəbəsi, 19.10-da N.Nərimanov küçəsində qeydə alınmışdır. Qeyd edilən məlumatlar təqsirləndirilən şəxsin, Şahid3 və digər polis əməkdaşları tərəfindən Corata aparılması barədə verdiyi ifadəsi ilə uyğunluq təşkil etsə də, Şahid3 istifadəsində olan mobil nömrənin anten məlumatlarına əsasən sonuncunun həmin vaxtlarda Sumqayıt şəhəri 8-ci mikrorayon ərazində qeyd alınması müəyyən edilmişdir. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi kimi həmin gün Corat qəsəbəsi ərazisinə getməsi mümkün olsa da, məhz polis əməkdaşları tərəfindən Corat qəsəbəsi ərazisinə aparılması öz təsdiqini tapmır. Bundan başqa xx.xx.2026-cı il tarixli müstəntiq Röyal Məmmədov tərəfindən qəbul edilmiş cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara əsasən Elməddin Ağayevin xx.xx.2026-cı il tarixində saat 20.49-da Sumqayıt şəhər 8-ci mikrorayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılmış, üzərindən psixotrop maddə olan metamfetaminin aşkarlanmış, ibtidai istidai istintaq müddətində sonuncu təqsirini etiraf etmiş, nəticədə “Konstitusiya və Suverenlik İli” münasibəti ilə elan olunmuş Amnistiya qərarının 1.16-cı bəndi tətbiq edilməklə şəxs cinayət məsuliyyətindən azad edilmişdir. Bununla da, E.Ağayevin Təqsirləndirilən şəxslə birlikdə saxlanılması, üzərində narkotik vasitə olmaması barədə məhkəmə verdiyi şahid ifadəsi təkzib olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxsa cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Lakin, məhkumluğu ödənilmədən və götürülmədən xx.xx.2025-ci ildə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halların olmamasını, ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 11 mart 2026-cı il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsə alınmalı və və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli 7248 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixsotimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindiromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsa tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,333 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 mart 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və Sumqayıt şəhər ND-də qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,333 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk və cinayət işi materiallarına əlavə edilmiş 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 18 saata görə 198 (yüz doxsan səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar