Məhkəmə qərarları › İş №1(060)-867/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-867/2022

28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-867/2022 28.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan tanışı Şahid1 etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «X11» minik markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə 13 iyul 2022-ci il tarixdə, saat 04:43 radələrində Sumqayıt şəhəri Koroğlu küçəsi ilə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yaşayış məntəqəsinə aid olan yol sahəsində avtomobili 120 km/saat sürətlə idarə etməklə və həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla, yəni yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna riayət etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda hərəkətin təhlükəsizliyini təmin etməyən idarəetmə hərəkətləri ilə yol hərəkəti qaydalarını pozaraq hərəkətdə olduğu küçənin M.Ə.Sabir küçəsi ilə kəsişməsində eyni istiqamətdə, eyni zolaqda, işıqforun qırmızı işığında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi «Qaz 3110» markalı **-HD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa hissəsindən ehtiyatsızlıqdan avtomobilin qabaq hissəsi ilə vurmuş, nəticədə həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 QKBT, baş beynin yüngül dərəcəli əzilməsi, hər iki təpə paylarında intraparenximatoz qansızmalar, üzün və başın çoxsaylı sıyrıntısı, döş qəfəsinin sol yarısının əziyi və sıyrıntısı ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid olan xəsarətlər, həmçinin avtomobildə olan sərinişin Zərərçəkmiş şəxs2 AKBT, baş beynin orta dərəcəli əzilməsi, travmatik sudabaraxnoidal qanaxma 4-cü mədəciyə sirayət etməklə, mədəciklərin dislokasiyası, sağ gicgah sümüyünün kəllə əsasına keçən sınığı, sol sfenoidal və sol maksilyar sümüklərinin sınıqları, sol paraorbital nahiyənin hematoması, sol tərəfli posttravmatik ptoz, sol təpə nahiyəsinin çapılmış yarası, sağ körpücük sümüyünün 1/3-nin yerdəyişən sınığı, sol körpücük sümüyünün orta 1/3-nin yerdəyişən sınığı, travmatik konyuktiv, tor qişasının angiopatiyası ilə müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid olan xəsarətlər almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, Sumqayıt şəhəri 43-cü məhəllə, Sərvər Bədəlbəyli küçəsində yerləşən “Bereket” marketi icarə əsasında işlədir, həmin market 24 saat işləyir, çox zaman gecə növbəsində özü işləyir. 13 iyul 2022-ci il tarixdə saat 01 radələrində dostu Əlinin, Ziya və Abdurrəhim Əliyə məxsus Hyundai Santafe markalı **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə işlədiyi yerə gecə növbəsində olduğu üçün gəlmiş, ona marketdə ərzaqları daşımaqda köməklik etmişlər. Saat təxminən 04:30 radələrində Əlidən ona məxsus avtomobili sürmək üçün istəmiş, Əli ona etiraz etməmiş və sürücülük hüququ olmasa da özünə məxsus Hyundai Santafe markalı **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etməyi üçün ona vermişdir. Avtomobilin sükanı arxasına əyləşmiş, həmin zaman Əbdürrəhim də onunla gəzmək istədiyini deyib avtomobildə qabaq oturacaqda əyləşmiş, avtomobili işlədiyi marketin qarşısında idarə edərək Sumqayıt şəhəri Koroğlu küçəsi ilə Sülh küçəsi istiqamətində hərəkətə başlamışdır. Həmin küçədə təxminən 120 km/saat sürətlə hərəkətdə olduğu zaman Sumqayıt şəhəri 8-ci mikrorayonda yerləşən “Sevgilim” restoranının qarşısına çatanda Koroğlu küçəsi ilə Sabir küçəlsinin kəsişməsində yerləşən işıqforda qadağanedici işığının yandığını təxminən 200 metr məsafədən görmüşdür. Həmin zaman avtomobilin sürəti yüksək olduğundan özünü itirmiş, idarə etdiyi avtomobil işıqforun qırmızı işığında dayanan dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı Qaz 3110 markalı avtomobilin arxa hissəsi ilə toqquşmuş, həmin avtomobil zərbənin təsirindən yol kəsişməsi istiqamətində getmiş, xəsarət aldığı üçün avtomobildən sərinişini olan dostu Əbdürrəhim Rəhimli ilə birlikdə düşmüş, qarşı avtomobildə də iki nəfər sərinişin olmuşdur. Bundan sonra hadisə yerinə toplaşan şəxslər xəsarət alan şəxsləri avtomobildən çıxarmış, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yola salmışlar. Hadisə yerində qalıb polis işçilərinin gəlməsini gözləmiş, polis işçiləri hadisə yerinə gəldikdən sonra xəsarət aldığı üçün xəstəxanaya getmiş, baş vermiş hadisə zamanı avtomobili təxminən 120 km/saat sürətlə idarə etmişdir. Baş vermiş hadisənin səbəbi avtomobili yüksək sürətlə hərəkət etdirməyi və diqqətsizliyi olmuş, baş vermiş hadisə zamanı baş və sağ qol nahiyəsindən xəsarət almışdır. Zərərçəkmiş şəxs1 ona qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsinə cəhd etmiş, xəstəxanada olarkən onun müalicə və müayinə xərclərini ödəmişdir, ancaq barışıq əldə edilməsi mümkün olmamışdır. Məhkəmədən bunların nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi öz ifadəsi ilə bərabər zərərçəkmiş şəxslərin, şahid ifadələri, məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, özünə məxsus QAZ 3110 markalı **-HD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə səyyari şəkildə meyvətərəvəz satışı ilə məşğul olur, hər gün mütəmadi olaraq gecə saat 04 radələrində Sumqayıt şəhəri Əşya bazarı adlanan ünvandan satmaq üçün meyvə-tərəvəz almağa gedir. 13 iyul 2022-ci il tarixdə hər gün olduğu kimi yaşadığı evdən idarə etdiyi avtomobil ilə Sumqayıt şəhəri Əşya bazarı adlanan ünvana getmək üçün çıxmış, həmin gün dostu, bazarda işləyən Zərərçəkmiş şəxs2 də bazara aparmaq üçün Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisindən götürmüşdür. Yadigar avtomobildə qabaq oturacaqda əyləşmiş, təxminən saat 04:30 radələrində Sumqayıt şəhəri 8-ci mikrorayonda yerləşən “Sevgilim” restoranının qarşısında işıqforun qadağanedici işığında dayanmış, işıqforun qırımızı, yəni qadağan edici işığında dayandığı zaman avtomobilin arxa hissəsindən sonradan markasının ona məlum olan Hyundai markalı avtomobil toqquşmuşdur. Hadisə zamanı dostu Yadigar ilə birlikdə ağır bədən xəsarətləri alaraq huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilmişlər, hadisədən bir neçə saat sonra ayılmışdır. İşıqforun qadağanedici işığında dayanan zaman Hyundai markalı avtomobil idarə etdiyi avtomobilin arxa hissəsinə çırpılmış, həmin avtomobili toqquşmadan əvvəl görməmiş, avtomobildə ondan başqa sərinişini Zərərçəkmiş şəxs2 olmış, hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. X4 ilə barışmışdır. Ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bunların nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o X5 barışmışdır. X4 tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənildiyi üçün ona qarşı heç bir şikayət, iddiası və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərdi ki, bazarda meyvə-tərəvəz satışı ilə məşğul olur, hər gün mütəmadi olaraq gecə saat 04 radələrində Sumqayıt şəhəri Əşya bazarı adlanan ünvandan satmaq üçün meyvə-tərəvəz almağa gedir. 13 iyul 2022-ci il tarixdə hər gün olduğu kimi yaşadığı evdən çıxan zaman dostu Ələsgər ilə danışmış, Ələsgər ilə birlikdə bazara getmək üçün Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində Ələsgərin idarə etdiyi Qaz 3110 markalı avtomobildə qabaq oturacaqda əyləşmiş, təxminən saat 04:30 radələrində Sumqayıt şəhəri 8-ci mikrorayonda yerləşən “Sevgilim” restoranının qarşısında işıqforun qadağanedici işığında dayanmışlar, işıqforun qırımızı, yəni qadağan edici işığında dayandığı zaman avtomobilin arxa hissəsindən sonradan markasının ona məlum olan Hyundai markalı avtomobil toqquşmuş, hadisə zamanı ağır bədən xəsarətləri ilə huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilmiş, bir neçə gün sonra xəstəxanada ayılmışdır. Aralarında razılıq yoxdur, təqsirləndirilən şəxslə barışmamışdır, səhhətində böyük problemlər yaranmış, aldığı xəsarətlər ucbatından işləyə bilmir, şikəst olmuşdur, davamlı müalicəyə ehtiyacı vardır, ona dəymiş ziyanın ödənilməsini və məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, İqtisad Universitetinin maliyyə fakülətinin 3-cü kurs tələbəsidir, Təqsirləndirilən şəxs dostudur. Aydın Sumqayıt şəhəri 43cü məhəllə, Sərvər Bədəlbəyli küçəsində yerləşən “Bereket” marketi icarə əsasında işlədir, həmin market 24 saat işləyir. Aydın da çox zaman gecə növbəsində olur. 13 iyul 2022-ci il tarixdə saat 01 radələrində dostları Ziya və Abdurrəhim ilə baş etibarnamə əsasında idarə etdiyi, əmisi oğlu Səxavət Həsənova məxsus Hyundai Santafe markalı **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Aydının işlədiyi marketə ona kömək etmək üçün getmişlər. Marketdə dostları ilə birlikdə Aydına ərzaqların daşınmasında köməklik etmişlər, saat təxminən 04:30 radələrində Aydın ondan özünə məxsus avtomobili sürmək üçün istəmiş, ona etiraz etməmiş, özünə məxsus Hyundai Santafe markalı **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Aydının sürücülük hüququ olmadığını bildiyi halda idarə etməyi üçün ona vermişdir. Aydın avtomobilin sükanı arxasına əyləşmiş, həmin zaman dostu Əbdürrəhim də onunla gəzmək istədiyini deyib avtomobildə qabaq oturacaqda əyləşmiş, Aydın avtomobili Koroğlu küçəsi istiqamətində idarə etməyə başlamışdır. Ziya ilə marketə girmişlər, təxminən bir neçə dəqiqə sonra toqquşma səsinə marketdən çıxmışlar, Aydın Koroğlu küçəsi ilə Sabir küçəsinin kəsişməsində yerləşən işıqforda qadağanedici işığında dayanan Qaz 31 markalı avtomobilin arxa hissəsi ilə toqquşmuş, bundan sonra hadisə yerinə oradan da Suqmayıt şəhəri Təcili Tibbi yardım xəstəxanasına getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, ruhi-əsəb və s. xəstəliyi yoxdur. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs dostudur. 13 iyul 2022-ci il tarixdə saat 01 radələrində dostları Əli və Ziya ilə Əliyə məxsus Hyundai Santafe markalı **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Aydınla görüşmək üçün onun işlədiyi marketə getmişlər. Aydına marketdə ərzaqları daşımaqda köməklik etmişlər, saat təxminən 04:30 radələrində Aydın Əlidən ona məxsus avtomobili sürmək üçün istəmiş, Əli də Aydına etiraz etməmişdir. Aydının sürücülük hüququ olmasa da özünə məxsus Hyundai Santafe markalı **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etməyi üçün Aydına vermişdir, Aydın avtomobilin sükanı arxasına əyləşmiş, həmin zaman avtomobil ilə gəzmək istədiyini deyib avtomobildə qabaq oturacaqda əyləşmişdir. Aydın avtomobili tanımadığı küçədə təxminən 120 km/saat sürətlə hərəkət etdirən zaman yol kəsişməsində yerləşən işıqforda qadağanedici işığının yandığnı təxminən 200 metr məsafədən görmüş, Aydından sürəti azaltmağı tələb etmiş, lakin avtomobilin surəti yüksək olduğundan Aydın özünü itirmiş, avtomobil işıqforun qızrmızı işığında dayanan dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı Qaz 3110 markalı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Həmin avtomobil zərbənin təsirindən yol kəsişməsi istiqamətində getmiş, Aydınla birlikdə avtomobildən düşmüşlər, qarşı avtomobildə də iki nəfər sərinişin olmuşdur. Bundan sonra hadisə yerinə toplaşan şəxslər xəsarət alan şəxsləri avtomobildən çıxarmışlar, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yola salmışlar, Aydın ilə birlikdə hadisə yerində qalıb polis işçilərinin gəlməsini gözləmişlər, polis işçiləri hadisə yerinə gəldikdən sonra xəstəxanaya getmişlər, hadisə nəticəsində hər hansı bədən xəsarəti almamışdır. İş materiallarında olan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yerinin sxemi və fotoşəkilləri çəkilərək protokola əlavə edilmiş, həmçinin yol- nəqliyyat hadisəsinin baş vermə anının görüntüsü “Təhlükəsiz şəhər” kameralarından götürülüb diskə köçürülmüşdür. İş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” 3365saylı, xx.xx.2022-ci il tarixli aktından görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq vəzuyyətində olmamışdır. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və məhkəmədə nümayiş olunan bir ədəd diskdən görünür ki, videogörüntüyə baxdıqda müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə 04:43 radələrində Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə M.Ə.Sabir küçələrinin kəsişməsində “Təhlükəsiz şəhər” kamerasına həkk olunmuş 20 saniyə davam edən görüntü var. Həmin görüntünün 10-cu saniyəsində Koroğlu küçəsindən M.Ə.Sabir küçəsi ilə kəsişməyə tünd boz rəngli avtomobil hərəkətdədir və həmin avtomobil küçə kəsişməsində olan işıqforun qırmızı işığında dayanmış vəziyyətdə olan ağ rəngli avtomobil ilə toqquşur. 2-ci fayldakı görüntüyə daxil olduqda görüntüdə avtomobillər toqquşandan sonra hərəkətləri müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin 302-6243-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X2 adına kompyuter bazasına əsasən sürücülük vəsiqəsi qeydiyyatda yoxdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, BB108544 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 22BL992 dövlət qeydiyyat nişanlı, X11 Universal minik markalı, tünd boz metallik rəngli avtomaşın X3 məxsusdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən X3 məxsus olan X11 minik markalı, 22BL992 dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2030-cu il tarixədək idarə edilməsi etibarnamə əsasında X6 etibar edilmişdir. İş materiallarında olan AE 138098 saylı, xx.xx.2020-ci il tarixli sürücülük vəsiqəsindən görünür ki, Şahid1 xx.xx.2030-cu il tarixədək nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük hüququ vardır. İş materiallarında olan AD 103992 saylı, xx.xx.2018-ci il nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Qaz 3110 minik markalı, ağ rəngli, 10HD770 dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1 məxsusdur. İş materiallarında olan AC218477 saylı, xx.xx.2015-ci il tarixli sürücülük vəsiqəsinə əsasən Zərərçəkmiş şəxs1 nəqliyyat vasitəsini idarə etmək hüququ vardır. Həmin sürücülük vəsiqəsi xx.xx.2025-ci il tarixədək etibarlıdır. İş materiallarında olan "xxxx" MTK-nın xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 1325 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır:QKBT. Baş beynin yüngül dərəcəli əzilməsi. Hər iki təpə paylarında intraparenximatoz qansızmalar. Üzün və başın çoxsaylı sıyrıntısı. Döş qəfəsinin sol yarısının əziyi və sıyrıntısı. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəəni xx.xx.2022-ci il tarixdə YNH-si zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 1216 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşağıdakı xəsarətlər vardır:AKBT. Baş beynin orta dərəcəli əzilməsi. Travmatik sudabaraxnoidal qanaxma 4-cü mədəciyə sirayət etməklə. Mədəciklərin dislokasiyası. Sağ gicgah sümüyünün kəllə əsasına keçən sınığı. Sol sfenoidal və sol maksilyar sümüklərinin sınıqları. Sol paraorbital nahiyyənin hematoması. Sol tərəfli posttravmatik ptoz. Sol təpə nahiyyəsinin çapılmış yarası. Sağ körpücük sümüyünün orta 1/3-nin yerdəyişən sınığı. Sol körpücük sümüyünün orta 1/3-nin yerdəyişən sınığı. Travmatik konyuktiv. Tor qişasının angiopatiyası. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar. Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə YNH-si zamanı əmələ gələ bilərdilər və dərəcsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan məhkəmə-yol nəqliyyat hadisləri ekpertizasının 8/2431 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Hyundai Santafe markalı, 22BL992 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsinə aid olan yol sahəsində 60 km/saat sürətdən artıq, yəni 120 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən QAZ 3110 markalı, 10HD770 dövlət qeydiyyat nişanlı qvtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qaimə-fakturadan görünür ki, 10HD770 saylı avtomobilə dəymiş ziyan 3130 manat dəyərləndirilmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 264-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətləri müəyyən edildiyindən barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4cü hissəsinə əsasən velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Beləliklə, məhkəmə 01 ədəd diskdəki hadisənin görüntülərinə baxaraq, işdəki sübutların müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, hadisə ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Cəza təyini zamanı hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan bu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi təhlil edilib nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, Zərərçəkmiş şəxs1lə barışıq əldə etməsini, cinayət nəticəsində ona dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ailəsinin mövcud maddi və sosial vəziyyətini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət edilmişdir. Onun təqdim etdiyi hesabatdan görünür ki, o təqsirləndirilən şəxsin müdafiəsinin təmin edilməsi üçün 10 saat sərf etmişdir. Ona görə də, dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut-hadisənin baş verməsini videogörüntünü əks etdirən 01 CD disk iş materiallarında saxlanılmalıdır. Maddi sübut olan Hyundai Santafe markalı **-BL-*** dövlət qeydiyyat nişanlı və Qaz 3110 markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinin sərəncamında qalması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə daxil olduğu və orada qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası və məhkumun cəzaçəkmə müəssisəsinə çatdırılması Sumqayıt Şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Maddi sübut olan Hyundai Santafe markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı və Qaz 3110 markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinin sərəncamında qalması nəzərə alınsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar