Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-867/2024 03.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid1, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 10 may 2023-cü il tarixdə, saat 17 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən özünə məxsus bağ sahəsində olan zaman meyvə dərmək üçün bağ sahəsinin dəmir torlu hasarına çıxmış Zərərçəkmiş şəxs görüb yaxınlaşaraq ağacları və hasarı zədələməsin deyə iradını bildirdikdə, Zərərçəkmiş şəxs iradlara məhələ qoymayaraq yerə düşmədiyini görüb əlində olan hər iki tərəfində dəmir məftil bağlanmış rezin boru ilə Zərərçəkmiş şəxs sol qoluna və başına zərbə vuraraq, ona sol saidin orta 1/3-nin arxa səthinin qançırı kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən, həmçinin QKBT, baş beyin silkələnməsi, sol gicgah nahiyyənin 2(iki) ədəd cərrahi tikişə ehtiyacı olan yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona məxsus Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən bağ sahəsi var. Həmin bağ sahəsini 30 ildən artıq istifadə edir. O, həmin bağ sahəsində meyvə ağacları və digər ağaclar əkmiş və yaşıllıq salmışdır. Hər gün yaxınlıqda yerləşən 32 saylı tam orta məktəbin şagirdləri dərsdən çıxanda gəlib onun bağının yanından keçib meyvə dərib yeyirlər, dəmir torlu hasardan bağa daxil olub bağı bərbad hala salırlar. O, orada olanda uşaqlar gəldikdə bağın qapısını açır, uşaqlar girib hərəsi biraz meyvə yığıb yeyərək çıxıb gedirlər. Bağında alça və ərik ağacları da yetişdirir, uşaqlar alça ağacının budaqlarını qırırlar. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində bağda olarkən bir neçə uşağın bağ sahəsinin yanında olduğunu, iki nəfərin isə dəmir torlu hasara qalxdığını görmüşdür. Hasar artıq yararsız vəziyyətə düşmüşdür. O, uşaqlara yaxınlaşıb belə etmək olmaz, qapını açıb içəridən keçə bilərsiz deyərək, ağacları və hasarı sındırmasınlar deyə irad tutmuşdur. Hasarda olan bir uşaq düşüb qaçmış, digəri isə heç tərpənməmiş və onu saymamışdır. O, da həmin uşağı kənarlaşdırmaq üçün əlində olan hər iki tərəfinə dəmir məftil bağlanmış rezin yumşaq boru ilə həmin uşağın başından bir dəfə vurmuşdur. Bundan sonra həmin və digər uşaqlar oradan qaçıb uzaqlaşmışlar. Hər gün uşaqlar dərsdən çıxıb bağda olan vaqona daş atıb onun orada olub-olmadığımı yoxlayırlar, sonra isə hasardan keçib ağacları yararsız hala salırlar, o, da bundan əsəbləşib hasarına çıxmış və tutduğu iradlara məhəl qoymayan sonradan adını Murad bildiyi uşağın başına hər iki tərəfinə dəmir məftil bağlanmış rezin yumşaq boru ilə düşüb getməsi üçün vurmuşdur. Hadisə baş verən gün o, əsəbi olmuşdur. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə barışmışdır, zərərçəkmiş şəxsə dəymiş zərəri tam tam ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayəti yoxdur. Ona görə də barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ilə ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri 32 nömrəli tam orta məktəbin 6A sinif şagirdidir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində dərsdən çıxmış, sinif yoldaşları Qəzənfər, Kənan, Tunar və Nurlanla birlikdə piyada evə tərəf gedirmişlər. Məktəbin yaxınlığında yerləşən bağ sahəsinə tərəf getmişlər. Həmin bağda alça və digər meyvə ağacları olmuşdur. Həmin bağ sahəsi dəmir torlu hasarla əhatə olunmuşdur. O və Kənan ikisi həmin torlu hasara çıxaraq ərik dərməyə başlamışlar. Bir qədər sonra arxadan onlara yaşlı bir kişi yaxınlaşmış, digər uşaqlar qaçmış və Kənan da hasardan enib kənarda durmuşdur. O isə hasarda qalmışdır. Həmin kişi ona yaxınlaşıb qolundan tutub çəkmiş və əlində nə olduğunu bilmədiyi əşya ilə əvvəlcə onun başının sol nahiyyəsinə, sonra isə başının təpə nahiyyəsinə, daha sonra isə sol qoluna vurmuş və qolundan tutub bağa tərəf çəkməyə çalışırmış. O, həmin şəxsin əlindən çıxıb evə tərəf qaçmışdır. Evə çatmamış küçədə dayanıb yanında olmuş, uşaqların köməyi ilə başının qanayan hissəsinə su vurmuşdur. Sonra evə getmiş və atasına baş verənlər barədə danışmışdır. Sonra onu Sumqayıt şəhər xəstəxanasına aparmışlar. Hadisə xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən bağ sahəsinin yanında baş vermiş, təxminən 1-2 dəqiqə davam etmiş, həmin vaxtı yanında sinif yoldaşları Qəzənfər, Kənan, Tunar və Nurlanla olmuşdur. Kənardan heç kim toplaşmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayəti yoxdur. Göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 ifadəsində göstərmişdir ki, 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun oğludur, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən 32 saylı tam orta məktəbin 6A sinif şagirdidir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində evdə olan zaman Murad evə gəlmiş və Muradın başının qanadığını görmüşdür. Muraddan nə baş verdiyini soruşduqda yıxıldığını demişdir. O, Muradın paltarı üzərində yıxılma izlərini görməmişdir. O, Muradın uşaqlarla dalaşdığını düşünmüş, ona görə də Muraddan təkrarən nə baş verdyini soruşmuşdur. Murad onun təkidlə soruşduğunu görüb həmin gün saat 17 radələrində məktəbdən dərsdən çıxdıqdan sonra məktəbin yaxınlığında Ə.Vahid küçəsində yerləşən bağların birinin hasarından çıxan meyvə ağacından meyvə dərib yediyini, həmin vaxtı bağ sahibinin onu danlayıb döydüyünü, əlində olan dəmir parçası ilə başından vurub xəsarət yetirdiyini bildirmişdir. O, həmin bağ sahibinin kim olduğunu soruşduqda. Murad bilməmişdir. O da 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş və Muradın başında olan xəsarətə görə onu Sumqayıt şəhər təcili tibbi yardıma aparmış və Murada tibbi yardım göstərilmişdir. Sonra da Muradın döyülüb xəsarət alması ilə bağlı Sumqayıt ŞPİ-nin 2-ci PB-nə şikayət etmişdir. Həmçinin bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar, sonuncu onlara dəymiş zərəri tam ödəmiş, onların təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətləri yoxdur. Göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi ealn edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində oxuduğu Sumqayıt şəhəri Zeynalabdin qəsəbəsində yerləşən 32 saylı tam orta məktəbdən çıxmış, sinif yoldaşları Qəzənfər, Tunar, Murad və Nurlanla birlikdə evə gedirmişlər. Məktəbin yaxınlığında keçən zaman Murad yaxınlıqda meyvə bağı tanıdığını, gedib oradan meyvə dərmələrini demişdir. Onlar Muradın dediyi bağın yanına qəlmişlər, Murad dəmir torlu hasara çıxıb meyvə dərməyə başlamış, Qəzənfər və Nurlan arxada durmuşdur. O, da hasara azca çıxmış, bağın içərisindən bir nəfər yaşlı kişinin gəldiyini görmüş və hasardan düşüb qaçmışdır. Həmin kişi Murada yaxınlaşıb qolundan tutub əşya ilə Muradın başından zərbə vurmuş. Murad onlara tərəf qaçıb gəlmiş və Muradın başının qanamasını görmüşlər. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, o, digər Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 105-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 15-17-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X2 Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 673 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində QKBT. baş beyin silkələnməsi, sol gicgah nahiyyənin 2(iki) ədəd cərrahi tikişə ehtiyacı olan yaraları, sol saidin orta 1/3-nin arxa səthinin qançırı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya(əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə QKBT. baş beyin silkələnməsi, sol gicgah nahiyyənin 2(iki) ədəd cərrahi tikişə ehtiyacı olan yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya, digər xəsarət-yəni, sol saidin orta 1/3-nin arxa səthinin qançırı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Cinayət işinin 89-cu vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd edilən ərizə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 tərəfindən də təsdiq edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, zərərçəkmiş şəxsə dəymiş ziyan tərəfindən tam ödənilmiş, zərərçəkmiş şəxsin ona qarşı tələbi və şikayəti yoxdur, aralarında barışıq əldə edilmişdir. Göstərilənləri nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidir. Lakin, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanı tamamilə ödənilməsini, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Cinayət prosesini həyata keçirən orqan Cinayət Məcəlləsinin 73-cü maddəsinin tətbiqi ilə bağlı yekun nəticəyə gələrkən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair iradəsinin təzyiq və yaxud hədə-qorxu ilə deyil, məhz sərbəst və şüurlu şəkildə ifadə edildiyini nəzərə almalıdır. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət təqibinə xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-867/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-867/2024
03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver