Məhkəmə qərarları › İş №1(060)-87/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-87/2021

07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-87/2021 07.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru - Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi - Sumqayıt Regional vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1988-ci ildə Qubadlı rayonu, Xanlıq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Sumqayıt şəhəri, Aşkarlar zavodunda kurator işləyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Qubadlı rayonu, Xanlıq kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 12-ci mikrorayon, Qaçqınlar şəhərciyi, ev 6B, mənzil 48-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə şəxsiyyəti istintaqa Emin kimi təqdim olunan şəxslə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 19 iyul 2020-ci il tarixdə, saat təxminən 17 radələrində Sumqayıt şəhəri 21-ci mikrorayon ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus havalandırma avadanlıqları anbarının həyətinə hasarı aşmaqla qanunsuz daxil olaraq anbarın giriş qapısını aralayıb açaraq içəri keçdikdən sonra anbarın içərisində piştaxtaların üzərindəki bir ədədi 45 manat dəyərində olan 134 ədəd bronz materiallı 3 yollu ventili, bir ədədi 8 manat dəyərində olan 90 ədəd bronze materiallı filtiri, bir ədədi 5 manat dəyərində 150 ədəd bronze materiallı dirsəyi gizli talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə, 7500 (yeddi min beş yüz) manat, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə şəxsiyyəti istintaqa Emin kimi təqdim olunan şəxslə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 iyul 2020-ci il tarixdə, saat təxminən 15 radələrində Sumqayıt şəhəri 21-ci mikrorayon ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus havalandırma avadanlıqları anbarının həyətinə hasarı aşmaqla qanunsuz daxil olaraq anbarın giriş qapısını aralayıb açaraq içəri keçdikdən sonra anbarın içərisində piştaxtaların üzərindəki bir ədəd 120 manat dəyərində laqondanı, 40 manat dəyərində santexnik ütüsünü, 200 manat dəyərində 4x4 100 metrlik kabeli gizli talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə, 360 (üç yüz altmış) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə şəxsiyyəti istintaqa Emin kimi təqdim olunan şəxslə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 21 iyul 2020-ci il tarixdə saat 06:30 radələrində Sumqayıt şəhəri 21-ci mikrorayon ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus havalandırma avadanlıqları anbarının həyətinə hasarı aşmaqla qanunsuz daxil olaraq anbarın giriş qapısını aralayıb açaraq içəri keçdikdən sonra anbarın giriş qapısının yanında piştaxtanın üstündə olan bir ədəd 350 manat dəyərində 100 m2-lik ”Gree” markalı kondisioneri və bir ədəd 485 manat dəyərində soyutma hava fanını (ventilyatoru) gizli talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə, 835 (səkkiz otuz beş) manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər də oğurluq etdiyinə görə məhkum olunmuşdur. Sumqayıt şəhəri, Aşkarlar zavodunda kurator işləsə də, 2020-ci ilin iyun və iyul aylarında ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar olaraq zavod təxminən 2 ay fəaliyyətini dayandırmışvə bu səbəbdən işsiz qalmışdır. Maddi sıxıntısı olduğundan oğurluq etmək qərarına gəlmiş, 19 iyul 2020-ci il tarixdə, saat 17 radələrində tanışı Eminlə Sumqayıt şəhəri, bağlar yaşayış massivi istiqamətindən 17-ci mikrorayon istiqamətində gəlmişlər. Sumqayıt şəhəri 21-ci mikrorayon ərazisindən keçəndə orada havalandırma anbarı görmüş, anbarın həyətində yerdə dəmir ləvazimatlarını görəndən sonra Eminlə həmin anbara girib oradan dəmir lavəzimatlarını götürmək qəqrarına gəlmişlər. Anbarın hasarı alçaqdan olduğuna görə hasardan aşıb içəri keçmişlər. Həmin vaxt üzərlərində olan dəmir yığmaq üçün istifafə etdikləri un kisələrinə anbarın içərisində olan piştaxtaların üzərindəki sarı rəngli, balaca ölçülü, dəmirləri yığaraq yol kənarına gəlmişlər. Daha sonra yoldan keçən tanımadığı, qeydiyyat nişanını xatırlamadığı, “Opel” markalı taksiyə əyləşib Sumqayıt şəhəri, “Əşya” bazarı tərəfdə yerləşən işıqforun altında metal alqı-satqısı ilə məşğul olan Vüqar və Zamin adlı şəxslərin yanına gəlmiş və anbardan götürdükləri metal əşyalarını ümumilikdə 65 manata həmin şəxslərə satmışlar. Adətən küçədən yerdən yığdıqları metal əşyalarını onlara satırlar, buna görə də anbardan oğurladıqları metal əşyalarını da onlara satmışlar, lakin oğurluq olmasını deməmişlər. O, metal əşyalarını metal alanlara satanda Emin onu kənarda gözləmiş, əşyaları satdıqdan sonra əldə olunan puldan 33 manatını Eminə vermiş və onlar aralanmışlar. O, həmin pulla evinə ərzaq məhsulları almışdır. 20 iyul 2020-ci il tarixdə təxminən saat 14:30 radələrində Eminlə danışıb yenidən Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən anbardan oğurluq etməyi qərarlaşdırmışlar. Saat 15 radələrində Eminlə Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən anbarın qarşısında görüşmüş, bundan sonra hasardan keçib anbara daxil olmuş və bu dəfə anbarın açıq qapısından içəri keçib oradan qapının yanında yerdə olan sarı rəngli, balaca ölçülü, troynik formalı metal əşyaları 2 ədəd un kisəsinə yığıb yola çıxartmışlar. Daha sonra yoldan keçən tanımadıqları, qeydiyyat nişanını xatırlamadığı, “Mersedes” markalı taksiyə əyləşib yenə Sumqayıt şəhəri, “Əşya” bazarı tərəfdə yerləşən işıqforun altında metal alqı-satqısı ilə məşğul olan Vüqar və Zamin adlı şəxslərin yanına gəlmiş və anbardan götürdükləri metal əşyalarını ümumilikdə 70 manata həmin şəxslərə satmışlar. Həmin puldan 35 manatını Eminə vermişdir. Anbarın sahibsiz olduğunu fikirləşib, buna görə növbəti gün anbarda gördükləri işlənmiş kondisioneri oğurlamaq qərarına gəlmişlər. Bu səbəbdən 21 iyul 2020-ci il tarixdə saat 06:30 radələrində yenidən Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən anbarın yanına gəlmiş və hasardan içəri keçib, daha sonra anbarın açıq qapısından içəri keçib orada qapının yanında piştaxtanın üstündə olan markasını bilmədiyi kondisioneri götürüb anbardan çölə çıxartmışlar. Hasarın yanında kondisioneri söküb içindəki misi çıxartmış, bundan sonra yükləri yüngül olduğundan bu dəfə marşrutla yenidən Sumqayıt şəhəri, “Əşya” bazarı tərəfdə yerləşən işıqforun altında metal alqı-satqısı ilə məşğul olan Vüqar və Zamin adlı şəxslərin yanına gəlmişlər. Kondisionerdən çıxartdıqları misi orada çəkdikdə çəkisinin 6 kq, 500 qram olması müəyyən edimişdir. Vüqar və Zaminə satdıqları metal əşyalarını oğurluq olmasını onlara deməmişlər. Həmin çəkidə misə görə ona 45 manat pul verilmiş və həmişə olduğu kimi pulu bərabər bölüb hərə öz evinə getmişdir. Əldə edilən pulla evə ərzaq məhsulları almışdır. Hazırda Vüqar və Zamin orada artıq işləmirlər, onların soyadını, yaşadıqları ünvanı və mobil telefon nömrələrini bilmirlər. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməyə imkanı yoxdur. Törətdiyi əməldən peşmandır.Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2020-ci ilin iyul ayında ona məxsus Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yerləşən havalandırma avadanlıqlarının anbar kimi istifadə etdiyi yerə bir neçə dəfə naməlum şəxs (şəxslər) daxil olaraq oğurluq etmişlər. Bu səbəbdən də sürücü kimi fəaliyyət göstərən Şahid anbara tez-tez gedib nəzarət etməsini bildirmişdir. 07.08.2020-ci il tarixdə təxminən saat 01:05 radələrində Murad anbara tərəf getmiş və içəridə naməlum şəxs (şəxslərin) oğurluq məqsədi ilə daxil olduğunu və içərisində ventilyator olan qutunu hasardan atdığını görmüşdür. Həmin vaxt Murad ona zəng edərək bu barədə məlumat vermiş və o, isə dərhal 102 xidmətinə zəng edərək, anbara getmişdir. Həmin vaxt naməlum şəxs (şəxslər) Muradın oraya gəlməsini bilərək oğurlamaq istədikləri qutunu da hasarın dibinə qoyaraq qaçıb getmişdir. Bundan sonra o, ətrafı gəzməyə başlamış və anbarın yaxınlığında bir nəfər şübhəli şəxs görmüş və onu tutub saxlayaraq polis əməkdaşlarına təhvil vermişdir. Həmin vaxt anbardan oğurluq olmamış, sadəcə olaraq oğurluğa cəhd göstərilmiş, lakin Muradın orada olmasını hiss etdikləri üçün qaçmağa məcbur qalmışlar. Həmin şəxsin oğurlamaq istədiyi, lakin buna nail ola bilmədiyi hava fanının (ventilyator) bir ədədinin qiyməti 485 manat dəyərindədir. Bu səbəbdən də həmin şəxs əməlini həyata keçirə bilsə di, ona 970 manat ziyan vuracaq idi. Bundan başqa 19.07.2020-ci il tarixdə təxminən saat 17:00 radələrində tanımadığı iki nəfər şəxs anbarın həyətinə hasardan aşmaqla daxil olub, sonra isə anbara daxil olaraq piştaxtaların üzərində olan bir ədədi 45 manat dəyərində olan 134 ədəd bronz materiallı 3 yollu ventili, bronze materiallı bir ədədi 8 manat dəyərində olan 90 ədəd filtr, bir ədədi 5 manat dəyərində 150 ədəd bronze materiallı dirsəki oğurlamış, sonra isə 21.07.2020-ci il tarixdə təxminən saat 06:30 radələrində yenə tanımadığı iki nəfər şəxs hasardan aşmaqla anbarın həyətinə daxil olmuş, anbarın içərisində olan bir ədəd 120 manat dəyərində laqondanı, 70 manat dəyərində santexnik ütüsünü, 500 manat dəyərində işlənmiş, GREE markalı, 100m2-lik kondisioneri, 200 manat dəyərində 4x4 100 metrlik kabeli oğurlamışdır. Həmçinin sonradan da həmin şəxslər anbara bir neçə dəfə daxil olaraq 485 manat dəyərində bir ədəd soyutma hava fanını (ventilyatoru) oğurlamışlar. Bu hadisələr nəticəsində ona ümumilikdə 8875 manat dəyərində maddi ziyan dəymişdir.Ona dəymiş maddi ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Barəsində sərt cəza tədbirinin tətbiq edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yerləşən havalandırma avadanlıqları anbarında artıq bir neçə ildir ki, sürücü işləyir. Qeyd olunan anbarın çöl tərəfindən əvvəllər də bir neçə dəfə oğurluq edilmişdir. O, barədə Anara demiş, lakin oğurlanan malların əhəmiyyətsiz olmasına, həm də malların çöl tərəfdən oğurlanmasına görə Anar buna əhəmiyyət verməmişdir. Lakin 07 avqust 2020-ci il tarixdə gecə saat 01 radələrində anbarın yaxınlığında yerləşən yeni tikilidə olan mühafizəçi ona zəng edib bildirmişdir ki, işlədiyi anbarda içəridən səs gəlir. O, bu barədə Anara zəng edib məlumat vermişdir. Anar anbara getdiyini, onun da oraya gəlməsini xahiş etmişdir. O, əynini geyinib təcili olaraq anbara getmiş və oraya gələndə artıq polis əməkdaşlarının və Anarın özünün də orada olduğunu görmüşdür. Anar özü Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerini müayinə etdikdən sonra çıxıb getdilər. Sonradan Anar polislər gedəndən sonra yaxınlıqda kiminsə oğurluqda şübhəli olduğunu görüb onu polis əməkdaşlarına təqdim etmişdir. Sonradan həmin şəxsin oğurluq edib-etmədiyini dəqiq bilməmişdir. Hadisə barədə başqa məlumatı yoxdur. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşunaslıq ekspertizasının 13.10.2020-ci il tarixli 9/3597 saylı rəyindən görünür ki, 01 ədəd santexnik ütüsünün qiyməti 40 manat, 01 ədəd “Gree” markalı 100 m2-lik kondisionerin qiyməti 350 manat, 4x4 100 metrlik kabelin qiyməti 200 manatdır. Qeyd edilən 3 adda malların 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 590 manat müəyyən edilir. Digər 5 adda mallar haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsinə dair 10.09.2020-ci il tarixli protokoldan görünür ki, Sumqayıt şəhəri 21-ci mikrorayon ərazisində yerləşən havalandırma anbarında baş vermiş oğurluq hadisəsi ilə əlaqədar anbarın sahibi Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş müşahidə kamerasından götürülmüş görüntüyə baxış zamanı 07.08.2020-ci il tarixli saat 02:03 radələrində bir nəfər başında papaqla olan şəxsin anbarın içərisinə daxil olaraq piştaxtalardan oğurluq etmək istəməsi lakin əməlini başa çatdıra bilməməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan tanınmaya təqdim etmə haqqında 10 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki,Təqsirləndirilən şəxs ona tanınmaya təqdim olunma üçün göstərilmiş fotoşəkildə xarici görkəminə görə oxşar olan 4 nəfər şəxsin sırasından X1 fotoşəklini göstərərək 19, 20 və 21 iyul 2020-ci il tarixlərində onunla oğurluq etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan 09 oktyabr 2020-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanmasına dair protokldan görünür ki, Təqsirləndirilən şəxs 21-ci mikrorayon ərazisində yerləşən havalandırma anbarına necə daxil olmasını və oradakı əşyaları haradan götürməsini göstərir. Cinayət əməlinin tövsif edilməsinə dair 10 sentyabr 2020-ci il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsindən 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarından görünür ki. Təqsirləndirilən şəxs 10.09.2020-ci il tarixdə saat 18:20-də CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs olaraq tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində polisin nəzarəti altına vermə növündə qtimkan tədbiri seçilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 05.02.2021-ci il tarixli qərarından görünür ki,Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti alına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuşdur. Təqsirləndirilən şəxs 19.02.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq MSY-nə təhvil verilmişdir. Sumqayıt şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 2627 saylı,16.09.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda yoxdur. Sumqayıt şəhər Səhiyyə şöbəsi 1 saylı şəhər Poliklinikası trəfindən verilmiş 17.09.2020-ci il tarixli 688 saylı ayışdan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın psixiatrik kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan AZ İİİ399940 saylı və AZ İİİ643093 saylı oğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. DİN BƏSİİ tərəfindən verilmiş 16.09.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 30.08.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 05 il azadlıqdan məhrumetmə cəzasına və 2000 manat cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 24.01.2018-ci il tarixli qərarı ilə Sumqayıt şəhər məhkəməsinin 30.08.2017-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3, 67.1-ci maddələri ilə təqsirli bilinib 03 il azadlıqdan məhrumetmə və 2000 manat cərimə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmişdir.xəzər rayon Məhkəməsinin 04.09.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 23 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrindən 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif olunmuş, həmin tarixdə də qeyd olunan maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Cinayət işinin materiallarında olan 23.10.2020-ci il tarixli qərardan görünür ki, Emin adlı şəxs barəsində CM-nin177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş maddi ziyan ödənilməmişdir və o şikayətçidir. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Probasiya şöbəsi tərəfindən verilmiş 06.04.2021-ci il tarixli arayışdan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 24.01.2018-ci il tarixli Qərarı ilə 2000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs arayış verilən tarixə cərimənin 200 manatını ödəmişdir. 1800 manat isə ödənilməmiş qalır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün işin halları ilə bağlı ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi, ifadənin yerində yoxlanması protokolu işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal himayəsində azyaşlı uşağının olmasıdır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal əməlində cinayətin residivinin olmasıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olması, cəza çəkdiyi müddətdə yenidən cinayət əməli törətməsi həmin şəxsin hələ də islah olunmadığını göstərir.Bu səbəbdən də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2,177.2.3,177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Odur ki,Sumqayıt Apellyasiya Məhkəməsinin 24.01.2018-ci il tarixli Qərarı ilə Təqsirləndirilən şəxs üzərində müəyyən edilmiş 2000 manat miqdarında cərimə cəzasının çəkilməmiş 1800 manat hissəsi ona hazırki hökmlə təyin olunacaq cəzaya tamamilə birləşdirilməli və müstəqil icra edilməlidir. Təqsirləndirilən şəxs 10-11 sentyabr 2020-ci il tarixdə tutulduğu 01 (bir) gün ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli 19 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Sumqayıt Regional Vəkil Bürosu təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 11 noyabr 2020-cu il tarixli (iş № 1(060)- 521/2020) qərarını icra edərək, 17 noyabr 2020-cu il tarixli 431/2020 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 Məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinəəsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsiləödənilir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun xxxx ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli ) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilməmiş, mülki iddia da, verilməmişdir. Ona görə də, Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. 10-11 sentyabr 2020-ci il tarixlərdə MSY-də qaldığı 01 (bir) gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində 02 (iki) il 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24.01.2018-ci il tarixli Qərarı ilə ona təyin olunmuş 2000 (iki min) manat miqdarında cərimə cəzasının çəkilməmiş 1800 (bir min səkkiz yüz) manat miqdarı ona təyin olunacaq cəzaya tamamilə birləşdirilsin və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə və 1800 (bir min səkkiz yüz) manat cərimə cəzası müəyyən edilsin. Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmənin başlanğıcı 19 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli ) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs ona dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil bürosunun “xxxx” ASC -nin Sumqayıt filialında olan hesabına köçürülsün: “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar