Məhkəmə qərarları › İş №1(060)-87/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-87/2024

19.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-87/2024 19.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə, Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,535 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən, 23 avqust 2023-cü il tarixdə, saat 12:15-də, Sumqayıt şəhəri, Corat qəsəbəsi, N.Nərimanov küçəsi ərazisində yerləşən “Ramiz” marketin yaxınlığında saxlanılaraq PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən, onun əynindəki şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə 0,535 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, o, narkotik maddələrdən istiadə edir. xx.xx.2023-cü il tarixdə, saat 12:15 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən “Ramiz” marketin yaxınlığında olan zaman 3 nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edib Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları olduqlarını, onun barəsində Sumqayıt şəhər Məhkəməsi tərəfindən axtarış elan olunduğu üçün saxladıqlarını bildirib, polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nə getməli olduğunu bildirmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə PB-nə getmişdir. PB-nə gedərkən yolboyu polis əməkdaşları ilə onun arasında olan söhbət əsnasında o, üzərində narkotik vasitə bükümü olduğunu bildirmişdir. PB-də onun üzərində videoçəkilişlə və vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Öncə ona üzərində istifadəsi qadağan olunmuş hər hansı bir əşya, predmet vardırsa təqdim etməsi təklif edilmişdir. O, əynindəki şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroin kütləsini çıxardıb təqdim edərək, masanın üzərinə qoymuşdur. Bundan sonra, təhqiqatçı, onun üzərinə şəxsi axtarış keçirmiş ancaq onun üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Sonra təhqiqatçı, onun üzərindən aşkar olunmuş bükümü açdıqda, bükümün içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə heroin kütləsi aşkar olunmuşdur. Həmin kütlə elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Həmin kütlə narkotik vasitə olan heroin olmuş və xx.xx.2023-cü il tarixdə, Bakı şəhəri 20 Yanvar metrosu ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata almışdır. Saxlanılarkən polis əməkdaşları tərəfindən hər hansı fiziki təziqə və ya işgəncəyə məruz qalmamışdır. İstintaq zamanı öz əməlini könüllü şəkildə etiraf etmişdir. Əməlindən peşmandır və ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında aşağıdakı şahid ifadələri dinlənilmişdir. Məhkəmə iclasında ifadə vermiş şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə 734177 nömrəli axtarış işi açılmış xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs ətrafında keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində həmin şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:15-də Sumqayıt şəhəri, Corat qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən “Ramiz market”in yaxınlığında saxlanılaraq 1-ci polis bölməsinə gətirilərkən, aralarında olan söhbət zamanı sonuncu üzərində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs polis bölməsinə aparılaraq bu barədə bölmə rəhbərliyinə məruzə edilmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-də, xidməti otaqlardan birində təhqiqatçı tərəfindən əməliyyatçıların və müdafiəçinin iştirakı ilə, videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Öncə təhqiqatçı, Təqsirləndirilən şəxs üzərində istifadəsi qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş kütləni çıxardıb təqdim edərək, masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş, ancaq sonuncunun üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm açıldıqda, bükümün içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçının və eləcə də müdafiəçinin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını, üzərindən aşkar olunmuş kütlənin narkotik vasitə olan heroin olduğunu, heroini xx.xx.2023-cü il tarixdə, Bakı şəhəri 20 Yanvar metrosu ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ 1-ci PB-nin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Digər Şahid3 məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmədiyi üçün məhkəmə tərəfindən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadə elan edilmişdir. İbtidai istintaq zamanı Babayev X2 Eyvaz Arzu oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:15-də Sumqayıt şəhəri, Corat qəsəbəsi, N.Nərimanov küçəsi, “Ramiz market”in yanında tutulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-555/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təqsirləndirildiyi digər cinayət işi üzrə haqqında axtarış elan olunmuş və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 09:50-də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-319/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 3-16-16/2-6/4515 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 125” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan heroinə bənzər kütlə; Təqsirləndirilən şəxs “imza” və digər ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,535 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,485 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə xx.xx.2023-cü il tarixli, 5727 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0,535 qram olan, tədqiqat zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq xalis çəkisi 0,485 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məsul saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, o, Cinayət Məcəlləsinin 177.2.1 və 69.4-cü maddələri ilə təqsirli bilinərək, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 3500 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 69.2, 67.1 və 68.2-ci maddələri ilə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 2 il 5 ay 28 gün azadlıqdan məhrum etmə və 3500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə cərimə cəzası 05 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Bundan başqa o, Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 68.1.1-1, 67.1-ci maddələri ilə təqsirli bilinərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 2 il 1 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhər Xəzər rayon Məhkəməsinin qərarı ilə 1 ay 13 gün müddət vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Bundan başqa o, Sumqayıt ŞPİ-də istintaq edilən ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və cinayət işi xx.xx.2023-cü il tarixdə Məhkəməyə göndərilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-555/2023 nömrəli məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşmamışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham qüvvədə saxlanılmış və barəsində Sumqayıt şəhər Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/4515 saylı rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 5727 saylı rəyi, şahid ifadələri iş üzrə əhəmiyyət kəsb etdiklərindən sübut kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,535 qram olan, tədqiqat zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq xalis çəkisi 0,485 qram çəkidə narkotik vasitə heroin və Sumqayıt ŞPİnin 1-cü PB-nin əməkdaşları tərəfındən şəxsi axtarış keçirilməsi barədə görüntünü özündə əks etdirən 1 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tamnması nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlamılması rədd edilmiş, məhkəmə-kimyəvi eskpertizasının xx.xx.2023-cü il tarixli, 6/4515 saylı rəyi mötəbər sübut növü olduğundan və ekspertiza xüsusi biliklərə malik ekspert tərəfındən keçirildiyindən narkotik vasitə heroinin ekspert rəyində göstərilən 0,535 qram çəkisi əsas götürülmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-555/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır (63.1). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə (bundan sonra - CPM) əsasən məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir (351.1.). Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (351.2.). Məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (351.3.). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 6-cı bəndinə görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılar”a əsasən (birinci Siyahı) heroinin 0,15 qram da daxil olmaqla yuxarı hədləri şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsində göstərilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (8.1). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (41.2). Cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir (58.1). Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (58.3). Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır (69.3). Cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir (93.1.2). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İşdən göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 68.1.1-1, 67.1-ci maddələri ilə təqsirli bilinərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 2 il 1 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhər Xəzər rayon Məhkəməsinin qərarı ilə 1 ay 13 gün müddət vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. O, həmin hökmə əsasən yaranmış məhkumluğu ödənilmədən hazırkı cinayəti törətmişdir. Belə ki, Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Bununla yanaşı qeyd edilməlidir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 7-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq olaraq əvvəlki hökmün çıxarılmasına qədər, habelə həmin hökmün qüvvəyə minməsinədək törədilmiş cinayətlə əlaqədar cinayətlərin məcmusu qaydasında cəza təyin edilərkən (Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan 6 sentyabr 2010-cu il tarixli qərarı, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şərh olunmasına dair” 8 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarları ilə yalnız hökmün qanuni qüvvəyə minməsindən sonra şəxsin cinayət-hüquqi anlamda əvvəllər məhkum edilmiş şəxs kimi nəzərdən keçirilməsinə yol verildiyindən) əvvəlki hökm təqsirləndirilən şəxsin əvvəl məhkum olunmuş şəxs kimi qəbul edilməsinə, nəticə etibarı ilə cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına əsas yaradan akt kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-555/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də, hazırkı əməli həmin hökm qəbul edilməzdən əvvəl törətdiyi üçün onun hazırkı əməli həmin hökmün yaratdığı məhkumluğa nəzərən cinayətlərin təhlükəli residivini yaratmır. Bu səbəbdən hazırkı əməlin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə nəzərən cinayətlərin residivini yaratması nəzərə alınmalıdır. Cinayət Məcəlləsində göstərilir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır (65.1.). Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz (65.2.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Cinayət Məcəlləsində göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1.). Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz (66.2.). Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5.). Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini xx.xx.2023-cü ildə, yəni Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-555/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü qəbul edilməzdən əvvəl törətmişdir. Bu səbəbdən Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-555/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş cəza hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs 02 il 06 ay azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul CPM-in 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,485 qram narkotik vasitə heroin məhv edilməli və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin əks olunduğu 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-555/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş cəza hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 mart 2023-cü ildən 18 mart 2023-cü ilədək tutulduğu 01 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,485 qram çəkidə olan narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin əks olunduğu 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar