Məhkəmə qərarları › İş №1(060)-872/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-872/2023

14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-872/2023 14.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin Nümayəndə, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçiiştirakı ilə, xx xxxxxx 1961-ci il tarixdə Zəngilan rayonu, Şərifan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.3-2 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 04 iyun 2023-cü il tarixdə, saat 23 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC Sumqayıt Telekommunikasiya Qovşağına məxsus paylayıcı kabellərin Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Kimyaçılar küçəsində, Sumqayıt İşıq İdarəsinin yaxınlığından keçən TPP-100x2x0.4 tutumlu 50 metr uzunluğunda hissəsini, kabellərin yerləşdiyi quyuların qapaqlarına dəmir parçası ilə fiziki təzyiq göstərib açdıqdan sonra özü ilə gətirdiyi bıçaq ilə kəsib götürərək zərərçəkmiş şəxs Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC Sumqayıt Telekommunikasiya Qovşağına ümumilikdə 320 manat dəyərində maddi ziyan vurmaqla ictimai əhəmiyyətli elektrik xətlərinə münasibətdə oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 10 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,115 qram, -0,201 qram, -0,136 qram, -0,112 qram, -0,107 qram, -0,178 qram, -0,113 qram, -0,111 qram, -0,170 qram, -0,188 qram olmaqla ümumi təmiz çəkisi -1,431 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən 02 avqust 2023-cü il tarixdə saat 12:30 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Simurq” restoranının yaxınlığında piyada olduğu zaman saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirlərkən əynindəki şalvarın sağ yan cibindən həmin çəkidə və bükümlərdə olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 234.2-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, işsiz olduğuna görə zibilliklərdən metal yığıb təhvil verməklə gəlir əldə edirmiş. Belə ki, 2023-cü ilin iyun ayının 4-ü gecə saatlarında Sumqayıt şəhəri, Kimyaçılar küçəsində adam az olduğunu görüb, rabitə kabelləri üçün nəzərdə tutulmuş quyulardan kabelləri kəsərək oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, quyuların qapağını açmaq üçün yerdən dəmir parçası tapmış və bir-birinin ardınca iki rabitə kabelləri üçün nəzərdə tutulmuş quyuların qapağını açaraq, hər iki quyuda olan kabelləri kəsərək büküb özü ilə gətirdiyi torbaya yığmış və dərhal oradan uzaqlaşaraq yaşadığı evə tərəf getmişdir. O, özü ilə gətirdiyi bıçağı və tapdığı dəmir parçasını isə həmin vaxt küçədə atmışdır. Bundan sonra o, təxminən hər biri 25 metr olmaqla ümumilikdə 50 metr uzunluğunda kəsərək oğurladığı kabellərin içindəki mis naqilləri satmaq məqsədilə yaşadığı evin yaxınlığında kabelləri yandırmış və hava açılanadək yaşadığı ünvana getmişdir. Səhər açıldıqda isə şübhə yaratmamaqdan ötrü torbanın içinə yığıb saxladığı mis naqilləri satmaq üçün Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisinə gəlmiş və “Səma” şadlıq sarayının yaxınlığında yerləşən yaşayış binasının zirzəmisində əlvan metal qəbulu ilə məşğul olan yerə yaxınlaşıb, mis naqilləri göstərərək tullantı yığımı ilə məşğul olduğunu, mis naqilləri tullantıların atıldığı yerdən tapdığını deyərək satmaq istədiyini bildirmişdir. Həmin şəxs ona inanıb mis naqilləri almaq üçün çəkmiş və təxminən 4-5 kq olduğunu müəyyən edərək ona 50 manat pul vermişdir. O, əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa bir neçə aya yaxındır ki, o narkotik vasitə olan heroindən istifadə etməyə başlamış və narkotik vasitəni də Sumqayıt şəhərində tanımadığı şəxslərdən əldə edirmiş. Belə ki, o metal yığımı ilə qazanc əldə etsə də bu mütəmadi olmadığından dolanışığını təmin etmək üçün narkotik vasitələrin satışı ilə də məşğul olmaq qərarına gəlmişdir. 02 avqust 2023-cü il tarixdə səhər saatlarında özünə narkotik vasitə almaq məqsədilə Sumqayıt şəhəri, Corat qəsəbəsinə getmiş və orada abidə kimi tanınan yerin yaxınlığında üzdən tanıdığı və narkotik vasitələrin satışı ilə məşğul olan şəxslə görüşmüş, aralarındakı razılığa əsasən həmin şəxsə 50 manat pul verib ondan siqaret qutusunun sellofanının içində 10 ədəd sellofan bükümdə narkotik vasitə heroin almışdır. Siqaret sellofanını açaraq içində olan narkotik bükümlərini saymış və 10 ədəd olduğunu görüb əmin olduqdan sonra şalvarının cibinə qoyaraq oradan uzaqlaşmışdır. Bundan sonra o, əldə etdiyi narkotik vasitə heroinin bir qismini istifadə etmək, bir qismini isə satıb qazanc əldə etmək məqsədilə Sumqayıt şəhər bazarına gəlmişdir. Həmin tarixdə, yəni 02 avqust 2023-cü il tarixdə, günorta saatlarında Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Simurq” restoranının yaxınlığında piyada hərəkət edərkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək üzərində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu deyib polis bölməsinə dəvət etmişlər. O, etiraz etməmiş və onlarla birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasına gəlmişdir. Orada xidməti otaqlarının birində müdafiəçinin iştirakı ilə və videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, lakin ilk öncə ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuşdu. Bundan sonra o, üzərində saxlayaraq daşıdığı 10 ədəd sellofan bükümləri şalvarının cibindən çıxardaraq təqdim etmiş və həmin bükülülərin içərisində narkotik maddə heroin olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları özləri onun üzərinə baxış keçirmiş, lakin digər qanunsuz bir əşya və maddə aşkar edilməmişdir. Polis əməkdaşları soruşarkən o, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin kütlələrini tanımadığı şəxsdən aldığını, bir qismini şəxsi istifadəsi üçün, bir qismini isə satmaq üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin kütlələr qablaşdırılaraq ekspertizaya təqdim olunması üçün möhürlənmiş və üzəri imzalanmışdır. O, maddi imkanı olmadığına görə dəymiş ziyanı ödəmək imkanı olmadığını, lakin törətdiyi əməllərdən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadə verərək göstərdi ki, o, Sumqayıt Telekommunikasiya Qovşağında mühəndis vəzifəsində işləyir. Belə ki, Sumqayıt Telekommunikasiya Qovşağına məxsus rabitə elektrik kabelləri xətt mühəndisləri tərəfindən mütəmadi olaraq yoxlanılır və rabitə elektrik kabellərində hər hansı bir problem yarandıqda bu barədə Sumqayıt TKQ-nə məlumat verilir, daha sonra verilmiş məlumatlar üzrə ərazidəki kabellər yoxlanılır. Rabitə kabelləri şəhər üzrə yerin altı ilə çəkilmişdir. 05 iyun 2023-cü il tarixdə səhər saatlarında Sumqayıt TKQ-nə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Kimyaçılar küçəsi istiqamətində rabitə elektrik kabelində yaranmış nasazlıqla bağlı məlumatlar daxil olmuş, buna müvafiq olaraq İnşaatçılar qəsəbəsi, Kimyaçılar küçəsi istiqamətində kabellər yoxlanmış və İnşaatçılar qəsəbəsi, Kimyaçılar küçəsində, Sumqayıt İşıq İdarəsinin yaxınlığındakı biri digərindən 25 metr aralıqda yerləşən rabitə kabelləri üçün nəzərdə tutulmuş iki quyu qapağının açıq vəziyyətdə olduğu müşahidə edilmiş, quyulara baxıldıqda hər iki quyunun aralarığından keçən, yəni hər biri 25 metr olmaqla ümumilikdə TPP-100x2x0,4 tutumlu 50 metr uzunluğunda kabelin kəsilərək oğurlanıldığı müəyyən edilmişdir. Bununla əlaqədar polisə müraciət olunmuşdur. Əlavə olaraq qeyd olundu ki, rabitə elektrik kabelləri sərfiyyatın keyfiyyətinin tənzimlənməsindən ötrü mütəmadi olaraq yenilənir və son olaraq 2023-cü ilin may ayında yenilənmə işləri aparılmış, buna müvafiq olaraq da Sumqayıt TKQ tərəfindən smeta çıxarılarkən 2023-cü ilin may ayı nəzərə alınaraq TPP-100x2x0,4 tutumlu 50 metr kabelin ümumi qiyməti 460 manat olaraq qiymətləndirilmişdir. Hazırda isə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir və bu səbəbdən təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, təxminən 6 ildir ki əlvan metal qəbulu ilə məşğul olur və hazırda da Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsi, “Səma” şadlıq sarayının yaxınlığında binanın zirzəmisində fəaliyyət göstərir. Təqsirləndirilən şəxs ilə əvvəllər tanışlığı olmasa da, həmin şəxsi cəmi bir dəfə, 2023-cü ilin iyun ayının əvvəlləri görmüşdür. Həmin gün səhər saatlarında işlədiyi metal qəbulu məntəqəsində olarkən Əlövsət əlində tutduğu torba ilə ona yaxınlaşmış və torbanı açaraq mis naqilləri satmaq istədiyini bildirmişdir. Həmin mis naqillər yanmış vəziyyətdə olmuş və bir hissəsinin üzərində rezin qırıntıları qalmışdır. O, naqillərin yanmış vəziyyətdə olduğunu görüb özünə məxsus olmadığını fikirləşərək haradan əldə etdiyini soruşmuş və Təqsirləndirilən şəxs heç bir iş yerinin olmadığını, qazanc əldə etmək məqsədi ilə Sumqayıt şəhər ərazisində tullantı yığımı ilə məşğul olduğunu, ona satmaq üçün təqdim etdiyi mis naqilləri də Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən tullantıların atıldığı yerdən tapdığını demişdir. Mis naqillərə baxarkən üzərində rezin materialın qırıntısını müşahidə etdiyindən, Təqsirləndirilən şəxs da həmin mis naqilləri tullantıların atıldığı yerdən tapdığını dediyindən ona inanıb almaq qərarına gəlmişdir. Şəxsiyyət vəsiqə təqdim etməsini istəmiş və üzərində Təqsirləndirilən şəxs yazılmış şəxsiyyət vəsiqəsini ona təqdim etdiyindən bu barədə də yalan danışmadığını görüb satmaq üçün təqdim etdiyi təxminən 50 metr uzunluğunda mis naqilləri tərəzidə çəkib, təxminən 4-5 kq çəkidə olduğunu müəyyən edib, çəkisinə müvafiq olaraq ümumilikdə 50 manat Əlövsət Ağalarova pul verərək həmin mis naqilləri almışdır. Təqsirləndirilən şəxs həmin mis naqilləri aldıqdan bir neçə gün sonra avtomobillə topdan şəkildə əlvan metal yığımı ilə məşğul olan, adını bilməsə də Bakı şəhərində fəaliyyət göstərdiyini ona deyən bir şəxsə satdığından, həmin mis naqilləri istintaqa təqdim edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Belə ki, ona Sumqayıt şəhəri, Xəzər bağları, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və o, bu barədə bölmə rəhbərliyinə raportla məruzə edərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsini xahiş etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verildikdən sonra əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna da rəhbərliyi özü etmişdir. 02 avqust 2023-cü il tarixdə, saat 12:30 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Simurq” şadlıq sarayının yaxınlığında piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin dövriyyəsində şübhələr olduğundan, üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirmişlər və Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə dəvət etmişlər. Polis bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, müdafiəçinin iştirakı ilə və videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmamışdan öncə isə Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, o da əynindəki şalvarın sağ yan cibindən 10 ədəd sellofan bükümü çıxarıb təqdim edərək həmin bükümlərin içində narkotik maddə olduğunu bildirmişdir. Sonradan təhqiqatçı tərəfindən həmin bükümlərə baxış keçirilmiş və bükümlərdə narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmişdir. Təqdim edilmiş kütlələr götürülmüş və hər biri ayrı-ayrılıqda elektron tərəzidə çəkilərək ümumi çəkisi 1,74 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroin kütlələrinin özünə məxsus olduğunu, Sumqayıt şəhəri. Corat qəsəbəsində 50 manata aldığını, bir hissəsini şəxsi istifadəsi üçün, qalan digər hissəsini isə satmaq üçün üzərində saxladığını bildirmişdir. Həmin bükümlər ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq zərfə qoyulmuş və möhürlənib imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında dindirilmiş Şahid2 İlqar oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 oktyabr 2023-cü il tarixli, 9/6870 saylı rəyindən görünür ki, “Sumqayıt TKQ” tərəfindən tərtib edilmiş arayışdan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən 50 metr uzunluğunda TPP-100x2x0.4 ölçülü kabelin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 320.00 (50x6.4) manat müəyyən edilir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 03 avqust 2023-cü il tarixli 6/4134 saylı rəyindən görünür ki, tədqiqata təq1 dim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №28 dairəvi möhürü əksləri olan, Vət Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ...” sözləri, soyad və imzalar qeyd edilmiş 01 ədəd zərfdəki 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,115 qram, -0,201 qram, -0,136 qram, -0,112 qram, -0,107 qram, -0,178 qram, -0,113 qram, -0,111 qram, -0,170 qram, -0,188 qram olmaqla ümumi təmiz çəkisi -1,431 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 16 avqust 2023-cü il tarixli 5234 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamə – arayışdan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə toplanmış sübutları araşdırıb məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş ona istinad edilən cinayətin törədilməsində təqsirli hesab edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs bu cinayət əməllərini törətməsi onun özünün etiraf ilə, həmçinin zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, video görüntülər və iş materiallarında olan və məhkəmə istintaqı zamanı araşdırılmış digər sübutlarla tam təsdiqini tapır. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 04 iyun 2023-cü il tarixdə, saat 23 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC Sumqayıt Telekommunikasiya Qovşağına məxsus paylayıcı kabellərin Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Kimyaçılar küçəsində, Sumqayıt İşıq İdarəsinin yaxınlığından keçən TPP-100x2x0.4 tutumlu 50 metr uzunluğunda hissəsini, kabellərin yerləşdiyi quyuların qapaqlarına dəmir parçası ilə fiziki təzyiq göstərib açdıqdan sonra özü ilə gətirdiyi bıçaq ilə kəsib götürərək zərərçəkmiş şəxs Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC Sumqayıt Telekommunikasiya Qovşağına ümumilikdə 320 manat dəyərində maddi ziyan vurmaqla ictimai əhəmiyyətli elektrik xətlərinə münasibətdə oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 10 ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri -0,115 qram, -0,201 qram, -0,136 qram, -0,112 qram, -0,107 qram, - 0,178 qram, -0,113 qram, -0,111 qram, -0,170 qram, -0,188 qram olmaqla ümumi təmiz çəkisi -1,431 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən 02 avqust 2023-cü il tarixdə saat 12:30 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Simurq” restoranının yaxınlığında piyada olduğu zaman saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirlərkən əynindəki şalvarın sağ yan cibindən həmin çəkidə və bükümlərdə olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir və həmin maddənin sanksiyası hədləri daxilində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla qəti cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 1,131 qram təşkil edən narkotik vasitə heroin qanuna müvafiq qaydada məhv edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə xərci olan 115 (yüz on beş) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 23 (iyirmi üç) saat, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 198 (yüz doxsan səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbycan Respublikası CPM-nın 348, 356, 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla o, qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli onun tutulduğu 02 avqust 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,131 qram təşkil edən narkotik vasitə heroin qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 115 (yüz on beş) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan 1 (bir) ədəd “DVD” disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 138 (yüz otuz səkkiz) manat, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə isə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altımış) manat, ümumilikdə 198 (yüz doxsan səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar