Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-879/2024 06.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əliyeva Pərvanə Kazım qızının katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X2 və X6, həmçinin onların müdafiəçiləri Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürsounun vəkilləri X3 və X4 iştirakları ilə, X2 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X7 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X12 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilmələrini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X5 və X9 “MÜSTƏQİL.AZ” saytında və “1Xəbər” xəbər kanalının “Tik-tok”, “YouTube” və “İnstagram” səhifələrində X8 “dələduzluq” kimi ağır cinayətlər törətməkdə ittiham etməklə ona bilə-bilə qəsdən böhtan atmış və təhqir etmiş, habelə şərəf və ləyaqətinə xələl gətirmək niyyəti ilə işgüzar nüfuzunu qəsdən alçaltmaqla, peşə fəaliyyətinə kölgə salmışlar. Belə ki, X5 “MÜSTƏQİL.AZ” saytında “Zaur Tağıyevin daha bir dələduzluq əməli” adı altında X6 şəkli qoyulmaqla dərc edilmiş yazıda qeyd etmişdir ki, “Ağayeva Sahibə başına gələn dələduzluq əməli ilə bağlı bizim vasitəmizlə cənab Vilayət Eyvazova və cənab Kamran Əliyevə müraciət edərək bildirir ki, 2019-cu ildə “MAN” markali yük avtomobilini Zaur Tağıyev və Əsgərov İldırım əlbir olub etibarından suiistifadə edərək mənimsəmişlər. Zaur Tağıyev zərərçəkənin dayısı oğlu olduğuna görə ona avtomobilə müştəri tapdığını 3 aylıq nisyə verərək Əsgərov İldırıma 56000 manata sata biləcəyini bildirmişdir. Amma əslində Zaurun məqsədi İldırıma qarşı etdiyi dələduzluğu örtbasdır etmək, ona olan 60500 manat borcu bağlamaq olub ki, İldırım Zaurdan aidiyyəti üzrə orqanlara şikayət etməsin. Əsgərov İldırım ödənişi etmədikdə Ağayeva Sahibə müvafiq orqanlara müraciət etdikdən sonra Binəqədi Rayon Məhkəməsi tərəfindən qərar qəbul olundu ki, Zaurun və İldırımın əməlində AR CM-in 178-ci maddəsinin tərkibi var və iş Binəqədi Rayon Prokurorluğuna göndərilmişdir. Xahiş edirik Daxili İşlər Nazirliyi və Baş Prokurorluq işi nəzarətə götürsün”. X9 isə “1Xəbər” xəbər daşıyıcısının “Tik-tok”, “YouTube” və “İnstagram” səhifələrində analoji qaydada və məzmunda çıxış edərək, X8 dələduzluq kimi ağır cinayət əməli törətməkdə ittiham etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər və onların müdafiəçiləri xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin üzrlü səbəb olmadan dəfələrlə məhkəmənin hazırlıq iclasında iştirak etməməsini, həmçinin şikayətin əsassız olmasını bildirirək icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişlər. Məhkəmə proses iştirakçılarını dinləyib, həmçinin xüsusi ittiham qaydasında şikayət ərizəsini nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür, ona görə də şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlməmiş, həmçinin şikayətin məzmunu CMP-in 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyil. İş üzrə müvafiq olaraq xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərə təyin edilmiş məhkəmənin hazırlıq iclaslarının vaxtı və yeri barədə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsə lazimi qaydada məlumat verilmişdir. Belə ki, məhkəmənin hazırlıq iclaslarının vaxtı və yeri barədə onun şikayət ərizəsində qeyd etdiyi mobil telefon nömrəsinə elektron məhkəmə sistemi vasitəsi ilə bildirişlər göndərilmiş və çatdırılmışdır. Lakin, qeyd edilən iclaslarda xüsusi ittiham qaydasında şikayət vermiş şəxs iştirak etməmişdir. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məhkəmə iclasları ilə bağlı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs elektron məhkəmə sistemi vasitəsi ilə məkəməyə müraciət edərək xəstə olmasını və buna görə də məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Sonuncu, yəni xx.xx.2024-cü il tarixli məhkəmə iclasıda iştirak etməməsinin səbəbləri barədə isə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin yalnız xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında deyil, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclaslarında iştirak etməməsi də üzrlü hesab edilə bilməz. Belə ki, şikayət vermiş şəxs xəstə olmasını və buna görə iclasların təxirə salınmasını xahiş etsə də, xəstə olmasını və xəstəliyi ilə əlqədar məhkəməyə gələ bilməməsini təsdiq edən hər hansı sənədi (sənədləri) məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, şikayət vermiş şəxsin yalnız xəstə olması barədə məlumat verməsi deyil, məhkəmə iclasında iştirakına mane olacaq xəstəliyini təsdiq edən sənədləri təqdim edəcəyi halda onun məhkəmə iclasında iştirak etməməsi üzrlü hesab edilə bilərdi. Həmçinin nəzərə almaq lazımdır ki, bu hal bir iclas olmamış, ardıcıl üç iclas davam etmişdir. Bundan əlavə şikayət vermiş şəxs barəsində şikayət verdiyi şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etsə də onların hansı əməllərinə görə Cinayət Məcəlləsinin 147.1, hansı əməllərinə görə 147.2 və hansı əməllərinə görə isə 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli olmasını fərqləndirməmişdir. Beləliklə də, barəsində şikayət verilmiş şəxslər şikayət ərizəsində yalnız ümumi formada ittiham edilmiş, ittihamın məzmunu və həcmi dəqiq müəyyənləşdirilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, qeyd edilən hallar xüsusi ittiham qaydasında şikayətdə göstərilmədiyi halda, məhkəmə öz təşəbbüsü ilə şəxsin hansı əməllərinə görə Cinayət Məcəlləsinin 147.1, hansı əməllərinə görə 147.2 və hansı əməllərinə görə isə həmin Məcəllənin 148-ci maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməsini müəyyən edə bilməz. Belə ki, ittihamın məzmununu və həcmini müəyyən etmək ədalət mühakiməsini həyata keçirən məhkəmənin vəzifəsi deyil, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin vəzifəsidir. Qeyd edilən hallar isə məhkəmənin hazılıq iclasında araşdırlıb qiymət verilməli olan məsələlərdir. Məhkəmənin hazırlıq iclasında törədilməsi iddia edilən əməllərə mahiyyəti üzrə baxılıb qiymət verilməsə də, onların nədən ibarət olması, şəxsin məhz hansı əməllərinə görə cinayət qanununun hansı norması ilə ittiham edilməsi, yəni ittihamın məzmununu və həcmi aydın və dəqiq olmalıdır ki, barəsində şikayət verilmiş şəxs üçün də aydın olsun ki, hansı əməllərinə görə Cinayət Məcəlləsinin məhz hansı maddəsi ilə ittiham edilir. İttihamın qeyri-müəyyən olması işin məhkəmə baxışının təyin edilməsi istisna edir. Bundan əlavə şikayətçi barəsində şikayət verdiyi şəxs X6 “1Xəbər” xəbər daşıyıcısının “Tik-tok”, “YouTube” və “İnstagram” səhifələrində analoji qaydada və məzmunda çıxış edərək onu dələduzluq kimi ağır cinayət əməli törətməkdə ittiham etməsini göstərmişdir. Lakin, həmin halların konkret olaraq hansı tarixlərdə olmasını şikayətdə göstərilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. İndiki halda xüsusi ittiham qaydasında şikayət vemiş şəxs Azərbaycan Respublikasının CPM-nin 88.4.1-ci maddəsinə əsasən üzərinə düşən vəzifəni yerinə yetirməyərək şikayət ərizəsinin forma və məzmununda yuxarıda qeyd edilən qüsurlara yol verməklə məhkəməyə müraciət etmiş, həmçinin məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, həmçinin şikayət vermiş şəxs məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi üçün şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə həmçinin hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkillərə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.8 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X2 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X7 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri X3 və X1 etdikləri 07 saat üzrə onların hər birinin iştirakına görə ayrı-ayrılıqda 42 (qırx iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-879/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-879/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver