Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-88/2023 26.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1967-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 özünə qarşı yaratdığı inam və etibarlarından sui-istifadə etməklə əmlaklarını aldatma yolu ilə vahid qəsdlə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dayandırılmış təqaüdlərin bərpa olunmasına köməklik edəcəyinə dair yalan vədlər verib inandıraraq 2022-ci ilin yanvar ayının 26-da Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “Arena” restoranında Zərərçəkmiş şəxs1 1950 (bir min doqquz yüz əlli) manat, Zərərçəkmiş şəxs2 isə 2800 (iki min səkkiz yüz) manat pulunu ələ keçirərək, onlara ümumilikdə 4750 (dörd min yeddi yüz əlli) manat məbləğində maddi zərər vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barəsində verdikləri şikayət ərizələri ilə tanış olmuşdur. Ərizədə qeyd olunan həqiqətdir, ona qarşı irəli sürülən ittihamları qəbul edir. Belə ki, bu ilin yanvar ayının əvvəllərində Sumqayıt şəhəri, M.Əsədov küçəsində yerləşən “Daş Bazarı” adlanan ərazidəki çayxanada Zərərçəkmiş şəxs1 adlı şəxslə tanış olmuşdur. Həmsöhbət olduqları zaman Zərərçəkmiş şəxs1 uzun müddət 2-ci qrup əlil kimi təqaüd aldığını, lakin 2021-ci ilin iyul ayından etibarən təqaüdünün kəsildiyini, bu ilin mart ayında yenidən komissiyadan keçərək təqaüdünü bərpa etdirəcəyini bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 əlində təqaüdlə bağlı sənədlər olmuşdur. O heç düşünmədən Zərərçəkmiş şəxs1 bu işdə ona köməklik edə biləcəyini deyib, görəcəyi işin müqabilində Nizamin 2.500 (iki min beş yüz) manat pul verməli olacağını bildirmişdir. O, Zərərçəkmiş şəxs1 inandırmışdır ki, özü müstəqil gedib komissiyalardan keçsə xərci də çox çıxacaq və üstəlikdə ola bilsin ki, işi alınmasın. Zərərçəkmiş şəxs1 2.500 (iki min beş yüz) manat pulu tapa bilməciyini, yalnız 2.000 (iki min) manat verə biləcəyini dedikdə o Zərərçəkmiş şəxs1la razılaşmışdır. Nizam dayısı Sədrəddin adlı şəxsin də təqaüdünün kəsildiyini deyib onu da söhbət etmək üçün onların yanına çağırmaq istədiyini bildirmişdir. O, etiraz etməmişdir. Zərərçəkmiş şəxs1 kiməsə zəng etmiş və təxminən 10-15 dəqiqə sonra 60 yaşlarında sonradan adının Sədrəddin olduğunu bildiyi bir şəxs gəlmişdir. Sədrəddin də təqaüdünün kəsildiyini bildirib ona da köməklik etməsini xahiş etmişdir. O isə Sədrəddinə Naxçıvan şəhərində qeydiyyatda olduğu üçün həmin sənədləri Bakı şəhərinə gətirməyin çətin iş olduğunu deyib köməklik edəcəyi təqdirdə 4.000 (dörd min) manat verməli olacağını demişdir. Sədrəddin həmin məbləği tapa bilməciyini dedikdə onunla ümulikdə 3.000 (üç min) manata razılaşmışlar. Bundan sonra onlar yanvar ayının 26-na görüş təyin etmişlər. Həmin gün, yəni 26 yanvar 2022-ci il tarixdə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “Arena” çay evində o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la görüşmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs1 ona 1.950 (bir min doqquz yüz əlli) manat, Zərərçəkmiş şəxs2 isə 2.800 (iki min səkkiz yüz) manat pul vermişdir. O, qısa vaxt ərzində işləri görüb yekunlaşdıracağını və onlara komissiyadan maneəsiz keçəcəklərini bildirmişdir. Bundan sonra isə onun heç bir iş görmədiyini görüb ona zəng etməyə başlamışlar. İlk əvvəl o pulları qaytaracağını desə də, sonradan maddi sıxıntıları ilə əlaqədar pulları qaytara bilməmişdir. Hal-hazırda zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəmişdir, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Bunları nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəmişdir. Ona görə də, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt ŞPİ-nin 3-cü PB-nə və Azərbaycan Respublikası DİN-nin 102 Xidməti Zəng Mərkəzinə o müraciət etmişdir. Müraciətinə səbəb Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq 1950 (bir min doqquz yüz əlli) manat pulunun ələ keçirilməsi olmuşdur. Belə ki, o 2007-ci ildən 2021-ci ilin iyul ayınadək 2-ci qrup əlillik təqaüdü almışdır. 2021-ci ilin iyul ayından etibarən əlillik təqaüdü kəsilmiş və 2022-ci ilin mart ayında təşkil olunacaq komissiyadan keçdikdən sonra təqaüdünün bərpa olunacağı bildirilmişdir. 2022-ci ilin yanvar ayında Sumqayıt şəhəri, M.Əsədov küçəsindəki “Daş Bazarı”nda yerləşən çayxanada olarkən Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşdur. Həmin şəxslə həmsöhbət olduqları zaman Firdovsi ona təqaüdünün kəsildiyini demişdir. Firdovsi ondan nə düşündüyünü soruşduqda o Firdovsiyə sənədləri artıq topladığını və komissiyanın keçirilməsini gözlədiyini bildirmişdir. Firdovsi ona komissiyadan müstəqil keçə bilməcəyini, orada ona kifayət qədər problemlər yarana biləcəyini deyib bu işdə ona köməklik edə biləcəyini söyləmişdir. O Sədrəddinə görəcəyi işin müqabilində nə qədər pul alacağını soruşduqda, Sədrəddin ondan 2500 (iki min beş yüz) manat pul istəmişdir. O Firdovsiyə cəmi 2000 (iki min) manat pul verə biləcəyini dedikdə Firdovsi onunla razılaşmışdır. Bundan sonra o Firdovsiyə Sədrəddin adında dayısının da təqaüdünün kəsildiyini bildirib, dayısına köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Firdovsi isə dayısının özü ilə söhbət etdikdən sonra qəti qərar verə biləcəyini demişdir. O dayısı Sədrəddinə zəng edib onu olduqları çayxanaya çağırmışdır. Təxminən 15 dəqiqə sonra dayısı Sədrəddin onların olduqları yerə gəlmişdir. X1 rayonu qeydiyyatı olduğu üçün sənədlərin şəhərə gətirilməsinin çətin olduğunu deyib ondan 4000 (dörd min) manat pul istəmişdir. Sədrəddin isə cəmi 3000 (üç min) manat pul verə biləcəyini demiş, Firdovsi də onunla razılaşmışdır. 26 yanvar 2022-ci il tarixdə dayısı Sədrəddinlə birlikdə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “Arena” restoranında Təqsirləndirilən şəxslə görüşmüşlər. Görüş zamanı o Firvosiyə 1950 (bir min doqquz yüz əlli) manat, dayısı Sədrəddin isə 2800 (iki min səkkiz yüz) manat pul vermişdir. Firdovsi qısa müddət ərzində sənədlərin qaydasına salınacağını və komissiyadan keçiriləcəklərini bildirmişdir. Bundan sonra Firdovsi ilə əlaqə saxlayıb işlərin nə yerdə olduğunu soruşduqda o, hər dəfə bir yalan danışıb onların işləri ilə məşğul olduğunu demişdir. Üstündən bir xeyli müddət keçsə də, Firdovsinin heç bir iş görmədiyini başa düşüb ondan verdikləri pulları geri tələb etsələr də, Firdovsi almış olduğu pulları geri qaytarmaqdan imtina etmişdir. Belə ki, hər dəfə telefon danışıqlarında Firdovsi müxtəlif bəhanələr gətirərək pulların onda olmadığını, pulu alan kimi qaytaracağını demişdir. Onlar Firdovsidən pulları kimə verdiyini soruşsalar da, Firdovsi onlara konkret olaraq heç bir cavab verməmişdir. Firdovsinin onları aldatdığını dərk etdikləri üçün onun barəsində DİN-nin 102 Xidməti Zəng Mərkəzinə və Sumqayıt ŞPİ-nin 3-cü PB-nə şikayət etmişlər. İş materiallarında olan Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona maddi ziyanı ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt ŞPİ-nin 3-cü PB-nə və Azərbaycan Respublikası DİN-nin 102 Xidməti Zəng Mərkəzinə o müraciət etmişdir. Müraciətinə səbəb Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq 2800 (iki min səkkiz yüz) manat pulunun ələ keçirilməsi olmuşdur. Belə ki, o 2021-ci ilin noyabr ayınadək 2-ci qrup əlillik təqaüdü alırmış. 2021-ci ilin noyabr ayından etibarən əlillik təqaüdü kəsilmiş və 2022-ci ilin mart ayında təşkil olunacaq komissiyadan keçdikdən sonra təqaüdünün bərpa olunacağı bildirilmişdir. 2022-ci ilin yanvar ayında bacısı oğlu Zərərçəkmiş şəxs1 ona zəng edərək Sumqayıt şəhəri, M.Əsədov küçəsindəki “Daş Bazarı”nda yerləşən çayxanada olduğunu demiş və ondan həmin yerə gəlməsini istəmişdir. Təxminən 15 dəqiqə sonra o Nizamın dediyi yerə getmişdir. Nizam orada adını sonradan bildiyi Firdovsi adlı şəxslə oturmuşdur. Nizam onları tanış edib Firdovsinin həmyerliləri olduğunu və təqaüdlərinin bərpa olunmasında onlara köməklik edə biləcəyini demişdir. O Firdovsiyə Naxçıvan rayonuna qeydiyyatda olduğunu bildirdikdə Firdovsi ona sənədlərinin Naxçıvan Muxtar Respublikasından gətirilməli olduğu üçün bacısı oğlu Nizamdan artıq məbləğdə, yəni 4000 (dörd min) manat pul verməli olacağını demişdir. O Firdovsiyə cəmi 3000 (üç min) manat pul verə biləcəyini dedikdə Firdovsi onunla razılaşmışdır. Firdovsi bacısı oğlu Nizamla isə 2000 (iki min) manata razılaşmışdır. 26 yanvar 2022-ci il tarixdə bacısı oğlu Nizamla birlikdə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “Dörd-qardaş” restoranının arxasındakı “Arena” restoranında Təqsirləndirilən şəxslə görüşmüşlər. Görüş zamanı o Firdovsiyə 2800 (iki min səkkiz yüz) manat, Nizam isə 1950 (bir min doqquz yüz əlli) manat pul vermişdir. Firdovsi qısa müddət ərzində sənədlərin qaydasına salınacağını və komissiyadan keçiriləcəklərini bildirmişdir. Bundan sonra Firdovsi ilə əlaqə saxlayıb işlərin nə yerdə olduğunu soruşduqda Firdovsi onlara hər dəfə bir yalan danışıb onların işləri ilə məşğul olduğunu demişdir. Üstündən bir xeyli müddət keçsə də, Firdovsinin heç bir iş görmədiyini başa düşüb ondan verdikləri pulları geri tələb etsələr də, Firdovsi almış olduğu pulları geri qaytarmaqdan imtina etmişdir. Belə ki, hər dəfə telefon danışıqlarında Firdovsi müxtəlif bəhanələr gətirərək pulların onda olmadığını, pulu alan kimi qaytaracağını demişdir. Onlar Firdovsidən pulları kimə verdiyini soruşsalar da, Firdovsi onlara konkret olaraq heç bir cavab verməmişdir. Firdovsinin onları aldatdığını dərk etdikləri üçün onun barəsində DİN-nin 102 Xidməti Zəng Mərkəzinə və Sumqayıt ŞPİ-nin 3-cü PB-nə şikayət etmişlər. İş materiallarında olan Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona maddi ziyanı ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-88/2022 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində axtarış elan edilməklə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin xx.xx.2023-cü il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş və Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 3-16-17/40/2-2121/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan Suraxanı RİHB-nın Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə ümumillikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə hazırkı cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli olması, onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, cinayət əməlini törətmiş şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə görə o, cinayət məsuliyyətindən azad edilməli, onun barəsində başlanılmış cinayət təqibinə xitam verilməli və barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməklə, məhkəmə iclas zalında dərhal azad edilməlidir. İş üzrə mülki iddia və əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-348, 356, 358, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməklə, məhkəmə iclas zalında dərhal azad edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-88/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-88/2023
26.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver