Məhkəmə qərarları › İş №1(060)-883/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-883/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-883/2024 30.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 və onun müdafiəçisi Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürsounun vəkili Müdafiəçi iştirakı ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, O, ehtiyatda olan polkovnikdir, 25 il Azərbaycan Silahlı Qüvvələrində xidmət etmişdir. 2017-ci ildə xəstəliyə görə İİ əlillik qrupu təyin olunmaqla xidmətini bitirmişdir. Xidmət dövründə 1, 2, 3 dərəcəli “Qüsursuz xidmətlərə” görə, 3, 2 dərəcəli “Hərbi Xidmətdə fərqlənmə”yə görə və Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Hərbi Xidmətlərə görə” medalları ilə təltif olunmuşdur. Aprel döyüşlərinin iştirakçısıdır. Özü və ailə üzvləri ünvan 1 ünvanında yaşayan X3 tərəfindən dəfələrlə təhqirlərə məruz qalmışdır. Belə ki, Mehparə Manafova 15 may 2024-cü il tarixdə 13-cü mkr. ərazisində oğluna məxsus “Toyota Prado” markalı (** FP ***) avtomobili dayandığı yerdə özünün idarə etdiyi “Kia Soul” maşını ilə arxadan vurmuşdur. Hadisə zamanı X3 onu və oğlunu ağır ifadələr və ittihamlar səsləndirərək təhqir etmişdir (talış köpək oğlu, oğraş köpək oğlu, atan ermənilərlə əsgərlərimizi öldürüb, rüşvətlə sənə maşın almışdır). Hadisənin video görüntüsü vardır. Hadisə baş verərkən o həyat yoldaşını müalicə və müayinə üçün Türkiyəyə aparmışdır (həyat yoldaşı İİ qrup əlildir). 17 may tarixində qayıtdıqdan sonra Mehparə Manafova bu təhqir və ittihamlarla ona da hücum etmişdir. Bu hadisədən 4 ay keçməsinə baxmayaraq 11 oktyabr 2024-cü il tarixdə saat təxminən 18 radələrində özü də gözləmədən 13-cü mkr-da Yazıçılar Birliyinin binasının qarşısında skamyada oturduğu zaman Mehparə Manafova üstünə hücum çəkmişdir. Onun üstünə cumaraq qızının nə üçün maşın sürməsi ilə bağlı hesabat tələb edərək onu və qızını təhqir etmiş və hədələmişdir (talış köpək oğlu, oğraş köpək oğlu və nalayiq söyüşlər, ermənilərdən canımız qurtardı, siz talışlardan canımızı qurtara bilmirik). X1 onun üzərinə hücum çəkməsinin video görüntüləri vardır. X3 fiziki qüsurludur, qolunu deyilənə görə metro partlayışı zamanı itirmişdir. Bu qadın özü haqda xəstə və qüsurlu imici formalaşdıraraq zaman-zaman insanlara hücum edir, təhqir edir və narahat edir. İnsanlar da ehtiyatlanaraq ondan yan gəzməyə çalışırlar. Hətta özünün də şahidi olduğu bir hadisəni qeyd etmək istəyir. Təxminən bir ay öncə Asiman adlı (deyilənlərə görə şəhid qızıdır) xanıma daşla hücum çəkərək onu ağır söyüşlərlə təhqir etmişdir (erməni qızı, köpək qızı və daha çoxlu nalayiq söyüşlər). Bu zaman Asimanın tərəfin tutan Əsmər adlı qadın da (13 mkr., ev 59-da yaşayır) Mehparə Manafova tərəfindən təhqirə və hücuma məruz qalmışdır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq deyə bilər ki, Mehparə Manafova onunla ədavət aparır və bu zəmində onun, ailə üzvlərinin şərəf və ləyaqətini (hətta milli-etnik zəmində belə) alçaltmaqla ağır və əsassız ittihamlar səsləndirir. Bütün bu hadisələr cəmiyyət içində, insanların gözü önündə baş verir və maraqlısı budur ki, bütün bu baş verənlərdən sonra heç nə olmamış kimi hər dəfə qarşı tərəfi günahlandıraraq Mehparə Manafova DİN-in 102 çağrı mərkəzinə şikayət edir. O, Mehparə Manafovanın atası Əlikram Manafovla dəfələrlə söhbət etmişdir. Milli-mənəvi dəyərlərimizi nəzərə almaqla onun qadın və qüsurlu olduğunu bildirib şikayətçi olmadığını demişdir. Bu gün bu qadın ədavət aparırsa haçansa onun ailə üzvlərini, nəvələrini yenidən təhqir edəcəyi istisna edilmir. Yuxarıda qeyd etdiyi hallarla bağlı şahidləri də var. Hadisə şahidlərinin adlarını qeyd edir: Əlixanov Şərafət, Əlixanova Nuranə, Kərimzadə Roman, Bəşirli Amil, Fərzəliyev Sadiq, Əhmədov Eldar. Bunlardan əlavə olaraq hadisə baş verərkən, yəni Mehparə onu təhqir edərkən onunla skamyada Müsafir, İbrahimov Abbas və Mehparənin atası Manafov Əlikram da olmuşdur. Yuxarıda qeyd olunan sözləri deyərək onu məhlədə hamının yanında təhqir etmiş, şərəf və ləyaqətini publik şəkildə alçaltmışdır. O,Sumqayıt şəhərində yaşayır, təqaüddə olan hərbiçi zabitdir, rəhbər vəzifədə işləmişdir, Sumqayıt şəhərində demək olar ki, sakinlərin əksəriyyəti onu tanıyır. Vəzifədə işlədiyi müddətdə daim sakinlərin hörmət və ehtiramını qazanmış, öz nüfuzunu, şərəf və ləyaqətini hər zaman qoruyub saxlamış, X3 tərəfindən təhqir və böhtanlara məruz qalmağı nəticəsində onun şərəf ləyaqəti nalayiq formada qəsdən alçalmışdır və ona hər kəsin gözü qarşısında böhtan atmışdır. Göstərilənlərə əsasən Sumqayıt şəhəri, 13-cü mkr., Yazıçılar Birliyinin binasının qarşısında ona böhtan atdığına, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltdığına görə, xx.xx.1975-ci ildə Şamaxı rayonunda anadan olmuş X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyətinə cəlb edilməsini xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 şikayətinin məzmununa uyğun çıxış edərək icraata götürülməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində şikayət verilmiş X3 qarşı tərəfin onunla ədavət aparmasını və əsassız şikayət verməsini bildirmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Müdafiəçi bildirmişdir ki, şikayət əsassızdır, iddia edilən əməldə Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin tərkibi yoxdur. Ona görə şikayətin icraata götürülməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür, ona görə də şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək qeyd edir ki, şikayəçi barəsində şikayət verdiyi şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də sonuncunun hansı əməllərinə görə Cinayət Məcəlləsinin 147.1, hansı əməllərinə görə isə 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli olmasını fərqləndirməmişdir. Beləliklə də, barəsində şikayət verilmiş şəxs şikayət ərizəsində yalnız ümumi formada ittiham edilmiş, ittihamın məzmunu və həcmi dəqiq müəyyənləşdirilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, qeyd edilən hallar xüsusi ittiham qaydasında şikayətdə göstərilmədiyi halda, məhkəmə öz təşəbbüsü ilə şəxsin hansı əməllərinə görə Cinayət Məcəlləsinin 147.1, hansı əməllərinə görə isə həmin Məcəllənin 148-ci maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməsini müəyyən edə bilməz. Belə ki, ittihamın məzmununu və həcmini müəyyən etmək ədalət mühakiməsini həyata keçirən məhkəmənin vəzifəsi deyil, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin vəzifəsidir. Qeyd edilən hallar isə məhkəmənin hazılıq iclasında araşdırlıb qiymət verilməli olan məsələlərdir. Məhkəmənin hazırlıq iclasında törədilməsi iddia edilən əməllərə mahiyyəti üzrə baxılıb qiymət verilməsə də, onların nədən ibarət olması, şəxsin hansı əməllərinə görə cinayət qanununun hansı norması ilə ittiham edilməsi, yəni ittihamın məzmununu və həcmi aydın və dəqiq olmalıdır ki, barəsində şikayət verilmiş şəxs üçün də aydın olsun ki, hansı əməllərinə görə Cinayət Məcəlləsinin məhz hansı maddəsi ilə ittiham edilir. İttihamın qeyri-müəyyən olması işin məhkəmə baxışının təyin edilməsi istisna edir. Bundan əlavə məhkəmə qeyd edir ki, ittihamı sübut etmək xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin vəzifəsidir. Məhkəmənin hazırlıq iclasında ilkin sübutları təqdim etmək şikayət vermiş şəxsin vəzifəsidir. Şikayətçi hadisənin video görüntüsünün olmasını iddia etdiyi bir ədəd diskdə olan video görüntüləri məhkəməyə təqdim etmişdir. Həmin video görüntülər hazırlıq iclasında mahiyyəti üzrə araşdırılmasa da, mövcud olub-olmadığı məsələsi yoxlanılarkən video görüntülərdə səs qeydlərinin olmaması müəyyən edilmişdir. Məhkəməyə hər hansı əlavə ilkin sübutlar təqdim edilməmişdir. Şikayətdə yalnız bir neçə şəxsin adı qeyd edilərək onların hadisənin şahidi olması göstərilmişdir. Lakin, nəzərə almaq lazımdır ki, hazırlıq iclasında şahidlərin ifadələri alınmır və bu mərhələdə istinad edilən əməllərin barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən törədilməsini təsdiq edən heç bir ilkin sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasında sübutlar mahiyyəti üzrə araşdırılıb qiymət verilməsə də, şikayət vermiş şəxsin dəlillərini təsdiq edən ilkin sübutların olması mütləqdir. Bu Azərbaycan Respublikası CPM-in 302.1.7-ci maddəsinin imperativ tələbidir. İstinad edilən əməllərdə cinayət əlamətləri olduqda, həmin əməllərin barəsində şikayət verilmiş şəxs tərəfindən törədilməsini ilkin olaraq təsdiq edildikdə və şikayətin məhkəmə baxışına təyin edilməsini istisna edən digər hallar olmadıqda şikayətin məhkəmə baxışı mümkündür. İş icraata götürülərək məhkəmə baxışında təyin edildiyi halda isə artıq barəsində şikayət verilmiş şəxs təqsirləndirilən şəxs statusu almış olur və bu qərar öz prosessual əhəmiyyətinə görə ictimai ittiham qaydasında icraatı aparılan cinayət işləri üzrə cinayət işinin başlanması və təqsirləndirilən şəxs qismində cəlb etmə qərarlarını bir növ əvəz edir. Bu baxımdan xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasında qeyd edilən məsələnin yoxlanılması əhəmiyyətlidir. Qeyd edildiyi kimi şikayət icraata götürüldüyü halda bu barəsində şikayət verilmiş şəxs üçün ciddi məhrumiyyətlər yaradır və bu baxımdan hazırlıq iclası mərhələsindən şəxsin hüquq və mənafelərinin təmini baxımından qeyd edilən məsələlər ciddi yoxlama və qiymətləndirmə tələb edir. İndiki halda xüsusi ittiham qaydasında şikayət vemiş şəxs Azərbaycan Respublikasının CPM-nin 88.4.1-ci maddəsinə əsasən üzərinə düşən vəzifəni yerinə yetirməyərək şikayət ərizəsinin forma və məzmununda yuxarıda qeyd edilən qüsurlara yol verməklə, həmçinin yetərli ilkin sübutlar olmadan məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, həmçinin şikayət əsassız olmaqla şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə həmçinin hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X4 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. X2 göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar