Məhkəmə qərarları › İş №1(060)-886/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-886/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-886/2023 06.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə, Masallı rayonu Yeddioymaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Masallı rayonu Yeddioymaq kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 76-cı məhəllə fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 12 (on) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,024 qram, 0,042 qram, 0,076 qram, 0,066 qram, 0,063 qram, 0,069 qram, 0,063 qram, 0,011 qram, 0,054 qram, 0,038 qram, 0,044 qram və 0,049 qram, ümumi təmiz çəkisi 0,599 qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİnin CAŞ-ın əməkdaşları tərəfindən 23 iyun 2023-cü il tarixdə, saat 16:10-da Sumqayıt şəhəri, 1-ci mikrorayon, 21/8 saylı evin yaxınlığında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə olan heroin əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, əvvəllər məhkum olunmamış, təxminən 7-8 aydır ki, narkotik vasitə “kakos”dan istifadə edir. Xalası oğlu Şahid1 da onun kimi narkotik vasitə istifadə edir və birlikdə narkotik vasitə istifadə etdikləri hallar olmuşdur. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında xalası oğlu Şahid1la görüşən zaman sonuncudan narkotik vasitə “kakos” olub-olmadığını soruşmuş, sonuncu da ona olmadığını, lakin almaq lazım olduğunu, özünün də ağrılarının olduğunu demişdir. Bundan sonra xalası oğlu Ruslanla birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisinə getmişlər. Orada tanımadıqları şəxsdən 60 manata narkotik vasitə almışlar və Sumqayıt şəhərinə qayıtmışlar. Pulun 50 manatını o, 10 manatını isə xalası oğlu qoymuşdur. Narkotik vasitədən istifadə etdikdən sonra qalan narkotik vasitəni bükümlərə bölmüşlər və cəmi 16 büküm alınmışdır. Sonra aralarında narkotik vasitəni bölmüşlər. O, çox pul qoyduğundan ona 12 büküm, xalası oğlu Ruslana isə 4 ədəd bükümdə narkotik vasitə düşmüşdür. O, 12 ədəd bükümləri siqaret qutusuna yerləşdirib cibinə qoymuşdur. Ümumiyyətcə o, günə bir büküm narkotik vasitə istifadə edir. Sonradan xalası oğlundan ayrılmış və öz işləri ilə məşğul olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon, 21/8 saylı evin qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirib, onu Sumqayıt şəhər polis idarəsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə polis idarəsinə gəlmişdir. ŞPİ-də üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmişdir. Daha sonra isə videoçəkiliş vasitəsilə və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən cırılmış siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin qutunun içərisinə baxdıqda ağ rəngli kağız bükümlərin, qızılı rəngli kağız bükümlərin olduğu müəyyən edilmişdir. Həmin bükümlər siqaret qutusundan çıxarılmışdır. Həmin bükümlərin 09 ədədi ağ rəngli kağız büküm, 03 ədədi qızılı büküm olmaqla ümumilikdə 12 ədəd büküm olduğu müəyyən edilmişdir. Həmin bükümlər ardıcıl olaraq elektron tərəzidə çəkilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, və üzərindən qanunla qadağan edilmiş digər bir əşya aşkar edilməmişdir. Aşkar olunmuş həmin bükümlər ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Narkotik vasitəni kimsəyə vermək və ya satmaq fikri olmamışdır. O, hər dəfə bükümdən narkotik vasitə ayırmaq çətin olduğundan birdəfəlik aldığı narkotik vasitəni bükümlərə qablaşdırmışdır. Saxlanarkən ona polis əməkdaşları tərəfindən hər hansı təzyiq və ya işgəncəyə məruz qalmamışdır. O, sürücü işləyir, Sumqayıt və Bakı şəhərləri arasında sərnişin daşıyır. Əməlindən peşmandır. Qeyd edilənlərə əsasən təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Cinayətaxtarışı şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 Zellabdin oğlu ifadəsində göstərmişdir ki, 23 iyun 2023-cü il tarixdə xidmətdə olarkən “Turac” adlı şəxsin narkotik vasitələrin satışı, istifadəsi və üzərində gəzdirməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında tərəfindən keçirilən tədbirlər nəticəsində həmin şəxsin Sumqayıt şəhəri, 76-cı məhəllə fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icrası ilə bağlı o, CAŞ-nin kiçik inspektorları Şahid3 və Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində əldə etdikləri məlumat əsasında əməliyyat qrupunun üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisinə getmişlər. 1-ci mikrorayon, 21/8 saylı evin yaxınlığında olarkən Təqsirləndirilən şəxs görüb, sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və daxil olmuş məlumat ilə bağlı Təqsirləndirilən şəxs məlumat verib sonuncunu Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə Sumqayıt ŞPİ-yə gəlmişdir. Sumqayıt ŞPİ-yə gəldikdən sonra vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuş və siqaret qutusunda narkotik vasitə olduğunu bildirmişdir. Həmin siqaret qutusuna müstəntiq tərəfindən baxıldıqda siqaret qutusundan 12 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddələrin narkotik vasitə «kakos» olduğunu bildirmişdir. Bükümlər müstəntiq tərəfindən elektron tərəzi vasitəsilə çəkilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 və Şahid4 Şahid2 ifadəsi ilə eyni məzmunda ifadə vermişlər. Digər Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadə elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xeyli müddətdir ki, narkotik vasitə heroin istifadə edir. Təqsirləndirilən şəxs onun xalası oğludur, sonuncu ilə münasibətləri həmişə yaxşı olmuş, çox yaxındılar. aralarında düşmənçilik və ya ədavət olmamışdır. Turac da onun kimi narkotik vasitə heroin istifadə edir və bir neçə dəfə olmuşdur ki, birlikdə narkotik vasitə heroin istifadə etmişlər. Sonuncu dəfə 23 iyun 2023-cü il tarixdə səhər saatlarında Turacla Sumqayıt şəhərində görüşdükdə sonuncu istifadə etmək üçün narkotik vasitə istəmiş, o isə özündə də olmadığını demişdir. Daha sonra qərara gəlmişlər ki, narkotik vasitə alsınlar. Buna görə ikisidə pul atışmışlar, onda 10 manat olmuş, Turac isə 50 manat pul qoymuşdur. Sonra Məhəmməd adı ilə tanıdığı şəxslə görüşmüşlər və sonuncu vasitəsilə Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisinə gedib oradan 60 manata narkotik vasitə almışlar. Sonra Turacla birlikdə narkotik vasitəni bükümlərə ayırmışlar və həmin bükümlərdən 4 ədədi ona verilmiş, qalan 12 ədəd büküm isə Turaca qalmışdır. Həmçinin narkotik vasitəni bükümlərə bölməmişdən əvvəl ondan bir qədərini istifadə etmişlər. Sonradan Turacla ayrılmışlar və o, öz işlərinin dalınca getmişdir. Həmin gün Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutulmuş və üzərində olan 4 ədəd bükümdə narkotik vasitə aşkar olunmuş, onun barəsində hazırda Sumqayıt ŞPİ-də cinayət işinin istintaqı aparılır. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, Turaca pay olaraq narkotik vasitə verməmişdir. Ümumiyyətcə Turacda narkotik vasitə olmadıqda və onda olduqda o, Turaca bir qohum kimi pay vermiş, onda olmayanda da Turac ona vermişdir. Lakin sonuncu dəfə narkotik vasitəni Turacla birlikdə gedib almışlar. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 24 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixdə, saat 16:10 dəqiqədə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarışın keçirilməsi haqqında” 23 iyun 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin CAŞ-na etibarlı və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 21/8in qarşısında Sumqayıt ŞPİ-nin CAŞ-nın əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 16:10-da saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs Pİ-nə gətirildikdən sonra inspektor-kriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə salınmış və iştirakçılarla birlikdə həmin tarixdə Pİ-də, xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili Məmmədov Vüsal oğlu təqdim olunmuç, daha sonra isə vidoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, olduğu təqdirdə həmin əşyanın təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən cırılmış siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin qutunun içərisinə baxdıqda ağ kağız bükümlərin, qızılı rəngli kağız bükümlərin olduğu müəyyən edilmişdir. Həmin bükümlərin 09 ədədi ağ rəngli kağız büküm, 03 ədədi qızılı büküm olmaqla ümumilikdə 12 ədəd büküm olduğu müəyyən edilmişdir. Həmin bükümlər olaraq elektron tərəzidə çəkilmiş və ağ rəngli bükümlərin çəkisinin 0,21 qram, 0,21 qram, 0,26 qram, 0,23 qram, 0,18 qram, 0,25 qram, 0,25 qram, 0,23 qram, 0,25 qram, qızılı rəngli bükümlərin çəkisinin 0,12 qram, 0,12 qram, 0,14 qram olması, ümumilikdə 12 ədəd bükümün 2,43 qram olduğu müəyyən edilmişdir. Bundan sonra Tahirovun üzərinə şəxsi axtarış keçirilmiş, əynindən olan göy rəngli cins şalvarın sağ arxa cibindən üzərində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd “Samsung" markalı mobil telefon, sol yan cibindən 22 manat pul aşkar edilmişdir. Aşkar olunmuş həmin bükümlər Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. 24 iyun 2023-cü il tarixdə, saat 18:00-da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi haqqında 24 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. Təqsirləndirilən şəxsin X2 azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə 24 iyun 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X2 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/3521 nömrəli, 24 iyun 2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün №124» möhür əksi və “Vət. Təqsirləndirilən şəxs üzərindən...” və s. soyadlar, imzalar olan zərfdəki 12 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,024 qram, 0,042 qram, 0,076 qram, 0,066 qram, 0,063 qram, 0,069 qram, 0,063 qram, 0,011 qram, 0,054 qram, 0,038 qram, 0,044 qram və 0,049 qram, ümumilikdə təmiz çəkiləri 0,599 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkoitik vasitə-heroindir. 12 bükümdəki heroin kütlələri kimyəvi komponent tərkibinə görə eynilik təşkil edirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir. Heroinin təmiz çəkisi 0,599 qram, tədqiqata sərf edildi 0,120 qram, qalıq 0,479 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 4382 saylı, xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 76-cı məhəllə üzrə 5 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 07 sentyabr 2023-cü il tarixli qərarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elann edilmiş 24 iyun 2023-cü il tarixli ittiham düzgün və əsaslı olduğundan dəyişdirilmədən öz qüvvəsində saxlanılmış və 24 iyun 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd olunmuş və bu barədə material ayrılaraq saxlanılmasından ötrü Sumqayıt şəhər prokurorluğunun dəftərxanasına verilmiş, Təqsirləndirilən şəxs üzərindən 23 iyun 2023-cü il tarixdə aşkar olunmuş narkotik vasitə hesab edilən təmiz çəkisi 0,599 qram heroin və 01 ədəd disk iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı çəkisi 0,479 qram qalmış heroin təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə cinayət işi materialları və maddi sübutlarla tanış olduqdan sonra saxlanması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc otağına verilmiş, 01 ədəd diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında və digər istintaq hərəkəti protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və istintaq zamanı toplanmış digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından, həmin cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilmişdir. Sumqayıt şəhər Bələdiyyəsinin 76-cı məhəllə üzrə 5 saylı Məhəllə komitəsinin xx.xx.2023-cü il tarixli, 285 nömrəli arayışına əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 76-cı məhəllə, Çerkassı küçəsi, 1686 nömrəli fərdi evdə yaşayır. Sumqayıt şəhər Bələdiyyəsinin 76-cı məhəllə üzrə 5 saylı Məhəllə komitəsinin xx.xx.2023-cü il tarixli, 285 nömrəli xasiyyətnaməsinə əsasən Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. Xasiyyətnamə müsbət qiymətləndirilir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır (63.1). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə (bundan sonra - CPM) əsasən məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir (351.1.). Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (351.2.). Məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (351.3.). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 6-cı bəndinə görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılar”a əsasən (birinci Siyahı) heroinin 0,15 qram da daxil olmaqla yuxarı hədləri şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsində göstərilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (8.1). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (41.2). Cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir (58.1). Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (58.3). Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır (69.3). Cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir (93.1.2). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin miqdarının şəxsi istehlak miqdarına yaxın olmasını, əməlini ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 23 iyun 2023-cü il tarixdən 24 iyun 2023-cü il tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, tədqiqatdan sonra qalıq qalmış 0,479 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalı, 110 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində Sumqayıt şəhəri, 76-cı məhəllə, 1686 nömrəli fərdi evdə çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt və Bakı şəhərlərinin və Abşeron rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixdən 24 iyun 2023-cü il tarixədək tutulub saxlanıldığı 01 (bir) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0,479 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar