Məhkəmə qərarları › İş №1(060)-887/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-887/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-887/2024 18.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X3, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X7 etibarnamə üzrə nümayəndəsi: X9, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1993-cü ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri 76-cı məhəllə fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:35-də BC kateqoriyalı, AE 038338 seriyalı sürücülük vəsiqəsi ilə X1 məxsus etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 21723” markalı, **-NE-***” dövlət qeydiyyat nişanlı avtomaşınla Sumqayıt şəhəri Zülfi Hacıyev küçəsi ilə üzü Sumqayıt şəhəri Ü.Hacıbəyov küçəsi istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunlara əməl etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozmaqla Zülfi Hacıyev küçəsində həmin vaxt velosipedi sürərək yolu sağdan sola keçən xx.xx.1950-ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomaşının qabaq sol tərəfi ilə vurmaqla ehtiyatsızlıqdan sonuncuya başın küt travması, sol ənsə sümüyünün kəllə əsasına keçən sınığı, sol ənsə nahiyyəsinin dərialtı hematoması, baş-beyinə qansızma, sol körpücük sümüyünün, sol saidin aşağı 1/3-nin qapalı sınıqları, sol diz oynağının iç səthinin 03 ədəd, sol aşıq-baldır oynağının iç səthinin sıyrıqları kimi dərəcəsinə görə adətən canlı şəxslərdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə başın küt travması nəticəsində baş beyinə qansızmadan ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhəri ərazisində yerləşən «Embavud» şirkətində mebel ustası işləyir. «VAZ 21723» markalı, **-NE-*** dövlət nömrə nişanlı avtomaşın ona məxsusdur. Həmin avtomaşın texniki sənədində olan X5 maşının sahibidir. O, maşını etibarnamə əsasında idarə edir. Həmin avtomaşınla o işə gedib-gəlir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində o, həmin avtomaşına əyləşib işə getməyə hazırlaşmış, Sumqayıt şəhəri 2- ci mikrorayon ərazisindən çıxıb iş yoldaşı Elnuru da oradan götürüb Sumqayıt şəhəri 13-cü mikrorayon istiqamətində hərəkət etməyə başlamışdır. Bu zaman saat 11:30 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayon və 9-cu mikrorayon ərazisində yerləşən Zülfü Hacıyev küçəsi ilə 60 km/saat hərəkətdə olan zaman Z.Hacıyev küçəsinin Heydər Əliyev adına Park ərazisindən keçən hissəsində qəfildən yolu sağdan sola keçən velosipedçini görmüş, o, onun yan tərəfi ilə gedən avtomaşının qarşısından qəfildən qabağına çıxmış və o da onu 10 metr məsafədə görən zaman tormoz əyləcini bassa da, həmin velosipedçini avtomobilin qabaq sol tərəfi ilə vurmuşdur. Bu zaman velosipedi sürən yaşlı adam hündürə qalxıb onun 1 metr məsafəsinə yerə dəymiş və o da cəld maşını saxlamışdır. Həmin şəxsə yaxınlaşıb ona ilkin tibbi yardım göstərməyə başlamışdır. Həmin vaxt artıq onun öldüyünün şahidi olmuşdur. Hadisə yerinə gələn polis əməkdaşlarına velosipedçini özünün vurduğunu demiş və onlara təslim olmuşdur. O, velosipedçini 10 metr məsafədən görmüş və buna baxmayaraq həmin məsafədən tormoz əyləcini bassa da, maşını saxlaya bilməmişdir. Hadisə zamanı avtomaşında onun yanında iş yoldaşı Şahid1 da olmuş, başqa heç kim olmamışdır. Hadisə vaxtı hava işıqlı, asfalt örtüyü quru olmuş, hərəkət sürəti təxminən 60 km olmuş, hadisənin qarşısını almaq üçün tormaz əyləcini bassa da, həmin velosipedçini avtomobilin qabaq sol tərəfi ilə vurmuşdur. Hadisə zamanı onun avtomobilinə heç bir kənar təsir olmamışdır. Onun idarə etdiyi avtomaşının texniki vəziyyəti normal idi, maşında heç bir nasazlıq olmamışdır. O, spirtli içki və ya narkotik vasitə qəbul etmir. Hadisə vaxtı da spirtli içki içməmiş, həmin vaxt həkim müayinəsindən də keçmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisinin etibarnamə üzrə nümayəndəsi X9 ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində sonradan ad və soyadını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21723” markalı **- NE-***” dövlət qeydiyyat nişanlı maşınla 60 km/saat sürətlə Sumqayıt şəhəri Zülfi Hacıyev küçəsində üzü Sumqayıt şəhəri Ü.Hacıbəyov küçəsi istiqamətində hərəkətdə olan zaman velosipedi sürərək yolu sağdan sola keçən Zərərçəkmiş şəxs avtomaşının qabaq sol tərəfi ilə vurmuş, nəticədə Həmid aldığı bədən xəsarətləri nəticəsində hadisə yerində ölmüşdür. Hazırda heç bir şikayəti və tələbi yoxdur, təqsirləndirilən şəxslə barışmışlar. Buna görə də təqsirləndirilən şəxsə cəza təyin edilməsini istəmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımaqla, onun iş yoldaşıdır. xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində Sənan idarə etdiyi «VAZ 21723» markalı, **-NE-*** dövlət nömrə nişanlı avtomaşınla işə getmək üçün Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisindən onu götürüb Sumqayıt şəhəri 13-cü mikrorayon istiqamətində hərəkət etməyə başlamışlar. Bu zaman saat 11:30 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayon və 9-cu mikrorayon ərazisində yerləşən Zülfü Hacıyev küçəsi ilə 60 km/saat hərəkətdə olan zaman Z.Hacıyev küçəsinin Heydər Əliyev adına Park ərazisindən keçən hissəsində qəfildən yolu sağdan sola keçən velosipedçini görmüşlər. O, yan tərəfi ilə gedən avtomaşının qarşısından qəfildən qabağına çıxmış və Sənan onu görən zaman tormoz əyləcini bassa da, həmin velosipedçini avtomobilin qabaq sol tərəfi ilə vurmuşdur. Bu zaman velosipedi sürən yaşlı adam hündürə qalxıb onların 1 metr məsafələrinə yerə dəymiş və Sənan da cəld maşını saxlayıb, həmin şəxsə yaxınlaşmış, özü də avtomaşından düşmüşdür. Sənan ona ilkin tibbi yardım göstərməyə başlamışdır. Bu zaman artıq onun öldüyünün şahidi olmuşdar. Hadisə yerinə gələn polis əməkdaşlarına Sənan velosipedçini özünün vurduğunu demiş və onlara təslim olmuşdur. Hadisə vaxtı hava işıqlı, asfalt örtüyü quru olmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin hərəkət sürəti təxminən 60 km olmuş, o, hadisənin qarşısını almaq üçün tormaz əyləcini bassa da, həmin velosipedçini avtomobilin qabaq sol tərəfi ilə vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX-nin inspektoru, polis baş serjantı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 11:30 radələrində Sumqayıt şəhəri ərazisində xidmətdə olduğu vaxt Sumqayıt şəhəri Zülfi Hacıyev küçəsində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal xidməti avtomobil ilə hadisə yerinə getmişdir. Hadisə yerinə gedəndən sonra ona məlum olmuşdur ki, bir az əvvəl sonradan ad və soyadını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21723” markalı **-NE-***” dövlət qeydiyyat nişanlı maşınla Sumqayıt şəhəri Zülfi Hacıyev küçəsində üzü Sumqayıt şəhəri Ü.Hacıbəyov küçəsi istiqamətində hərəkətdə olan zaman velosipedi sürərək üzərində yolu sağdan sola keçən Zərərçəkmiş şəxs vurmuş və nəticədə Zərərçəkmiş şəxs aldığı bədən xəsarətləri ilə hadisə yerində ölmüşdür. Yol- nəqliyyat hadisəsi baş verdikdən sonra “VAZ 21723” markalı **-NE-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisə yerindən qaçması halları baş verməmişdir. Yol-nəqliyyat hadisəsinin baş verdiyi əraziyə gedən zaman həmin sürücü hadisə yerində olmuş, onun iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, eləcə də sərxoşluğunu yoxlamaq üçün Sumqayıt Narkoloji Dispanserinə aparılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. - 2355 saylı, xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluq vəziyyəti yoxdur. - Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, həmçinin yol nəqliyyat hadisəsi baş vermiş yerin fotoşəkillləri və sxemi çəkilərək cinayət işinə əlavə edilmişdir. - xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:35-də Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21723” markalı 99- NE-388” dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhəri Zülfi Hacıyev küçəsində üzü Sumqayıt şəhəri Ü.Hacıbəyov küçəsi istiqamətində hərəkətdə olan zaman velosipedi sürərək üzərində yolu sağdan sola keçən Zərərçəkmiş şəxs avtomaşının qabaq sol tərəfi ilə vurur, nəticədə sonuncu hündürlüyə qalxaraq yerə düşür. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində, X10 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. - Məhkəmə-tibbi ekspertizasının 59 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində “başın küt travması, sol ənsə sümüyünün kəllə əsasına keçən sınığı, sol ənsə nahiyyəsinin dərialtı hematoması, baş-beyinə qansızına, sol körpücük sümüyünün, sol saidin aşağı 1/3-nin qapalı sınıqları, sol diz oynağının iç səthinin 03 ədəd, sol aşıq-baldır oynağının iç səthinin sıyrıqları” xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdirlər, həyatidirlər, törənmə müddəti zərərçəkmişin müayinə edildiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni YNH-si zamanı əmələ gələ bilər, dərəcəsinə görə - adətən canlı şəxslərdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanm əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması nəticəsində baş beyinə qansızma olmuşdur. Zərərçəkmiş şəxs yuxarıda qeyd edilən xəsarətləri aldıqdan sonra yerini dəyişə, danışa və hərəkət edə bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın kimyəvi müayinəsi nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (172528). - X7 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi avtoqəza nəticəsində vəfat etmiş şəxs Zərərçəkmiş şəxs oğludur. O, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. - Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/2394 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, VAZ 21723 markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. - xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə «BC» kateqoriyalı AE038338 nömrəli on illik sürücülük vəsiqəsi almışdır. Mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrum edilənlər sırasında yoxdur. - Sumqayıt şəhər Bələdiyyəsi 76-cı məhəllə üzrə 1 saylı məhəllə komitəsi tərəfindən verilmiş 565 saylı, xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 76-cı məhəllə üzrə 5 saylı məhəllədə, Sülh küçəsi, fərdi həyət evində qeydiyyatsız yaşayır, ailə tərkibi atası-xx.xx.1971-ci il təvəllüdlü X8 və anası -xx.xx.1972-ci il təvəllüdlü X6 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. - xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, baş vermiş hadisənin videogörüntüsünü özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarında saxlanılmışdır. Beləliklə məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən heç bir şikayətin olmaması barədə notarial qaydada tərtib edilmiş ərizəsi, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 28.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq hüququ vardır.” -63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” - 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” - 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının: - 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” - 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” - 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. - 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının: - 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərinhəyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. - 3-cü bəndində izah edilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. - 4-cü bəndində izah edilir ki, Azərbaycan Respublikası CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. - 13-cü bəndində göstərilir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Eyni əməllər ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmaqla nəticələndikdə və ya ona miqdarından asılı olmayaraq maddi ziyanın vurulmasına səbəb olduqda, habelə sair hallarda qeyd edilən qaydaları pozan şəxs cinayət məsuliyyəti deyil, mülki-hüquqi, yaxud inzibati məsuliyyət daşıyır. - 17-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. - 19-cu bəndində izah edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərərçəkmiş şəxsin sağlamlığına məhz yolnəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. - 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263- 1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü özlüyündə CMnin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: - 2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” - 36.3-cü maddəsinə əsasən “Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar.” - 50.1-ci maddəsinə əsasən “Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.” - 81-ci maddəsinə əsasən “Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.” Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” - 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” - 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəmnində ehtiyatsızlıqdan az ağır olmaqla ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.” Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi şəraitini nəzərə alır, lakin iş üzrə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunmasının qeyri-mümkün olduğu qənaətinə gəlir və ona görə də hesab edir ki, təqsirləndirilən şəxsə Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilibedilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 56.1.1-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-887/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 1953 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisinə hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində ona vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Zərərçəkmiş şəxsin hüquqi varisinə hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində ona vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar