Məhkəmə qərarları › İş №1(060)-888/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-888/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-888/2023 22.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Qusar rayonu, Samur qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Xızı rayonu, Şuraabad qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,576 qram, 0,533 qram, ümumi təmiz çəkisi 1,109 qram xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etməklə əynindəki göy rəngli köynəyinin sol ön cibində daşıyaraq saxlamış, 05 avqust 2023-cü il tarixdə, saat 12:30 radələrində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan yaşayış massivində yerləşən 3 nömrəli avtobus dayanacağının yaxınlığında keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılmaqla 2-ci PB-yə aparılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin heroinlər əynindəki göy rəngli köynəyinin sol ön cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən iki ildir narkotik vasitə heroindən istifadə edir. Şahid1 təxminən 2023-cü ilin iyul ayının sonlarından etibarən tanımışdır. Ramil ilə münasibət saxladıqdan sonra sonuncunun narkotik vasitə istifadə etdiyini bilmişdir. 05 avqust 2023-cü il tarixdə, səhər saatlarında şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsilə Ramilin istifadəsində olan hazırda xatırlamadığı nömrəsinə zəng vurub sonuncudan narkotik vasitə olan heroin istəmişdir. Ramil də ona 2 büküm heroini 20 manata sata biləcəyini demiş və onlar təxminən saat 12 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan yaşayış massivində yerləşən 3 nömrəli avtobus dayanacağının yanında görüşmüş və Ramilə bir ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq olmaqla 20 manat pul vermiş, sonuncu da ona 2 ədəd bükümdə narkotik vasitə olan heroini verərək oradan çıxıb getmişdir. Təxminən 30 dəqiqə sonra üç nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demişlər və onu 2-ci PB-nə dəvət etmişlər. Polis bölməsində videoçəkiliş vasitəsilə vəkil təqdim edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunduqda köynəyinin sol ön cibində saxlamış olduğu 2 ədəd bükümdə heroini və özünə məxsus mobil telefonu çıxararaq təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin bükülüyə baxış keçirilərək içərisində narkotik vasitə olan heroin olması müəyyən olunmuşdur. Heroin elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Sorğu zamanı da üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitələri Ramildən aldığını bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Ramilin narkotik vasitələri kimdən və harada əldə etməsindən heç bir məlumatı olmamışdır. Anası xəstədir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 4-5 ildir ki, narkotik vasitə istifadəçisidir. Təqsirləndirilən şəxs ilə qonşu kənddə yaşayırlar. Murad onun narkotik vasitə istifadə etdiyini bilmiş, Murad ondan bir neçə dəfə narkotik vasitə istəmiş, lakin o verməmişdir. Polis bölməsində üzərinə şəxsi axtarış aparılan zaman üzərindən yalnız bir ədəd 10 manatlıq, bir ədəd 5 manatlıq, beş ədəd 1 manatlıq əskinaz olmaqla 20 manat pul aşkar olunmuşdur. Həmin pul özünə məxsus olmuşdur, işləyib qazanmışdır. Polis əməkdaşları onun cibinə pul qoymamışdır. Murad saxlanilan gün ondan narkotik vasitə istəmiş, o da yerdən palçıq götürərək bükmüş və Murada vermişdir. Murad bükümə baxmamış, bükümdə nə olduğunu bilməmiş, bükümü götürüb getmişdir. Lakin buna görə Muraddan pul almamışdır. Polis bölməsində izahat verməmiş, sənədlərə imza etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, 05 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan dəmiryolu yaşayış massivində yerləşən 3 nömrəli avtobus dayanacağının ətrafı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. Həmin gün təxminən saat 12:30 radələrində Təqsirləndirilən şəxs 3 nömrəli avtobus dayanacağının yaxınlığında olduğunu görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər və sonuncunu Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət etmişlər. Polis bölməsinə gələn zaman Təqsirləndirilən şəxs özünə məxsus “Fly” markalı mobil telefonu ona təqdim etmiş, o da həmin telefonu təhqiqatçı Səadət Qənbərova təhvil vermişdir. Orada xidməti otaqların birində kriminalist Fərid Nəsimiyevin videogörüntüyə alması və müdafiəçinin iştirakı ilə təhqiqatçı Səadət Qənbərov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşyanın olub-olmaması soruşulmuş və sonuncuya təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli köynəyinin sol ön cibindən 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxararaq təqdim etmişdir. Həmin bükülü açılaraq içərisinə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddələrin olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 02 ədəd bükülüdəki maddənin narkotik vasitə “kakos” olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Şirvan Dəmiryolu yaşayış massivində Ramil adlı tanışından şəxsi istifadəsi üçün 20 manata aldığını və üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Bundan sonra 05 avqust 2023-cü il tarixdə, saat 14 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 2 bükümdə narkotik vasitə olan heroini satmaqda şübhəli bilinən Şahid1 yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan dəmiryolu yaşayış massivində yerləşən 3 nömrəli binanın qarşısında saxlanılaraq 2-ci polis bölməsinə dəvət olunmuş, polis bölməsində xidməti otaqların birində videogörüntüyə alması və vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən Şahid1 üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Şahid1 üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşyanın olub-olmaması soruşulmüş və Şahid1 özü əynində olan boz rəngli şalvarının sol yan cibindən 1 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq olmaqla cəmi 20 manat pul əskinazını çıxararaq təqdim etmişdir. Sorğu zamanı Şahid1 üzərindən aşkar olunmuş həmin pulları Təqsirləndirilən şəxs satmış olduğu 2 ədəd bükümdə narkotik vasitədən əldə etdiyini bildirmişdir. Şahid1 üzərindən aşkar olunaraq götürülmüş cəmi 20 manat pul əskinazları qablaşdırılmışdır. Sonra isə protokol tərtib olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin kiçik inspektoru Şahid3 oğlu Şahid4la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili Şahid2 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid4la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Şirvan yaşayış massivi 3 nömrəli avtobus dayanacağının yaxınlığında xx.xx.2023-cü il tarixdə, saat 12:30-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxsnın üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və özünün seçdiyi hüquqlarının müdafiəsini təmin edəcək vəkili X4 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs əynində olan göy rəngli köynəyin sol ön cibində saxlamış olduğu 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümü təqdim etdi. Həmin bükümlər açılan zaman bükümlərin içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddənin narkotik vasitə olan “Kakos” olduğunu, həmin maddəni bu gün səhər saatlarında Sumqayıt şəhəri Şirvan Dəmiryolu yaşayış massivində Ramil adlı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını və üzərində saxladığını bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd gümüşü rəngli siqaret kağızı büküm içərsindəki qəhvəyi rəngli maddə ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman, həmin bükümün içərsindəki maddə ilə birlikdə çəkisinin 0,98 qram olduğu müəyyən edildi və həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 126 saylı möhürü ilə möhürləndi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman sonuncunun üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilmədi. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 3-16-16/2-6/4199 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,576 qram, 0,533 qram ümumi təmiz çəkisi 1,109 qram olan qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,1 qram sərf edildikdən sonra 1,009 qram heroin qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, videogörüntüyə baxdıqda müəyyən edilir ki, təhqiqatçı Səadət Qənbərov özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz döviyyəsində şübhəli olduğu üçün saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gətirildiyini bildirilir və polis əməkdaşlarına da ölərini təqdim etməsini deyir, onlar da özlərini təqdim edirlər. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildirişi təqdim edərək hüquqlarının özünün seçdiyi Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X4 tərəfindən müdafiə edəcəyini deyərək vəkili ona təqdim edir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını bildirərək, şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli köynəyinin sol ön cibindən 2 ədəd gümüşü rəngli kağız bükülünü çıxararaq təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, onun üzərində başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 02 ədəd bükülüdəki maddənin narkotik vasitə “kakos” olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Şirvan Dəmiryolu yaşayış massivində Ramil adlı tanışından şəxsi istifadəsi üçün 20 manata aldığını və üzərində saxladığını bildirir. Murad Quıaminin üzərindən aşkar olunmuş həmin maddələr elektron tərəziyə qoyulub çəkilir və ümumilikdə çəkisinin 0,98 qram olması müəyyən olunur. Bundan sonra həmin 2 ədəd bükülü qablaşdırılır, möhürlənir, üzərində qeydlər aparılır və imzalanır. Sonda isə çəkiliş dayandırılır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xızı rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa Xızı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 5425 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Xızı rayon İcra Hakimiyyəti Başçısının Şorabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 202 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xızı rayon Şorabad qəsəbəsində qeydiyyatdadır, yaşayır, ailə tərkibi anası-xx.xx.1945-ci il təvəllüdlü X1 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus telefon “Fly” markalı olmaqla tünd boz rəngli mobil telefondur. Telefonun ekran hissəsi zədəli haldadır, telefona daxil olduqda telefonun yaddaşında iş üçün əhəmiyyət kəsb edən mətnlər, fotoşəkil və ya videogörüntülər müəyyən olunmadı. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ümumi təmiz çəkisi 1,109 qram narkotik vasitə olan heroin və 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 1,009 qram heroin saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və kimyəvi ekspertizalar nəticəsində qalıq qalmış 1,009 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 80,00 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-888/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 1748 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və kimyəvi ekspertizalar nəticəsində qalıq qalmış 1,009 qram çəkidə narkotik vasitə heorin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 80,00 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar