Məhkəmə qərarları › İş №1(060)-89/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-89/2021

07.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-89/2021 07.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs oğlunun, müdafiəçi-Sumqayıt Rejional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1998-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, ona Sumqayıt şəhər Mühafizə Polis İdarəsində işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq, vahid niyyətlə 21.05.2020-cu il tarixdə saat 12 radələrində Bakı şəhəri Dərnəgül şossesi, “Karl Maks” ticarət mərkəzinin yaxınlığında 900 (doqquz yüz) manat, 23.05.2020-cu il tarixdə, saat 11 radələrində Sumqayıt şəhəri 14-cü məhəllədə yerləşən “X3” restoranının qarşısında 800 (səkkiz yüz) manat pulu alıb, ələ keçirərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 1700 (bir min yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, ona Gürcüstan Respublikasından “Toyota Pirus” və “Ford Fusion” markalı avtomobillər alıb gətirəcəyi barədə yalan vəd verib aldadaraq, 17.07.2020-cu il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri 1-ci mikrorayonda yerləşən “İrşad Elektronikas” dükanının qarşısında 6000 (altı min) manat pulu alıb, ələ keçirərək, Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qimsində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 təxminən 2020-ci ili aprel ayından tanımışdır. Şahid2 onların ortaq tanışları idi. O, Şahid2 2020-ci ilin fevral ayından tanıyırdı. Həsənbala ilə mütəmadi olaraq görüşmüş və görüş zamanı çox vaxt Zərərçəkmiş şəxs1 onun yanında olduğu üçün belə olub bir-birlərini tanımışlar. Aprel ayında Qəzənfər və Həsənbala Sumqayıt şəhəri 14-cü məhəllədə kirayə ev götürmüşdürlər. Həmin ərəfədə Covid 19 koronavirus pandemiyası ilə bağlı karantin elan edilmişdir. Onlar da arabir vaxtlarda kirayə götürülən ünvanda görüşüb məşq edir, asudə vaxtlarında stolüstü oyunlar oynayırmışlar. Təxminən 1 aya yaxın həmin ünvana gedib gəlmişlər. X1 ilə işə düzəlməklə bağlı aralarında söhbətlər olmuş və Qəzənfər Həsənbalaya polis orqanlarında işə düzəltmək istədiyini bildirmişdir. O zamanlar onun 350 manat adını bildirmək istəmədiyi tanışına borcu olmuş və avtomobil alqı-satqısı ilə məşğul olmağını davam etdirmək üçün pul lazım olmuşdur. O, Qəzənfərlə Həsənbalanın söhbətini fürsət kimi düşünüb Qəzənfərdən işə düzəltmək adı ilə pul alıb həmin pulla problemlərini həll edib sonra əlinə pul düşkdücə Qəzənfərin pulunu geri qaytarmaq qərarına gəlmişdir. Lakin, Qəzənfəri işə düzəldə biləcəyinə inandırmalı olmuş, bu məqsədlə 2020-ci ilin may ayının əvvəllərində o, Qəzənfərə atası Malikin Sumqayıt Şəhər Mühafizə Polisində işlədiyini, atasının köməkliyi ilə onu polisə işə düzəltdirə biləcəyini deyib, sadəcə “şirinlik” olaraq 2000 manat pul verəcəyini, həmin pulu atasına verəcəyini və atasının da aidiyyəti şəxlərə həmin pulu “şirinlik” kimi təqdim edəcəyini demişdir. Halbuki atası Malikin bütün bu olanlarla heç bir əlaqəsi olmamışdır. O, bu formada Qəzənfəri daha etibarlı formada inandırmaq üçün belə demişdir. Söhbət əsnasında Qəzənfər ona ailə üzvləri ilə danışdıqdan sonra xəbər edəcəyini demişdir. Həmin vaxt Qəzənfərə işsiz olmasını nəzərə aldığını ona görə 2000 manat deyil, 1700 manat verməyini bildirmişdir. Qəzənfər ondan ayrılıb evə getmişdir. Növbəti gün Qəzənfər ona zəng edib ailəsi ilə danışdığını, pulu verəcəyini, artıq işləri görməyə başlamağını bildirmişdir. O, daha inandırıcı olmaq üçün Qəzənfərə Asan Xidmətə getmək lazım olacağını, orada məhkumluq, ailə tərkibi və yaşayış yeri barədə arayışlar alacağını bildirmişdir. 20.05.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1lə birgə Sumqayıt şəhərində yerləşən Asan xidmətə getmişlər. Orada Qəzənfərin şəxsiyyət vəsiqəsi, hərbi bileti, doğum şəhadətnaməsinin ksero üzlüklərini asan xidmətdə yerləşən notariusa təsdiq olunması üçün təqdim etmişlər və təsdiq olunmuş üzləri Qəzənfər ona vermişdir. Bundan başqa orada məhkumluq, ailə tərkibi və yaşayış yeri barədə arayışlar almışlar. Həmin sənədlərin hamısını Qəzənfərə yalandan atasına verəciyini, atasının isə mühafizə polisinin baş idarəsinə göndərəcəyini bildirmişdir. 2020-ci ilin may ayının 21-də Qəzənfərlə Sumqayıt şəhərində görüşüb Bakı şəhəri Dərnəgül adlanan əraziyə getmişlər. X2 ticarət mərkəzinin yaxınlığında təxminən saat 12 radələrində Qəzənfər Şahin adlı tanışı ilə görüşmüşdür. Qəzənfərin deməsinə görə atası Rakif Şahin ilə əvvəlcədən danışmışdır və atası ondan 900 manat pul istəmişdir. Həmin pulu Şahin Qəzənfərə verən kimi Qəzənfər də ona vermişdir. Şahindən ayrılıb Sumqayıt şəhərinə geri qayıtmışlar. 2020-ci ilin may ayının 23-də təxminən saat 11 radələrində Sumqayıt şəhəri Nəsimi parkının yaxınlığında “X3”un yaxınlığında Qəzənfərlə görüşüb 800 manat pulu da Həsənbalanın iştirakı ilə Qəzənfərdən almışdır. Əldə etdiyi 1700 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Hər dəfə Qəzənfər ondan məsələ barədə maraqlananda ona gözləməsini, qısa müddət ərzində işin düzələcəyini yalandan demişdir. Bundan sonra isə Qəzənfər qətiyyətlə ondan pulunu geri istəmişdir. O, pulu geri qaytara bilməyəndə isə Qəzənfər onun barəsində şikayət etmişdir. Zərərçəkmiş şəxs2 2020-ci il iyul ayından tanıyırdı. O, müətmadi olaraq çay içib istirahət etmək üçün həmin ərəfədə Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən “Röyal” kafesinə gedib-gəlirdi. “Röyal” kafesini Zərərçəkmiş şəxs2 işlətdiyi üçün aralarında tanışlıq yaranmışdır. Həmin müddətdə o, avtomobil alqı-satqısı ilə məşğul olmuşdur. 2020-ci ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs2 onun Gürcüstan Respublikasından avtomobillər gətizdirib satdığını bilmişdir. Bir dəfə aralarında olan söhbət zamanı Eminə bu barədə özü deyəndə Emin avtomobil almaq istəyini bildirmişdir. Eminə 6000 manat pulun qarşılığında Gürcüstan Respublikasından Toyota Pirus və Ford Fusion markalı avtomobillər gətirə biləcəyini demişdir. Həqiqətən o, ordan avtomobil gətirdə biləcəyinə baxmayaraq o zaman adını bildirmək istəmədiyi şəxslərə borcu olduğundan və borc sahibləri tez tez onu narahat etdikləri üçün düşünmüşdür ki, Emindən alacağı 6000 manatı borclarına yönəltsin, sonra isə pul qazanıb onun üçün söz verdiyi avtomobili gətizdirər. O, Emini 6000 manat verməyə razı salmışdır. 17.07.2020-ci il tarixdə təxminən saat 18 radələrində Sumqayıt şəhəri 1-ci mikrorayonda yerləşən İrşad Elektroniksin qarşısında Eminlə görüşmüşlər. Emin ona 6000 manat pul vermişdir. Həmin pulu növbəti gün borclarına yönəltmişdir. Eminə söz vermişdir ki, 5 gün müddətinə avtomobillər gələcək. 5 gün keçdikdən sonra Emin pulunu ondan geri istəmişdir. O, yalandan artıq pulla maşını aldığını və maşınların yolda olduqlarını demişdir. Bir neçə gün sonra Emin ondan avtomobillərin şəkillərini göstərməyini tələb etmişdir. O, Eminin pulunu qaytara bilmədiyi üçün Emindən gizlənməyə başlamışdır. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs1 vurulmuş maddi zərəri tam olaraq ödədiyini, digər zərərçəkmiş şəxsə isə vurmuş olduğu 6000 (altı min) manat məbləğində maddi ziyandan 2000 (iki min) manatını qaytardığını, qalıq məbləği isə qaytarmağa maddi imkanının olmadığını qeyd edərək məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2020-ci ilin iyul ayında Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən Röyal kafesini çay evi kimi işlətmişdir. Həmin ərəfədə də Təqsirləndirilən şəxs müştəri kimi gəlib getmişdir. Müştəri olduğu üçün də aralarında qiyabi münasibət yaranmışdır. Ümidin yanında gəldiyi şəxslərlə mütəmadi olaraq avtomobil alqı-satqısı ilə məşğul olması barədə etdiyi söhbətlər onun diqqətini çəkmişdir. Həmin ərəfədə o, Gürcüstan Respublikasından avtomobil gətirtmək istəmişdir. Lakin, bu prosesin necə həyata keçirəcəyini bilməmişdir. Düşünmüşdür ki, elə başı çıxan birinə pul verib avtomobil gətirtsin. Belə qərar vermişdir ki, Ümidlə bu barədə danışsın. 2020-ci ilin iyul ayında işlətdiyi kafedə aralarında olan söhbət zamanı Ümidə maşın almaq istədiyini demişdir. Ümid isə ona 6000 manat pulun qarşılığında Gürcüstan Respublikasından “Toyota Pirus” və “Ford Fusion” markalı avtomobillər gətirdə biləcəyini demişdir. O, pulun münasib olduğunu düşündüyü üçün dərhal razılaşmışdır. Fikirləşmişdir ki, avtomobillərin birini istifadə edər, digərini isə satar və əldə olunan gəlirdən Ümidə də xeyir verər. 17.07.2020-ci il tarixdə təxminən saat 18 radələrində Sumqayıt şəhəri 1-ci mikrorayonda yerləşən İrşad Elektroniksin qarşısında Ümidlə görüşmüşdür və Ümidə 6000 manat pul vermişdir. Ümid ona söz vermişdir ki, 5 gün müddətinə avtomobillər Azərbaycana gətiriləcək. 5 gün keçdikdən sonra Ümiddən bir xəbər çıxamadığını görüb ondan pulu geri istəmişdir. Ümid ona artıq pulla maşını aldığını və maşınların yolda olduqlarını demişdir. Bir neçə gün sonra Ümiddən avtomobillərin şəkillərini göstərməyini tələb etmişdir. Bundan sonra Ümid ondan gizlənməyə başlamışdır. Sonda yaşadığı evində Ümidlə görüşmüşdür. Həmin söhbət zamanı ona qəti olaraq məlum olmuşdur ki, Ümid onu aldadıb pulunu ələ keçirmişdir. Belə ki, Ümiddən atası Malikin işitakı ilə pulunu geri istəyəndə Ümidə həddən çox borcları olduğu üçün ondan aldığı 6000 manat pulu müxtəlif şəxslərə olan borclarına yönəltdiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 6000 (altı min) manat məbləğində maddi zərərdən 2000 (iki min) manat məbləğində maddi zərərin təqsirləndirilən şəxs tərəfindən ona qaytarıldığını, lakin 4000 (dörd min) manat məbləğində maddi zərərin hələ də ona qaytarılmadığını və sonuncunun barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. 29.04.2021-ci il tarixdə məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 2020-ci ili aprel ayından etibarən tanımışdır. Həmin ayda o və dostu Şahid2 ünvan 3 ünvanda görüşüb məşq edirdilər. Həmin ərəfədə Həsənbala Təqsirləndirilən şəxs ilə onu tanış etmişdir. Həsənbala ilə aralarında işə düzəlməklə bağlı söhbətlər olurdu və Həsənbalaya polis orqanlarında işə düzəlmək istədiyini bildirmişdir. Bu barədə Ümid də eşitmişdir. May ayının əvvəllərində Ümid ona atasının Sumqayıt Şəhər Mühafizə Polisində polis rəisi vəzifəsində işlədiyini, atasının köməkliyi ilə onu polisə işə düzəltdirə biləcəyini demişdir. O, mühafizə polisini istəmədiyini bildirəndə ona narahat olmamağını həmin xətt vasitəsilə sonradan zabit kurslarına qatıla biləcəyini və beləliklə istədiyi vəzifəyə qədər gedə biləcəyini demişdir. O, bu barədə fikirləşəcəyini deyəndə Ümid böyük bir xərcinin çıxamayacağını, sadəcə “şirinlik” olaraq 2000 manat pul verəcəyini, həmin pulu atasına verəcəyini və atasının da aidiyyəti şəxlərə həmin pulu “şirinlik” kimi təqdim edəcəyini bildirmişdir. O, ailə üzvləri ilə danışdıqdan sonra xəbər edəcəyini demişdir. Həmin vaxt Ümid ona işsiz olduğunu nəzərə aldığını, ona görə 2000 manat deyil, 1700 manat verməyini bildirmişdir. O, Ümiddən ayrılıb evə getmiş və bu barədə atası Rakiflə danışıb ondan 1700 manat borca pul verməyini, işə düzəldikdən sonra borcunu qaytaracağını demişdir. Atası evdə 800 manat pulunun olduğunu, qalanını isə Bakı şəhərində yaşayan Şahinlə danışıb ondan götürəcəyini demişdir. Növbəti gün o, Ümidlə danışıb pulu verəcəyini artıq işləri görməyə başlamasını təklif etmişdir. Ümid ona Asan Xidmətə getmək lazım olacağını, orada məhkumluq, ailə tərkibi və yaşayış yeri barədə arayışlar alacaqlarını bildirmişdir. 2020-ci ilin may ayının əvvəllərində Ümidlə birgə Sumqayıt şəhərində yerləşən Asan xidmətə getmişlər. Orada şəxsiyyət vəsiqəsi, hərbi bileti, doğum şəhadətnaməsinin ksero üzlüklərini asan xidmətdə yerləşən notariusa təsdiq olunması üçün təqdim etmişlər və təsdiq olunmuş üzləri götürüb Ümidə vermişdir. Bundan başqa orada məhkumluq, ailə tərkibi və yaşayış yeri barədə arayışlar almışlar. Həmin sənədlərin hamısını Ümid ondan götürdüyü sənədlər toplusunu atasına verəciyini, atasının isə mühafizə polisinin baş idarəsinə göndərəcəyini bildirmişdir. 2020-ci ilin may ayının 21-də Ümidlə Sumqayıt şəhərində görüşüb Bakı şəhəri Dərnəgül adlanan əraziyə getmişlər. X2 ticarət mərkəzinin yaxınlığında təxminən saat 12 radələrində Şahinlə görüşmüşlər. Şahin əvvəlcədən atası ilə danışıb və atasına verəcəyi 900 manatı pulu ona vermiş və o, həmin pulu Şahinin yanında elə oradaca Ümidə vermişdir. Şahin pulu hansı məqsədlə Ümidə verdiyini bilmişdir. Qabaqcadan atası Şahinə pulu hansı məqsədlə götürdüklərini və Ümidə niyə verəcəklərini bildirmişdir. Şahindən ayrılıb Sumqayıt şəhərinə geri qayıtmışlar. 2020-ci ilin may ayının 23-də təxminən saat 11 radələrində Sumqayıt şəhəri Nəsimi parkının yaxınlığında “X3”un yaxınlığında Ümidlə görüşüb atasından götürdüyü 800 manat pulu da Həsənbalanın iştirakı ilə Ümidə vermişdir. Ümid ona 10 gün ərzində əmrinin gələcəyini bildirmişdir. 2 həftə gözləməsinə baxmayaraq Ümidin verdiyi vədə əməl etmədiyini görüb onunla əlaqə saxlamışdır. Ümid ondan bir neçə gün gözlməsini xahiş etmişdir. 1 ay keçməsinə baxmayaraq heç bir xəbər çıxmamışdır. O, Ümidlə təkrar əlaqə saxlamışdır. Ümid ona işinin düzəlməyəcəyini demişdir. Lakin, işinin hansı səbəbdən düzəlməyəcəyini ondan soruşmamışdır. Başa düşmüşdür ki, Ümid onu aldadıb pulunu ələ keçirmişdir. Bu səbəbdən də o, Ümiddən pulunu geri istəmişdir. Lakin, Ümid pulunun olmayacağını demişdir. Ümidin atası Maliklə yaşadığı ünvanda görüşmüşlər. Ona məlum olmuşdur ki, Ümidin atası mühafizə polsində işləmir və o, işsizdir. Atası Malikə hadisə barədə danışanda Malik Ümidlə danışacağını və pulunu geri qaytartdıracağını desə də sonrakı danışıqlarda pullarının olmadığını, Ümiddən pulu özünün almağını tövsiyyə etmişdir. O, isə bu barədə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək ona vurulmuş 1700 (bir min yeddi yüz) manat məbləğində maddi zərərin təqsirləndirilən şəxs tərəfindən ona qaytarıldığını və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bilidərərək sonuncunun barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 2020-ci ili aprel ayından etibarən tanıyır. Həmin ayda o və dostu Zərərçəkmiş şəxs1 ünvan 3 ünvanda görüşüb məşq edirdilər. Həmin ərəfədə onun qohumu Fərruxun yanında Ümid adlı tanışı da onların yanına gəlib-getmiş və o, Ümidlə tanış olmuşdur. Təxminən 1 aya yaxın Ümid də onlarla birlikdə həmin ünvana gəlibgetməyə başlamışdır. Qəzənfərlə aralarında işə düzəlməklə bağlı söhbətlər olurmuş və Qəzənfər ona polis orqanlarında işə düzəlmək istədiyini bildirmişdir. Bu barədə Ümid də eşitmişdir. May ayının əvvəllərində Ümid ona atasının Sumqayıt Şəhər Mühafizə Polisində polis rəisi vəzifəsində işlədiyini, atasının köməkliyi ilə Qəzənfəri polisə işə düzəltdirə biləcəyini demişdir. Qəzənfər isə mühafizə polisini istəmədiyini bildirəndə Ümid ona narahat olmamağını həmin xətt vasitəsilə sonradan zabit kurslarına qatıla biləcəyini və beləliklə istədiyi vəzifəyə qədər gedə biləcəyini demişdir. Qəzənfər bu barədə fikirləşəcəyini deyəndə Ümid böyük bir xərcinin çıxamayacağını, sadəcə “şirinlik” olaraq 2000 manat pul verəcəyini, həmin pulu atasına verəcəyini və atasının da aidiyyəti şəxlərə həmin pulu “şirinlik” kimi təqdim edəcəyini bildirmişdir. Qəzənfər ailə üzvləri ilə danışdıqdan sonra Ümidə xəbər edəcəyini demişdir. Həmin vaxt Ümid Qəzənfərə işsiz olduğunu nəzərə aldığını, ona görə 2000 manat deyil, 1700 manat verməyini bildirmişdir. Həmin gün onlar bir-birilərindən ayrılmış, 2020-ci ilin may ayının 23-də səhər saatlarında Qəzənfər ona zəng edib Ümidlə razılaşdıqlarını və ona artıq 900 manat pul verdiyini, qalan 800 manatı həmin gün verəcəyini deyib, birgə görüşməyi təklif etmiş və o, da onunla razılaşmışdır. Həmin gün təxminən saat 11 radələrində Sumqayıt şəhəri, “Nəsimi” parkının yaxınlığında “X3”un yaxınlığında o və Qəzənfər Ümidlə görüşmüşlər. Qəzənfər cibindən çıxardığı 800 manat pulu onun yanında Ümidə vermişdir. Ümiddə ona 10 gün ərzində əmrinin gələcəyini bildirmişdir. Qəzənfər 2 həftə gözləməsinə baxmayaraq Ümidin verdiyi vədə əməl etmədiyini görüb onunla əlaqə saxlamışdır. Ümid Qəzənfərə ona bir neçə gün vaxt verməsini bildirmişdir. 1 ay keçməsinə baxmayaraq heç bir xəbər çıxmamışdır. Sonra isə bu barədə Qəzənfərin Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ərizə ilə müraciət etdiyini eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2020-ci ilin təxminən iyun-iyul aylarında sonradan adının Zərərçəkmiş şəxs1 olduğunu bildiyi şəxs yaşadığı evə gələrək oğlu Təqsirləndirilən şəxs onu mühafizə polisində işə düzəldəcəyi adı ilə ondan 1700 manat pul aldığını bildirmişdir. Həmin vaxta kimi onun bu məsələdən ümumiyyətlə məlumatı olmamışdır. Ümid Qəzənfəri aldatmaq üçün onun əvvəllər mühafizə polisində işlədiyini də bildirib Qəzənfərin etirbarını qazanmışdır. Qəzənfər ondan 1700 manat pul istəməsinə baxmayaraq ona həmin pulu Ümidə verdiyini, Ümiddən də geri almasını demişdir. Qəzənfər evdən getdikdən sonra Ümidlə bu barədə danışanda Ümid 2020-ci ilin may ayında iki dəfə olmaqla, birincisi 900 manat, ikincisi 800 manat Qəzənfərdən pul adığını, həmin 1700 manat pulun qarşılığında Qəzənfəri mühafizə polisində işə düzəldəcəyi barədə yalan vəd vediyini bildirmişdir. Ümiddən 1700 manat pulu Qəzənfərə geri qaytarmaq üçün tələb edəndə Ümid həmin pulu şəxsi ehtiyyaclarına xərclədiyini bildirmişdir. 2020-ci ilin avqust ayında isə sonradan adının Zərərçəkmiş şəxs2 olduğunu bildiyi şəxs yaşadığı evə gəlmişdir. Emin oğlu Ümidin ona Gürcüstan Respublikasından 2 ədəd avtomobil gətirməsi vədini verib 6000 manat pulunu ələ keçirtdiyini bildirmişdir. Ümidi Eminin yanında evə çağırmışdır. Ümid həqiqətən etiraf etmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 1700 manat pulunu ələ keçirməsindən 2020-ci ilin iyun-iyul aylarında Zərərçəkmiş şəxs1 ona məsələ barədə məlumat verdikdən sonra, Zərərçəkmiş şəxs2 6000 manat pulunun ələ keçirilməsindən 2020-ci ilin avqust ayında Zərərçəkmiş şəxs2 ona məsələ barədə məlumat verdikdən sonra məlumatı olmuşdur. Həmin ana kimi Ümidin onları aldadaraq pullarını almasından məlumatı olmamışdır. Ümid ona və ailə üzvlərinə və ya digər şəxsə 7700 manat puldan hər hansı pay verməmişdir. O, Ümidə pulun alınmasında heç bir köməklik göstərməmiş və Ümidə havadarlıq etməmişdir. İş materiallarında olan DİN Baş Mühafizə İdarəsi Sumqayıt şəhər mühafizə idarəsinin 12.08.2020-ci il tarixli 257/436 saylı məktubunda göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 işə qəbulla bağlı müraciət etməmişdir. İş materiallarında olan Sumqayıt Regional Asan Xidmət mərkəzinin 07.08.2020-ci il tarixli **********43 saylı məktubunda göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 20.05.2020-ci il tarixdə “yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayış” və “məhkumluq barədə arayışın” alınması xidmətinə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs1 və təqsirləndirilən Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 üzləşmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı ona 1700 manat pulun verməsini bildirmiş, sonuncu da Zərərçəkmiş şəxs1 həmin pulu aldığını etiraf etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 və təqsirləndirilən Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 üzləşmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı ona 6000 manat pulun verməsini bildirmiş, sonuncuda Zərərçəkmiş şəxs2 həmin pulu aldığını etiraf etmişdir. Sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 29, 311, 32.4, 312-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs1 vurulmuş maddi zərəri tam ödəməsini və digər Zərərçəkmiş şəxs2 vurulmuş maddi zərərin qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13, 59.1.14 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir. ( maddə 8.0.3). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-nin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 30.09.2020-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin 4-cü PB-nin əməkdaşları tərəfindən tutulmuş və 01.10.2020-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin İŞ-nin müstəntiqi tərəfindən barəsində poisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Sumqayıt şəhər polis idarəsinin MSY-dən azad edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 16.02.2021-ci il tarixli qərarından görünürki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından 16.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuş məktubundan görünür ki, Təqsirləndirilən şəxs 13.03.2021-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən tutularaq 15.03.2021-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına aparılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə nəzərə alınmalı və ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 13 mart 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli (iş № 1(060)- 523/2020) qərarını icra edərək, 12 noyabr 2020-ci il tarixli 405 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 5 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı həbs olunduğu 13 mart 2021-ci il tarixdən hesablansın. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar