Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-89/2024 14.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1997-ci ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki rayonu, Şəki şəhəri, X6 küçəsi, ev 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, BTZ bağları, fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1996-cı ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ucra rayonu, Xələc Ə/D, Xələc kəndində qeydiyyatda olmaqla, ünvan 4də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə, Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində, yolun kənarında dayanmış Zərərçəkmiş şəxs2 məxsus “Kamaz” markalı, **- HN-*** dövlət qeydiyyat nişanlı və “Kamaz” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobillərin olduğu yerə gedib, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən ilk öncə o, “Kamaz” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanacaq çənindən 100 litr dizel yanacağını, sonra isə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 digər “Kamaz” markalı, **- HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanacaq çənindən 200 litr dizel yanacağını boru vasitəsi ilə çəkməklə gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 240 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində, yolun kənarında dayanmış X3 məxsus “Kamaz” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu yerə gedib, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən “Kamaz” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində quraşdırılmış 2 ədəd gərginliyi 12V (volt), işə salma cərəyanı 1100A, cərəyan şiddətinin vahidi 190A (amper), kalsiumlu, 2022-ci il istehsalı, 2 ədəd “ARRİVATO” markalı akkumulyatoru hərəsi birini götürməklə gizli yolla talayıb zərərçəkmiş şəxs Vüsal Məmmədova ümumilikdə 400 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişlər. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, tanışı Təqsirləndirilən şəxs2lə birlikdə, Sumqayıt şəhəri Ceyranbatan bağları ərazisində gəzərkən, 2 ədəd Kamaz markalı yük avtomobilinin gecə saatlarında, sahibi tərəfindən yaşadığı evin giriş darvazasının qarşısında, avtomobil yolunun kənarında saxlanıldığını görmüş və həmin avtomobillərin yanacaq çənlərindən yanacaq oğurlayıb satmaq qərarına gəlmişlər. xx.xx.2023-cü il tarixdə o, özünə məxsus Kamaz avtomobili ilə yük daşıma ilə məşğul olan, əsil adı Elmin olsa da, hər kəs tərəfindən Aslan adi ilə çağrılan, tanışının yanına gedib, Elmin üçün ucuz qiymətə dizel yanacağı təşkil etmək imkanı olduğunu bildirib, almaq istəyib-istəmədiyini soruşduqda Elmin alacağını bildirmişdir. O, dizel yanacağını aparmaq üçün Elmindən 2 ədəd hər birinin 30 litr tutumu olan qab (kanistr) götürüb getmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə, o Fəqanla birlikdə, Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində, evin giriş darvazasının qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs2 adlı şəxsə məxsus olduğunu sonradan öyrəndiyi **-HN-*** və **-EB-*** dövlət qeydiyyat nişanlı Kamaz markalı avtomobillərin yanacaq çənlərindən boru vasitəsi ilə dizeli çəkib, apardıqları hər iki qaba doldurmuşlar. Öncə **-EB-*** nömrə nişanlı avtomobildən o, sonra **-HN-*** nömrə nişanlı avtomobildən isə Fəqan dizel yanacağı çəkmişdir. Oğurladıqları yanacağı aparıb Elminə ümumilkdə 30 manata satmış və pulu Fəqanla öz aralarında bölmüşlər. Bundan əlavə xx.xx.2023-cü il tarixdə təxminən saat 03:04 radələrində o, tanışı Təqsirləndirilən şəxs2la birlikdə, Bakı-Quba avtomobil yolunun kənarında, Sumqayıt şəhəri ərazisində yerləşən kafelərdən birindən çıxıb yaşadıqları evə gedərkən, Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində, Bakı-Quba yolunun kənarında Kamaz markalı, **- FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanıldığını görüb ətrafa göz gəzdirib heç kim olmadığından əmin olduqdan sonra Fəqanla birlikdə avtomobilin akkumulyatorlarının yerləşdirildiyi qutunun üzərindəki zənciri açıb hər iki “ARRİVATO” markalı akkumulyatoru qutudan çıxartmışlar. Akkumulyatorun bir ədədini o, digərini isə Fəqan götürmüş və onlar oradan uzaqlaşmışlar. Oğurladıqları akkumulyatorları da, daha öncə oğurladıqları dizel yanacağını satdıqları, yaxınlıqda yaşayan, Kamaz sürücüsü Elminin evinə aparıb həmin akkumulyatoru satmağı təklif etmişlər. Elmin həmin akkumulyatorın hər birini ayrı-ayrılıqda 50 manata almağa razılaşmış və akkumulyatorun 1 ədədinin pulunu-50 manatı həmin vaxt onlara ödəmiş, digərinin pulunu-50 manatı isə səhəri gün ödəyəcəyini bildirmişdir. Ancaq səhəri gün o, Fəqanla birlikdə Elminin evinə gedib digər akkumulyatorun pulunu verməsini istədikdə Elmin, pulu bir neçə gündən sonra verə biləcəyini demişdir. Ona görə də akkumulyatoru Elmindən götürüb yaxınlıqda yaşayan və metal qəbulu ilə məşğul olan Yaqub adlı şəxsə 40 manata satıb ümumilkidə əldə etdikləri 90 manat pulu Fəqanla öz aralarında bölmüşlər. Elminə satdıqları şeyləri oğurluq yolu ilə əldə etdiklərini deməmiş, Yaqub adlı şəxsə satdıqları akkumulyatorun onların özlərinə məxsus olduğunu bildirmişdır. İlkin ifadəsində yanacağın miqdarının az olduğunu bildirsə də sonuncu məhkəmə iclasında ittihamda qeyd olunan miqdarda oğurladıqlarını etiraf etmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişlər. Əməlindən peşmandır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə o, tanışı Təqsirləndirilən şəxs1lə birlikdə Sumqayıt şəhəri Ceyranbatan bağları ərazisində evin giriş darvazasının qarşısında yolunun kənarında dayanan 2 ədəd Kamaz markalı yük avtomobillərin yanacaq çənlərindən dizeli çəkib oğurlamışlar. Sonra həmin yanacağı aparıb Elminə ümumilkdə 30 manata satmışlar və pulu Fəqanla öz aralarında bölmüşlər. Həmin avtomobillərdən yanacaq oğurlamaq qərarına daha əvvəl gəldiklərinə görə Elminə ucuz yanacaq almağı təklif etmişlər, sonuncu təkliflə razılaşdığı üçün ondan götürdükləri 2 ədəd hər biri təxminən 30 litir tutumu olan qaba (kanistr) boru vasitəsi ilə oğurladıqları dizeli doldurmuşlar. Bundan əlavə xx.xx.2023-cü il tarixdə təxminən saat 03:04 radələrində o, tanışı Təqsirləndirilən şəxs1lə birlikdə Bakı-Quba avtomobil yolunun kənarında, Sumqayıt şəhəri ərazisində yerləşən kafelərdən birindən çıxıb yaşadıqları evə gedərkən Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində, Bakı-Quba yolunun kənarında Kamaz markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanıldığını görüb həmin avtomobilin üzərindəki 2 ədəd akkumulyatoru oğurlamışlar. Akkumulyatorun bir ədədini o, digərini isə Şəhriyar götürmüş və onlar oradan uzaqlaşmışlar. Oğurladıqları akkumulyatorları da, daha öncə oğurladıqları dizel yanacağını satdıqları, yaxınlıqda yaşayan, kamaz sürücüsü, əsil adı Elmin olan, ancaq hamı tərəfindən “Aslan” adı ilə çağrılan, tanışlarının evinə aparıb həmin akkumulyatoru sözügedən şəxsə satmağı təklif etmişlər. Elmin həmin akkumulyatorun hər birini ayrı-ayrılıqda 50 manata almağa razılaşmış və akkumulyatorun 1 ədədinin pulunu-50 manatı həmin vaxt onlara ödəmiş, digərinin pulunu-50 manatı isə səhəri gün ödəyəcəyini bildirmiş, ancaq səhəri gün o, Şəhriyarla birlikdə Elminin (Aslanın) evinə gedib digər akkumulyatorun da pulunu verməsini istədikdə Elmin, pulu bir neçə gündən sonra verə biləcəyini demişdir. Onlar razılaşmadığına görə akkumulyatoru ondan götürüb yaxınlıqda yaşayan və metal qəbulu ilə məşğul olan Yaqub adlı şəxsə 40 manata satıb ümumilikidə əldə etdikləri 90 manat pulu Şəhriyarla öz aralarında bölmüşlər. Elminə satdıqları şeyləri oğurluq yolu ilə əldə etdiklərini bilməmiş, Yaquba satdıqları akkumulyatorun özlərinə məxsus olduğunu bildirmişlər. İlkin ifadəsində dizelin miqdarının az olduğunu bildirsə də sonuncu məhkəmə iclasında ittihamda qeyd olunan miqdarda oğurladıqlarını etiraf etmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişlər. Əməlindən peşmandır. İlk məhkumluğudur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, özünə məxsus yük avtomobilləri ilə yük daşıma fəaliyyəti göstərir, xx.xx.2023-cü il tarixdə işini yekunlaşdırdıqdan sonra özünə məxsus **-HN-*** dövlət qeydiyyat nişanlı, kamaz markalı və **-EB-*** dövlət qeydiyyat nişanlı, kamaz markalı yük avtomobillərini yaşadığı evin yaxınlığında saxlayıb evinə getmiş, səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə, saat təxminən 11 radələrində sözügedən avtomobilləri işə salmaq istədikdə avtomobillər işə düşmədiyi üçün avtomobillərin yanacaq çənlərini yoxlamış və hər iki avtomobilin yanacaq çənində yanacaq olmadığını, yanacaq çənlərinin qapağının açıq olduğunu, ətrafa da az miqdarda yanacaq töküldüyünü aşkar etmişdir. Ona görə də xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə naməlum şəxs və ya şəxslərin ona məxsus sözügedən kamaz markalı avtomobillərin yanacaq çənindəki dizel yanacağını oğurladığını anlamışdır. Ona məxsus **-HN-*** qeydiyyat nişanlı, kamaz markalı avtomobildən 200 litr, **-EB-*** qeydiyyat nişanlı, kamaz markalı avtomobildən isə 100 litr yanacaq oğurlanmış, ümumilkdə ona 240 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur, aralarında barışıq olmuşdur, ona vurulmuş ziyan ödənilmişdir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən saat 12:00 radələrində özünə məxsus kamaz markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini yaşadığı evin yaxınlığında, küçədə saxlayıb evinə getmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında sözügedən avtomobilinə yaxınlaşıb, avtomobili işə salmaq istədikdə, avtomobilin akkumulyator qutusunun qapağının açıq olduğunu və 2 ədəd ARRİVATO markalı akkumulyatorun yerində olmadığını aşkar etmişdir. Həmin akkumulyatorların hər birini ayrı-ayrılıqda 800 manata alsa da, istifadə edilərək köhnəldiyi üçün oğurlandığı günədək hər birinin ayrı-ayrılıqda dəyəri 250 manatdır, bu səbəbdən də əmlakının oğurlanması nəticəsində ona ümumilkdə 500 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Məhkəmədən ərizənin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, halhazırda yaşadığı evin qarşısında tullantı metal qəbulu və bəzi istifadə edilmiş əşyaların alqı-satqısı ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə, saat təxminən 21 radələrində, tanıdığı Təqsirləndirilən şəxs1, adının Fəqan olduğunu sonradan öyrəndiyi bir nəfər şəxslə, metal qəbulu məntəqəsində ona yaxınlaşaraq Şəhriyarın özünə məxsus 1 ədəd işlək vəziyyətdə olmayan, yük avtomobili akkumulyatorunu satmaq istədiyini bildirib, həmin akkumulyatoru almağı ona təklif etmiş, o, sözügedən akkumulatoru haradan əldə etdiklərini, oğurluq olubolmamasını soruşduqda Şəhriyar həmin akkumulyatoru Fəqanla birlikdə işlədiyi sexdən gətirdiyini və yararsız olduğu üçün satdıqlarını, oğurluq olmadığını bildirmiş, o, Şəhriyarın satdığı akkumulyatoru tərəziyə qoyub çəkisini ölçmüş və Şəhriyara 40 manat ödəyərək həmin akkumulyatoru almışdır. O, sonradan öyrənmişdir ki, Şəhriyar və Fəqanın ona satdığı akkumulyatoru oğurluq yolu ilə əldə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, halhazırda Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən “Qazprom” mağazasında satıcı işləyir. xx.xx.2023-cü il tarixdə, təxminən saat 15 radələrində, adının Elmin olduğunu, ancaq tanışları tərəfindən “Aslan” adı ilə çağrıldığını, sonradan öyrəndiyi tanımadığı bir şəxs, taksi sürücüsü olan Eldəniz adlı tanışı ilə birlikdə onun iş yerinə gedərək, özünə məxsus 1 ədəd kamaz markalı avtomobilin üzərində istifadə etdiyi akkumulyatoru satmaq istədiyini bildirib, həmin akkumulyatoru almasını ona təklif emiş, o, sözügedən akkumulyatoru haradan əldə etdiyini, oğurluq olub-olmamasını soruşduqda Elmin (Aslan) həmin akkumulyatorun özünə məxsus olduğunu, avtomobilinə təzə akkumulyator aldığı üçün köhnəsini satmaq istədiyini bildirmişdir. Həmçinin tanışı Eldəniz də, ona narahat olmamasını demişdir. Bu münvalla o, Elminə 50 manat ödəyərək akkumulyatoru almışdır. O, izahat vermək üçün polis bölməsinə dəvət edildikdən sonra Elminin ona satdığı akkumulyatoru oğurluq yolu ilə əldə edildiyini öyrənmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmış akkumulyator X4 və Şahid2 götürülmüşdür. İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 ona məxsus kamaz markalı **-FK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən oğurlanmış iki ədəd “Arrivate” markalı akkumulyatoruları Sumqayıt şəhər Pİ-nin 5-ci PB-dən təhvil almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 185.2.1, 185.2.2, 234.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-194/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)- 112/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-194/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 3-16-16/2- 9/5231/2023 saylı, xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, 300 litr dizel yanacağının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə 240,00 manat, 2 ədəd gərginliyi 12V (volt), işə salma cərəyanı 1100A, cərəyan şiddətinin vahidi 190A (amper), kalsiumlu, 2022-ci il istehsalı “ARRİVATO” markalı akkumulyatorun orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə 400,00 manat müəyyən edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmiş, cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 5-ci PB-nin xx.xx.2023-cü il tarixli məktubundan və axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, BPİ-nin MPİ-nin əməkdaşları tərəfindən 20 Yanvar metrostansiyası ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş,həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmış, ifadənin yerində yoxlanması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 bir daha ilkin ifadəsində göstərdiyi xüsusatları hadisə yerində göstərərək təsdiq etmişdir. Fotoşəkillər iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi Yeni yaşayış massvinin 9-cu məhəlləsi üzrə 1 saylı məhəllə komitəsi tərəfindən verilmiş 227 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər, X8, 9-cu məhəllə, ev 136 ünvanında qeydiyyatsız yaşayır, yaşayış yeri üzrəə müsbət xarakterizə olunur. İş materiallarında olan Təqsirləndirilən şəxs1 tərəfindən istintaqa təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, barəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanı tamamilə ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 23:17 radələrində Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində saxlanılaraq polis bölməsinə gətirilmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılmış, ifadənin yerində yoxlanması istintaq hərəkəti zamanı o, bir daha ilkin ifadəsində göstərdiyi xüsusatları hadisə yerində göstərərək təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməllərində Cinayət Məcəlləsinin 180-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs2 əməllərində Cinayət Məcəlləsinin 180-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında oğurladıqları akkumulyatorların 1 ədədini və 300 litr dizel yanacağını satdıqları şəxs- Elmin (Aslan) adlı şəxs və oğurladıqları akkumulyatorlardan digərini satdığı şəxs-Şahid1 həmin əmlakın oğurluq yolu ilə əldə edilməsini bilməsi istintaq zamanı sübuta yetmədiyindən Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinin tələblərinə əsasən iş üzrə Cinayət Məcəlləsinin 194-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, ibtidai istintaq zamanı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrı şəxslərə məxsus əmlakı küçədən, yəni saxlanc yeri hesab edilməyən ərazidən gizli yolla taladığı üçün onların əməli yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilmə kimi qiymətləndirilmədiyindən, bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin tərkib əlamətləri olmadığından onların barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-906/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 haqqında axtarış elan edilməklə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-906/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onların özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və onlar, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən, təqsirləndirilən şəxslərin törədilmiş əməldə hər birinin rolu, əməlin ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsi və ona dəymiş ziyanı ödəməsi onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsi və ona dəymiş ziyanı ödəməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 əvvəlki hökm üzrə təyin edilmiş qəti cəzadan ibtidai araşdırma zamanı tutulduğu iki gün çıxılmışdır. Məhkəmə hesab edir ki, CM-in 66.5-ci maddəsinə əsasən əvvəlki hökm üzrə təyin edilmiş cəza hazırki cəza ilə toplandıqdan sonra çəkilmiş cəza çıxıldığı üçün əvvəlki iş üzrə saxlanıldığı iki gün müddət hazırda məhkəmənin təyin ediyi vahid cəzadan çıxılmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilməli və onun Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə həbsdə olması nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, onlara təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs2 müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxslərin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 01 (bir) ay 26 (iyirmi altı) gün müddət həbsdə saxlanılmanın bir gününün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla onlara təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-906/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli, 1432/2023 saylı orderə əsasən vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs1 vəkili, xx.xx.2023cü il tarixli 1435/2023 saylı orderə əsasən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs2 vəkili təyin etmişdir. Müdafiəçilər məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün Müdafiəçi1 16 saat, Müdafiəçi2 16 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 192 (bir yüz doxsan iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən əsasən bu hökmlə təyin edilmiş cəza Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 (iki) ay 20 (iyirmi) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 10 (on) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə həbsdə olması nəzərə alınsın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 01 (bir) ay 26 (iyirmi altı) gün müddət həbsdə saxlanıldığı bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 4 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 16 (on altı) saat hüquqi yardıma görə 96 (doxsan altı) manat, Təqsirləndirilən şəxs2 Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 16 (on altı) saat hüquqi yardıma görə 96 (doxsan altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-89/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-89/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver