Məhkəmə qərarları › İş №1(060)-891/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-891/2023

22.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-891/2023 22.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Qubadlı rayonu. Muğanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvələr məhkum olunmamış, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Qubadlı rayonu, Mahruzlu ərazi dairəsi, Muğanlı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Şəfa sanatoriyasında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs əvvəllər Fövqəladə Hallar Nazirliyində işlədiyini və orada işləyən tanışlarının vasitəsi ilə Nazirlikdə müxtəlif vəzifələrə müəyyən şəxsləri işə götüzdürə biləcəyi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verərək onların vasitəsi ilə onu Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə İdarəsinə işə düzəlməkdə köməklik göstərəcəyinə dair yalan vəd verin aldadaraq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs 2022-ci ilin may ayından 2022-ci ilin oktyabr ayına kimi olan müddətdə hissə-hissə olmaqla, yəni 2022-ci ilin may ayının əvvəllərində sonuncunun yaşadığıS umqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən fərdi yaşayış evin yanında 500 manat, 2022-ci ilin may ayının sonlarında Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsində yerləşən fərdi yaşayış evin yaxınlığında yerləşən mağazaların birində Zərərçəkmiş şəxs tərəfindən “Million” ödəmə terminalı vasitəsi ilə bank kartına hərəsi 100 manat olmaqla iki dəfəyə köçürülmüş 200 manat, 2022-ci ilin iyun ayının əvvəllərində Sumqayıt şəhərində yerləşən “Karvan” ticarət mərkəzinin yanında görüşdüyü zaman 1800 manat, 2022-ci ilin iyun ayının sonlarında “Karvan” ticarət mərkəzinin yanında görüşdüyü zaman 1100 manat, 2022-ci ilin iyul ayının əvvəllərində Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən çayxanada görüşdüyü zaman 1000 manat, 2022-ci ilin oktyabr ayının əvvəllərində Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən fərdi yaşayış evin yaxınlığında yerləşən mağazaların birində Zərərçəkmiş şəxs tərəfindən “Million” ödəmə terminalı vasitəsi ilə bank kartına köçürülmüş 1000 manat və 2022-ci ilin oktyabr ayının sonlarında Sumqayıt şəhəri, 10-cu məhəllə ərazisində yerləşən “Prenatal Mərkəz”in yanında 200 manat, cəmi 5800 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində qeyd etdi ki, Zərərçəkmiş şəxs Alim oğlunu tanışı Şahid vasitəsilə tanımışdır. Təxminən 2022-ci ilin mart ayının sonlarında işlədiyi Fövqəladə Hallar Nazirliyindən ailə vəziyyəti ilə əlaqədar olaraq işdən çıxmışdır. Həmin ərəfələrdə Mürtəza ilə görüşüb söhbət edən zaman sonuncuya işdən çıxdığını, lakin əlaqələrinin yaxşı olduğunu, tanışlarından işə düzəlmək istəyən olsa köməklik edə biləcəyini demişdir. Əvvəllər FHN-də işlədiyi üçün işə düzəlmək üçün hansı sənədlərin lazım olduğunu bilmişdir. Təxminən 2022-ci ilin may ayında Mürtəza ilə sonuncunun işlədiyi kafedə görüşmüşlər və söhbət zamanı Mürtəza Amil adlı tanışının FHN-də işə düzəlmək istədiyini, buna görə də ondan köməklik etməsini istəmişdir. O da Mürtəzaya köməklik edə biləcəyini və onu tanışı Amil ilə tanış etməsini demişdir. Bundan sonra Mürtəza tanışı Amili çağırmış və birlikdə Sumqayıt şəhəri, “Karvan’’ ticarət mərkəzində yerləşən kafedə görüşmüşlər. Söhbət zamanı o, Amilə sonuncunu FHN-də işə düzəldə biləcəyini bildirmiş və ilkin sənədləri hazırlamasını, işə düzəltməkdə köməklik göstərməsi üçün 2000 manat pul verməsini istəmiş, Amil də onunla razılaşmışdır. Bu söhbətdən təxminən 10 gün sonra o, Amil ilə əlaqə saxlayıb yaşadığı Abşeron rayonu, Ceyranbatan qəsəbəsindəki evinə getmiş və evin yaxınlığında görüşən zaman Amildən 500 manat pul almışdır. Sonradan eyni məqsədlə Amil ilə müxtəlif vaxtlarda Sumqayıt şəhəri ərazisində görüşüb sonuncudan ümumilikdə 4800 manat pul almış və tezliklə FHN-də işə düzələcəyini bildirmişdir. Həmin ərəfələrdə övladı xəstə olduğuna görə Amildən aldığı pulları müalicə üçün xərcləmiş və bu barədə Amilə deməmişdir ki, Amildən aldığı pulları sonradan qaytarar. Amilə isə tezliklə işin həll olacağını demişdir. Sonradan isə Amilin pulunu qaytara bilməmişdir. Amilin FHN-nə işə düzəlməsi üçün heç kimə pul verməmiş və bu istiqamətində heç bir iş görməmişdir. Hazırda Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanı tam şəkildə ödədiyini, zərərçəkmiş şəxslə barışdıqlarını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmadığını, eyni zamanda cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2022-ci il tarixdə dostu Şahid vasitəçiliyi ilə tanışlığı yaranmışdır. 2022-ci ilin may ayında Mürtəza ilə söhbət edən zaman Fövqəladə Hallar Nazirliyinə işə düzəlmək istədiyini bildirmişdir. Mürtəza isə ona Əli adlı tanışının olmasını, FHN-də çalışmasını, sonuncunun onu işə düzəldə biləcəyini demişdir. O, Mürtəza ilə birlikdə Əli ilə Sumqayıt şəhəri, “Karvan” ticarət mərkəzində yerləşən kafedə görüşmüşlər. Söhbət zamanı Əli ona FHN-ə işə düzəlməkdə köməklik göstərə biləcəyini və buna görə sonuncuya 2000 (iki min) manat pul verməli olduğunu demişdir. O, Əlidən həmin məbləğdə pulu nə üçün istədiyini soruşanda, sonuncu ona həmin pulun işə düzəlməsi üçün müvafiq sənədlərin toplanmasına və dövlət rüsumlarına xərclənəcəyini bildirdikdə, Əli ilə razılaşmışdır. Əli həmin vaxt işə düzəldikdən sonra 1500 manat da ona “şirinlik” verəcəyini bildirmişdir. Əlini onunla tanışı Mürtəza tanış etdiyindən və Əli özünü ona FHN-in əməkdaşı kimi təqdim etdiyinə görə sonuncuya inanıb razılıq vermişdir. Təxminən 10 gün sonra Əli onun yaşadığı Ceyranbatan qəsəbəsinə gələrək ondan sənədləri düzəltmək üçün pul istəmişdir. O, həmin vaxt Əliyə 500 manat pul vermişdir. Bir neçə gün sonra sonuncu ona FHN-nin hospitalında qeydiyyatdan keçməyi təklif etmiş və bu səbəbdən ondan əlavə olaraq 200 manat istəmişdir. O da həmin pulu yaşadığı ərazidə yerləşən dükanda “Millön” ödəmə terminalı vasitəsilə Əlinin hazırda xatırlamadığı kart hesabına köçürtmüşdür. Təxminən 10 gün sonra Əli ondan yenə də 2000 manat pul istəyərək sənədlərin düzəlməsi üçün lazım olduğunu bildirmişdir. Əli ilə razılaşıb sonuncuya 1800 manat pulunun olduğunu demiş və Əli ilə “Karvan” ticarət mərkəzində görüşüb Əliyə 1800 manat pulu vermişdir. Əli əvvəllər onu yanğınsöndürmə idarəsinə işə düzəldəcəyini desə də həmin vaxt ona FHN-ə xüsusi riskli xilasetmə idarəsinə düzəldə biləcəyini demişdir. Bunun üçün ondan əlavə olaraq 1100 manat da pul istəmiş, 3 ay ərzində həmin idarəyə düzələ biləcəyini demiş və ona düşünmək üçün zaman vermişdir. O, təxminən 10 gün sonra Əli ilə yenidən “Karvan” ticarət mərkəzində yerləşən kafedə görüşüb sonuncuya 1100 manat pul vermiş və onu xüsusi riskli xilasetmə xidmətinə işə düzəltməsini bildirmişdir. 2022-ci ilin iyul ayında Əli yenə də onunla əlaqə saxlayıb ondan 1000 manat öz “şirinliyini” istəmiş və işinin demək olar ki, düzəldiyini bildirmişdir. O da Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində çayxanada Əli ilə görüşüb 1000 manat pulu vermişdir. Əli həmin vaxt ona Türkiyə Respublikasına gedəcəyini, işinin isə düzələcəyini demişdir. 2022-ci ilin oktyabr ayında Əli işinin tam olaraq düzəlməsi üçün yenə də əlavə olaraq 1000 manat pul istəmişdir. O isə işi düzəlmədiyinə görə pulu gecikdirmişdir. Sonralar isə Əli onunla bir neçə dəfə əlaqə saxlayıb pulu istəmiş, o da yaşadığı ərazidə dükanda '‘Million” terminalı vasitəsilə Əlinin kart hesabına 1000 manat pulu köçürtmüşdür. Sonuncu dəfə isə Əli ondan həkim komissiyasından keçməsi üçün 200 manat pul istəmiş və onlar Sumqayıt şəhəri, 10-cu məhəllə ərazisində yerləşən prenatal mərkəzin qarşısında görüşmüşlər və Əliyə 200 manat pulu orada vermişdir. Bununla da 2022-ci ilin may ayından 2022-ci ilin oktyabr ayına kimi olan müddət ərzində Əliyə ümumilikdə 5800 manat pul vermişdir. İşinin gecikdiyini görüb teztez Əli ilə əlaqə saxlamağa və pulunu tələb etməyə başlamış, lakin Əli hər dəfə müxtəlif bəhanələr gətirib tezliklə işinin düzələcəyini demişdir. Əlidən şübhələnib sonuncunun onu aldatdığını başa düşmüş və Əli ilə əlaqə saxlayıb pulunu qaytarmasını tələb etmiş və şikayət edəcəyini bildirmişdir. Lakin Əli buna baxmayaraq yenə də nə işini düzəltmiş, nə də pulunu qaytarmışdır. Sonralar Əli ilə əlaqə saxlayanda yenə də onu aldadaraq pulunu qaytaracağını demişdir. 25 fevral 2023-cü il tarixdə Əli ilə görüşüb sonuncudan pulunu tələb etmiş və aldığı pulları kağıza yazıb imzalayaraq verməsini bildirmişdir. Əli də kağıza onu işə düzəldəcəyi adı ilə ondan 5800 manat pul alması barədə qeydlər edib imzalayaraq ona vermişdir. Əliyə 1800 və 1100 manat pulu verən zaman tanışı Mürtəza da onların yanında olmuşdur. Digər pulları verən zaman isə yanlarında başqa heç kim olmamışdır. Məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, onlarla ədavət və ya düşmənçiliyi olmamışdır. X3 Nazirliyində işlədiyi vaxtlarda o, taksi kimi sonuncunu aparıb-gətirmişdir. Təxminən 2022-ci ilin mart aynda Əli ilə yaşadığı məhəllədə görüşdüyü zaman sonuncu FHN-də işdən çıxdığını, lakin əlaqələri olduğunu, işə düzəlmək istəyən olsa deməsini bildirmişdir. Həmin vaxt yadına düşmüşdür ki, dostu Amil əvvəllər FHN-nə işə düzəlmək istəsə də alınmamışdır. Bu barədə Amilin özü ilə danışmış və sonuncu Əli ilə görüşmək istədiyini bildirmişdir. 2022-ci ilin may ayında Əli, Amil və o Sumqayıt şəhəri ərazisində görüşmüşlər. Söhbət zamanı Əli bir daha Amilin özünə sonuncunu FHN-nə işə düzəlməkdə köməklik göstərə biləcəyini bildiyini demiş və Amil ilə öz aralarında razılaşmışlar ki, Amil əvvəlcə Əliyə 2000 manat versin və Əli sənədlərini düzəltsin. Sonradan Amil ona demişdir ki, 500 manat pulu yaşadığı Ceyranbatan qəsəbəsi ərazisində Əliyə vermişdir. Bundan üç gün sonra isə onun işlədiyi Karvan Ticarət mərkəzinin yaxınlığında yerləşən çayxanada Amil onun yanında Əliyə 1800 (min səkkiz yüz) manat da pul vermiş, Əli tez bir zamanda məsələnin həll olunacağını bildirmişdir. Əli həmin pulu götürdükdən sonra 1100 manat da Amildən özü üçün zəhmət haqqı kimi istəmişdir. Təxminən bir həftə sonra Amil 1100 manat pulu da onun işlədiyi çayxanada onun yanında Əliyə vermişdir. Növbəti dəfə 2 ay sonra Əli yenə də sənədləşmə üçün 100 manat pul lazım olduğunu demiş və iki dəfə Amil ona 100 manat olmaqla pul vermişdir. Əli Amili hospitalda qeydiyyatdan keçirdiyini bildirmişdir. Bundan sonrakı dəfə onlar üçü Karvan ticarət mərkəzinin yaxınlığında çayxanada görüşmüşlər və Əli "mən Türkiyəyə gerirəm, sən üç gün ərzində işə çıxırsan” demiş və Amil 1000 manat pulu da sonuncuya vermişdir. Bundan sonra Əli FHN-də xoşagəlməz hadisə ilə bağlı işin bir qədər gecikdiyini bildirmişdir. Əli sənədlərin hazır olduğunu, Amili xüsusi riskli xilasetmə xidmətinə düzəldəcəyini və maaşının da yüksək olduğunu demiş və əlavə 1000 manat da lazım olduğunu bildirmişdir. Buna göra də Amil Əlinin kart hesabına 1000 manat da göndərmişdir. Bundan bir müdət sonra Əli Amildən 200 manat da pul almışdır. X2 5800 (beş min səkkiz yüz) manat pul almışdır. Sonradan Əli verdiyi vədə əməl etməmiş və hər dəfə müxtəlif bəhanələrlə işin gecikdiyini bildirirmişdir. Amil Əliyə vaxt versə də Əli nə Amilin pulunu geri qaytarmış, nə də vəd verdiyi işə düzəltməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə Zərərçəkmiş şəxs dəymiş ziyandan 2800 manat pulu Sumqayıt ŞPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Xanlar Həsənliyə təhvil vermiş, Zərərçəkmiş şəxs həmin pulu müstəntiqdən təhvil almışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü Məhərrəmli Damla adlı qız övladı vardır. İş materiallarında olan Qubadlı rayon İcra Hakimiyyəti başçısının Mahruzlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan "xxxx" ASC-yə məxsus 6050 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 1450 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Məcəllənin 73-1.2-ci maddəsinə görə, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizəni, təqsirləndirilən şəxsin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-891/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 1747 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar