Məhkəmə qərarları › İş №1(060)-9/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-9/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-9/2023 06.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, 20 Yanvar ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,265 qram qəhvəyi rəngli, spesifik iyə malik, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə, saat 14:15-də Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsi ərazisində yerləşən Corat abidəsinin yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin TŞ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd şəffaf rəngli sellofan bükümünün içərisində olan 1, 265 qram qəhvəyi rəngli, spesifik iyə malik, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl sübuta yetirilmədiyindən, Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o Naxçıvandan gələrək rəfiqəsi X5 ilə birlikdə Sumqayıta gəlmiş, qalacaq yeri olmadığı üçün Aygünün dostu Əlimərdanlı Əlimərdan İlham oğlunun evində qalmışdır. Əlimərdanın evi 2 otaqlı ev olmuşdur. Onu polislər xx.xx.2021-ci il tarixdə dostları ilə birlikdə Əlimərdanın evindən götürmüşlər, onları 1 gün polisdə saxladıqdan sonra sabahısı gün Corata aparmışlar. Sonra isə yenidən polisə qaytarmışlar. Onu polisə apardıqdan sonra narkotik vasitənin 1 qramını ona çəkilişdən əvvəl vermiş, boynuna almasa onu həbs edəcklərini bildirmişlər. Həmin vaxt üzərində mobil telefon da olmuşdur. Əlimərdanın evinə Aygünlə birlikdə getmişlər. Evin otaqlarının qapıları açıq vəziyyətdə olmuşdur. Narkotik vasitələr onların özlərində olmuş, həmin narkotik vasitələri özləri istifadə etmişlər. Narkotik vasitəni üçü birlikdə gedərək almışlar. Həmin narkotik vasitədən yalnız bir dəfə istifadə etmişlər, onu növbə ilə çəkmişlər. Narkotik vasitəni istifadə edib qurtardıqdan sonra Əlimərdan mağazaya getmiş, qayıdarkən isə polislə qayıtmışdır. Əlimərdanı polis əməkdaşları çöldə tutmuşlar. O ilk dəfə həmin vaxt polis idarəsində olmuşdur. Polislər ona demişlər ki, bir qram narkotik vasitəni götürməsə onu həbsə göndərəcəklər. Onun vəkili həmin vaxt ondan şikayətinin olub-olmadığını soruşmuş, lakin polislərin yanında olduğundan qorxduğu üçün heç bir şikayətinin olmadığını demişdir. Onları bir gün polis idarəsində saxlamışlar, sabahisi gün onları Corata aparmışlar, bir az saxlayaraq, sonra gətirib çəkiliş etmişlər. Onları polisə aparan zaman telefonları açıq vəziyyətdə polislərin əlində olmuşdur. Onları xx.xx.2021-ci il tarixdə polis idarəsinə aparmışlar, lakin çəkiliş bir gündən sonra olmuşdur. Barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid2 göstərdi ki, Sumqayıt ŞPİ-nin CAŞ-ın rəis müavini vəzifəsində işləyir, polis mayorudur. xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanda yaşayan Əlimərdanlı Əlimərdan İlham oğlunun narkotik vasitələrin daşınması, saxlanması və istifadə olunması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunmuş, daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunduqdan sonra müvafiq əmrlə ondan, CAŞ-ın əməliyyat müvəkkili, polis kapitanı Bəhruz Məmiyevdən, CAŞ-ın kiçik inspektorları, polis baş serjantı Ramil İbrahimovdan, polis baş serjantı Şahid1, CAŞ-ın sabiq kiçik inspektoru, polis kiçik serjantı Hafiz Məmiyevdən, KTB-nin inspektor-kriminalisti, polis mayoru Rasim Paşayevdən ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında xx.xx.2021-ci il tarixdə, saat 14:15-də anket məlumatları bəlli olan Əlimərdanlı Əlimərdan İlham oğlu Sumqayıt şəhəri Corat qəsəbəsində ərazisində tanışları Aygül və Vüsalə adlı şəxslərlə birlikdə olan zaman onu saxlamış, ona özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirib onları Sumqayıt şəhər Polis İdarəsinə dəvət etmiş, onlar da heç bir müqavimət göstərmədən Sumqayıt şəhər Polis İdarəsinə gəlmişlər. Pİ-də onlara hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təqdim olunmuş və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və Təqsirləndirilən şəxs da buna etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Fərid Əlimərdanovun iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim olunmuşdur. X11 tərəfindən aparılırmışdır. X10 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs özü əynindəki göy rəngli cins şalvarının arxa sağ yan cibində saxlamış olduğu 1 ədəd şəffaf rəngli sellofan bükümü çıxardaraq təqdim etmişdir. Səadət Qənbərov tərəfindən Təqsirləndirilən şəxs bükümün içərisindəki nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda, aşkar olunan maddənin narkotik vasitə “kokos" olduğunu, həmin maddəni Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında, tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını söyləmişdir. Həmin şəffaf rəngli sellofan büküm təhqiqatçı tərəfindən açılarkən içərisindən qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş tünd-qəhvəyi rəngli, spesifik iyə malik maddə elektron tərəzidə qoyularaq çəkilmiş və çəkisinin 1,3 qram olması müəyyən olunmuşdur. Daha sonra Sumqayıt ŞPİ-nın İTŞ-nin əməkdaşı, polis baş leytenantı Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən 01 ədəd gümüşü rəngli boyunbağı və 01 ədəd rezin qolbağ aşkar olunmuşdur və qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd gümüşü rəngli boyunbağı və 01 ədəd rezin qolbağ əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİNnin 124 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, o da digər iştirakçılar kimi həmin protokolu öz imzası ilə imzalamışdır. Eləcə də, o, ifadəsində saxlanılarkən Təqsirləndirilən şəxs qarşı təzyiq göstərilmədiyini, könüllü olaraq törətdiyi cinayət əməlini etiraf etdiyini, Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda həmin maddəni Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında, tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı onlarda əməliyyat məlumatı olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis serjantı Şahid1 və Sumqayıt ŞPİ-nin İTŞ-nin inspektoru, polis baş leytenantı Şahid3 da Şahid2 ilə eyniməzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdilər. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 14:15-də Sumqayıt şəhəri, Corat qəsəbəsində tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə, saat 14:15-də saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə saat 15:25-də Pİ-də, xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X6 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarının arxa sağ yan cibində saxlamış olduğu 1 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Həmin büküm açılmış, içərisinə baxarkən bükümdə spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan maddə narkotik vasitə olan kakosdur, aşkar olunmuş həmin maddəni xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, 20 Yanvar ərazisində tanımadığı şəxsdən 20 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin şəffaf rəngli sellofan ilə birlikdə 1,3 qram olduğu müəyyən olunmuş və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3185 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N 124" dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs” yazısı və imzalar qeyd edilmiş zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi 1,265 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis kapitanı Bəhruz Məmiyev tərəfindən Sumqayıt ŞPİ-nin rəisi, polis polkovniki Fəqan Azadəliyevə ünvanlanmış xx.xx.2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs, X5 və Əlimərdanlı Əlimərdan İlham oğlu Sumqayıt şəhəri, Sahil küçəsi ərazisində yerləşən Corat qəsəbəsi abidəsinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında xx.xx.2019-cu il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü 1 azyaşlı uşağı vardır və X9 onun atası müəyyən edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Diskə baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə, saat 14:15-də saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə saat 15:25-də Pİ-də, xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X6 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarının arxa sağ yan cibində saxlamış olduğu 1 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Həmin büküm açılmış, içərisinə baxarkən bükümdə spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan maddə narkotik vasitə olan kakosdur, aşkar olunmuş həmin maddəni xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, 20 Yanvar ərazisində tanımadığı şəxsdən 20 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin şəffaf rəngli sellofan ilə birlikdə 1,3 qram olduğu müəyyən olunmuş və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 1,265 qram olmuş, lakin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq 1,215 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 2727 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 78 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 1,265 qram olmuş, lakin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq 1,215 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-nin tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. Azərbaycan Respublikası CPM-nin cinayət-mühakimə icraatının vəzifələri və əsas prinsiplərini tənzimləyən 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.2-cimaddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinin tələbinə görə ittihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafıəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-cimaddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, “Mülki və siyasi hüquqlar haqqında Pakt”ın 14-cü maddəsinin 2-ci bəndində və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə onun təqsirliliyi sübuta yetmədiyinə görə bəraət verilməlidir. Çünki məhkəmənin qənaətinə görə, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilən ittiham əsassızdır, onun həmin cinayəti törətməsi sübut olunmur. Belə ki, istintaq orqanı işin hallarını tam, hərtəfərli və obyektiv şəkildə araşdırmamış, sübutlara obyektiv qiymət verməmişdir. Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə baxılması ilə bağlı olaraq məhkəmədə baxılan, başqa hakimlərin icraatında olan Əlimərdanlı Əlimərdan İlham oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, X2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair işlər də öyrənilmiş, bu iş üçün əhəmiyyət kəsb edən sübutlar alınaraq bu işə də əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan və peykdən çəkilmiş xəritədən müəyyən olunur ki, Sumqayıt ŞPİ-nin hüquqi ünvanı Nizami küçəsi 11-dir. Sumqayıt şəhəri, 6-cı məhəllə ərazisi isə Sumqayıt ŞPİ-nin yerləşdiyi binanın Nizami küçəsi ilə kəsişməsinə düşür. Əlimərdanlı Əlimərdan İlham oğluna qarşı ittiham irəli sürülmüşdür ona görə ki, o, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,057 qram qəhvəyi rəngli, spesifik iyə malik, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə saat 14:15 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsi ərazisində yerləşən Corat abidəsinin yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin TŞ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli idman şalvarın arxa sağ cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümünün içərisində olan 1,057 qram qəhvəyi rəngli, spesifik iyə malik, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-10/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Əlimərdanlı Əlimərdan İlham oğluna Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş və o təqsirsiz elan edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-10/2023 saylı, xx.xx.2023-cü il tarixli xüsusi qərarından görünür ki, Əlimərdanlı Əlimərdan İlham oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təhqiqat aparılarkən Sumqayıt ŞPİ-nin baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən kobud qanun pozuntularına yol verilməsi barədə onun məsuliyyət məsələsinin həll edilməsi, bir daha belə hallara yol verilməməsi üçün tədbirlər görülməsindən ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məlumat verilməsi, görülmüş tədbirlər barədə 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsinə məlumat verilməsi qərara alınmışdır. İş materialları ilə müəyyən olunur ki, Əlimərdanlı Əlimərdan İlham oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirləndirilmiş və həmin cinayət işi Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş, şahidlərin, əlavə şahidin və təqsirləndirilən şəxsin istifadəsində olan telefon nömrələrinin hansı anten dairəsində olması ilə bağlı sorğu edilmiş, "xxxx" MMC və "xxxx" MMC tərəfindən sorğuya verilmiş cavablardan görünür ki, Sumqayıt ŞPİ-nin əməkdaşları X8 istifadəsində olan 055 ***-**-** nömrəli, X4 istifadəsində olan 055 ***-**-** nömrəli, təqsirləndirilən şəxs Əlimərdanlı Əlimərdan İlham oğlunun istifadəsində olan 055 ***-**-** nömrəli və əlavə şahid qismində dindirilmiş X2 istifadəsində olan 070 ***-**-** nömrəli mobil telefonların 28-29 iyul 2021-ci il tarixdə anten dairələrinin müəyyən edilməsi üçün çıxarışlarda xx.xx.2021-ci il tarixdə X8 istifadəsində olan 055 ***- **-** mobil nömrənin və X2 istifadəsində olan 070 ***-**-** mobil nömrənin saat 23 radələrində anten yeri Sumqayıt şəhəri, Corat qəsəbəsi, X8 istifadəsində olan 055 ***-**-** mobil nömrənin xx.xx.2021-ci il tarixdə saat 14 radələrində isə Sumqayıt şəhəri, 6-cı məhəllə ərazisi, xx.xx.2021-ci il tarixdə saat 13:32 radələrində təqsirləndirilən şəxs Əlimərdanlı Əlimərdan İlham oğlunun istifadəsində olan 055 ***-**-** mobil nömrənin anten yeri Sumqayıt şəhəri, Corat qəsəbəsi, saat 13:55 radələrində isə Sumqayıt şəhəri, 6-cı məhəllə ərazisi, X4 istifadəsində olan 055 ***-**-** mobil nömrənin 28-29 iyul 2021-ci il tarixdə saat 22:50 və 14 radələrində anten yeri Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisi göstərilmişdir. X5 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmişdir ona görə ki, o, xx.xx.2021-ci il tarixdə, Bakı şəhəri, 20 Yanvar ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,353 qram qəhvəyi rəngli, spesifik iyə malik, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə, saat 14:15-də Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsi ərazisində yerləşən Corat abidəsinin yaxınlığında keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin TŞ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli parça şalvarın sol yan cibindən bir ədəd şəflaf rəngli sellofan bükümünün içərisində olan 1,353 qram qəhvəyi rəngli, spesifik iyə malik, maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əldə edilmiş sübutlardan görünür ki, Sumqayıt ŞPİ-nin əməkdaşı X8 istifadəsində olan 055 ***-**-** nömrəli və X2 istifadəsində olan 070 ***-**-** nömrəli mobil telefonların 28-29 iyul 2021-ci il tarixdə anten dairələrinin müəyyən edilməsi üçün çıxarışlarda xx.xx.2021-ci il tarixdə X8 istifadəsində olan 055 ***-**-** mobil nömrənin saat 22:59:37 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsi 180, 397 saylı ev, X2 istifadəsində olan 070 ***-**-** mobil nömrənin saat 22:57:53 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsi 180, 397 saylı ev, X8 istifadəsində olan 055 ***-**-** mobil nömrənin saat 23:56:06 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, 397 saylı ev, X2 istifadəsində olan 070 ***-**-** mobil nömrənin saat 23:50:04 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsi 180, 397 saylı ev və xx.xx.2021-ci il tarixdə X8 istifadəsində olan 055 ***-**-** mobil nömrənin saat 00:15:22 radələrində Sumqayıt şəhəri, 6-cı məhəllə, M.Hüseynzadə küçəsi, X2 istifadəsində olan 070 ***-**-** mobil nömrənin saat 00:15:06 radələrində anten yeri Sumqayıt şəhəri, 6-cı məhəllə, M.Hüseynzadə küçəsi ərazisi göstərilmişdir. Həmin üş üzrə şahid X17 Rəşidzadə ilə 28-29 iyul 2021-ci il tarixdə anten məlumatıarında göstərilən ünvanlar üzrə hərəkət marşurutunun üst-üstə düşməsi müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs, X3 və Əlimərdanlı Əlimərdan İlham oğluna verilən ittihamlardan görünür ki, onlar 29 iyul 2021-ci il tarixdə saat 14:15 radələrində, birlikdə Sumqayıt şəhəri, Sahil küçəsi ərazisində yerləşən Corat qəsəbəsi abidəsinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişlər. Əlimərdanlı Əlimərdan İlham oğlunun işi üzrə, həmçinin X2 işi üzrə onların və əməliyyatda iştirak etmiş polis əməkdaşlarının istifadə etdikləri mobil telefonların anten məlumatları, Təqsirləndirilən şəxs işi üzrə Təqsirləndirilən şəxs anten məlumatları götürülmüş və bununla Təqsirləndirilən şəxs, X2 və Əlimərdanlı Əlimərdan İlham oğlunun 29 iyul 2021-ci il tarixdə saat 14:15 radələrində Sumqayıt şəhəri, Sahil küçəsi ərazisində yerləşən Corat qəsəbəsi abidəsinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilməzdən bir gün əvvəl, yəni 28 iyul 2021-ci il tarixdə axşam saat 23- 24 radələrində tutulduqları barədə Təqsirləndirilən şəxs göstərdikləri təsdiq edilmişdir. İstintaq orqanının topladığı sübutlar birmənalı olaraq Təqsirləndirilən şəxs verilən ittiham üzrə onun təqsirli olmasına dair qənaətə gəlməyə kifayət etmir. Bu sübutlar qərəzsiz sübutlar deyildirlər. Şahidlər polis əməkdaşlarıdır, keçirdikləri əməliyyatın nəticəsində maraqlıdırıar, onların ifadələri o vaxt mötəbər sübut kimi qəbul edilə bilər ki, başqa sübutlarla uyğunluq təşkil etsin, təsdiq edilsin. Həmin ifadələrdə göstərilənlərlə bağlı isə işdə kifayət qədər şübhəli hallar, ziddiyyətlər var və bu ziddiyyətlərin aradan qaldırılması mümkün deyildir. İttiham tərəfi Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamı təsdiq edən heç bir mötəbər dəlil və sübutlar təqdim edə bilməmişdir. Cinayət Prosessual Məcəllənin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. İbtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Çünki nə ibtidai istintaq orqanı, nə də məhkəmə istintaqında ittiham tərəfi, bu ittihamın təsdiq edilməsi üçün kifayətedəcək həddə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-in digər tələblərinin pozulması ilə, cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, 20 Yanvar ərazisində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,265 qram qəhvəyi rəngli, spesifik iyə malik, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlaması, xx.xx.2021-ci il tarixdə, saat 14:15-də Sumqayıt ŞPİnin CAŞ-ın əməkdaşlarının Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsi ərazisində yerləşən Corat abidəsinin yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılması sübut edilmir. Təqsirləndirilən şəxs istifadə etdiyi telefonun anten məlumatları ilə də təsdiq edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, 20 Yanvar ərazisində olmamışdır. İstintaq orqanı təqsirləndirilən şəxsin həm təqsirli, həm də təqsirsizliliyi ilə bağlı xüsusatları eyni səviyyədə araşdırmamışdır. Qərəzsiz, tam, hərtərəfli və obyektiv araşdırma aparılması təmin edilməmiş, işdə olan ziddiyyətli hallar aradan qaldırılmamışdır. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-in 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət hadisəsi olmadıqda və əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən, bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmin Məcəllənin 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.4-cü maddəsinə əsasən, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi sübuta yetirilmir və ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ekspertiza tədqiqatları Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə keçirildiyindən və hazırda ona qarşı irəli sürülmüş ittiham üzrə bəraət verildiyindən keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 91.76 (doxsan bir manat yetmiş altı qəpik) manat dövlət büdcəsinə aid edilməli və Dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilmiş Təqsirləndirilən şəxs onun həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. İş üzrə maddi sübut olan ekspertiza təhqiqatına sərf olunmuş hissə çıxıldıqdan sonra qalan 1,215 qram çəkidə heroin cinayəti törətmiş şəxs müəyyən edilmədiyindən Sumqayıt şəhər Polis İdarəsində saxlanılmalıdır. Maddi sübut-Təqsirləndirilən şəxsnun üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 70 (yetmiş) saat sərf etmişdir. Ona görə də, 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 42.1.4, 344-350, 352- 353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsinə görə bəraət verilsin və o təqsirsiz elan edilsin. Bəraət verilmiş Təqsirləndirilən şəxs onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 91.76 (doxsan bir manat yetmiş altı qəpik) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut - ekspertiza təhqiqatına sərf olunmuş hissə çıxıldıqdan sonra qalan 1,215 qram çəkidə heroin həmin narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxslər müəyyən olunanadək Sumqayıt ŞPİ-də saxlanılsın. Maddi sübut-Təqsirləndirilən şəxsnun üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayəti törətmiş şəxsin müəyyən edilməsi və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar Sumqayıt şəhər Prokurorluğuna göndərilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 420 (dörd yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar