Məhkəmə qərarları › İş №1(060)-902/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-902/2023

07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-902/2023 07.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsinin yaxınlığında Zərərçəkmiş şəxs ilə iş yoldaşı Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncu Zərərçəkmiş şəxs sifət və başın üst nahiyəsinə yumruq zərbələri ilə qəsdən bir neçə dəfə nizamsız zərbələr vurmaqla sonuncunun həyat və sağlamlığı üçün təhlükəli olmayan qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sağ gözün bayır bucağının ağlı qişanı əhatə edən yayılmış qansızması xəsarətlərinin yaranması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid və sağ gözaltı nahiyəsinin sıyrığı, alının orta hissəsinin şişkinlik formada əziyi xəsarətlərindən ibarət, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 4 ildir ki, DOST Mərkəzinin nəzdində sosial işçi kimi işləyir. Sumqayıt Şİ-nin H.Zeynalabdin qəsəbəsi üzrə icra nümayəndəliyi onların işinə nəzarət edir. Zərərçəkmiş şəxs da həmin yerdə nəzarətçi işləyir. Ona təhkim olunmuş Bakı-Quba yolunun H.Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində dayanacağın yaxınlığında yaşıllaşdırma işi aparmışdır. Orada avtomobil şinlərini yerə basdırıb boyamaqla, müxtəlif güllər, ağaclar əkməklə səliqə-sahman yaratmışdır. xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində həmin yerə gəldikdə yaşıllaşdırma apardığı həmin ərazinin dağıldığını, şinlərin yerindən çıxarılıb kənara daşındığının şahidi olmuşdur. Həmin vaxt iş yoldaşı Şahid orada olmuş, ondan həmin yeri kimin bu vəziyyətə gətirdiyini soruşduqda o, Ağakərimin həmin şinləri sökdürdüyünü söyləmişdir. Ağakərim də həmin vaxt onlardan bir qədər uzaqda olmuşdur. Ağakərim onlara tərəf yaxınlaşmağa başlamış, o, Ağakərimdən nə səbəbə həmin yeri dağıtdığını soruşduqda o, ona icra nümayəndəsi olan Lalə xanımın göstərişi ilə həmin şinləri sökdürüb daşıtdırdığını demişdir. O da Lalə xanımın belə bir göstəriş verməyəcəyini deyib əsəbləşərək onun yaxasından tutub sifət, baş nahiyəsinə bir neçə sillə zərbəsi vurmuşdur. Bundan sonra onun yaxasını buraxmış, Ağakərim uzaqlaşıb getmişdir. Sonra o, icra nümayəndəliyinə gəlib bu barədə Lalə xanımdan soruşduqa o, şinlərin sökülməsi ilə bağlı göstəriş vermədiyini söyləmişdir. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Əməlindən peşmandır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, DOST MMC tərkibində H.Zeynalabdin İƏDÜ-də sosial işçilər üzərində nəzarətçi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə İcra nümayəndəsinin müavini olan Ramin Əliyev tərəfindən ona Bakı-Quba yolunun H.Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində yolun kənarında olan şinlərin təmizlənməsini tapşırılmışdır. O da xx.xx.2023-cü il tarixdə səhər saatlarında fəhlələri həmin yerə cəlb edərək şinləri sökdürmüş, işçilər işi başa vurduqdan sonra çıxıb getmişlər, yalnız işçilərdən Şahid yanında qalmışdır. Bir neçə dəqiqə sonra sosial işçi olan Təqsirləndirilən şəxs də həmin yerə gəlmişdir. Amid gəldikdən sonra ona nə səbəbə həmin şinləri sökdürdüyünü, onları oraya özünün basdırdığını demişdir. O da icra nümayəndəliyinin göstərişi ilə şinləri sökdürdüyünü demişdir. Amid isə onunla kobud formada danışaraq yaxasından tutub sifət və başının üst nahiyəsinə 5 dəfə yumruq zərbəsi ilə vurmuşdur. Yaşlı olduğundan ona müqavimət də göstərə bilməmişdir. Onu vurduqdan sonra oradan uzaqlaşmış və 102 xidmətinə zəng edərək şikayətini bildirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayətinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Onlarla hər hansı ədavət və düşmənçiliyi yoxdur. Həmin şəxslərlə bir yerdə işləyir. Ağakərim onların qrup rəhbəridir. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Ağakərim o və bir neçə fəhləni götürüb Bakı-Quba yolunun H.Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsinə gətirib orada yerə basdırılmış şinləri çıxardıb daşımaqlarını söyləmişdir. Həmin ərazini də Amid abadlaşdırmış, şinləri də dekorativ görüntü yaransın deyə o, yerə basdırıb rəngləmişdi. Onlar da Ağakərimin sözü ilə şinləri çıxardıb kənara daşımışlar. Ağakərim onlara bu barədə icra nümayəndəsinin göstəriş verdiyini demişdir. Onlar işlərini bitirdikdən sonra fəhlələr çıxıb getmişlər. O və Ağakərim orada qalmışdır. Saat təxminən 10 radələrində Amid həmin yerə gəlib çıxmışdır. Həmin vaxt Ağakərim bir qədər kənarda olmuşdur. Amid həmin vəziyyəti görüb şinləri kimin sökdüyünü soruşmuş, o da Ağakərimi göstərib onun göstərişi ilə sökdüklərini demişdir. Ağakərim də həmin yerə yaxınlaşmış, bu zaman Amid Ağakərim ilə mübahisə etməyə başlamışdır. Mübahisənin davamını və vurulma anını o görməmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-tibbi ekspertizasının 1716 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “QKBT.baş beyin silklənməsi, sağ gözaltı nahiyyənin sıyrığı, alının orta hissəsinin şişkinlik fonunda əziyi, sağ gözün bayır bucağının ağlı qişanı əhatə edən yayılmış qansızması” xəsarətləri vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən bir günə qədər olmaqla 20.10.23-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə - QKBT.Baş beyin silklənməsi, sağ gözün bayır bucağının ağlı qişanı əhatə edən yayılmış qansızması sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya, digər xəsarətlər yəni - sağ gözaltı nahiyyənin sıyrığı, alının orta hissəsinin şişkinlik fonunda əziyi isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərcəsi təyin edilmir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin 4082 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan “Tibbi Ərazi Bölmələrinİ İdarəetmə Birliyi” Sumqayıt Tibb Mərkəzi PHŞ 3 nömrəli xəstəxana tərəfindən verilmiş 234 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 3 nömrəli xəstəxananın poliklinika şöbəsində psixiatrik kabinetdə və dispanser müşahidədə yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsi 1 nömrəli Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 177 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs H.Zeynalabdin qəsəbəsi, Ç.Qurbanov küçəsi, inzibati binada qeydiyyatsız yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-902/2023) qərarını icra edərək xx.xx.2023-cü il tarixli, 1363/2023 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 09 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 09 (doqquz) saat hüquqi yardıma görə 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar