Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-908/2023 14.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1980-ci ildə Ağdaş rayonu, Xosrov kəndində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Növcü kəndində qeydiyyatda olan, faktiki olaraq Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Kəşkül küçəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyəqədər sadələşdirilmiş icraat materialları üzrə işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs 23 oktyabr 2023-cü il tarixdə saat 23:15 radələrində yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Kəşkül küçəsində yerləşən fərdi evdə olarkən qeyri rəsmi ər-arvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibət zəminində baş vermiş mübahisə zamanı sonuncunun təpə nahiyyəsinin qançır-şişkinliyi hərəkət məhdudluğu ilə müşayət olunmuş sol baldır nahiyyəsinin dərialtı hematoması xəsarətlərindən ibarət fiziki zor tətbiq etməklə, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə nikahdan kənar ər-arvad münasibətində yaşayır və iki övladları var. Belə ki, 23 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs evdə olmamış və təqribən saat 23:00 radələrində evə gəlmişdir. Bununla əlaqədar o, Sonaya harda olmasını soruşmuş və onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı o, əsəbləşərək Zərərçəkmiş şəxs bir-iki şillə vurmuş və o, yerə yıxılmışdır. Bundan sonra qonşuluqda yaşayan Ülkər adlı qız onları ayırmağa başlamışdır. Hazırda o, etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirdi. Bundan başqa o, əvvəllərdə həyat yoldaşını döydüyünə görə barəsində CM-nin 128-ci maddəsi ilə cinayət işi olmuş və barışıq əldə etdiyi üçün 2020-ci ildə Ağdaş RPŞ-də açılmış cinayət təqibinə xitam verilmişdir. Qeyd olunanları nəzərə alaraq o, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs onun əridir və onların iki övladları var. Lakin nikahlarını rəsmiləşdirmədiklərinə görə övladları onun soyadını daşıyır. Belə ki, 23 oktyabr 2023-cü il tarixdə təxminən saat 23:00 radələrində yaşadığı evə gələrkən yoldaşı Təqsirləndirilən şəxs onu həyətdə qarşılamış və ona hardan gəlməsini soruşmuş, o isə müştərisindən pul almağa getdiyini bildirmişdir. Bu zaman Xəqani şillə ilə onun sifət nahiyəsindən vurmuş və o, yerə yıxılmışdır. Bundan sonra Xəqani yerdə ona bir neçə təpik zərbəsi vurmuşdur. Həmin vaxt onlarla bir həyətdə yaşayan Ülkər adlı qonşuları onları ayırmışdır. Daha sonra o, polisə şikayət etmişdir. Hazırda o, ərizə təqdim edərək həyat yoldaşı ilə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək bildirdi ki, Sona və Xəqani onunla bir həyətdə kirayə qalırlar. Belə ki, 23 oktyabr 2023-cü il tarixdə Xəqani onların qapısını döyərək yoldaşı Şahini çağırmış, lakin o, qapıya çıxaraq yoldaşının evdə olmadığını bildirmişdir. Xəqani həmin vaxt Sonanın harda olduğunu ondan maraqlanmış, o isə məlumatı olmadığını bildirmişdir. Bundan təqribən 15 dəqiqə sonra Sona həyətə daxil olmuş və həmin vaxt Xəqani onu həyətdə qarşılayaraq hardan gəlməsini soruşmuş və onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Xəqani şillə ilə Sonanı vurmuş və o, yerə yıxılmış, daha sonra Xəqani Sonanı yerdə təpiklə vurmağa davam eləmişdir. O, Xəqani ilə Sonanı aralamış və Sonanı öz yaşadığı evə salmışdır. Hadisə zamanı həmin yerdə kənar şəxs olmamış və bu mübahisə 5 dəqiqə davam eləmişdir. İş üzrə keçirilmiş məhkəmə tibb ekspertizasının 24 oktyabr 2023-cü tarixli 1732 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – boyun və sağ çənə şaxəsi nahiyyələrinin qançırları, təpə nahiyyəsinin qançır-şişkinliyi hərəkət məhdudluğu ilə müşayət olunmuş sol baldır nahiyyəsinin dərialtı hematoması aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdılar, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əllə və təpiklə yetirilə bilər və dərəcəsinə görə - təpə nahiyyəsinin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya, digər xəsarətlər yəni – boyun və sağ çənə şaxəsi nahiyyələrinin qançırları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş 30 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, Ağdaş RPŞ-nin səlahiyyətli şəxsinin 03 iyun 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə həmin Məcəllənin 73.2-ci maddəsi əsası ilə xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməkdə təqsirlidir. İbtidai istintaq orqanı tərəfindən onun törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs öz əməlini könüllü olaraq etiraf etməsini, törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını, həmçinin himayəsində iki azyaşlı uşağının olmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alıb onun cəmiyətdən təcrid olunmadan islah olunmasını mümkün sayaraq, ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – ictimai işlər cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası CM-in 47.2-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 240 (iki yüz qırx) saat ictimai işlər cəzasına məhkum edilsin. Cəzaçəkmənin əvvəli hökm faktiki icra olunmağa başlandığı tarixdən hesab edilsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə ona 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(060)-908/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-908/2023
14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver