Məhkəmə qərarları › İş №1(060)-91/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-91/2025

10.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-91/2025 10.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, X5 katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci il Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 0,430 qram çəkidə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı 06 iyun 2024-cü il tarixdə, saat 21:10 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə, “Fəxri” marketin qarşısında saxlanılaraq PB-yə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən, onun əynindəki göy rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə 0,430 qram çəkidə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində, “Fəxri” marketin qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları olduqlarını, onu qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirmiş və 3-cü PB-yə dəvət etmişlər. Etiraz etməyib polis əməkdaşları ilə birlikdə 3-cü PB-yə getdikdən sonra ona şübhəli şəxs qismində tutulmağı elan edilmiş, hüquq və vəzifələri izah edilmiş, özünün vəkili olmadığından təqdim edilmiş vəkillərin siyahısından hüquqlarının müdafiəsi üçün seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 ona təqdim olunmuş, PB-də xidməti otaqların birində onun üzərində şəxsi axtarış keçiriləcəyi elan edilərək videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirməyə başlanılmışdır. Ona üzərində hər hansı bir narkotik vasitə, psixotorop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş əşya və predmetin olub-olmaması, əgər vardırsa həmin əşyanı çıxarıb könüllü şəkildə təqdim etməsini təklif edən zaman özü əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin siqaret kağızı bükümü açıldıqda, bükülünün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin olması aşkar edilmiş, üzərinə şəxsi axtarış davam etdirilərkən üzərindən hər hansı qanunsuz predmet aşkar ediməmişdir. Sorğu zamanı üzərindən aşkar edilən 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızı bükümündəki maddənin “patı”, yəni psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 10 (on) manat pul ödəməklə aldığını, öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin maddə elektron tərəzi vasitəsilə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ 3-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin istifadəsində və üzərində daşımasında şübhəli olması barədə 3cü PB-yə əməliyyat məlumatı daxil olmuş, məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qurupu yaradılmış və qrupa əlavə edilmiş, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:10 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə, “Fəxri” marketin qarşısında saxlanılaraq 3-cü Polis Bölməsinə aparılmış, PB-də xidməti otaqlardan birində təhqiqatçı, polis kapitanı Əlinasir Nəsirli özünü təqdim edərək, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini bir daha izah etməklə yanaşı, hüquqlarını müdafiə etməsi məqsədi ilə vəkil seçməsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkillərinin adlarının siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs vəkil siyahısında adı olan vəkil X1 həmin vəkil tərəfində hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Vəkil X7 təmin edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmış, narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsində, daşınmasında şübhəli bilinən Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq PB-yə gətirilməsini, onun şübhəli şəxs qismində tutularaq, hüquq və vəzifələrinin izah edildiyini, üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, təhqiqatçı şübhəli şəxsin hüquq və vəzifələri barədə yazılı bildirişi Təqsirləndirilən şəxs təqdim etmiş, Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli kağız kəsiyinə bükülmüş kütləni çıxardıb təqdim edərək masanın üzərinə qoymuş, bükümü açıldıqda içərisində ağ rəngli kristalik, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuş, Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq üzərindən aşkar olunmuş kütlənin “şüşə”, “patı”, yəni psixotrop maddə metamfetamin olduğunu, Corat ərazisində, səhər saatlarında tanımadığı şəxsdən 10 (on) manata, öz istifadəsi üçün aldığını bildirmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər kütlə, büküldüyü kağızla birlikdə elektron tərəziyə qoyulub çəkilmiş və ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyaraq xüsusi qaydada qablaşdırmışdır. Təqsirləndirilən şəxs müdafiəçinin suallarını cavablandıraraq saxlanılarakən polis əməkdaşları tərəfindən fiziki zor və ya təziqə məruz qalmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nin kiçik inspektoru, Şahid2 da Şahid1 ilə eyniməzmunlu ifadə vermişdir. Cinayət işinin 17-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 62-63-cü vərəqəsində olan “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 25-26-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli “şəxsi axtarış aparılması” haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əyinində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə olan maddəni təqdim etmiş və həmin maddənin psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Həmin maddə bükümü ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 0,53 qram olması müəyyən olunmuşdur. Cinayət işinin 36-37-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 6/3158 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində AR DİN “Zərflər üçün № 127” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir bükümdə maddə; 1) /imza/ Təqsirləndirilən şəxs; 2) /imza/ Elman Məcidov; Qablaşdırdı: Baş təhqiqatçı: /imza/ Əlinasir Nəsirli” yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,430 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,430 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,380 qram. Cinayət işinin 35-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. Cinayət işinin 76-77-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 4718 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 85-89-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətəndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,380 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, narkotik vasitənin qalıq miqdarı saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmiş və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı qeydə alınmış video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 73-74-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(060)-90/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.4-cü maddəsinə əsasn 300 (üç yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları, özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2024-cü il tarixdən 08.06 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhəri İcra və Probasiya şöbəsinə məlumat vermədən saat 23.00-dan növbəti gün, saat 07.00dək yaşadığı Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 5, mənzil 13 ünvanında olan evi tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 4718 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs, narkomaniyadan məcburi müalicə olunmalı, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,380 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23.00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 5, mənzil 13 ünvanını tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,380 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 16 saata görə 96 (doxsan altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin bitdiyi gündən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar