Məhkəmə qərarları › İş №1(060)-916/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-916/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-916/2024 18.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Elçin qızının, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 01.00 radələrində Sumqayıt şəhəri, Xəzri Residens yaşayış komleksinin alt hissəsi, dəniz sahilində Zərərçəkmiş şəxs Elçin qızının idarə etdiyi “Kia Optima” markalı, ** SV *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində aralarında qısqanclıq zəmnində baş verən mübahisə zamanı Təqsirləndirilən şəxs sevgi münasibətində olduğu Zərərçəkmiş şəxs Elçin qızının sifət, baş, boyun nahiyələrinə əl zərbələri ilə qəsdən çoxsaylı zərbələr vuraraq ona, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə, sonuncunun qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə dörd ildir tanışdır və onunla sevgili münasibətdədirlər. Nərminə bəzən onun xasiyyətinə uyğun davranmır və qısqanc olduğundan aralarında konfliktlər yaranır. Nərminə ondan müxtəlif polis orqanlarına şikayətlər etmişdir. xx.xx.2024-cü il tarixində Nərminənin özünün “tik-tok” səhifəsinin profilinə öz şəklini qoyduğunu görmüş və Nərminənin bu hərəkətindən hirslənmiş, günorta radələrində şəklini profildən götürməsini demiş, həmin gün saat 21 radələrində Nərminə onun yaşadığı yerə özünün “Kia Optima” markalı avtomobili ilə gəlib onu götürmüş, avtomobilində bir qədər hərəkət etdikdən sonra “Xəzri residense” yaşayış kompleksinin alt tərəfinə dənizin sahilinə gəlmişlər. Avtomobilin içərisində Nərminənin telefonunu götürüb baxmış və şəkli profildə gördüyünə görə onda kəskin əsəbilik yaranmışdır. Nərminə onun şərtlərini pozduğuna və onu aldatdığına görə əsəbləşib əlinin içərisi ilə onun sifətinə, baş nahiyəsinə bir neçə zərbə vurmuşdur. Zərbə vurarkən o başını aşağıya doğru qısmışdır. Vurduğu zərbələrdən əsəbi soyumuş və dayanmışdır. Bundan sonra isə özü sükan arxasına keçmiş, “Dörd Qardaş” restoranının yanındakı işıqforda avtomobili saxlamış, bu zaman Nərminə arxa qapını açıb yerə düşərək qışqırmağa başlamışdır. Camaatın yığışdığına görə o Nərminəni avtombilinin sükanı arxasına əyləşdirib yola salmışdır. Törədiyi əməldən səmimi peşman olduğunu bildirmiş, gələcəkdə belə əməllərə yola verməyəcəyinə söz vermişdir. Hazırda əməlindən peşmandır, aralarında barışıq olmuş, vurulmuş ziyanı ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Elçin qızı ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə üç il bundan öncə tanış olmuş və həmin vaxtdan da sevgili münasibətləri vardır. Elçin həddindən artıq qısqanc olduğundan aralarında dəfələrə mübahisələri olmuş və bununla bağlı o, 4-cü polis bölməsinə şikayətlər etmişdir. xx.xx.2024-cü il tarixində özünün şəklini “Tik-tok” hesabının profilinə qoymağı ilə əlaqədar Elçin zəng vurub yenə də telefonda onu acılamış, söhbət etmək məqsədi ilə yaşadığı binanın qarşısına gəlmişdir. Onu söhbət etmək üçün həyətə çağırmış, o da Elçinlə sadəcə söhbət edəcəyini düşündüyü üçün həyətə düşmüş, onun “Kia Optima” markalı, ** SV *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etməyi təklif etmiş və o, Elçinlə razılaşmışdır. Elçin sükan arxasında o isə arxada əyləşmiş, avtomobili “Xəzri Residens” yaşayış kompleksinin alt tərəfinə dənizin sahilinə qaranlıq yerə sürmüşdür. Orada başqa heç bir avtomobil və ya şəxs olmamışdır. Avtomobilin içərisində hər verdiyi suala ondan cavab istəyə-istəyə əsəbləşib özündən çıxaraq sifətinə, başına, qulaqlarına, boynunun arxa nahiyəsinə sillələrlə və yumruqla vurmağa başlamış, o etiraz etdikdə əl atıb boğazını sıxararaq, həmçinin saçını yolaraq onu çoxsaylı zərbələrlə döymüşdür. Bundan sonra o, Elçinlə ayaqyoluna getməli olduğunu dediyi üçün bir qədər sakitləşmiş və avtomobili “Dörd Qardaş” restoranı istiqamətində sürmüşdür. O, həmin vaxt işıqforun qırmızı işığında fürsətdən istifadə edib avtomobilin qapısını açıb yerə atılmış, Elçin də sükan arxasından düşüb yenidən onu avtomobilə əyləşdirmək istəsə də, kənardan gələn tanımadığı şəxslər müdaxilə etmiş, o, avtombilinin sükanı arxasına əyləşib oradan uzaqlaşıb getmiş və 102 xidmətinə zəng vurub məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənmiş, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X2 Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 1909 saylı ekspert rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Elçin qızının məhkəmə tibbi ekspertizasına əsasən, göstərilənləri nəzərə alıb və qoyulmuş suallara cavab olaraq Zərərçəkmiş şəxs Elçin qızının bədəni üzərində sol gözaltı nahiyyəsinin və alt göz qapağının, həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunmuş qançırı və təpə nahiyyəsinin qançırı olması, həmin xəsarətlərin bərk küt əşyanın (əşyaların) təsirindən yaranması, xx.xx.2024-cü il tarixində əmələ gələ bilməsi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid olması, Zərərçəkmiş şəxs Elçin qızının özüözünə yetirməsinin az inandırıcı olması nəticəsinə gəlmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur; - Zərərçəkmiş şəxs Elçin qızının məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənmiş, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. - Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmış, ona dəymiş zərəri ödədiyini bildirmiş və bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. - Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 5867 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” X3 Sumqayıt 2 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsi tərəfindən verilmiş 354 nömrəli, xx.xx.2024cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. - 17 saylı MKS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Cinayət prosesini həyata keçirən orqan Cinayət Məcəlləsinin 73-cü maddəsinin tətbiqi ilə bağlı yekun nəticəyə gələrkən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair iradəsinin təzyiq və yaxud hədə-qorxu ilə deyil, məhz sərbəst və şüurlu şəkildə ifadə edildiyini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə edən vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar