Məhkəmə qərarları › İş №1(060)-919/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-919/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-919/2023 29.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs ilə Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən Hicaz restoranında rəsmi nikahda olduğu həyat yoldaşı Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncu rəsmi nikahda olduğu həyat yoldaşı Zərərçəkmiş şəxs bazunun yuxarı 1/3-nin ön və bayır səthlərini əhatə edən 10,0x8,0 sm ölçüdə, qırmızımtıl-göy rəngli, qeyri-müəyyən formalı, əl toxunduqda isti fluktasiya edən dərialtı hematoması xəsarətləri ilə nəticələlən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş YÜNGÜL zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun rəsmi nikahda olduğu həyat yoldaşıdır. Nikahlarından iki qız övladı vardır. xx.xx.2023-cü il tarixdə təxminən saat 11:00 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən Hicaz ailəvi restoranında həyat yoldaşı Zərərçəkmiş şəxs evdə qaza, suya, internetə nəzarət edib-etmədiyini soruşmuş, o da yüksək səslə ona cavab qaytardığı üçün aralarında münaqişə baş vermişdir. Münaqişə zamanı o, həyat yoldaşını işlədiyi Hicaz restoranının namaz otağına aparmış, münaqişə davam etmiş və münaqişə zamanı çox əsəbiləşmiş, bu səbəbdən özündən asılı olmadan qeyri-ixtiyari olaraq Zərərçəkmiş şəxs üz nahiyəsinə 1 sillə ilə və sol qoluna vurmuşdur. Zərərçəkmiş şəxs mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Bu zaman o, Zərərçəkmiş şəxs kənarlaşmış, ondan şikayətini geri götürməyi bildirmişdir. Zərərçəkmiş şəxs isə ona qarşı etdiyi hərəkətinə görə şikayətçi olacağını ona bildirmişdir. Az keçmiş polis əməkdaşları onlara yaxınlaşmışlar. Zərərçəkmiş şəxs baş vermiş hadisəni şifahi qaydada polis əməkdaşlarına izah etmiş, onun şifahi məlumatı əsasında protokol tərtib edilmişdir. Daha sonra izahatlarının alınmasından ötrü hər ikisini PB-nə dəvət etmişlər. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmış və birlikdə yaşayırlar. Məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır. Hal-hazırda bir yerdə yaşayırlar. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun rəsmi nikahda olduğu həyat yoldaşıdır. Nikahlarından iki qız övladı vardır. xx.xx.2023-cü il tarixdə təxminən saat 11:00 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində Hicaz ailəvi restoranında olarkən həyat yoldaşı Təqsirləndirilən şəxs ondan evdə qaza, suya, internetə nəzarət edib-etmədiyini soruşmuş, o da ona yüksək səslə cavab qaytardığı üçün münaqişə baş vermişdir. Baş verən münaqişə zamanı Təqsirləndirilən şəxs onun üz nahiyəsinə 1 sillə ilə və sol qoluna vurmuş, buna görə də o, mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Təqsirləndirilən şəxs şikayətini geri götürməyini istəmiş, o isə onun ona qarşı etdiyi hərəkətinə görə şikayətçi olacağını bildirmişdir. Sonra polis əməkdaşları ünvana gəlmişlər. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, bunu könüllü etdiyini, hazırda bir yerdə işləyib yaşadıqlarını, ona qarşı heç bir şikayətinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-tibbi ekspertizasının 1737 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “sol bazunun dərialtı hematoması” xəsarətləri vardır. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aiddir. Xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin vət.Zərərçəkmiş şəxs özü-özünə yetirməsi az inandırıcıdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə X7 ilə nikah bağlamışlar. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il təvəllüdlü İbrahimova Alina və xx.xx.2020-ci il təvəllüdlü İbrahimova Əsnad adlı qız övladları vardır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin 4158 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan “Tibbi Ərazi Bölmələrinİ İdarəetmə Birliyi” PHŞ 4 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən verilmiş 346 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 4 nömrəli xəsatəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKS tərəfindən verilmiş 3160 saylı, xx.xx.2023-cü il tarixli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşayır, ailə tərkibi anası-1975-ci il təvəllüdlü X4, həyat yoldaşı-2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs, qızı-2020-ci il təvəllüdlü X2, qızı- 2021-ci il təvəllüdlü X1 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-919/2023) qərarını icra edərək xx.xx.2023-cü il tarixli, 1445 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar