Məhkəmə qərarları › İş №1(060)-92/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-92/2021

09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-92/2021 09.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1966-cı ildə Sumqayıt şəhərində doğulmuş, evli, orta təhsilli, işləməyən, 2-ci qrup əlil, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs, 14.09.2020-ci il tarixdə Bakı şəhəri, “20 Yanvar” metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,335 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 14 sentyabr 2020-ci il tarixdə saat 14:41-də Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində “Zirvə” idman kompleksinin binasının qarşısında saxlanılaraq 3-cü PB-nə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofona bükülmüş, təmiz çəkisi 1,335 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təxminən 14-15 ildir narkotik vasitə qəbul etsə də, bir müddət qəbul etməmişdir. Hazırkı hadisədən 6 ay əvvəl yenidən narkotik vasitə qəbul etməyə başlamışdır. O, 14.09.2020-ci il tarixdə səhər saatlarında Bakı şəhərinə gedərək “20 Yanvar” metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 20(iyirmi) manata narkotik vasitə olan “kokos” almışdır. Həmin narkotik vasitə şəffaf sellofan bükümdə olmuşdur. O, həmin bükümü əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibinə qoymuş və “20 Yanvar” metrostansiyası yaxınlığında avtobusa minərək Sumqayıt şəhərinə qayıtmışdır. O, narkotik vasitə alması barədə heç kəsə bildirməmişdir. Onun sonradan ağrıları başlamış və aldığı narkotik vasitəni istifadə etmək qərarına gəlmişdir. O, Sumqayıt şəhəri, 18-ci məhəllə istiqamətində piyada gedərək narkotik vasitəni istifadə etmək üçün təhlükəsiz və gizli yer axtarmışdır. O, “Zirvə” idman kompleksinin binasının qarşısı ilə piyada getdikdə ona üç nəfər mülki geyimli şəxs yaxınlaşaraq onu saxlamışlar. Sonra bir nəfər də polis formasında şəxs ona yaxınlaşmış və bir nəfər şəxs də çəkiliş aparmışdır. Polis formasında olan şəxs özünü təqdim edərək Sumqayıt şəhər Polis idarəsinin 3-cü Polis Bölməsinin təhqiqatçısı, mülki geyimli şəxslər də özlərini təqdim edərək 3-cü Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Təhqiqatçı ona özünü təqdim etməsini və harada yaşamasını bildirmişdir. O da özünü təqdim edərək Sumqayıt şəhəri, 3-cü mikrorayonda yaşadığını demişdir. Təhqiqatçı ona narkotik vasitələrin qanunsuz əldə olunmasında, üzərində gəzdirməkdə şübhəli bilindiyini, ona görə saxlanıldığını bildirmiş, sonra onu hüquqları ilə tanış etmiş və hüquqlarını vəkil Nail Məmmədovun müdafiə edəcəyini demişdir. Təhqiqatçı daha sonra ona video çəkiliş ilə üzərində şəxsi axtarış keçiriləcəyini, lakin həmin yerdə şəxsi axtarış və sənədləşmə aparmağa şərait olmadığını, çəkiliş dayanmadan 3-cü Polis Bölməsinə gedəcəklərini, etirazının olub-olmadığını bildirmişdir. O etiraz etməmişdir. Daha sonra o, polislərlə birlikdə çəkiliş dayanmadan polis maşını ilə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis bölməsinə getmişlər. Orada xidməti otaqların birində onu vəkil Nail Məmmədovla tanış etmişlər. Sonra üzərində hər hansı qanunla qadağan olunmuş əşya olub-olmadığını soruşmuşlar. O, da onsuzda şəxsi axtarış zamanı cibində olan narkotik vasitənin tapılacağını fikirləşib, könüllü olaraq əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş bükülünü çıxardaraq onlara təqdim etmişdir. Sonra təhqiqatçı üzərində başqa hansı əşya olub-olmadığını və çıxardaraq onları da təqdim etməyini demişdir. O, da üzərində olan 17 manat pulu və açarı da çıxardaraq onlara təqdim etmişdir. Sonra onun üzərinə baxdıqda, üzərindən başqa heç nə çıxmamışdır. Təhqiqatçı ondan bükülünün nə olduğunu soruşduqda, o da ona həmin bükülünün içərisində “kokos” olduğunu, xəstə olduğu və ağrıları olduğu üçün özünün istifadə etdiyini demiş və həmin bükülünü açaraq göstərmişdir. Təhqiqatçı ondan narkotik vastəni, hardan, nə məqsədlə, neçəyə aldığını soruşmuş, o, da ona ağrıları olduğundan özü istifadə etmək üçün, Bakı şəhəri, “20 Yanvar” metrostansiyasının yaxınlığından tanımadığı şəxsdən 20 manata aldığını demişdir. Orada üzərindən çıxan narkotik vasitə tərəzidə çəkilmiş və 0,045 qram olması müəyyən edilmişdir. Daha sonra isə həmin kütləni müvafiq qaydada qablaşdırmışlar, o və digər iştirakçılar imza etmişlər. Onu polis əməkdaşları Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində, “Zirvə” idman kompleksinin binasının qarşısında saxlayan zaman bütün hərəkətlər kamera video görüntüsü ilə qeydə alınmışdır. Onun isə bununla bağlı olaraq heç bir etirazı olmamış və ona qarşı hər hansı zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunun nəzərə alınmaqla ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, 14.09.2020-ci il tarixdə Sumqayıt şəhəri, 3-cü mkr, ev 16/13, mənzil 44-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik əməliyyat müvəkkili, polis serjantı X2, kiçik əməliyyat müvəkkili, polis serjantı Samit Mehdiyevdən, Sumqayıt ŞPİ-nin kriminalistik təhqiqatlar bölməsinin kriminalisti, polis kapitanı Şahid5 və ondan ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında saat 14:41 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 18-ci məhəllə, “Zirvə” İdman kompleksinin binasının qarşısına getmişlər və kriminalist Şahid5 tərəfindən “Panasonik” markalı videokamera işə salınmışdır. Təxminən bir neçə dəqiqədən sonra həmin ərazidə idman kompleksinin binasının qarşısı ilə Təqsirləndirilən şəxs gəldiyini görmüşlər. Onlar həmin şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq onu saxlamışlar. Sonra təhqiqatçı da ona yaxınlaşaraq özünü təqdim edərək ona da özünü təqdim etməsini bildirmişdir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı ona narkotik vasitələrin qanunsuz əldə olunmasında, üzərində gəzdirməkdə şübhəli bilindiyini, ona görə saxlanıldığını bildirərək hazırda şərait uyğun olmadığından həmin yerdə şəxsi axtarış keçirməyin mümkün olmadığını, şəxsi axtarışın Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsində keçiriləcəyini, oraya gedilən müddətdə də kameranın söndürülməyəcəyini, hər hansı etirazının olub-olmadığını soruşmuş və Təqsirləndirilən şəxs da etirazı olmadığını bildirmişdir. Sonra təhqiqatçı onu hüquqları ilə tanış edərək hüquqlarını vəkil Nail Məmmədovun müdafiə edəcəyini bildirmişdir. Daha sonra onlar çəkiliş dayanmadan saxlanılan şəxslə birlikdə polis maşını ilə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis bölməsinə getmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs vəkil Nail Məmmədov təqdim edilmişdir. Sonra təhqiqatçı ondan üzərində hər hansı qanunla qadağan olunmuş əşya olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs da əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş bükülünü çıxardaraq təqdim etmişdir. Sonra ondan üzərində başqa hər-hansı əşya olub-olmadığını və çıxardaraq onları da təqdim etməyi deyilmişdir. O da üzərində olan 17 manat pulu və açarı da çıxardaraq təqdim etmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa heç nə çıxmamışdır. Ondan bükülünün nə olduğu soruşulduqda o, həmin bükülünün içərisində “kokos” olduğunu, xəstə olduğu və ağrıları olduğu üçün özünün istifadə etdiyini bildirmişdir. Sonra təhqiqatçı onu hardan əldə etdiyini soruşmuş və o, Bakı şəhəri, “20 Yanvar” metrostansiyasının yaxınlığından, tanımadığı şəxdən 20 manata aldığını bildirmişdir. Ondan sonra həmin bükülü hamının iştirakı ilə tərəzidə çəkilmişdirr. Sonra narkotik vasitə heroinə bənzər maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Daha sonra ekspert rəyi gəldikdən sonra təhqiqatçı narkotik vasitənin tərəzidə ölçüldüyü zaman texniki səhv olduğunu, həmin narkotik vasitənin qram ölçü vahidi ilə deyil, tael ölçü vahidi ilə ölçüldüyünü, ona görə də 0,045 çəkisinin tael ölçü vahidi ilə olduğunu, qrama çevirdikdə 1,6 qram olduğunu bildirmişdir. Ona verilmiş əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Bakı şəhəri, “20 Yanvar” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manata aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini dediyini, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2, kiçik əməliyyat müvəkilli, polis serjantı Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarına maddi sübut kimi əlavə edilmiş bir ədəd DVD disk məhkəmə istintaqı zamanı nümayiş etdirilərkən, 14.09.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərinə şəxsi axtarış keçirilərkən onda narkotik vasitə heroinin aşkar edilməsi video görüntülərdə əks etdirilməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14.09.2020-ci il tarixli, 6/1878 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən” yazısı olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 1,335 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi–1,335 qram, sərf edildi–0,05 qram, qalıq–1,285 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 30.09.2020-ci il tarixli, 2687 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq, onun narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserin 23.09.2020-ci il tarixli 2688 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Narkolji Dispanserində 2015-ci ilin avqust ayından “Narkotik maddələrin epizodik qəbulu” diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxs 1 saylı regional ərazi filalı tərəfindən verilmiş 05 oktyabr 2020-ci il tarixli **********1 №li arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 27.04.2016-cı il tarixdən 01.05.2021-ci il tarixə kimi İİ qrup ü/s əlilliyə görə 130,00 manat sosial pensiya alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 25.09.2020-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlindən peşman olaraq törətdiyi cinayət əməlini etiraf etməsini və İİ qrup əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 16.09.2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin tarixdə o, həbsdən azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla qəti cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlil olduğuna görə ekspertiza rəyi ilə ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün olmadığından onun Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,285 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Cinayət işinin materiallarına əlavə olunmuş arayışdan görünür ki, cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi üçün vəkil X4 10 (on) saat iştirak etmişdir. Ona görə də 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 11.11.2020-ci il tarixli (iş № 1(060)-526/2020) qərarını icra edərək, 12 noyabr 2020-ci il tarixli 404 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 (səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 16/13, mənzil 44 ünvanını tərk etməmək, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,285 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş hüquqi yardıma görə cəmi 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar