Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-92/2022 17.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi:Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Tərcüməçi: X2 iştirakı ilə, xx.xx.1969-cu il tarixdə ünvan 1ində anadan olmuş, subay, orta təhsilli, "xxxx" MMC-də fəhlə işləyən, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmuş, ünvan 1i ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 9, mənzil 31-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 28.04.2021-ci il tarixdə saat 12 radələrində Sumqayıt şəhəri 3-cü mikrorayon ev 7/2B, mənzil 53-də yaşayan Zərərçəkmiş şəxs 2-ci qrup əlil olan oğlu 1991-ci il təvəllüdlü X3 aldadıb mənzilə qanunsuz daxil olaraq sonuncunu mağazaya göndərmiş və mənzildə heç kimin olmamasından istifadə edərək yataq otağındakı şkafdan Sakina Yusubovaya məxsus içərisində 1000 manat və milli məzənnə ilə 850 manat olan 500 ABŞ dolları məbləğində nağd pul, 240 manat dəyərində 01 ədəd Rusiya istehsalı olan 585 əyarlı, təxminən 3 qram çəkidə, üzərində kiçik ağ qaşları olan 01 ədəd qadın qızıl üzüyü, 240 manat dəyərində Türkiyə istehsalı olan 583 əyarlı təxminən 3 qram çəkidə paxlava formalı 01 cüt qızıl sırğa olan 03 manat dəyərində pul qabını gizli talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 2333 (iki min üç yüz otuz üç) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs və onun oğlu X4 tanımır, onların yaşadıqları Sumqayıt şəhəri 3-cü mikrorayon ev 7/2B, 53 saylı mənzilində heç vaxt olmamış, oradan oğurluq etməmişdir. Cinayət işinin istintaq materiallarında naməlum şəxsin 28.04.2021-ci il tarixdə saat 12 radələrində Sumqayıt şəhəri 3-cü mikrorayon ev 7/2B, mənzil 53-də yaşayan Zərərçəkmiş şəxs 2-ci qrup əlil olan oğlu 1991-ci il təvəllüdlü X3 aldadıb mənzilə girərək Etibar Yusubova mağazaya göndərməsi və evdə heç kimin olmamasından istifadə edərək şkafdan 1000 manat, 500 ABŞ dolları məbləğində pulu, 01 ədəd qızıl üzüyü və 01 cüt qızıl sırğanı oğurlaması, Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqat İdarəsinin 08.05.2021-ci il tarixli 011-4263-1221 saylı məktubundan, eləcə də məhkəmədaktiloskopik ekspertizasının rəyinə əsasən Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 01 ədədinin onun sol əlinin böyük barmağının əksi ilə eynilik təşkil etməsi barədə isə bildirdi ki, həmin şəxsləri tanımamış, sözügedən evdə heç vaxt olmamış, oğurluq etməmişdir. 28.04.2021-ci il tarixdə səhər saat 06:30 radələrində o evdən çıxıb işə getmiş və həmin gün axşam saat 19:30 radələrində də işdən çıxıb yaşadığı evə gəlmiş, ondan sonra bütün günü evə olmuşdur. O həmin evdən 28.04.2021-ci il tarixdə sol əlinin izinin çıxmasını qəbul etmir və bildirir ki, bir barmağın izinin çıxması onun orada olmasını təsdiq etmir, orada olsaydı digər barmaqlarının da izi düşərdi. Sumqayıt şəhəri ya 11-ci mikrorayon, ya da ki 42-ci məhəllədə yerləşən peşə məktəbinin yanında bacısı X5 yaşayır, o arada onlara da gedib-gəlir. Lakin 28.04.2021-ci il tarixdə o bütün günü Bakı şəhərində olmuş, həmin gün ümumiyyətlə Sumqayıt şəhərinə getməmişdir. Onun istifadəsində ***-***-**-** mobil telefon nömrəsi var. Həmin nömrəni təxminən 4 aydır ki, istifadə edir. Onun istifadəsində başqa nömrə yoxdur. "xxxx" MMC-nin 06.09.2021-ci il tarixli, BKC/LGL-15958/21 saylı məktubu ilə daxil olmuş 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokola əsasən onun 28.04.2021-ci il tarixdə saat 05:57-dən həmin gün saat 20:39-dək olan müddət ərzində Sumqayıt şəhəri ərazisində olması, həmin gün saat 12:36-dan 13:21-dək olan müddət anten dairəsinin hadisə baş verdiyi vaxta və yerə uyğun olaraq, yəni Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində qeyd edilməsi barədə bildirdi ki, 28.04.2021-ci il tarixdə Sumqayıt şəhərində olmamış, anten dairəsinin də onun Sumqayıt şəhərində 28.04.2021-ci il tarixdə göstərməsinin səbəbini heç cürə izah edə bilmir. O Sumqayıta gələndə ancaq bacısıgilə getmiş, həmin gün də Sumqayıt şəhərində ümumiyyətlə olmamışdır, 28.04.2021-ci il tarixdə saat 06:30 radələrindən 19:30 radələrinədək Bakı şəhərində olmuşdur, sonrada işdən çıxıb evinə getmiş və evində olmuşdur. Sağlamlığında problemlər vardır, ailəlidir, cinayəti törətməsə də zərərçəkmiş şəxslə vurulmuş ziyanın əvəzi olaraq hər ay əmək haqqından 100 manat ödəniş edəcəyi ilə bağlı razılığa gəlmişdir. Məhkəmədən səhhətini, zərərçəkmiş şəxslə razılıq əldə etməsini nəzərə almağı xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi 17.01.2022-ci il tarixli ərizəsindən görünür ki, o dəymiş ziyanla bağlı zərərçəkmiş şəxsə hər ay əmək haqqından 100 manat ödənilməsinə zəmanət verir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyib verilən ittihamı qəbul etməsə də onun ona isnad edilən cinayət əməlini törətməsi işin halları, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları, ekspertiza rəyləri, dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, X6 onun doğma oğludur. X13 2017-ci ildə vəfat etmişdir. Oğlu Etibarda anadangəlmə əqli zəiflik var, ancaq 7-ci sinfədək orta təhsil almışdır. Normal qavrama qabiliyyəti olsa da, əqli zəifliyinə görə 2 qrup əlildir. 27.04.2021-ci il tarixdə saat 20 radələrində o, evdə olarkən oğlu Etibarın yanında özünə məxsus olan 1000 manat və 500 ABŞ dolları məbləğində pulu, 2005-ci ildə 150 manata aldığı 01 ədəd Rusiya istehsalı olan 585 əyarlı, təxminən 3 qram çəkidə, üzərində kiçik ağ qaşları olan qadın qızıl üzüyü və 2017-ci ildə ona hədiyyə olunmuş təxminən 180 manat dəyərində olan 01 cüt Türkiyə istehsalı olan 583 əyarlı təxminən 3 qram çəkidə paxlava formalı qızıl sırğanı, 3 manata aldığı qəhvəyi rəngli pul qabına, onu da kompüter çantasının içərisinə qoyub yataq otağındakı şkafın içərisinə qoymuşdur. 28.04.2021-ci il tarixdə saat 08:30 radələrində evdən çıxaraq şəxsi işi ilə əlaqədar Bakı şəhərində yerləşən Dövlət Miqrasiya Xidmətinə getmişdir. Evdən çıxanda da Etibara tapşırmışdır ki, qapı döyülsə heç kimə qapını açmasın. Həmin gün saat 12 radələrində o Bakı şəhərindən çıxıb Sumqayıt şəhərinə qayıtmış, evə çata-çatda onun istifadəsində olan mobil telefona zəng gəlmiş, özünü ona Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşı kimi təqdim edən şəxs ondan harada olduğunu soruşmuş, o da Sumqayıtda olduğunu, evə getdiyini demişdir. Həmin şəxs də ona onlarda olduğunu demişdir. O da tez evə getmiş və polis əməkdaşlarının da onlarda olduğunu görmüşdür. Söhbət əsnasında ona məlum olmuşdur ki, o evdə olmadığı vaxt evin qapısı döyülmüş, oğlu Etibar yaşlı kişiyə qapını açıb, həmin kişi ona demişdir ki, qonşugilə gedir, tələsir, əllərini yumaq istəyir, oğlu Etibar da onu evinə buraxmışdır, həmin şəxs hamam otağına keçib əllərini yuyub qonaq otağına keçib divanda əyləşmiş, sonra isə yataq otağına keçərək onun şkafda gizlətdiyi kompüter çantasını açıb içəridə olan qəhvəyi rəngli pul qabını götürüb içərisinə baxıb yenidən onları yerinə qoyub şkafı bağlamışdır, daha sonra uşağın xəstəliyindən istifadə edərək ona 4 manat pul verib demişdir ki, getsin mağazadan nə istəyirsə alsın, uşaq da evdən çıxıb mağazaya gemiş, həmin şəxs də evdə heç kimin olmamasından istifadə edərək şkafa qoyduğu kompüter çantasından pul qabını götürüb çıxıb getmişdir. Pul qabının içərisində də qeyd etdiyi kimi 1000 manat və 500 ABŞ dolları məbləğində pul, 01 ədəd qızıl üzük və 01 cüt qızıl sırğalar olmuşdur. Etibar da evə gəlib həmin kişini evdə görməyib, kompüter çantasından içərisində həmin pullar və qızıl zinət əşyaları olan pul qabının oğurlandığını aşkar edib, polisə müraciət etmişdir. Beləliklə də, həmin oğurluq nəticəsində ona ümumilikdə təxminən 2183 manat ziyan vurulmuşdur. Ona dəymiş ziyan ödənilməmişdir, ancaq 17.01.2022-ci ildə məhkəmə iclasından əvvəl təqsirləndirilən şəxs onunla razılığa gəlmək istəmiş, hər ay 700 manat əmək haqqı aldığını bildirmiş və həmin əmək haqqının hər ay 100 manatını ona verəcəyinə söz vermişdir. Ona dəymiş ziyan ödənilsə təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi olmayacaqdır, təqsirləndirilən şəxsin tutulmasını istəmir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 17.01.2022-ci il tarixli ərizəsindən görünür ki, o dəymiş ziyanın ödənilməsini tələb edir, dəymiş ziyanla bağlı Təqsirləndirilən şəxs hər ay əmək haqqından 100 manat ödənilməsinə razıdır, ödəyəcəyi halda ona qarşı gələcəkdə şikayəti və tələbi olmayacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma anasıdır. X12 2017-ci ildə vəfat etmişdir. Özündə anadangəlmə əqli zəiflik var, 7-ci sinfədək orta təhsil almış, əqli zəifliyinə görə 2-ci qrup əlildir. 27.04.2021-ci il tarixdə saat 20 radələrində anası Sakına evdə olarkən onun yanında özünə məxsus olan 1000 manat, 500 ABŞ dolları məbləğində pulu, 01 ədəd qadın qızıl üzüyü və 01 cüt qızıl sırğanı qəhvəyi rəngli pul qabına, onu da kompüter çantasının içərisinə qoyub yataq otağındakı şkafın içərisinə qoymuşdur. 28.04.2021-ci il tarixdə saat 08:30 radələrində anası Zərərçəkmiş şəxs evdən çıxaraq Bakı şəhərinə getmiş, evdən çıxmamış ona tapşırmışdır ki, heç kimə qapını açmasın. O evdə tək olarkən həmin gün saat 11:30 radələrində evin qapısını kimsə döymüş, o qapıya yaxınlaşıb evin gözlüyündən baxıb görmüşdür ki, bir nəfər təxminən 50-60 yaşlarında kişi qapını döyür. Fikirləşmişdir ki, yəqin ev pulunu yığan şəxsdir. Bu səbəbdən qapını açmış, o qapını açandan həmin kişi ona qonşugilə getdiyini, tələsdiyini bildirib ona əllərini yumasına icazə verməsini xahiş etdiyi üçün, o onu evə buraxmış, həmin şəxsi hamam otağına aparmış, sonuncu hamam otağına keçib əllərini yumuş, sonra isə qonaq otağına keçib divanda əyləşmiş, daha sonra isə yataq otağına keçib şkafı açıb orada anası Sakınanın qoyduğu kompüter çantasını açıb oradan pul qabını götürüb içərisinə baxıb yenidən şkafa qoymuşdur. Həmin şəxs cibindən 4 manat pul çıxarıb ona verib gedib mağazadan özünə nə istəyirsə almasını demişdir. O da onu tək qoyaraq evdən çıxıb yaxınlıqdakı «Oba» marketə gedərək 02 ədəd «Snikers» şokaladını alıb, 10 dəqiqə sonra yenidən evə gələndə görmüşdür ki, həmin kişi evdə yoxdur. O tez yataq otağına keçib şkafda olan kompüter çantasını götürüb içərisinə baxanda görmüşdür ki, anasının ora qoyduğu içərisində 1000 manat, 500 ABŞ dolları, 01 ədəd qızıl üzük və 01 cüt qızıl sırğa olan qəhvəyi rəngli pul qabı orada yoxdur. Başa düşmüşdür ki, onu bir az əvvəl evinə buraxdığı kişi oğurlayıbdır. O dərhad DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Təxminən 20 dəqiqə sonra polis əməkdaşları evə gəlmişlər. Daha sonra həmin polis əməkdaşlarından biri anasına zəng etmiş, anası da bir neçə dəqiqə sonra evə gəlib hadisəni bilmişdir. Evinə buraxdığı kişini istintaqda görüb tanımışdır, bu Təqsirləndirilən şəxsdur. İşdə olan protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 21.06.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23.06.2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir.(i.v 65, 101-103) İşdə olan X6 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, Etibar Yusubov ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demiş, sonuncu da onun dediklərini təkzib etmişdir.(i.v 74-76) İşdə olan “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Etibar Yusubov ona təqdim olunmuş şəxslərin arasından evindən oğurluq etmiş Təqsirləndirilən şəxs tanımışdır.(i.v 110-114) Məhkəmə-daktiloskopik ekspertizasının 17.07.2021-ci il tarixli, 3/1217 saylı rəyindən görünür ki, təqdimm edilmiş 01 saylı daktilolentin səthindəki «a», «b» əl-barmaq izləri, 2 saylı daktilolentin səthindəki «a», «b» əl-barmaq izləri və DVD-R-də olan İMG_20210428_133935.jpg, İMG_20210428_134125.jpg, İMG_20210428_134141.jpg, İMG_20210428_134318.jpg, İMG_20210428_134758.jpg, İMG_20210428_134815.jpg rəqəmləri ilə işarələnmiş şəkillərdəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1,2 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri, DVD-R-də olan İMG_20210428_133935.jpg, İMG_20210428_134125.jpg, İMG_20210428_134141.jpg, İMG_20210428_134318.jpg, İMG_20210428_134758.jpg, İMG_20210428_134815.jpg rəqəmləri ilə işarələnmiş papilyar naxış izləri və İMG_20210428_133854.jpg,İMG_20210428_133940.jpg, İMG_20210428_134135.jpg, İMG_20210428_134237.jpg, İMG_20210428_134419.jpg rəqəmləri ilə işarələnmiş şəkillərdəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdılar. Təqdim olunmuş 01 saylı daktilolentin səthindəki «a» əl-barmaq izi Təqsirləndirilən şəxs sol əlinin baş barmağından qalmışdır. Təqdim olunan 01 saylı daktilolentin səthindəki «b» əl-barmaq izi, 2 saylı daktilolentin səthindəki «a», «b» əl-barmaq izləri və DVD-R-də olan İMG_20210428_133935.jpg, İMG_20210428_134125.jpg, İMG_20210428_134141.jpg, İMG_20210428_134318.jpg, İMG_20210428_134758.jpg, İMG_20210428_134815.jpg rəqəmləri ilə işarələnmiş şəkillərdəki əl-barmaq izləri Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaqlarından qalmamışdır.(i.v 127-137) Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22.07.2021-ci il tarixli, 9/4892 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 02 adda qızıl-zinət əşyalarının 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 480 manat müəyyən olunur. Həmin qızıl zinət əşyalarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Digər 1 ədəd qəhvəyi rəngli pul qabı ekspertiza tədqiqatına təqdim edilmədən,markası, modeli, texniki göstəriciləri, texniki vəziyyəti, materialı, istismar müddəti, istehsal ili, istehsal yeri məlum olmadan həmin maddi sübut üzrə qiymətləndirmə aparmaq mümkün deyil. -01 ədəd 2005-ci ildə alınmış Rusiya istehsalı olan 585 əyarlı, təxminən 3 qram çəkidə, üzərində kiçik ağ qaşları olan qadın qızıl üzüyü – 240 manat; -01 cüt 2017-ci ildə hədiyyə olunmuş Türkiyə istehsalı olan 583 əyarlı təxminən 3 qram çəkidə paxlava formalı qızıl sırğa-240 manat.(i.123-126) "xxxx" MMC-nin 06.09.2021-ci il tarixli, BKC/LGL-15958/21 saylı məktubu ilə daxil olmuş 01 ədəd diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin antenn dairəsi 28.04.2021-ci il tarixdə saat 05:57, 05:58, 09:18-də Sumqayıt şəhər bələdiyyəsi 4-cü məhəllə 1 saylı komitə, saat 10:42, 10:43-də Sumqayıt şəhəri H.Əliyev prospekti ev 21/63 saylı binanın damı, saat 10:48-də Sumqayıt şəhəri 34-cü məhəllə Dostluq küçəsi, saat 12:29-da Sumqayıt şəhəri 32-ci məhəllə, 20 yanvar küçəsində yerləşən Səfərli-1 müəssisəsinin damı, saat 12:36, 13:19, 13:20, 13:21-də Sumqayıt şəhəri 3-cü mikrorayon ev 19A 12 mərtəbəli bina, saat 15:01, 15:31. 15:54-də Sumqayıt şəhəri 18-ci mikrorayon, saat 18:18-də Sumqayıt şəhər bələdiyyəsi 4-cü məhəllə, 1 saylı komitə, saat 20:39-da Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində qeyd olunmuşdur.(i.v 122, 141-143) Cinayət işi üzrə Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl-barmaq izləri, içərisində əl-barmaq və papilyar naxış izlərinin fotoşəkilləri olan 01 ədəd CD disk, eləcə də "xxxx" MMC-nin 06.09.2021-ci il tarixli, BKC/LGL-15958/21 saylı məktubu ilə daxil olmuş 01 ədəd CD disk və çıxarışlar maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v 173-179) Azərbaycan Respublikası DİN-in 01.10.2021-ci il tarixli, 350-11411X-3221 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 01.10.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.3.2, 181.3.4-cü maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Qaradağ rayon məhkəməsinin 28.12.2017-ci il tarixli qərarı ilə «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası 20.10.2017-ci il tarixli Qanununu tətbiq etməklə Azərbaycan Respublikası CM-in 181.3.2, 181.3.4-cü maddələri xaric edilərək əməli Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələrinə tövsif edilərək 12 il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və 02.09.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən o məhkum olunmuş hesab edilir.(i.v 148) Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, ümumiyyətlə hadisə baş verən gün Sumqayıt şəhərində olmaması ilə bağlı qeyd edir ki, bu təqsirləndirilən şəxsin özünü müdafiə üçün seçdiyi üsuludur. Onun hadisə baş verən gün Sumqayıt şəhərində, hadisə baş verən yerdə olması, oğurluq hadisəsini törətməsi qanuni yolla əldə edilmiş inandırıcı və mötəbər sübutlarla təsdiq edilir. "xxxx" MMC-dən alınmış məlumatlar, hadisə baş verən mənzildən götürülmüş əl-barmaq izləri, zərərçəkmiş şəxsin və şahidin göstərdikləri hər hansı sübutla təkzib edilmir və işin halları ilə uyğunluq təşkil edirlər. Ona görə də, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi və onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Rspublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirən hal Füzuli rayonundan məcburi köçkün olması müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi residiv sayılır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdə olan protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 21.06.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23.06.2021-ci il tarixdə azad edilmişdir. Onun tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən cəzadan çıxılmalıdır. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq və məhkəmə-daktiloskopik ekspertizaları keçirilməsi ilə əlaqədar 211,11 (iki yüz on bir mnat on bir qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübutlar-Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl-barmaq izləri, içərisində əlbarmaq və papilyar naxış izlərinin fotoşəkilləri olan 01 ədəd CD disk, eləcə də "xxxx" MMC-nin 06.09.2021-ci il tarixli, BKC/LGL-15958/21 saylı məktubu ilə daxil olmuş 01 ədəd CD disk və çıxarışlar sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21.06.2021-ci il tarixdən 23.06.2021-ci il tarixədək həbsdə saxlanıldığı iki gün ona təyin edilən cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 17.01.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. İş üzrə maddi sübutlar Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl-barmaq izləri, içərisində əlbarmaq və papilyar naxış izlərinin fotoşəkilləri olan 01 ədəd CD disk, eləcə də "xxxx" MMC-nin 06.09.2021-ci il tarixli, BKC/LGL-15958/21 saylı məktubu ilə daxil olmuş 01 ədəd CD disk və çıxarışlar sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Keçirilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri, yəni 211,11 (iki yüz on bir manat on bir qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-92/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-92/2022
17.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver