Məhkəmə qərarları › İş №1(060)-92/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-92/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-92/2024 24.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2000-ci ildə, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 06 ədəd bükümdə 1,733 qram çəkidə narkotik vasitə olan heroini və 01 ədəd elektron tərəzini əldə edib daşıyaraq üzərində saxlamış, 24 avqust 2023-cü il tarixdə saat 17:20 dəqiqədə Sumqayıt ŞPİ-nin 1ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 17-ci mikrorayon, ismət Qayıbov küçəsində yerləşən «Gold Palace» şadlıq sarayının yaxınlığında saxlanılaraq 1-ci PB-nə aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən ağ rəngli sellofan bükülünün içərisindən 06 ədəd kağız bükümlərdə (03 ədəd qara rəngli 03 ədəd qızılı rəngli) ayrı-ayrılıqda təmiz çəkiləri - 0,368 qram, 0,316 qram, 0,306 qram, 0,195 qram, 0,259 qram, 0,289 qram və ümumi təmiz çəkisi 1,733 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, narkotik vasitələrin istifadəçisidir. Belə ki, o özünü İran vətəndaşı kimi təqdim edən şəxslə sosial şəbəkədə tanış olmuşdur. O, həmin şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitə istəmişdir. Həmin şəxs narkotik vasitəni Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Gold Palace” şadlıq sarayının yanında bir yerə qoyduğunu bildirmişdir və həmin yerin konumunu votsap vasitəsilə ona atmışdır. Həmin yerdə bir qram narkotik vasitə metamfetamin olmalı idi. O, razılaşmaya əsasən narkotik vasitəni götürdükdən sonra həmin şəxsin kart hesabına 50 manat pul göndərəcəkdi. O, əvvəllər də həmin adamdan narkotik vasitə almışdır. xx.xx.2023-cü il tarixdə günorta saat 15-16 radələrində o, konumda göstərilən əraziyə gəlmişdir. Narkotik vasitənin olduğu yeri müəyyən etmiş və yaxınlaşaraq narkotik vasitəni götürmək istəyərkən 3-4 nəfər polis əməkdaşı onu saxlamışlar. Həmin yerdə aralıq yol var idi. Həmin yolda qaz trubasının içində narkotik vasitə olmalı idi. Narkotik vasitəni götürməmişdən polis əməkdaşları onu tutmuş və qolunu buraraq avtomobilə oturtmuşlar. Həmin şəxslər mülki geyimdə olduqlarından onların polis əməkdaşı olduğunu bilməmiş və müqavimət göstərmişdir. Bu səbəbdən onun başından və üzündən vurmuşlar. Onlar həmin yerdən narkotik vasitəni götürərək ona vermiş və götürüb üstündə saxlamasını tələb etmişlər. O, bükülünün böyük olduğunu görərək əvvəlcə onu götürməkdən imtina etmişdir. O, bildirmişdir ki, az miqdarda narkotik vasitənin ardınca gəldiyini bildirmişdir. Lakin, polis əməkdaşları onun qollarını burmuş və başından zərbə ilə vurmuşlar. Onu vurduqları üçün məcbur olub bükülünü götürmüşdür. Polis bölməsində ona bildiriblər ki, çəkilişdə narkotik vasitələrin ona məxsus olduğunu etiraf edərsə iki gün müddətində evə buraxılacaq. Bu səbəbdən çəkiliş zamanı narkotik vasitənin ona məxsusluğunu etiraf edib. Lakin, polis bölməsində onu döyməyiblər. Bükümlərin sayını və tərəzini yalnız çəkiliş zamanı büküm açılarkən görüb. Lakin, ona buraxılacağı ilə bağlı söz verdikləri üçün etiraf etmişdir. O, həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar məhkəməyə gətirilərkən bu barədə bildirməmiş, lakin vəkili bu barədə demişdir. O, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Götürməli olduğu narkotik vasitə və tərəzi ona məxus deyil. Yəni, o həmin narkotik vasitənin ardınca gəlməmişdi və götürməli olduğu bükümdə tərəzi olmalı deyildi. O, özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir və həmin maddənin sanksiyası ilə ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadələr arasında ziddiyətlə olduğu üçün məhkəmə iclasında onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs bildirmişdir ki, o, bir neçə aydır ki, narkotik vasitələrdən istifadə edir. O, təxminən üç ay əvvəl «İnstaqram» sosial şəbəkəsində özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən «Mahir» adlı şəxslə tanış olmuşdur. Söhbət əsnasında «Mahir» onun narkotik vasitələrdən istifadə etdiyini bilmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında o, həmin şəxsə bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin «patı» sifariş vermişdir. «Mahir» onun mobil telefonuna «whatsapp» vasitəsi ilə gedəcəyi yerin ünvanını göndərmişdir. Ünvan Sumqayıt şəhəri olmuşdur. O, patını götürdükdən sonra onun pulunu kart vasitəsi ilə ödəyəcəkmiş. Bundan sonra o, taksi sifariş verib Sumqayıt şəhərinə göstərilən ünvana gəlmişdir. O, saat 17:20 dəqiqədə həmin ünvana çatmışdır. O, telefonda şəkil çəkilib atılan yəni, göstərilən yerə yaxınlaşıb orada olan sellofan bükülünü götürmüş və cibinə qoyduqdan sonra iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdini etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona bildirdilər ki, o, narkotik vasitələrin istifadəsində, üzərində gəzdirilməsində və satışında şübhəli bilinir. Buna görə də onlar onun üzərində şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra onlar bir başa 1-ci PB-nə gəlmişlər. Polis Bölməsində xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcədə hüquqlarını müdafiə etmək üçün ona təqdim olunmuş siyahıdan seçdiyi Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X2 təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməyi təklif etmişlər. O, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükülünü və sol cibindən özünə məxsus 01 ədəd Samsung markalı mobil telefonu çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Sellofan bükülünün içərisinə baxış keçirilərkən oradan yapışqan lentlə sarınmış qara rəngli bükülü aşkar olunmuşdur. Həmin bükülü qayçı ilə kəsilib açıldıqda içərisində 01 ədəd işlək vəziyyətdə elektron tərəzi, siqaretin ağ rəngli sellofanı içərisində ümumilikdə 06 ədəd, 03 ədəd siqaretin qara rəngli kağızına bükülmüş, 03 ədəd isə siqaretin qızılı rəngli kağızına bükülmüş bükümlər aşkar olunmuşdur. Təhqiqatçı ondan bükümlərin içərisindəki kütlələrin nə olduğunu soruşmuşdur. O, bükümlərin içərisində nə olduğunu bilmədiyini, həmin sellofan bükülünü telefonda yazışdığı İran vətəndaşının dediyi yerdən götürüb, Bakı şəhəri, Xutor qəsəbəsində onun deyəcəyi şəxsə verəcəyini, bunun müqabilinqdə isə ona özü istifadə etmək üçün narkotik vasitə veriləcəyini bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş həmin bükümlər elektron tərəziyə qoyulub çəkilmişdir. Qara rəngli kağıza bükülmüş 1-ci büküm 0,40 qram, 2-ci büküm 0,39 qram, 3cü büküm 0,50 qram, qızılı rəngli kağıza bükülmüş 1-ci büküm və çəkisi 0,43 qram, 2-ci büküm 0,31 qram və 3-cü büküm isə 0,39 qram təşkil etmişdir. Bükümlərin ümumi çəkisi isə 2,43 qram təşkil etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra isə həmin narkotik vasitə qablaşdırılaraq möhürlənmişdir. O, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin çəkisi ilə bağlı heç bir etiraz etməmişdir. Ona məxsus telefon da iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Bundan sonra bu barədə tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. O, saxlanılarkən və polis bölməsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. O, narkotik vasitə olan heroini sosial şəbəkədə tanış olduğu «Mahir» adlı İran vətəndaşının dediyi yerdən götürüb Bakı şəhəri, Xutor qəsəbəsində onun deyəcəyi şəxsə verib bunun müqabilinqdə isə özü istifadə etmək üçün narkotik vasitə götürəcəkmiş. O, narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. O, bundan əvvəl bir dəfə özü istifadə etmək üçün həmin şəxsdən narkotik vasitə olan heroin almışdır. O, oradan bir büküm «patı» götürməyə gəlmişdir. Orada 06 büküm narkotik vasitə və tərəzi olacağından xəbəri olmamışdır. Məhkəmə iclasında aşağıdakı şahid ifadələri dinlənilmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, hazırda Sumqayıt şəhər polis idarəsinin 1-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, qanunsuz üzərində saxlaması və satması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında saat 17:20 dəqiqədə əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 17-ci mikrorayon, İ.Qayıbov küçəsində yerləşən «Gold Palace» şadlıq sarayının yaxınlığında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs yaxınlaşarkən o, qaçmağa başlamış və onlar Təqsirləndirilən şəxs həmin ərazi ilə üzbəüz olan bağ sahəsinin içində saxlamışlar. Təqsirləndirilən şəxs onlara müqavimət göstərdiyi üçün müvafiq polis fəndindən istifadə edərək onu avtomobilə oturdub polis bölməsinə aparmışlar. Onlar təqsirləndirilən şəxsi döyməmişlər. Sadəcə qaçdığı və onlara müqavimət göstərdiyi üçün müvafiq fəndlərdən istifadə edərək onu polis bölməsinə aparmışlar. Polis bölməsində olarkən onun və digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki təzyiq və digər təsir göstərilməmişdir. Polis Bölməsində videoçəkilişlə və vəkilin iştirakı ilə təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış keçirilmişdir. Öncə ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükülünü və həmin şalvarın sol yan cibindən bir ədəd Samsung markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən sellofan bükülü açıldıqda içərisində qara rəngli sellofana bağlanmış bir ədəd elekton tərəzi, siqaretin qara rəngli kağızına bükülmüş 03 ədəd və siqaretin qızılı rəngli kağızına bükülmüş 03 ədəd bükümlər olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bükümün içərisində nə olduğu soruşulduqda o, bükümün içərisində nə olduğunu bilmədiyini, sosial şəbəkədə tanış olub yazışdığı şəxsin ondan həmin bükülünü götürüb Bakı şəhəri, Xutor qəsəbəsində onun dediyi şəxsə verməsini və bunun müqabilində ona istifadə etmək üçün narkotik vasitə «kakos» verəcəyini dediyini bildirmişdir. Bundan sonra bükümlər ayrıayrılıqda elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi və satması barədə onlarda əvvəllər əməliyyat məlumatı olmuşdur. Ancaq onun narkotik vasitələri kimlərə satması barədə onlarda əməliyyat məlumatı olmamışdır. Onlar bundan bir neçə ay əvvəl əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs saxlamış və polis bölməsində üzərinə axtarış keçirilərkən onun üzərindən hər hansı narkotik vasitə və digər qeyri-qanuni əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən ona qarşı fiziki təsir göstərilməsi və onunla sövdələşmə aparılması barədə bildirdikləri həqiqəti əks etdirmir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə iclasında şahid qismində dindirilmiş 1-ci PB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermiş, lakin təqsirləndirilən şəxsin qaçması və qaçarkən yaxalanması ilə bağlı hər hansı ifadə işlətməmişdir. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.2-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:20-də şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə, saat 17:20-də Sumqayıt şəhəri, 17-ci mkr, İsmət Qayıbov küçəsi, Gold palace şadlıq sarayının yaxınlığında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. Polis bölməsində saat 18:40-dan 18:56-dək şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 6 ədəd narxotik vasitə olan heroinə bənzər kütlələr, 1 ədəd mobil telefon və 1 ədəd elektron tərəzi götürülərək ayrıayrı zərflərdə qablaşdırılmışdır. xx.xx.2023-cü il tarixdə, saat 10:35-də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-322/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4539 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 03 ədəd «qara» rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,368 qram, 0,316 qram, 0,306 qram, ümumi təmiz çəkisi 0,990 qram tünd qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkibinə və xarici əlamətləinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 03 ədəd «qızılı» rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,195 qram, 0,259 qram, 0,289 qram, ümumi təmiz çəkisi 0,743 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkibinə və xarici əlamətləinə görə eyni olub, kustar üsuslla hazırlanmış narkotik vasitə olan heroindir. Heroinin ümumi təmiz çəkisi 1,733 təşkil edir. Təqdim edilmiş 3 ədəd «qara» rəngli kağız bükümdə olan heroinlər və 3 ədəd «qızılı» rəngli kağız bükümdəki heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə fərqlidirlər. Tədqiqata sərf edildi 0,18 qram, qalıq 1,553 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə xx.xx.2023-cü il tarixli, 6212 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Maddi sübut kimi tanıma barədə” xx.xx.2023-cü il tarixli qərara əsasən istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 1,733 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 1,553 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin ümumi çəkisi 1,733 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 1,553 qram çəkidə narkotik vasitə heroin və Sumqayıt ŞPİ-nin 1-ci PBnin təhqiqatçısı tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 01 ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması nəzərə alınmışdır. İşin məhkəmə istintaqı zamanı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər daxil olan və çıxan sms mətnləri, telefon zəngləri, eyni zamanda xx.xx.2023-cü il saat 10:00-dan 20:00-dək olduğu ərazilər üzrə anten məlumatlarının "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Həmin qərar əsasında "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubu ilə müvafiq məlumatlar məhkəməyə göndərilmişdir. Eyni zamanda məhkəmə sorğusu əsasında Sumqayıt şəhər Polis idaərsinin xx.xx.2024-cü il tarixli məktubu ilə Sumqayıt ŞPİ-nin Müvəqqəti saxlanma yerində olan şəxslərin uçot kitabının təqsirləndirilən şəxsə aid hissəsindən çıxarış məhkəməyə göndərilmişdir. Məhkəmə sorğusuna əsasən Azəraycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Təhlükəsiz Şəhər Xidmətində arxivlərin saxlanma müddəti bitidiyindən müvafiq məlumatların təqdim edilməsi mümkün deyil. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır (63.1). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə (bundan sonra - CPM) əsasən məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir (351.1.). Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (351.2.). Məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (351.3.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Müdafiə tərəfinin əsas dəlilləri ondan ibarətdir ki, təqsirləndirilən şəxs İran vətəndaşı olan şəxslə “vatsapp” mesajlaşma sistemi vasitəsilə əlaqə saxlayaraq öz şəxsi istifadəsi üçün metamfetamin əldə etmək üçün Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən «Gold Palace» şadlıq sarayının yaxınlığında olan əraziyə getmiş, xx.xx.2023-cü tarixdə, saat 15-16 radələrində, həmin ərazidə narkotik vasitəni götürməyə macal tapmamış polis əməkdaşları tərəfindən saxlanmışdır. Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarışın keçirilməsi barədə videodiskdə olan videoyazıda təqsirələndirilən şəxs bildirir ki, İran vətəndaşı olan şəxslə “vatsapp” mesajlaşma sistemi vasitəsilə əlaqə saxlamış, həmin şəxs ona “konum” ataraq həmin ərazidə bağlamanın olduğunu, həmin bağlamanı oradan götürərək “Xutor” qəsəbəsində başqa bir şəxs çatdırmasını xahiş etmiş və bunun müqabilində ona narkotik vasitə veriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs verdiyi həmin ifadəni tutularkən polis əməkdaşları tərəfindən döyülməsi, həmçinin sonradan polis əməkdaşları tərəfindən onunla sövdələşmə aparılaraq, çəkiliş zamanı qeyd edilən şəkildə ifadə verəcəyi təqdirdə evə buraxılacağı ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxsin Sumqayıt ŞPİ-nin MSY-nə gətirilərkən üzərində hər hansı xəsarətin olub-olmamasının müəyyən edilməsi ilə bağlı məhkəmə tərəfindən müvafiq sorğu verilmiş və MSY-nin uçot kitabından çıxarış məhkəməyə göndərilmişdir. Həmin çıxarışdan görünür ki, MSY-nə gətirilərkən təqsirləndirilən şəxsin üzərində hansısa xəsarətin olması ilə bağlı uçot kitabında hər hansı qeydiyyat aparılmamışdır. Eyni zamanda müdafiə tərəfi təqsirləndirilən şəxsin iş materiallarında və ittiham aktında göstərilən saxlanma vaxtını mübahisələndirdiyindən müvafiq məhkəmə qərarı əsasən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər daxil olan və çıxan sms mətnləri, telefon zəngləri, eyni zamanda xx.xx.2023-cü il saat 10:00-dan 20:00-dək olduğu ərazilər üzrə anten məlumatlarının "xxxx" MMC tərəfindən məhkəməyə göndərilmişdir. Antenn məlumatları bölməsindən görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü tarixdə, saat 15:01-də “Bakı şəhəri, Binəqədi rayonu, Binəqedi şossesi” anten dairəsində olmuşdur. Bundan sonra isə onun mobil nömrəsi hər hansı siqnal verməmişdir. Eyni zamanda müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə sorğu verilərək təqsirləndirilən şəxsin saxlandığı ərazidə olan “Təhlükəsiz şəhər” kamerasının müvafiq görüntüləri tələb edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Təhlükəsiz Şəhər Xidmətində arxivlərin saxlanma müddəti bitidiyindən müvafiq məlumatların təqdim edilməsi mümkün deyil. Göründüyü kimi təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadənin həqiqiliyi iş üzrə ibtidai istintaq zamanı toplanmış, mötəbərliyi şübhə doğurmayan sübutlarla təkzib edilir. Təqsirləndirilən şəxsin bildirdikləri məlumatların dəqiqləşdirilməsi üçün onun müdafiəçisinin vəsatəti əsasında məhkəmə tərəfindən müvafiq sorğular verilsə də, təqsirləndirilən şəxsin ifadəsini təsdiq edən hər hansı mötəbər sübut əldə edilməmişdir. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadə özünümüdafiə xarakteri daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli Qərarının 11-ci bəndində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CMin 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs özünü İran vətəndaşı kimi təqdim edən şəxslə razılıq əsasında həmin şəxsin müvafiq əraziyə qoyduğu narkotik vasitəni digər şəxsə çatdırmaqla mənfəət əldə etmək barədə razılaşmış və narkotik vasitəni həmin məqsədlə götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanmışdır. Narkotik vasitənin bir nüçə bükümə bölünməsi, bükülüdə narkotik vasitə ilə birlikdə tərəzinin də olması qeyd edilən xüsusatları təsdiq edir. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadədə ziddiyətli məqamlar olmuşdur. Belə ki, təqsirləndirilən şəxs əvvəlcə polis əməkdaşlarının onu saxlayarkən qolunu buraraq başına və üzünə vurmaqla onu döydüklərini bildirmişdir. Yalnız Şahid1 onun saxlanarkən qaçması və qaçarkən yaxalanması barədə ifadə verdikdən sonra o, ifadəsinə düzəliş edərək həqiqətən polis əməkdaşlarını gördükdən sonra qaçmağa cəhd etdiyini təsdiq etmişdir. Qeyd olunan ziddiyətli məqam isə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsində həqiqəti söyləmədiyi barədə daxili inamın yaranmasına səbəb olur. Digər Şahid2 isə təqsirləndirilən şəxsin saxlanarkən qaçmağa cəhd etməsi ilə bağlı ifadə verməmiş, suallara cavab verərəkən isə bunu dəqiq xatırlamadığını bildirmişdir. Məhkəmə bunu hadisədən uzun müddət keçməsi və polis əməkdaşlarının tez-tez belə tədbirlərdə iştirak etmələri səbəbindən şahidin hadisəni dəqiq xatırlaya bilməməsinin mümkünlüyü ilə əlaqələndirir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə belə nəticəyə gəlir ki, onun təqsirləndirildiyi maddənin sanksiyasında yalnız azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulması, narkomaniya xəstəliyindən əziyyət çəkməsi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmaqla, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində 03 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış xalis çəkisi 1,533 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübutekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 1,553 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin əks olunduğu 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar