Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-921/2022 23.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs:Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Sumqayıt Tibb İdarəsinin Mühafizə Xidmətinin mühafizə rəhbərinin köməkçisi vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 18:30 radələrində Zərərçəkmiş şəxs ilə aralarında Sumqayıt şəhəri, 9-cu mikrorayon, 51 nömrəli binanın qarşısında yerləşən uşaq meydançasında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı sonuncuya sifət nahiyyəsinə yumruqla qəsdən bir neçə zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, Pərvanə ilə 2005-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan iki övladları var. Ailə həyatları hər zaman yaxşı olub, münasibətləri insani səviyyədə olub. Aralarında elə bir ciddi problemlər yaşanmayıb. Təbii ki, hər bir ailədə ola biləcək kiçik konfliktlər bu və ya digər səbəbdən onların da evində yaşanmışdır. Son zamanlar həyat yoldaşı Pərvanə işdən gərgin gəlir, həmin gərginliyi ona və uşaqlarına da sirayət edir. Xırda məişət problemlərini şişirdir. Anasıgilə niyə getdiyini ona irad bildirir və sairə. Sonuncu dəfə təxminən 4-5 gün bundan öncə yaşadıqları evdə həyat yoldaşı Pərvanə ona hörmətsizlik etdiyindən, üstünə acıqlandığından və israrla evdən gedəcəyini bildirdiyinə görə o əlinin arxası ilə onun sinə nahiyyəsinə yüngül vurmuşdur. Sonra isə ona bildirmişdir ki, evdən çıxıb getməsin. Lakin onun evdə başının qarışıq olmasından istifadə edib qızı Ayşəni də götürüb çıxıb atası evinə getmişdir. Bu 4 gün müddətində onunla əlaqə saxlamamışdır. O da üstünə getməməsi üçün səbrlə gözləmişdir ki, sonra gedib atası ilə söhbət edər. xx.xx.2022-ci il tarixdə saat 18:20 radələrində Pərvanə ona zəng vurub harada olduğunu soruşmuşdur. Evdə olduğunu bildirmişdir. Ondan boşanıb-boşanmamağını soruşmuşdur. O da bildirmişdir ki, nəyə görə boşanıb. Pərvanə bildirmişdir ki, evə qayıdacaq, Pərvanə ayrı, o da ayrı otaqlarda yaşayacaqlar, onun telefonuna baxmayacaqdır. Yəni bir sözlə Pərvanə ona şərt qoyaraq evə qayıtmaq istədiyini bildirmişdir. Həmçinin telefonda onu təhqir etmişdir. Axşam namazına gedərkən qərara gəlmişdir ki, Pərvanənin atasıgilin həyətindən keçib, bəlkə həyətdə olsa orada normal insan kimi söhbət etsin. Həyətə gələndə görmüşdür ki, həyət yoldaşı Pərvanə qaranlıqda skamyada oturub telefonla kiminləsə yazışır. Pərvanəyə yaxınlaşıb telefonunu baxmağı üçün ona verməsini istəmişdir. Lakin Pərvanə dərhal telefonun yan düyməsini basıb əynindəki gödəkçənin cibinə qoyub zamokunu bağlamışdır. O Pərvanədən telefonu çıxarıb kodunu açaraq ona təqdim etməsini tələb etmişdir. Çünki həyat yoldaşından şübhələnmişdir. Pərvanə isə telefonu ona göstərə bilməyəcəyini deyib ondan çıxıb getməsini istəmişdir. Bu zaman o təklif etmişdir ki, əgər ona vermirsə birlikdə onun atasının yanına getsinlər və atasının yanında telefonu açıb mesajları göstərsin. Lakin Pərvanə atasının yanında telefonu aça bilməyəcəyini qəti şəkildə bildirib ondan qaçmaq istədikdə o Pərvanədən daha da şübhələnib əsəbiləşərək qısqanclıq zəminində onun sifət nahiyyəsinə əli ilə bir neçə zərbə vurmuşdur. Zərbələrdən Pərvanə müvazinətini itirmiş və o da Pərvanənin telefonunda hansısa mesajlar olub-olmamasını müəyyən etmək üçün cibindən özünün ona alıb verdiyi Samsung Galaxy A52 markalı mobil telefonu götürmüşdür. Bundan sonra oranə tərk edib evə getmişdir, sonra isə telefonu söndürüb evə qoymuşdur. Telefonu Pərvanəyə o almışdır, telefonu götürməkdə məqsədi onun kiminlə yazışmasını, mesajların məzmununun nədən ibarət olmasını öyrənmək olmuşdur. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs bildirdi ki, Ramizlə 2005-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan 2 övladları var. Hər iki övladı yetkinlik yaşına çatmamışdır. Son zamanlar həyat yoldaşı Ramiz birgə yaşadıqları evi satmaq qərarına gəlmişdi və o buna qəti şəkildə etirazını bildirmişdir. Evin satılmayacağını ona demişdir. Həmçinin həyat yoldaşı Ramiz evli olduqları dönəmdə ona dəfələrlə xəyanət etdiyindən və bu hallar ona məlum olduğundan aralarında ailədaxii münaqişələr olmuş və Ramiz onu dəfələrlə yaşadıqları evdə döymüşdür. O hətta bir neçə il bundan öncə boşanmaq üçün məhkəməyə də müraciət etmişdir. Lakin sonradan barışmışlar. Bu məzmunlu ailədaxili münasibətləri mütəmadi davam etmişdir. xx.xx.2022-ci il tarixdə qızı Ayşə evdə tək olduğundan və qorxduğundan o həyat yoldaşı Ramizə zəng vurub bildirmişdir ki, uşaq evdə qorxur, evə getsin. Lakin Ramiz telefonda ona acıqlanmışdır. Evə gələndə isə “sən kimsənki mənə zəng vurub əmr edirsən” demişdir. Özü mübahisəni qızışdırmağa başlamış və onu evdə vurmuşdur. O da artıq bezdiyindən qızını da götürüb evdən qaçaraq atası evinə gəlmişdir. Həmin vaxtdan da zəng vurub telefonda onu hədələmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhərində hüzür yerindən gəlmişdir. Atasıgilin yaşadığı 51 saylı binanın qarşısındakı uşaq meydançasında oğlu Rəhmanı görmüşdür. Qərara gəlmişdir ki, oğluyla oradakı skamyada oturub söhbət etsin. Həmin vaxt saat 18:30 radələri olardı. Oğlu Rəhmanla bir qədər söhbət etdikdən sonra o dostları ilə görüşəcəyindən ondan aralanıb getmişdir. O da oğluna demişdir ki, bir az oturub evə qalxacaqdır. Oğlu Rəhman getdiyindən təxminən 5 dəqiqə sonra həyat yoldaşı Təqsirləndirilən şəxs haradansa çıxıb onun üstünə gəlmişdir. O həmin vaxt oğlu Rəhmana mesaj yazırmış və ona çatan kimi kiminlə mesajlaşdığını soruşmuşdur. O da Ramizə bildirmişdir ki, oğlu Rəhmana yazır. Lakin Ramiz ona inanmamış və bildirmişdir ki, guya o kənar şəxslə mesajlaşır. O Ramizə qəti etirazını bildirdikdə həyat yoldaşı Ramiz qəflətən yumruqla onun burun, ağız, sol yanaq nahiyyələrinə bir neçə güclü zərbə vurmuşdur. Zərbələrin təsirindən o özünü itirib yerə yıxılmışdır. Yerə yıxıldıqda o əynində olan gödəkçəni boyun nahiyyəsindən tutub onu dartışdırmış və təpiklə də ayaqlarına vurub gödəkçənin cibindən özünə məxsus Samsung Galaxy A52 markalı mobil telefonunu mesajalrını yoxlamaq üçün götürüb qaçaraq ərazidən uzaqlaşıb getmişdir. Burnunun qanı dayanmamışdır və o atası evinə qalxmışdır. Hadisə barədə onlara məlumat verdikdən sonra qardaşının mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 1824 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır:sol gözətrafının dərialtı hematoması, burnun sol yansəthinin sıyrığı, sol gözün ağlı qişasının qansızması, sol almacıq nahiyyənin yumşaq toxumalarının şişkinlik fonunda əziyi. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir.(i.v 14-17) İş materiallarında olan 14 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 26) İş materiallarında olan DİN-nin xx.xx.2022-ci il tarixli, 350-18402Ş3222 saylı arayışından və DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 27, 59a) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 4669 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 28) İş materiallarında olan “Sumqayıt Tibb Mərkəzi” X3 1 nömrəli şəhər xəstəxanasının 566 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur.(i.v 28) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmişdir.(i.v 56-58) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilən norma 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmişdir və həmin vaxtdan sonra Təqsirləndirilən şəxs həmin əsasla məsuliyyətdən azad olunmamışdır. Ona görə də, həmin maddənin tətbiq edilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CMnin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, təqsirləndirilən şəxsin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 36 (otuz altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-921/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-921/2022
23.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver