Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-928/2024 12.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli rayonu Yağlıvənd kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs hərəkət qaydalarını pozaraq ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində BC kateqoriyalı, AE059637 seriya sürücülük vəsiqəsi ilə özünə məxsus idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz E320 minik” markalı, **-EJ-***” dövlət qeydiyyat nişanlı avtomaşınla Sumqayıt şəhəri X11 ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70-80 km/saat sürətlə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunlara əməl etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozmaqla Sumqayıt şəhəri, X11, «Ləman» mebel dükanının qarşısında yolu soldan sağa keçən piyada, xx xxxx 1980-ci il təvəllüdllü Zərərçəkmiş şəxs avtomaşının qabaq hissəsi ilə vurmaqla, ehtiyatsızlıqdan sonuncuya döş qəfəsinin və qarnın küt travması, sağ Vİ- Vİİ-Vİİİ-İX-X qabırğaların məmə xətt üzrə yerdəyişən qapalı sınığı, sağ ağ ciyərin cırılmış yarası, qara ciyərin sağ payının diafraqma səthinin cırılmış yaraları, peritonarxası geniş hematoma, yoğun bağırsaq müsariqəsinin qopması, sol baldır sümüklərinin açıq sınığı, sağ baldırın və sağ bazunun qapalı sınıqları, alın nahiyəsinin, döş qəfəsinin ön səthinin sol yarısının, döş qəfəsinin sağ yan səthinin, sağ qalça tini nahiyəsinin, sağ budun yuxarı 1/3-nin arxa bayır səthinin, sağ baldırın yuxarı 1/3-nin ön iç səthinin, sağ dizin ön səthinin sıyrıqları kimi dərəcəsinə görə ümumilikdə həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə döş və qarnın küt travması nəticəsində daxili orqanların cırılmasından baş verən daxili qanitirmədən ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərəçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirlir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2003-cü il buraxılışlı “Mercedes Benz E320 minik” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmaqla avtomobili idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri, X11, Ləman mebel dükanının qarşısı ilə öz avtomobili ilə 70-80 km/saat sürətlə gedirdi. Avtomobildə dostları Əmrah və Çoşqun olmuşdur. Həmin vaxtı yol qaranlıq və quru olmaqla, avtomobilin qabağında heç bir avtomobil olmamışdır. Həmin yol üç zolaqlı olmuşdur. Qeyd olunan ünvanda avtomobili ilə hərəkətdə olduğu zaman yolun ortasında dayanmış bir nəfər şəxsin yolun sağ kənarında 2-3 nəfər ilə söhbət etdiyini görmüşdür. O maşını yolun kənarı ilə sürmüşdür. Həmin şəxs anidən onun gəldiyini görüb özünü itirərək avtomobilin qabağına atılmışdır. O bu səbəbdən dərhal əyləci basmış, lakin buna baxmayaraq həmin şəxsə xəsarət yetirmiş və şəxs zərbənin təsirindən yolun digər hərəkət hissəsinə düşmüşdür. O tez həmin şəxsi xəstəxanaya aparmaq üçün onun yanına getmiş, lakin artıq həmin şəxs dünyasını dəyişmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Hadisə xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Sumqayıt şəhəri, X11, Ləman mebel dükanının qarşısında baş vermişdir. Hadisəsinin baş vermə səbəbi həmin şəxsin maşının üzərinə anidən atlaması olmuşdur. Baş vermiş hadisə zamanı onun üçün təhlükə anı çox ani baş vermiş, yəni o öz yolu ilə gedərkən həmin şəxs qəfildən onun maşınının üzərinə qaçmış, təhlükə anı onun üçün ani yaranmış və 1-2 saniyə çəkmişdir. O həmin şəxsi təxminən 30-40 metrdən yolun ortasında dayandığını görmüş, lakin zənn etmişdir ki, həmin şəxs yolu keçər, ancaq keçməmiş, çünki o saatda təxminən 70-80 km/saat sürətlə hərəkət etmişdir. Hadisə zamanı spirtli içki və ya bihuşedici maddə qəbul etməmiş, baş vermiş hadisə zamanı özü, avtomobildə olan Əmrah və Coşqun xəsarət almamışlar, lakin avtomobili ilə vurduğu şəxs hadisə yerində vəfat etmişdir. Həmin yol asfalt yolu olmuş, yol nəqliyyat hadisəsi zamanı yol qaranlıq vəziyyətdə, yolun örtüyü quru olmuşdur. Hadisə zamanı onun avtomobilinə heç bir kənar təsir olmamışdır. İdarə etdiyi avtomaşının texniki vəziyyəti normal olmuş, maşında heç bir nasazlıq olmamışdır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs həmçinin, onun təqsirini etiraf etməsini, avtomobili icazə verilən həddən artıq surətlə sürməsindən peşman olmasını, zərərçəkmiş şəxs vəfat etdikdən sonra bütün yas xərclərini çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir tələb və şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun əridir. 30 noyabr 2023-cü il tarixdə, saat 22 radələrində ad və soyadını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E320 minik” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, X11 ilə H.Z.Tağıyev qəsəbəsi hərəkətdə olan zaman həmin istiqamətdə yolu soldan sağa doğru keçməkdə olan xx xxxx 1980-ci il təvəllüdlü əri Zərərçəkmiş şəxs vurmuş və nəticədə sonuncu aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Saat 23:00 radələrində polis tərəfindən zəng gəlmiş, şəxsin morqa yaxınlaşması deyilmişdir. Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi X6 mərhum əri Zərərçəkmiş şəxs dəfn xərclərinin Təqsirləndirilən şəxs tərəfindən çəkilməsini, ona maddi köməklik edilməsini, Təqsirləndirilən şəxs ilə barışmasını, ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Tunar və Coşqun onun dostlarıdır. “Mercedes Benz E320 minik” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil dostu Tunara məxsusdur. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Tunar Sumqayıt şəhəri, X11, Ləman mebel dükanının qarşısı ilə həmin avtomobillə 70-80 km/saat sürətlə gedirdi. Avtomobildə o və Coşqun da olmuşlar. Həmin vaxtı yol qaranlıq və quru olmuşdur. Avtomobilin qabağında heç bir avtomobil yox idi. Həmin yol üç zolaqlı olmuşdur. Qeyd olunan ünvanda avtomobil ilə hərəkətdə olduqları zaman yolun ortasında dayanmış bir nəfər şəxsin yolun sağ kənarında 2-3 nəfər ilə söhbət etdiyini görmüşlər. Tunar maşını yolun kənarı ilə sürmüşdür. Həmin şəxs anidən onların gəldiyini görüb, özünü itirərək avtomobilin qabağına atılmışdır. Tunar dərhal əyləci basmış, lakin buna baxmayaraq həmin şəxsə xəsarət yetirmiş və şəxs zərbənin təsirindən yolun digər hərəkət hissəsinə düşmüşdür. Onlar tez avtomobildən düşüb həmin şəxsi xəstəxanaya aparmaq üçün onun yanına getmişlər. Lakin, artıq həmin şəxs dünyasını dəyişmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Hadisə xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Sumqayıt şəhəri, X11, Ləman mebel dükanının qarşısında baş vermişdir. Hadisəsinin baş vermə səbəbi həmin şəxsin maşının üzərinə anidən atlaması olmuşdur. Baş vermiş yol hadisəsi zamanı onlar xəsarət almamışlar. Ancaq piyada hadisə yerində vəfat etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid X2 Səlimovun ifadəsinə oxşar ifadə vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX- nin inspektoru, polis baş serjantı Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Sumqayıt şəhəri ərazisində xidmətdə olduğu vaxt Sumqayıt şəhəri, X11ndə yerləşən «Ləman» mebel dükanının qarşısında yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal xidməti avtomobil ilə hadisə yerinə getmişdir. Hadisə yerinə gedəndən sonra ona məlum olmuşdur ki, bir az əvvəl sonradan ad və soyadını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E320 minik” markalı, 50- EJ-519” dövlət qeydiyyat nişanlı avtomaşınla X11, “Ləman” mebel dükanının qarşısında yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs avtomaşının qabaq hissəsi ilə ehtiyatsızlıqdan vurmuş və nəticədə Zərərçəkmiş şəxs aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Həmin sürücünün hadisə yerindən qaçması halları baş verməmişdir. Yol-nəqliyyat hadisəsinin baş verdiyi əraziyə gedən zaman həmin sürücü hadisə yerində olmuş, onun iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, eləcə də sərxoşluğunu yoxlamaq üçün Sumqayıt Narkoloji Dispanserinə aparılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 01 dekabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmış, iş icraata qəbul edilmişdir. (i.v 1) Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 01 dekabr 2023-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, hadisə baş verən yol asfaltbeton örtüklü, düz olmuş, hadisə baş verən zaman yol quru olmuşdur. Hadisə baş verən yolun ümumi eni 20 metr olmaqla, 6 hərəkət zolağından ibarətdir, hərəkət hissələrinin eni 10 metrdir. Yolda əks istiqamətdə nəqliyyat axınını beton qat ayırır. Yol-nəqliyyat hadisəsi zamanı “Mercedes Benz E320 minik” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil piyadanı yolun orta beton qat tərəfdən 2 metr, sağ yan tərəfdən isə 8 metr ara məsafədə vurmuşdur. Bu istintaq hərəkətinin nəticəsi protokolla rəsmiləşdirilmiş və fotoşəkillər çəkilərək həmin protokola əlavə edilmişdir (i.v. 5-14); 30 noyabr 2023-cü il tarixli, 6074 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. (i.v.15) Sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə «BC» kateqoriyalı AE059637 nömrəli on illik sürücülük vəsiqəsi almışdır.(i.v.17) Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş BD seriyalı, 288174 nömrəli buraxılış ili 2003-cü il, “Mercedes Benz E320 minik” markalı, **- EJ-*** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Təqsirləndirilən şəxsdur. (i.v. 18) Zərərçəkmiş şəxsin yaxın qohumunun hüquqi varisi qismində tanınması haqqında 04 dekabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə ölmüş Zərərçəkmiş şəxs arvadı X6 hüquqi varis qismində tanınmışdır (i.v. 24); Məhkəmə-Tibbi Ekspertiza və X5 Publik hüquqi şəxsinin mərhum Zərərçəkmiş şəxs barəsində verilmiş 30 dekabr 2023-cü il tarixli, 131 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində döş qəfəsinin və qarnın küt travması, sağ Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların məmə xətt üzrə yerdəyişən qapalı sınığı, sağ ağ ciyərin cırılmış yarası, qara ciyərin sağ payının diafraqma səthinin cırılmış yaraları, peritonarxası geniş hematoma, yoğun bağırsaq müsariqəsinin qopması, sol baldır sümüklərinin açıq sınığı, sağ baldırın və sağ bazunun qapalı sınıqları, alın nahiyəsinin, döş qəfəsinin ön səthinin sol yarısının, döş qəfəsinin sağ yan səthinin, sağ qalça tini nahiyəsinin, sağ budun yuxarı 1/3-nin arxa bayır səthinin, sağ baldırın yuxarı 1/3-nin ön iç səthinin, sağ dizin ön səthinin sıyrıqlarından ibarət xəsarətlər aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdirlər, həyatidirlər, onun ölümündən az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə YNH-si zamanı əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb döş və qarnın küt travması nəticəsində daxili orqanların cırılmasından baş verən daxili qanitirmə olmuşdur. Onun ölümü meyitin meyitxanada müayinəsindən (xx.xx.2023-cü il tarixdə saat 01:00-da) 2-4 saat əvvəl (xx.xx.2023-cü il tarixdə) baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın kimyəvi müayinəsi nəticəsində etil spirti, narkotik və digər təsiredici maddələr aşkar edilməmişdir. (i.v.36-42) X4 notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi avtoqəza nəticəsində vəfat etmiş şəxs Zərərçəkmiş şəxs arvadıdır, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur (i.v. 49); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 8/2788 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz E320 Minik» markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.(i.v. 73-76) Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 150 (yüz əlli) manat məbləğində müəyyən edilmişdir.(i.v. 74) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 25 oktyabr 2024-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kortatekasında heç bir məlumat yoxdur (i.v. 77); Sumqayıt ŞPİ-nin İstintaq şöbəsinin 25 oktyabr 2024-cü il tarxili qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan edilmişdir. (i.v.88-89) Sumqayıt ŞPİ-nin İstintaq şöbəsinin 25 oktyabr 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.(i.v.101-102) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin 04 noyabr 2024cü il tarixli 3-13-16-8/2 7543/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “BC” kateqoriyalı AE 059637 nömrəli on illik sürücülük vəsiqəsi almışdır. Mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. (i.v.107) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini (CM-59.1.13) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını və əməlindən peşman olmasını şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-928/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-928/2024
12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver