Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-93/2023 22.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1967-ci ildə Ağdaş rayonu, Güvəkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Şahid1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləməsi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun qardaşı oğlu Zərərçəkmiş şəxs İİ qrup əlillik təqaüdünü bərpa edəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində 27 aprel 2022-ci il tarixində Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən daş bazarı yaxınlığındakı dayanacağın qarşısında Şahid1 məxsus “Opel Astra” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə Zərərçəkmiş şəxs verdiyi 3000 manat pulu və 29 aprel 2022-ci il tarixdə isə həmin ünvanda Şahid1 məxsus “Opel Astra” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə Zərərçəkmiş şəxs, Şahid1 vasitəsi ilə verdiyi 2300 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda - 5300 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qimsində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid1 təxminən il yarımdır ki, taksi sürücüsü kimi tanımış, avtomobili ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərinə qan institutuna nəvəsinin xəstəliyi ilə əlaqədar mütamadi getmiş, nəvəsində ağ qan qırmızı qanı yediyindən dövlət tərəfindən ona aylıq təqaüd verilir. Həmin təqaüdü düzəltmək üçün mütamadi olaraq həkim komisiyasına nəvəsini aparmışdır. O, telefonda uşaq haqqında danışan zaman İsa söhbəti eşitmiş, avtomobildən düşən zaman sonuncu ondan bacısı oğlunun təqaüdünün kəsildiyini, təqaüdünü düzəldə bilib bilməyəcəyini soruşub telefon nömrəsini istəmişdir. Həmin vaxt nəvəsinin müalicəsi üçün pula ehtiyacı olmuş, o, maraqlanıb əlaqə saxlayacağını demiş, bundan sonra, İsa onunla əlaqə saxlamış və o, qardaşı oğlunun İİ qrup əlilliyini bərpa etmək üçün 3000 manat pul lazım olduğunu demişdir. Daha sonra, İsanın vasitəsi ilə Qara ilə əlaqə saxlayaraq əlilliyini bərpa etdirəcəyini demişdir. 27 aprel 2022-ci il tarixdə Sumqayıt şəhəri, 18-ci Mikrorayon ərazisində yerləşən daş bazarının yaxınlığında dayanacağın qarşısında İsa ilə görüşərək avtomobilinə əyləşmiş və Qara 3000 manat pulu ona vermiş, o isə 15 günə işin həll olunacağını bildirmişdir. Bundan sonra, əlilliyə aid olan müvafiq sənədləri də götürmüş, bir müddət sonra Qara onunla əlaqə saxlayıb həkim komisiyasına çağırıldığını demiş, o, İsa və Qara birlikdə Bakı şəhərində Zərifə Əliyeva adına göz xəstəxanasının yaxınlığında yerləşən Sosial Müdafiə Naizrliyinə tabe olan həkim komissiyasına getmişlər. O, Qaradan növbə götürməsini istəmiş, bir müddət sonra Qaraya müvafiq adamlarla danışdığını, komisiyadan keçməyə ehtiyac qalmadığını demiş və bayıra çıxmışlar. O, Qaradan aldığı 3000 manat pulu öz ehtiyaclarına xərcləmiş, bundan sonra, mütəmadi olaraq Qara və İsa onunla əlaqə saxlayıb işin nə yerdə olduğunu soruşmuşlar. O da həmin şəxslərə yalandan işin tezliklə həll olunacağını demişdir. Bir müddət sonra iş alınmadığından ondan pulu tələb etmişlər, o, qaytaracağını demiş, 1000 manat pulu, şikayət edəndən sonra isə 2000 manat pulu Qaraya qaytarmış, ancaq Qara və İsa ondan 5300 manat pul tələb etmişlər. O Qara və Yusifdən yalnız 3000 manat almış, yerdə qalan məbləği isə ona verilməmiş, Qara və Yusif həmin hissədə yalan dınışmışdırlar. Həmin şəxslərlə bir dəfə görüşmüş və qeyd edilən pulu almışdır. Təqsirləndirilən şəxs oğlu hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi zərəri tam olaraq ödədiyini, lakin zərərçəkmiş şəxs ondan əlavə 2300 manat da tələb etdiyini, bu səbəbdən də zərərçəkmiş şəxslə barışıq əldə edə bilmədiyini bildirərək barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2008-ci ildə hərbi xidmətdə olan zaman xəstələndiyindən təxris olunmuş, bundan sonra o, ikinci qrup əlil kimi təqaüd almağa başlamışdır. 2021-ci ilin noyabr ayında təqaüdü kəsilmiş, bundan sonra bu barədə müxtəlif dostlarına və tanışlarına demişdir. 2022-ci ilin fevral ayında dayısı İsa ona zəng edərək Ulduz adlı tanışı olduğunu, həmin şəxsin Sosial Müdafiə Nazirliyində işlədiyini, təqaüdünü bərpa etdirə biləcəyini və buna görə 3000 manat pul istədiyini demiş, o, razılaşmış və bir neçə dəfə dayısının telefonu ilə əlaqə saxlamış, Ulduz pul veriləndən sonra 15 günə məsələni həll edəcəyini demiş, bundan sonra o, həyətdə saxladığı 3 baş inəyi satmış və 3000 manat pul düzəltmişdir. 27 aprel 2022-ci il tarixdə, dəqiq saatı xatırlamır, dayısı ilə bir yerdə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən daş bazarının yaxınlığında dayanacağa gedərək orada Ulduzla görüşmüşlər. Avtomobildə o, 3000 manat pulu dayısı İsaya vermiş, dayısl isə həmin pulu sayıb Ulduza vermiş, sonuncu pensiyanın 15 günə bərpa olunacağını demişdir. Ulduz əlililliyi ilə bağlı olan bütün sənədləri ondan istədiyindən bütün sənədlərini də təqdim etmişdir. 29 aprel 2022-ci il tarixdə dəqiq saatı xatırlamır, Ulduz dayısına zəng edərək onun komissiyadan keçməli olduğunu və buna görə görüşməsini istəmiş, onlar Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən daş bazarının yaxınlığında dayanacağın qarşısında görüşmüşlər. Ulduz, onu komissiyadan keçirəcəyini, ancaq işin həll olunması üçün əlavə olaraq 2500 manat da pulun lazım olduğunu demiş, bundan əvvəl Ulduz əlavə olaraq 2500 manat pul lazım olduğunu demədiyindən üzərində pul olmamışdır. Dayısının üzərində 2300 manat pul olduğundan Ulduza avtomobildə 2300 manat pul vermişdir. Bundan sonra birlikdə Bakı şəhərində Zərifə Əliyeva adına göz xəstəxanasının yaxınlığında yerləşən Sosial Müdafiə Nazirliyinə tabe olan həkim komissiyasına getmişlər. Ulduz, onunla birlikdə içəriyə keçmiş, dayısı isə gözləmiş, içəriyə keçəndən sonra Ulduzun istəyi ilə o, növbə götürmüş, həmin vaxt Ulduz ondan aralaşaraq telefonla danışmağa başlamış, növbəsinə 1 nəfər qalmış, sonuncu ona bir xanımla danışdığını, həkim komisiyasından keçmək lazım olmadığını, həmin xanımın işi həll edəcəyini demişdir. Ulduz 15 günə işin həll olunacağını demiş, o, inanmışdır. Bundan sonra, Ulduzu görüşdükləri yerdə düşürmüşlər. Bir neçə gün sonra o, dayısının Ulduza verdiyi 2300 manat pulu qaytarmış, 15 gün keçəndən sonra dayısı mütamadi olaraq Ulduzla əlaqə saxlamış, ancaq sonuncu hər dəfə müxtəlif bəhanələr gətirməyə başlamışdır. Bundan sonra, təxminən 10 dəfə onu həkim komisiyasından keçməyi üçün Bakı şəhərinə çağırmış, o, Bakı şəhərində olan zaman isə gah həkimlərin olmadığını, zəng edən zaman yenidən gəlməsini demişdir. Beləliklə o, dəfələrlə Bakı şəhərinə gedib, daha sonra Qazax rayonuna qayıtmışdır. Bir müddət sonra Ulduzun onu aldatdığını bilmiş, pulunu tələb etmiş, ancaq sonuncu hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra, dayısı bu barədə DİN-nin 102 xidmətinə zəng etmiş və araşdırma aparılmışdır. Həmin dövr ərzində Ulduz iki dəfəyə 3000 manat pulu qaytarmış, ancaq ikinci dəfə 2300 manat aldığı pulu etiraf etməmiş və həmin məbləği qaytarmayacağını demişdir. Zərərçəkmiş şəxs Qara Nuriyev əlavə olaraq ifadəsində bildirmişdir ki, Şahid3 adlı şəxs onu yaşadığı kənddə tapmış və sonuncu ilə görüşmüş, Şahid3 ondan Ulduzun tanışı olduğunu deyib ondan şikayətçi olmamasını, yerdə qalan pulu bağışlamasını bildirmişdir. O da o qədər məbləği keçə bilməyəcəyini, aldadıldığını, Təqsirləndirilən şəxs ona 3000 manat pul verməli olmasını yox, 5300 manat borcu olduğunu demişdir. Şahid3 adlı şəxs bu barədə həqiqəti bildirməmiş, Təqsirləndirilən şəxs qormaq üçün belə bir ifadə verdiyini qeyd etmişdir. Şahid3 Təqsirləndirilən şəxs 6000 manat yox, ümumi 5300 manat aldadıb aldığını, həmin pulun tam ödənildiyi halda şikayətçi olmayacağını demişdir. Təqsirləndirilən şəxs və şahid ifadəsində göstərilənlər həqiqəti əks etdirməmiş, bu barədə göstərdiyi xüsusatlar yalan olmuşdur. Zərərçəkmiş şəxs ona vurulmuş maddi zərərin tam ödənilməsini tələb etdiyini, əks halda təqsirləndirilən şəxs barəsində qanunamüvafiq qaydada cəza təyin olunmasını xahiş edirəm. Məhkəmədə Şahid1 ifadəsində zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə verdi. Məhkəmədə müdafiəçinin vəsatəti əsasında dəvət olunaraq dindirilmiş şahid X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 5-6 ildir ki, tanıyır. Belə ki, o, Sumqayıt Su Kanal İdarəsində mühəndis işləyir. İşi ilə əlaqədar Təqsirləndirilən şəxs evinə quraşdırılmış sayğacda yaranmış nasazlığı aradan qaldıran zaman onunla tanışlığı yaranmışdır. Bayramlarda Təqsirləndirilən şəxs bayramını təbrik etmişdir. O, işdən məzuniyyətə çıxaraq Ağıstafa rayonuna getmiş və həmin rayonda olduğu zaman ona məxsus möbil telefona zəng gəlmiş və cavab verdikdə zəng edən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Ulduz ona evini satdığını və sayğacı sıfırlamaq lazım olduğunu ona demişdir. O, da hazırda rayonda olduğunu bildirmiş, həmin vaxt Ulduz ondan hansı rayonda olduğunu soruşmuş, o, bildirmişdir ki, Qazax rayonundadır. Ulduz həmin vaxt ona “sənin kəndlilərinlə mənim problemim var, onlar məni incidirlər” demişdir. O, Ulduzdan məsələnin nə olduğunu soruşduqda Ulduz ona bildirmişdir ki, o, onun Qara adlı həmkəndlisindən 3000 manat pul alıb, Qara isə ondan 6000 manat tələb edir və ondan buna görə polisə şikayət etmişdir. O, Ulduzdan Qaranın mobil nömrəsini istəmiş və onunla görüşüb məsələni həll edəcəyini bildirmişdir. Ulduz Qaranın mobil nömrəsini ona verdikdən sonra o, Qaraya zəng vurmuş və telefonla danışmış və onunla görüşmək istədiyini bildirmiş, Qara etiraz etməmiş, lakin sonra o, Qaraya bir neçə dəfə zəng etmiş, Qara onun zənglərinə cavab verməmişdir. Bundan sonra, o, Ulduza zəng edərək Qaranın dayısının mobil nömrəsini almış və onunla danışdıqdan sonra dayısı, Qaraya məlumat verəcəyini, sonuncunun onun zənginə cavab verəcəyini bildirmişdir. Bundan sonra, o, Qaraya zəng vurmuş və sonuncu onun zənginə cavab verdikdən sonra onlar görüşmüş və Qara ona bildirmişdir ki, o, Ulduza 3000 manat pul vermiş, lakin Ulduz onu çox incidib, əlavə xərclər çəkib, buna görə də Dayısı Ulduzdan 6000 manat pul tələb edir. Sonra Qara ona bildirmişdir ki, dayısı ilə danışdıqdan sonra ona xəbər edəcəkdir. Bir müddət keçdikdən sonra Qara ona zəng edərək dayısının razılaşmadığını və hazırda Ulduzdan 6000 manat pul tələb etdiyini demişdir. Bundan sonra bu barədə Ulduza bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 312.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Sumqayıt Şəhər Prokurorluğuna göndərilmişdir və Qara Nuriyev barəsində CM-nin 312.1-ci maddəsi il cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Sumqayıt Şəhər Prokurorluğuna göndərilmişdir. İş materiallarında olan üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Məmədrza oğlu ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmış, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxsnm üzünə qarşı demişdir. İş materiallarında olan üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmış, üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxsnm üzünə qarşı demişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan zərərçəkmiş şəxsin, şahid və təqsirləndirilən şəxsin istifadələrində olan mobil telefon nömrələrinin anten dairələrini özündə əks etdirən "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin çıxarışlardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 888 36 77 nömrəli, zərərçəkmiş şəxs X1 istifadəsində olmuş 055 896 64 10 nömrəli, Şahid1 istifadəsində olmuş 070 314 04 09 nömrəli və 099 314 04 09 nömrəli və Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 888 36 77 nömrəli mobil telefonların 27 aprel 2022-ci il, 28 aprel 2022-ci il və 29 aprel 2022-ci il tarixlərində anten dairələrinin müəyyən edilməsi üçün çıxarışlarda xx.xx.2022-ci il tarixdə Şahid1 istifadəsində olmuş 070 314 04 09 nömrəli və 099 314 04 09 mobil nömrənin və Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 888 36 77 möbil nömrənin eyni saatlarda Sumqayıt şəhəri 18- ci mikrorayon və digər ərazilərdə və xx.xx.2022-ci ildə saat 09:12:52də zərərçəkmiş şəxs X1 istifadəsində olmuş 055 896 64 10 möbil nömrənin və xx.xx.2022ci ildə saat 09:10:12-də Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 888 36 77 nömrəsi ilə Bakı şəhəri, Tbilisi prospekti 187" /Nasimi əraziləri göstərilmişdir. Bundan başqa, anten məlumatlarından görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs qeyd edilən tarixlərdə eyni anten dairələrində olmuşdur. Həmçinin, götürülmüş telefon nömrəsinin anten məlumatlarından görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci ilə kimi 12 dəfə telefon əlaqə saxlamış və danışmıdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsədən 3000 manat alması barədə verdiyi ifadəsi cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıdığından məhkəmə həmin ifadəyə tənqidi yanaşır və həmin ifadə məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin, Şahid1 ifadələri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Məhkəmə eyni zamanda məhkəmə baxışında dindirilən Təqsirləndirilən şəxs və şahid-Sadıq Rəhimovun ifadəsində Qara Nuriyevin ona Təqsirləndirilən şəxs 3000 manat verdiyini və dayısının təkidi ilə 6000 manat tələb etməsi barədə göstərdiyi xüsusatlar iş materialları(zərərçəkmiş, şahid, götürülmüş anten məlumatları və digər sorğularla ) uyğunsuzluq təşkil etdiyindən həmin hissələrə tənqidi yanaşaraq sübut kimi qiymətləndirmir. Belə ki, zərərçəkmiş Qara Nuriyev məhkəmə iclasında ifadəsində həqiqətən də şahid Sadıq Rəhimovla görüşdüyünü və həmin vaxt Təqsirləndirilən şəxs ona vurulmuş maddi zərərin bir qismini ödədiyi üçün Təqsirləndirilən şəxs 2300 manat tələb etdiyini şahid Sadıq Rəhimova bildirdiyini göstərmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf etməsini, əməlindən səmimi peşman olmasını, dəymiş ziyanın qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir. ( maddə 8.0.3). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-nin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, onun vurulmuş maddi zərəri qismən ödəməsi və ilk dəfə cinayət əməli törətməsi nəzərə alınaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ibtidai istintaq orqanının 17 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün cəmi 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evi tərk etməmək, Sumqayıt, Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-93/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-93/2023
22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver