Məhkəmə qərarları › İş №1(060)-93/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-93/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-93/2025 22.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı və X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə 1995-ci il mayın 31-də Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzssiz olaraq öz mülkiyyətinə keçirtmək məqsədi ilə sinif yoldaşı olmuş Zərərçəkmiş şəxs Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Mida” evlərindən ona 3 otaqlı ev almaq üçün onun sənədləşmə işlərini düzəldəcəyi barədə yalan vədlər verib aldatmaqla, qeyd edilən məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən Regional Təhsil İdarəsinin qarşısında 5000 manat, 06 dekabr 2023-cü il tarixdə isə Sumqayıt şəhəri, 16 nömrəli məktəbin qarşısında 4900 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 9900 (doqquz min doqquz yüz) manat miqdarında xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o Zərərçəkmiş şəxs ilə eyni sinifdə oxumuş və münasibətləri yaxşı olmuşdur. Ceyhunla söhbət edən zaman onun ev almaq istədiyini öyrənmiş və 2023-cü ilin oktyabr ayında onlar növbəti dəfə görüşən zaman Ceyhuna MİDA tərəfindən tikilən binaların tikntisndə işyən tanışlarının vasitəsi ilə onun üçün həmin binalardan 3 otaqlı mənzil ala biləcəyini bildirmişdir. Bunun müqabilində ondan sənədləşmə işlərini həll etmək məqsədi ilə 9900 manat pul istəmiş və Ceyhun da razılaşmışdır. 2023-cü ilin oktyabr ayının 15-də Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazsində 5000 manat pulu Ceyhun ona vermiş, bir müddətdən sonra Ceyhuna evlərin tikintisini başa çatdığını və qalan 4900 pulu verdikdən sonra həmin evi ala biləcəyini söyləmişdir. Ceyhunla 06 dekabr 2023-cü il tarixdə Sumqayıt şəhəri, 16 nömrəli tam orta məktəbin qarşısında görüşərək 4900 manat pulu almışdır. Beləliklə Ceyhundan ümumilikdə 9900 manat pul almış və həmin pulları özünü şəxsi ehtiyaclarına xərcləmiş, lakin Ceyhunun ev alması üçün heç bir köməklik göstərməmişdir. Hal-hazırda o, etmiş olduğu əməldən səmimi peşmandır, zərərçəkmiş şəxsə vurduğu 9900 manat ziyanı tam olaraq ödəmiş və onunla barışmışdır. Bundan başqa o, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, o, Təqsirləndirilən şəxs ilə eyni sinifdə oxumuş və münasibətləri həmişə yaxşı olmuşdur. Bir neçə dəfə Fuada MİDA evləri ilə maraqlandığını, bu mənzillərdən birini almaq istədiyini bildirmişdir. Fuad da ona MİDA evlərinin satışı ilə məşğul olan tanışlarının olduğunu bildirərək, ona Bakı şəhəri, Yasamal rayonunda tikilən MİDA evlərində 3 otaqlı 86 kvadrat metrlik ev ala biləcəyini vəd etmişdir. Bunun üçün ondan sənəd işlərinin hazırlanması məqsədi ilə 9900 manat ödəyəcəyini, sonra isə hər ay 320 manat ödəyəcəyini bildirmişdir. O, razılaşaraq 15 oktyabr 2023-cü il tarixdə Fuadın istəyi ilə ilk dəfə Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində dostu Şahid yanında Fuada 5000 manat pul vermişdir. Bundan sonra Fuadla mütamadi olaraq əlaqə saxlayıb işin gedişatını maraqlanmış və Fuad da öz növbəsində tezliklə işin həll olunacağını vəd etmişdir. 06 dekabr 2023-cü il tarixdə Fuadla Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən 16 nömrəli orta məktəbin qarşısında dostu Şahidla birlikdə görüşən zaman Fuad ona artıq işlərin yekunlaşdığını, qalan pulu da verdikdən sonra bütün sənədləşmə işlərini həll edərək mənzilin ona təhvil veriləcəyini bildirmişdir. Həmin vaxt o, Fuada 4900 manatı da nağd formada vermişdir. Beləliklə Fuada ona «MİDA»da ev alması üçün ümumilikdə 9900 manat vermişdir. Sonradan Fuadla dəfələrlə əlaqə saxlayaraq işin nə yerdə olduğunu maraqlansa da Fuad hər dəfə ona müxtəlif bəhanələr gətirərək işin tezliklə həll olunacağını desə də, bu günə qədər ev məsələsi həll edilməmiş və ya aldığı pulu geri qaytarmamışdır. Hazırda bu iş üzrə Fuad onu aldadaraq aldığı 9900 manat ziyanı tam formada geri qaytarmışdır. Bununla da o, dəymiş ziyanın tam qaytarıldığını, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirərək, cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək bildirdi ki, o, Zərərçəkmiş şəxs onun dostudur, Təqsirləndirilən şəxs də dostunun vasitəsi ilə tanımışdır. Ceyhunla Fuadın sinif yoldaşı olduğunu və aralarında mehriban münasibət olduğunu görmüşdür. 2023-cü ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs onla söhbət edərkən MİDA evlərindən mənzil almaq istədiyini və bununla əlaqədar sinif yoldaşı Təqsirləndirilən şəxslə də danışdığını bildirmişdir. Təxminən bir neçə gün sonra Ceyhun ona bildirmişdir ki, sinif yoldaşı Ceyhun Vəliyev onunçun Bakı şəhəri, Yasamal rayonunda tikilən MİDA evlərində 3 otaqlı 86 kvadrat metrlik ev ala biləcəyini vəd verib. Lakin sənəd işlərinin hazırlanması məqsədi ilə Ceyhundan 9900 manat ödəyəcəyini, sonra isə hər ay 320 manat ödəyəcəyini bildirmiş və Ceyhun da onunla razılaşdığını bildirmişdir. Oktyabr ayının ortalarında Ceyhunla bir yerdə olarkən, Ceyhun ona Fuadla görüşməyə gedəcəyini və onunda gedməsini xahiş etmişdir. Onlar birlikdə Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisinə gedərək Təqsirləndirilən şəxslə görüşmüş və Ceyhun onun yanında Fuada sənədləşmə işlərinin görməsi üçün 5000 manat pul vermiş və Fuad 2-3 ay müddətinə evin təhvil veriləcəyini bildirmişdir. Təxminən 2 ay sonra Ceyhun yenə ona zəng edərək Fuadın qalan məbləğidə istədiyini və həmin pulu verməyə getdiyi üçün onunda şahid kimi yanında olmasını xahiş etmişdir. O, Ceyhunla görüşmüş və birlikdə Sumqayıt şəhəri, 14cü məhəllə ərazisində yerləşən 16 nömrəli orta məktəbin qarşısına getmiş, orada Təqsirləndirilən şəxslə görüşmüşlər. Həmin vaxt Ceyhun 4900 manat pulu sayaraq Təqsirləndirilən şəxs vermiş və Fuad pulu aldıqdan sonra Ceyhuna tezliklə mənzili təhvil veriləcəyini bildirmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməkdə təqsirlidir. İbtidai istintaq orqanı tərəfindən onun törətdiyi cinayət əməli düzgün olaraq CM-nin 178.2.4-ci maddəsi ilə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:10 radələrində şübhəli şəxs qismində saxlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittihamın elan olunması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Qətimkan tədbiri seçmə haqqında” qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)- 856/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə baxışına hazırlıq iclasına gəlmədiyinə görə axtarış elan edilməklə, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xx.xx.2024-cü il tarixli 3-13-58- 4/2-16263/2024 saylı məktubundan və “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş 9900 (doqquz min doqquz yüz) manat ziyan Təqsirləndirilən şəxs valideyni tərəfindən tam olaraq ona geri qaytarılmışdır. Bu səbəbdən təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxslə barışmışdır. Ona görə də ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, törətdiyi əməldən peşmandır və zərərçəkmiş şəxslə barışmış, ona dəyən zərəri tam ödəmişdir. Bundan başqa dəymiş ziyanın 25 % dövlət nəfinə keçirtmişlər. Ona görə də barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" ASC-yə məxsus xx.xx.2025-ci il tarixli 23282 saylı ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 2475 (iki min dörd yüz yetmiş beş) manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Məcəllənin 73-1.2-ci maddəsinə görə, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini, təqsirləndirilən şəxsin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 40.3, 321.1, 321.2.1, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına ödənilsin. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar