Məhkəmə qərarları › İş №1(060)-936/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-936/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-936/2023 13.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1983-cü il tarixdə Quba rayonu Kupçal kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirtmək məqsədi ilə Zərərçəkmiş şəxs Nayib oğlunu tanışlarının vasitəsilə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər idarəsində yanğınsöndürmə xidmətinə işə düzəlməsində köməklik edəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 1 saylı poliklinikanın həyətində 2000 manat, bir neçə gündən sonra Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən "Eminin kafesi" adlanan kafedə 2000 manat, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs onun 4098 5844 7129 3876 Leobank hesab kartına göndərdiyi 400 manat, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs onun 4098 5844 7129 3876 Leobank hesab kartına göndərdiyi 100 manat, sonuncu dəfə 2023-cü ilin iyun ayının əvvəllərində Sumqayıt şəhəri, 17-ci mkr ərazisində yerləşən "Ordubad" kafesinin qarşısında 200 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirdikdən sonra öz şəxsi məqsədləri üçün istifadə edərək Zərərçəkmiş şəxs - ümumilikdə 4700 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 1 il əvvəl bir neçə ay müddətində "Anama" minaaxtarma agentliyində minaaxtaran dəstəsində işləmiş, 2022-ci ilin sentyabr ayında işdən çıxmışdır. Zərərçəkmiş şəxs Nayib oğlu ilə 2023-cü ilin may ayının əvəllərində tanışı Qoşqar adlı şəxsin vasitəsilə tanış olmuşdur. Həmin vaxtlar Qoşqar ona zəng edərək tanışı olan Ümid adlı şəxsin Fövqəladə Hallar Nazirliyində yanğınsöndürmə xidmətinə işə düzəlmək istədiyini deyərək bu işdə köməklik göstərə biləcəyini soruşmuş, o, X4 Nazirliyində tanış tapa biləcəyini deyərək dediyi Ümidin yanğınsöndürmə xidmətinə işə düzəlməkdə köməklik edə biləcəyini və Ümidi onunla görüşdürməyini bildirmiş, Qoşqar Ümidin mobil nömrəsini ona vermişdir. Bir neçə gündən sonra Ümidlə zəngləşib Abşeron rayonu Ceyranbatan qəsəbəsində "Eminin kafesi" adlanan kafedə görüşüb tanış olmuş, söhbət zamanı özündən Ümidə 5000 manata FHN-nin Sumqayıt şəhər idarəsinə yanğınsöndürən xidmətinə işə düzəltməkdə köməklik edə biləcəyini dedikdə, Ümid bununla bağlı valideynləri ilə məsləhətləşib ona xəbər edəcəyini söyləmişdir. Bir neçə gündən sonra xx.xx.2023-cü il tarixdə Ümid onun mobil nömrəsinə zəng edərək günorta saatlarında Sumqayıt şəhəri, 1 saylı poliklinikanın həyətində görüşmüşlər, Ümid anası Seviclə gəlmiş və ona 2000 manat nağd pul verərək, qalan pulu da hissə-hissə verəcəyini demiş, həmçinin Ümidə öncədən gətirməsini dediyi öz əmək kitabçasını ona vermişdir. Ümidə poliklinikada ümumi analizləri verməsini, narahat olmamasını, onu işə düzəltməkdə köməklik göstərəcəyini demiş və ayrılmışlar. Ümiddən aldığı 2000 manat pulu öz borclarının bağlanmasına sərf etmiş və Ümidin yanğınsöndürmə xidmətinə işə düzəlməsi ilə bağlı heç bir iş görməmişdir. Bir neçə gündən sonra Ümidə zəng edərək qalan pulu da ona çatdırmasını və işinin düzəlməsi ilə bağlı danışıqlar apardığını demişdir. Sonra Ümidlə zəngləşib Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən "Eminin kafesi" adlanan kafedə axşam saatlarında görüşmüş və Ümid ona 2000 manat pulu verərək qalan pulu da sonradan verəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Ümidə zəng edərək işi ilə bağlı 400 manat lazım olduğunu demiş və Ümid həmin gün, yəni xx.xx.2023-cü il tarixdə ona göndərdiyi 4098 5844 7129 3876 Leobank hesab kartına 400 manat pulu göndərmişdir. Bundan bir neçə gündən sonra Ümidə zəng edərək işi ilə bağlı daha 100 manat lazım olduğunu demiş, Ümid həmin gün, yəni xx.xx.2023-cü il tarixdə onun hesab kartına 100 manat pul göndərmişdir. Bir neçə gündən sonra 2023-cü ilin iyun ayının əvvəllərində Ümidə zəng edərək işi ilə bağlı daha 200 manat lazım olduğunu demiş və onlar zəngləşib Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən "Ordubad" kafesinin qarşısında görüşmüş, orada Ümid ona 200 manat pul verib işinin nə yerdə olduğunu soruşmuş, o, Ümidə narahat olmamağını, FHN-də kadr dəyişikliyi olduğundan işin yubandığını, 10 gün ərzində əmr verildikdən sonra işə çıxacağını demişdir. Ümiddən aldığı ümumilikdə 4700 manat pulu öz borclarına və maddi ehtiyaclarına xərcləmiş və Ümidin yanğınsöndürmə xidmətinə işə düzəlməsi ilə bağlı heç bir iş görməmişdir. Bir müddətdən sonra Ümid və anası ona zəng edərək işin nə yerdə olduğunu soruşurmuş, o, onlara xəbər edəcəyini və narahat olmamalarını deyirmiş. Daha bir müddət keçdikdən sonra Ümid və anası ona zəng edərək ona verdiyi 4700 manat pulu geri qaytarmağını istəmişlər, lakin onun pulu olmadığı üçün məcbur olub onlara bəhanələr gətirmiş və pulun qaytarılmasını yubadmışdır. Sonda Ümid onun barəsində polisə şikayət etmişdir. Tanışı Qoşqarın onun Ümiddən ümumilikdə aldığı 4700 manat pulu ələ keçirməyi barədə heç bir məlumatı olmamışdır. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Himayəsində azyaşlı övladları vardır. Məhkəmədən nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanışı Qoşqar vasitəsilə 2023-cü ilin may ayının əvvəllərində tanımışdır. Belə ki, həmin ərəfələrdə Fövqəladə Hallar Nazirliyinə işə düzəlmək istəmiş və bu barədə tanışlarına, həmçinin Qoşqara da demişdir. Qoşqar onun Tale adlı tanışı olduğunu, bildiyinə görə əvvəllər FHN-də işlədiyini bildirmişdir. Qoşqar maraqlanıb Talenin onu FHN-nə yanğınsöndürən işinə 5000 manata düzəldə biləcəyini deyib, onu Tale ilə tanış etmişdir. O da Tale ilə zəngləşib Abşeron rayonu Ceyranbatan qəsəbəsində "Eminin kafesi" adlanan kafedə görüşmüş, söhbət zamanı Tale onu 5000 manata FHN-nin Sumqayıt şəhər idarəsinə yanğınsöndürən işinə düzəlməkdə köməklik edə biləcəyini dedikdə o razılaşmışdır. Bununla bağlı valideynlərinə bildirdikdə onlar da razılaşmışlar və anası Sevinc kreditə pul götürüb ona vermişdir. xx.xx.2023-cü il tarixdə Tale ilə onun istifadə etdiyi ***-***-**-** saylı nömrəsinə zəng edib günorta saatlarında Sumqayıt şəhəri, 1 saylı poliklinikanın həyətində görüşmüş, həmin vaxtı anası Sevincin yanında Taleyə ilk dəfə 2000 manat nağd pul vermiş, qalan pulu da hissə-hissə verəcəyini bildirərək, öz əmək kitabçasını Taleyə istədiyi üçün sonuncuya vermişdir. Bir neçə gündən sonra Tale ona zəng edərək işinin düzəlməsi ilə bağlı danışıqlar apardığını və təcili olaraq 2000 manat pul lazım olduğunu bildirdikdə, Tale ilə Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən "Eminin kafesi" adlanan kafedə axşam saatlarında görüşərək 2000 manat pulu Taleyə vermişdir. Bir neçə gündən sonra Tale ona zəng edərək işi ilə bağlı 400 manat lazım olduğunu demiş, o da xx.xx.2023-cü il tarixdə saat 16:17-də ünvan 2 ünvanda yerləşən yaşadığı evdə olarkən öz adına olan 5243 7544 4214 2376 saylı Unibank kartından mobil tətbiq vasitəsilə Talenin ona göndərdiyi 4098 5844 7129 3876 hesab kartına 400 manat pulu göndərmişdir. Bir neçə gündən sonra Tale ona zəng edərək işi ilə bağlı daha 100 manat lazım olduğunu demiş, o da xx.xx.2023-cü il tarixdə saat 15:59-da ünvan 2 ünvanda yerləşən yaşadığı evdə olarkən öz adına olan 5243 7544 4214 2376 saylı Unibank kartından mobil tətbiq vasitəsilə Talenin ona göndərdiyi 4098 5844 7129 3876 hesab kartına 100 manat pulu göndərmişdir. Bir neçə gündən sonra 2023-cü ilin iyun ayının əvvəllərində Tale ona zəng edərək işi ilə bağlı daha 200 manat lazım olduğunu demiş və onlar zəngləşib Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən "Ordubad" kafedə günorta saatlarında görüşmüşlər, orada o, Taleyə 200 manat nağd pul vermiş, Tale demişdir ki, narahat olmasın, FHN-də kadr dəyişikliyi olduğundan işi yubanır, 10 gün ərzində əmr verildikdən sonra işə çıxacaq. O da Taleyə inanmışdır. Bir müddətdən sonra Tale ilə əlaqə saxlayanda hər dəfə müxtəlif bəhanələr gətirərək vədinə əməl etmədiyini görüb ona pulu qaytarmağı və işin lazım olmadığını demiş, lakin Tale pulu qaytarmamışdır. Taleyin onu aldadaraq etibarından istifadə etməklə pulunun ələ keçirdiyini görüb barəsində şikayət etmişdir. Taleyə onu FHN-nin Sumqayıt idarəsinə yanğınsöndürən işinə düzətməyə köməklik edəcəyi adı ilə ümumilikdə 4700 manat pul vermiş, ona ümumilikdə 4700 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təqaüdçüdür. Zərərçəkmiş şəxs onun oğludur. Ümid son bir neçə ayda işləmədiyindən onun üçün dövlət işi ilə maraqlanırmışlar. 2023-cü ilin may ayının əvvəllərində Ümid demişdir ki, Qoşqar adlı tanışının vasitəsilə Sumqayıt şəhər sakini Tale adlı şəxslə tanış olmuş və Tale onu Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər idarəsinə yanğınsöndürmə xidmətinə 5000 manat müqabilində işə düzəlməsinə vəd vermişdir. Onlar razılıq vermiş və bankdan kreditə pul götürüb Ümidə vermişdir. xx.xx.2023-cü il tarixdə Ümid Tale ilə zəngləşib günorta saatlarında Sumqayıt şəhəri, 1 saylı poliklinikanın həyətində görüşmüşlər, həmin vaxtı Ümid onun yanında Taleyə 2000 manat nağd pul verərək, qalan pulu da hissə-hissə verəcəyini demiş və həmin vaxtı Ümid öz əmək kitabçasını da Taleyə vermişdir. Bir neçə gündən sonra Tale Ümidə zəng edərək işinin düzəlməsi ilə bağlı danışıqlar apardığını və təcili olaraq ona 2000 manat verməyini demişdir. Ümid də Tale ilə görüşüb 2000 manat pulu vermişdir. Bir neçə gündən sonra Tale Ümidə zəng edərək işlə bağlı 400 manat lazım olduğunu dedikdə, Ümid xx.xx.2023-cü il tarixdə yaşadıqları evdə öz adına olan kartdan mobil tətbiq vasitəsilə Talenin göndərdiyi hesab karta 400 manat pulu göndərmişdir. Daha sonra Tale Ümidə zəng edərək işlə bağlı daha 100 manat lazım olduğunu demiş, Ümid də xx.xx.2023-cü il tarixdə yaşadıqları evdə öz kartından mobil tətbiq vasitəsilə Talenin göndərdiyi hesab kartına 100 manat pulu göndərmişdir. Bir neçə gündən sonra 2023-cü ilin iyun ayının əvvəllərində Tale Ümidə zəng edərək işlə bağlı daha 200 manat lazım olduğunu demiş, Ümid də Tale ilə Sumqayıt şəhərində görüşüb 200 manat pulu ona vermişdir. Bir müddətdən sonra Tale ilə əlaqə saxlayanda hər dəfə müxtəlif bəhanələr gətirərək vədinə əməl etmədiyini görüb ona pulu qaytarmağı və işin lazım olmadığını demişlər, lakin Tale pulu qaytarmamış, söz verdiyi işi yerinə yetirməyərək onları aldatmışdır. Ona görə də Talenin Ümidi aldadaraq etibarından istifadə etməklə ümumilikdə 4700 manat pulu ələ keçirdiyini görüb barəsində şikayət etmişlər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs təxminən 2 ildir ki, tanıyır, münasibətləri normal olmuşdur. Onlar əvvəllər tikinti işləridə birlikdə işləmişlər. Ümid dövlət işinə düzəlmək istədiyini ona demişdir. 2023-cü ilin may ayının əvvəllərində o, təsadüfən Sumqayıt şəhər sakini Tale adlı şəxslə tanış olmuş, söhbət zamanı Tale Anama minaaxtarma xidmətində işlədiyini, həm öz xidmətində, həm də Fövqəladə Hallar Nazirliyində yanğınsöndürmə xidmətinə pul müqabilində işə düzəlməyə ona köməklik edə biləcəyini demişdir, lakin o, imkanı olmadığından istəməmişdir. Ümid də ona iş barəsində maraqlanmağını dedikdə o, ona Tale adlı şəxslə tanış olduğunu və Talenin pul müqabilində iş düzəldə biləcəyini ona dediyini bildirmiş, Ümid bununla maraqlanmağını xahiş etmişdir. O da Taleyə zəng edərək Ümid adlı tanışının Fövqəladə Hallar Nazirliyində yanğınsöndürmə xidmətinə işə düzəlmək istədiyini deyərək köməklik edə biləcəyini soruşmuş, Tale bu işi 5000 manata həll edə biləcəyini demişdir. O da bu barədə Ümidə demişdir. Sonra Ümid özü Tale ilə görüşmək istədiyini demiş və o, onların nömrələrini bir-birlərinə vermişdir. Bir müddətdən sonra Ümid ona Tale ilə görüşüb danışdığını demişdir. Daha bir müddət keçdikdən sonra Ümid ona demişdir ki, Tale onun üçün heç bir iş görməmiş və Taleyə ümumilikdə vermiş olduğu 4700 manat pulu qaytarmır. Sonra bilmişdir ki, Ümid Tale barəsində şikayət etmişdir. Taleyin Ümiddən 4700 manat pulunu alıb ələ keçirməsindən heç bir məlumatı və iştirakı olmamışdır. Ümidlə Taleyi tanış etdikdən sonra onlarla əlaqəsi olmamışdır, sonda Ümid ona Tale tərəfindən aldadaraq pulunu ələ keçirməsini bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CM-nin 73- 1.1-ci maddəsi tətbiq edilməklə xitam verilmiş və o, cinayət məsuliyyəindən azad edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-546/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarın surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:45-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulam ittiham elan olunmuş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 19 saylı MKS tərəfindən verilmiş 934, 935 saylı, xx.xx.2023-cü il tarixli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır, yaşayır, ailə tərkibi həyat yoldaşı-1983-cü il təvəllüdlü X2, qızı-2021-ci il təvəllüdlü X3, oğlu-2009-cu il təvəllüdlü X8 oğlundan ibarətdir, qeydiyyat ünvanı üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı, yəni 4700 manat pulunu tam ödəmişdir. Ona dəymiş maddi ziyanla bağlı heç bir şikayət və tələbi yoxdur. Ərizənin nəzərə alınmasını xahiş edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 32.4, 312-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs Naib oğlu barəsində Azərbaycan Respublikası CM-nin 29, 312-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş tam ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və ona dəymiş ziyanı tamamilə ödəməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnın cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxs və şahidin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə, təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini və onunla barışmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə başqa bir cinayət işi üzrə məsuliyyətindən azad edilməsi onun bu cinayət işi üzrə məsuliyyətdən azad edilməsini istisna edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxsnın ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsnın tutulduğu 02 (iki) gün müddət həbsdə saxlanılmanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-936/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli, 1562/2023 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclasında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə 09 (doqquz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 6, mənzil 56 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 09 (doqquz) saat hüquqi yardıma görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar