Məhkəmə qərarları › İş №1(060)-941/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-941/2023

21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-941/2023 21.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1968-ci ildə Salyan rayonu, Qaraçalı kəndində anadan olması, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı övladı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Salyan rayonu, Qaraçalı kəndində qeydiyyatda olmaqla ünvan 2-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə qətimkan” tədbiri seçilmişdir Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd qızılı rəngli siqaret kağızı bükümdə, təmiz çəkisi 0,191 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 25 sentyabr 2023-cü il tarixdə, saat 10:30da Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 39-cü məhəllə ərazisində yerləşən “Sevgilim” restoranının arxasında saxlanılıb 3-cü polis bölməsinə aparılaraq orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan kiçik cibindən həmin narkotik maddə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 3-4 il olar ki, narkotik vasitə heroindən bəzən qəbul edir. Narkotikdən asılılığı olan şəxs deyil. xx.xx.2023-ci il tarixdə saat 10:30-da o, Sumqayıt şəhəri, 39-cu məhəllə,’’Sevgilim” restoranının arxasında piyada hərəkətdə olan zaman mülki geyimdə olan 3 nəfər şəxs ona yaxınlaşmış, polis işçiləri olduqlarını bildirdikdən sonra üzərində narkotik vasitə daşımağından şübhələndiklərinə görə onlarla Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparılacağını bildirmişlər və polis bölməsinə aparılmışdır. Sumqayıt ŞPİ-nin 3-cü PB-də xidməti otaqda onu bölməyə gətirən polis işçiləri və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməsi təklif olunmuşdur. O əynində olan qara rəngli şalvarın sağ yan kiçik cibindəki 01 ədəd qızılı rəngli siqaret kağız bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içində “kakos” olduğunu bldirmişdir. Bundan sonra keçirilən şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli digər əşya, predmet və sair aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd qızılı rəngli siqaret bükümdəki heroin elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı üzərindən aşkar edilmiş kütlənin heroin olduğunu, ona məxsus olduğunu, həmin heroini xx.xx.2023-ci il tarixdə axşam saatlarında Bakı şəhəri 20 Yanvar dairəsi ərazisində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 5 manata aldığını və öz istifadəsi üçün həmin heroini üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və iki azyaşlı övladının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PBnin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbulu və üzərində gəzdirməsi ilə məşğul olması barədə qərəzsiz mənbədən ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı bölmə rəhbərliyinə məruzə etdikdən sonra bununla bağlı əməliyyataxtarış tədbirlərinin keçirilməsindən ötrü 25 sentyabr 2023-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupda onunla bərabər 3-cü PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 da iştirak etmişdir. Bölmə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin günü əməliyyat qrupunun üzvləri olaraq birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 10 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra onu Sumqayıt şəhəri, 39-cu məhəllə, “Sevgilim” restoranının arxasında piyada hərəkət etdiyini müşahidə etmişlər. Bundan sonra onlar əməliyyat qrupunun üzvləri ilə birlikdə qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamış və yaxınlaşıb hər iki tərəfdən əllərini möhkəm tutaraq onu hərəkətsiz hala gətirmişlər. Sonra özlərini ona təqdim edib və üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə onlarla Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparılacağını ona bildirmişlər. Bundan sonra o, müqavimət göstərmədən əməliyyat qrupunun üzvləri ilə avtomobilə mindikdən sonra 3-cü PB-nə gətirilmişdir. Sumqayıt ŞPİnin 3-cü PB-də Təqsirləndirilən şəxs Dadaşah oğluna hüquq və vəzifələri izah edildikdən sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın gedişatı video kamera ilə çəkilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya olduğu təqdirdə onu könüllü sürətdə verməsi təklif olunmuş və bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan kiçik cibindən 1 ədəd qızılı rəngli siqaret kağızma bükümü təqdim etmişdir. Həmin bükümün içərisində toz şəkilli qəhvəyi rəngli maddə olması aşkar olunmuşdur. Həmin büküm sonradan bütün iştirakçıların gözü önündə elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni xx.xx.2023-ci il tarixdə axşam saatlarında Bakı şəhəri 20 Yanvar dairəsi ərazisindən Sumqayıt şəhərinə gələrkən avtobusda bir nəfər tanımadığı şəxsdən 5 manata aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhəmə iclasında iştirak etməyən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o əynində olan qara rəngli şalvarının sağ yan kiçik cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükümündə olan maddəni təqdim etmiş və bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Cinayət işinin 19-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 71-ci vərəqələrində olan şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 42-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 sentyabr 2023-ci il tarixli, 6\5054 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün N 127” dairəvi möhür əksi və “....Vət. Təqsirləndirilən şəxs Dadaşah oğlunun üzərindən aşkar olunmuş 01 büküm narkotik vasitəyə bənzər maddə; Şübhəli: “imza” Məmmədov A” və digər ad, soyad, imzalar qeyd edilmiş 01 (bir) ədəd bükümdə ümumi çəkisi 0,191 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin təmiz çəkisi 0,191 qram, sərf edidi 0,030, qalıq 0,161 qram. Cinayət işinin 39-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat müəyyən edilmişdir. Cinayət işinin 97-98-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 ekspert komissiyasının 07 noyabr 2023-cü il tarixli, 7317 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 102-106-cı vərəqələrində olan 10 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxsn üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə ümumi təmiz çəkisi 0,191 qram heroin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla tədqiqatdan sonra qalıq qalmış 0,161 qram heroin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. Həmçinin “şəxsi axtarış və götürmə haqqında” haqqında 25 sentyabr 2023-cü il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 26-27-ci vərəqələrində olan şəxsi axtarış keçirilməsi haqqında 25 sentyabr 2023-cü il tarixli protokol və şəxsi axtarışın keçirilməsi barədə görüntüləri özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, videoçəkiliş aparılmaqla Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı Emin Alışov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarışa başlayarkən proses iştirakçıları özlərini təqdim etdikdən sonra X10 şübhəli şəxs Afandil Məmmədova hüquq və vəzifələrinə dair bildirişlə tanış etmiş, vəkilin iştirakı iləş üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. X10 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmadığını soruşmuş, əgər vardırsa təqdim etməsini təklif etmişdir. Bundan sonra sonuncu əynində olan qara rəngli şalvarının saö tan kiçik cibindən qızılı rəngli siqaret kağızı büküm çıxarıb təqdim etmişdir. Bir ədəd bükümə baxış keçirilən zaman içərisində kütlə olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin kütlənin “kakos” adlanan narkotik vasitə olduğunu və həmin kütləni 24 dekabr 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri 20 Yanvar dairəsi ərazisindən sumqayıt şəhərinə gələrkən avtobusda tanımadığı şəxsdən 5 manat pul müqabilində şəxsi istifadə etmək məqsədilə əldə etdiyini bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilsə də iş üçün əhəmiyyət kəsb edə biləcək əlavə hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş büküm elektron tərəzidə çəkilərkən çəkisinin 0,27 qram olması müəyyən edilmişdir. Həmin bükümdə olan kütlə ekspertizaya təqdim edilməsi üçün təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və X10 iştirakçılardan aşkar edilərək götürülmüş kütlənin qablaşdırılmasına etiraz olub-olmadığını soruşmuşdur. İştirakçılar heç bir etirazları olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu, şəxsi istifadə etmək məqsədilə 5 manata aldığını, polis əməkdaşları hər hansı bir təzyiq və ya döyülmə faktı olmadığını bildirmişdir. Cinayət işinin 85-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 il 01 ay 6 gün azadlığın məhdudlaşdırılması cəzasına mıhkum olunmuş, daha sonra Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci i l tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən təyin olunmuş cəzadan azad edilmişdir. Cinayət işinin 96-cı vərəqəsində olan Sumqayıt ŞİH 4 saylı MKS tərəfindən verilmiş 03 noyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 91-ci vərəqəsində olan AA5645108 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin 92-ci vərəqəsində olan AA5645111 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxsdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və evli olmaqla himayəsində iki azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və evli olmaqla himayəsində iki azyaşlı övladının olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 25 sentyabr 2023-cü il tarixdən 27 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 7317 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,161 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 sentyabr 2023-cü il tarixdən 27 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti vermə qətimkan” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,161 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış oılduğu 14 saata görə 84 (səksən dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar