Məhkəmə qərarları › İş №1(060)-946/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-946/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-946/2023 13.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 və onun nümayəndəsi X1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, X5 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X5 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə yaşadığı həyətdə qonşusu ilə mübahisəsi olmuş, mübahisədən 10-15 dəqiqə sonra təcili və təxirə salınmaz tibbi yardım stansiyasında həkim psixitarik briqadası gəlmişdir. O, həmin briqadadan hansı məqsədlə gəldiyini soruşarkən bildirilmişdir ki, saat 12:24-də təcili və təxirə salınmaz tibbi yardım stansiyasına 34 nömrəli çağırış daxil olmuşdur. O, həmin psixiatrik həkim briqadası ilə getməkdən imtina etmiş, bununla əlaqədar olaraq o, Sumqayıt şəhər prokurorluğuna ərizə ilə müraciət etmiş, Sumqayıt şəhər prokuroru Mürvət Həsənov tərəfindən ona ünvanlanmış məktubda xx.xx.2023-cü il tarixində barəsində Sumqayıt TTYX edilən zəng müəllifinin şəxsiyyəti barədə ərizəyə baxılması qeyd olunmuşdur. Sumqayıt Səhiyyə şöbəsinin xx.xx.2023-ci il tarixli, 100 nömrəli məktubuna əsasən “X11” publik hüquqi şəxsin TTYŞ-nə xx.xx.2023-cu il tarixində saat 12:24 radələrində X5 istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə vasitəsi ilə psixiatrik həkim briqadasının dəvət olunması üçün “Sədaqət” adına çağırış edilmişdir. Göründüyü kimi X8 ictimai yerdə ona böhtan ataraq, ona psixiatrik pozuntusu olan şəxs kimi qələmə vermişdir. Ona görə də, həmin şəxsin onun şərəf və ləyaqətini alçaltması və ona böhtan atması ilə əlaqədar olaraq, hazırki şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Barəsində xüsusi ittiham haqqında şikayət verilmiş şəxs yalan olduğunu biləbilə, şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumatları yaymaqla ona böhtan atdığına və şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltdığına görə Sumqayıt şəhərində yaşayan X5 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməlidir. Yaşadığı həyətdə qonşuların yanında ona böhtan atan və həmin böhtanla şərəf və ləyaqətini qəsədən alçaltdığına görə X6 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs S.Q.Şirinova və onun nümayəndəsi M.H.İsmayılov şikayətinin məzmununa uyğun çıxış edərək X6 məsuliyyətə cəlb edilməsini xahiş etmişlər. Məhkəmə hazırlıq iclasında iştirak edən V.İ.Əsədov və onun müdafiəçisi şikayətin forma və məzmunca düzgün tərtib edilmədiyini bildirərək icraata götürülməsindən imtina edilməsini xahiş etmişlər. Məhkəmə şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək qeyd edir ki, əvvəla şikayət məzmunca Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, şikayət vermiş şəxs ərizəsində məşğuliyyətini, şikayətin verildiyi tarixi (il, ay və gün) və yeri göstərməmişdir. Həmçinin şikayət Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə verilmişdir. Lakin, Azərbaycan Respublikası CM-nin 147-ci maddəsinin iki bəndi var (147.1 və 147.2). Şikayətçi barəsində şikayət verdiyi şəxsin Azərbaycan Respublikası CM-nin 147-ci maddəsinin hansı bəndi ilə məsuliyyətə cəlb edilməsini göstərməmişdir. Ümumi formada 147-ci maddəni qeyd etmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət üzrə istinad əmələ mahiyyəti üzrə qiymət verilməsə də, ilkin olaraq həmin əməldə cinayət əlamətlərinin olubolmamasına diqqət yetirilməlidir. Bu Azərbaycan Respublikası CPM-nin 302.1.6-ci maddəsinin imperativ tələbidir. Məhz istinad edilən əməldə cinayət əlamətləri olduqda və şikayətin məhkəmə baxışına təyin edilməsini istisna edən digər hallar olmadıqda şikayətin məhkəmə baxışının mümkünlüyü yoxlanılır. İş icraata götürülərək məhkəmə baxışında təyin edildiyi halda isə artıq barəsində şikayət verilmiş şəxs təqsirləndirilən şəxs statusu almış olur və bu qərar öz prosessual əhəmiyyətinə görə ictimai ittiham qaydasında icraatı aparılan cinayət işləri üzrə cinayət işinin başlanması və təqsirləndirilən şəxs qismində cəlb etmə qərarlarını bir növ əvəz edir. Bu baxımdan xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasında qeyd edilən məsələnin yoxlanılması əhəmiyyətlidir. Qeyd edildiyi kimi şikayət icraata götürüldüyü halda bu barəsində şikayət verilmiş şəxs üçün ciddi məhrumiyyətlər yaradır və bu baxımdan hazırlıq iclası mərhələsindən şəxsin hüquq və mənafelərinin təmini baxımından qeyd edilən məsələlər ciddi yoxlama və qiymətləndirmə tələb edir. Hazırki şikayətin məzmunundan göründüyü kimi şikayətçi S.Q.Şirinova şikayət verdiyi şəxs V.İ.Əsədovun onun barəsində psixatrik həkim briqadasına zəng vuraraq dəvət etməsini böhtan kimi qiymətləndirərək məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, şikayətçinin iddia etdiyi bu əməl Azərbaycan Respublikası CM-nin 147-ci maddəsinin dispozitiv şərtləri ilə uyğunluq təşkil etmir və həmin əməldə Azərbaycan Respublikası CM-nin 147-ci maddəsinin ilkin əlamətləri müəyən edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, həmçinin barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.6 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar