Məhkəmə qərarları › İş №1(060)-95/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-95/2021

27.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-95/2021 27.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin şəhər (rayon) məhkəmələrindlə dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11.08.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Cəlilabad şəhəri Vüqar Mürsəlov küçəsi ev 86-da qeydiyyatda olmaqla, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi S.Bəhlulzadə küçəsi ev 3-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını talama məqsədilə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində sərnişin qismində əyləşdiyi Zərərçəkmiş şəxs məxsus “X6” markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobili 10 sentyabr 2020-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi ərazisində saxlatdırıb, avtomobilin “şiti”nin üzərində olan Zərərçəkmiş şəxs məxsus 120,00 (bir yüz iyrimi) manat dəyərində 01 (bir) ədəd “Samsung” markalı “SM-A310F” model mobil telefonu götürüb hadisə yerindən qaçmaqla zərərçəkmişə məxsus mobil telefondan ibarət əmlakı açıq yolla talayıb maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. 10.09.2020-ci il tarixdə saat təxminən 14 radələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində olarkən, yaşadığı Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinə qayıtmaq üçün sürücüsünün anket məlumatlarını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs idarə etdiyi, ** UC *** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobilə yaxınlaşıb, sürücüdən onu Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinə aparmağını xahiş etmiş, taksi sürücüsü onu Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinə aparmaq üçün otuz manat pul istəmiş, sürücü Zərərçəkmiş şəxsla gediş haqqının məbləği ilə bağlı aralarında razılığa gəldikdən sonra avtomobilə əyləşmiş və avtomobilin ön sağ oturacağında oturmuşdur. Bundan sonra Sumqayıt şəhərinə getməyə başlamış, təxminən bir saat avtomobillə yol getdikdən sonra, saat 16 radələrində Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi ərazisinə çatmışlar, Sumqayıt şəhərinə çatdıqdan sonra sürücüdən avtomobili saxlamasını və mobil telefonunu zəng etmək üçün ona verməsini xahiş etmiş, o, isə idarə etdiyi avtomobilin ön şitinin üstündə olan “Samsung A 3” markalı mobil telefonunu göstərib, telefonu götürüb danışmağına razılıq vermiş, ancaq mobil telefonunda danışıq vaxtı az olduğundan, telefonla qısa müddətdə danışmağını xahiş etmişdir. bundan sonra telefonu avtomobilin şitinin üstündən götürərək, əyləşdiyi avtomobilin qabaq sağ qapısını açıb avtomobildən yerə düşmüş və Sumqayıt şəhəri Xəzər bağları yaşayış massivi istiqamətində qaçmağa başlamış, sürücü qaçdığını görüb onu səsləyərək dayanmağını tələb etmiş, sonra isə arxasınca qaçmağa başlamış, ancaq həmin şəxs bir qədər arxasınca qaçsada ona çata bilməmiş, bundan istifadə edib qaçıb ordan uzaqlaşmış, daha sonra həmin gün pula ehtiyacı olduğundan Sumqayıt şəhəri 34-cü məhəllə ərazisinə gələrək, həmin ərazidə yerləşən mağazalardan birinə yaxınlaşıb, mağazadakı satıcıya özünə məxsus mobil telefonu satmaq istədiyini bildirmiş, həmin satıcı göstərdiyi mobil telefonu almağa razılıq verdiyindən, oğurladığı Zərərçəkmiş şəxs məxsus “Samsung A3” markalı mobil telefonu satıcıya özününkü kimi təqdim edərək, həmçinin şəxsiyyət vəsiqəsinin surətinidə təqdim etməklə 30 manata satmış, əldə etdiyi pulu isə şəxsi ehtiyacları üçün xərcləmiş, sonradan isə 14.09.2020-ci il tarixdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən polis bölməsinə dəvət edildikdə, polis bölməsinə gedərək törətdiyi cinayət əməlini etiraf etmiş və hadisənin təfərüatları ilə bağlı bağlı izahat vermiş, Zərərçəkmiş şəxs məxsus “Samsung A3” markalı mobil telefonu götürüb qaçarkən, ətrafda başqa digər şəxslərin olub olmamasına fikir verməmiş, Zərərçəkmiş şəxs məxsus “Samsung A 3” markalı mobil telefonu satdığı şəxsə mobil telefonun cinayət yolu ilə əldə edilməsi barədə hər hansı məlumat verməmiş, həmin şəxsə satdığı mobil telefonun özünə məxsus olduğunu, pula ehtiyacının olduğundan satdığını bildirmiş, mobil telefonu özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə satmış, hadisə baş verən zaman əlində hər hansı bir silah və ya silah qismində istifadə olunan əşya olmamışdır.Zərərçəkmiş şəxsə dəymiş maddi ziyana ödəməyə imkanı yoxdur.Məhkəmədən ona yüngül cəxa təyin etməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, gümüşü metalik rəngli “X6” markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə ona məxsusdur. *2111 taksi xidmətinə qoşularaq özünə məxsus avtomobillə müştərilərə taksi xidməti göstərməklə məşğul olur.Sonuncu dəfə 10.09.2020-ci il tarixdə yaşadığı Bakı şəhəri Sabunçu rayonu ərazisində olarkən, aldığı sifariş əsasında müştəri götrüb Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisinə aparmış, bundan sonra həmin ərazidə bir qədər müştəri olarsa götürb geri qayıtması üçün gözləmiş, saat təxminən 14 radələrində ona bir nəfər yaxınlaşıb Sumqayıt şəhərinə gedib, ailə üzvülərini götürdükdən sonra isə geri qayıdacağını bildirmiş və bunun üçün hansı məbləğdə gediş haqqı alacağını soruşmuş, həmin şəxsdən gediş haqqı kimi 30 manat pul ödəməsini istəmişdir.Adının sonradan Əfrail olduğunu bildiyi şəxslə gediş haqqı ilə bağlı aralarında razılığa gəldikdən sonra birlikdə Sumqayıt şəhərinə yola düşmüş, həmin şəxs idarə etdiyi avtomobildə ön sağ oturacaqda əyləşmiş, aradan təxminən 30-40 dəqiqə keçdikdən sonra Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi ərazisinə çatdıqda, Əfrail adlı şəxs həmin ərazidə yerləşən fərdi yaşayış evlərinin yerləşdiyi ərazini göstərib, ailə üzvülərinin yaşadığı evin həmin ərazidə yerləşdiyini bildirmiş və idarə etdiyi avtomobili həmin istiqamətdə sürəməyini istəmiş, Əfrail adlı şəxsin göstərdiyi istiqamətdə bir qədər idarə etdiyi avtomobillə hərəkət etdikdən sonra, yolun torpaq örtüklü və kələ kötür olması səbəbindən daha həmin istiqamətdə getməyəcəyini bildirmiş və Əfraildən ailə üzvülərini gedib olduğu yerə gətirməsini xahiş emiş, bu vaxt Əfrail avtomobilin qapısını açıb sağ ayağını yerə qoyaraq, ona sol tərəfində yerləşən fərdi yaşayış evlərindən birini göstərib gözləməyini xahiş etmiş və ailə üzvülərini həmin evdən götürüb geri qayıdacağını bildirmiş, Əfrailin göstərdiyi istiqamətdə baxmaq istədikdə, o qəflətən əlini atıb idarə etdiyi avtomobilin “şiti”nin üzərinə qoyduğu “Samsung A 3” markalı mobil telefonu götürmüş və avtomobildən düşüb qaçmağa başlamış, bundan sonra avtomobildən yerə düşmüş və onu səsləyib geri qayıtmasını tələb etsədə, həmin şəxs qaçıb ordan uzaqlaşmış, bundan sonra zəng vurub hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermiş, daha sonra Sumqayıt ŞPİ-nin 2-ci PBnə dəvət olunduğundan, polis bölməsinə gedib ərizə ilə müraciət edərək cinayət əməli törətmiş şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmiş, aradan bir neçə gün keçdikdən sonra təkrar Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət olunduqda, ona məxsus mobil telefonu oğurlamış şəxsin Təqsirləndirilən şəxs olduğu bildirilmiş və toplanmış təhqiqat materialının Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinə göndərildiyi izah olunmuşdur. Hadisə 10.09.2020-ci il tarixdə saat 15:30 radələrində Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi ərazisində baş vermiş, həmin vaxt hadisəni törətmiş şəxs tərəfindən ona qarşı heç bir formada fiziki qüvvə tətbiq edilməmiş, hadisə baş verən zaman ətrafda tanımadığı bir neçə nəfər şəxslər olmuş, hadisəni törətmiş şəxsin əlində silah və ya silah qismində istifadə olunan hər hansı bir əşya görməmiş, ona məxsus mobil telefon “Samsung A 3” markalı, qara rəngli, işlək və saz vəziyyətdə olmuş, həmin telefonu 2019-cu ilin mart ayında 275 manata alaraq həmin vaxtdanda istifadə etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona məxsus olan mobil telefon yararsız hala salındığından telefonu qəbul eməkdən imtina etmişdir. Ona dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən ondan şikayətçidir və barəsində ciddi cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslərdən Təqsirləndirilən şəxslə ilk dəfə 10.09.2020-ci il tarixdə qarşılaşmış, Təqsirləndirilən şəxs həmin gün saat təxminən 18 radələrində Sumqayıt şəhəri 34-cü məhəllə ərazisində yerləşən, icarə əsasında işlətdiyi və istifadə edilmiş mobil telefonların alqı satqısı, eləcədə təmiri ilə məşğul olduğu “Müslüm Telecom” adlı mağazaya gələrək, ona bir ədəd “Samsung A 3” markalı mobil telefonu göstərib, həmin mobil telefonu satmaq istədiyini bildirmiş, həmin şəxsdən mobil telefonu alıb baxdıqda, mobil telefonun ekranının yuxarı hissəsinin və arxa gövdə hissəsinin sınıq vəziyyətdə olduğunu görmüş, bundan sonra həmin mobil telefonun gələcəkdə ehtiyat hissələrindən istifadə etmək məqsədilə almaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxslə aralarında şifahi formada razılığa gələrək telefonun ona otuz manata satılması ilə bağlı razılaşmış, Əfrail adlı şəxsdən həmçinin telefonun oğurluq yolu ilə əldə edilib edilmədiyini soruşmuş, o, isə həmin mobil telefonun özünə məxsus olduğunu bildirmiş, daha sonra həmin şəxsdən mobil telefonun qutusunuda təqdim etməsini tələb etmiş, ancaq Əfrail telefonun qutusunun azyaşlı uşaqları tərəfindən yararsız hala salındığından tulladığını, telefonun özünə məxsus olduğunu, avtomobilinin təmirinə pul lazım olduğundan satmaq istədiyini bildirmişdir.Bu səbəbdən də həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini almış və o öz xətti ilə şəxsiyyət vəiqəsinin surətinin üzərinə mobil telefonu öz razılığı ilə satdığını, mobil telefonun cinayət yolu ilə əldə olunmadığını yazıb, imzası ilə təsdiqləyərək ona vermiş, bundan sonra ona otuz manat pul verərək mobil telefonu almışdır.Aradan bir neçə gün keçdikdən sonra 13.09.2020-ci il tarixdə işlədiyi mağazaya polis əməkdaşları gələrək Təqsirləndirilən şəxs mobil telefon alıb almadığı ilə maraqlanmış və izahatının alınması üçün onu Sumqayıt ŞPİnin 2-ci Polis Bölməsinə dəvət etmişlər.Polis bölməsinə getdikdə ona mobil telefon satmış Təqsirləndirilən şəxs həmin mobil telefonu Zərərçəkmiş şəxs adlı taksi sürücüsündən soyğunçuluq yolu ilə ələ keçirdiyini öyrənmiş, bundan sonra telefonu polis əməkdaşlarına təqdim etmiş, daha sonra ona məlum olan hallar üzrə izahat vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X3 ifadəsində göstərdi ki, 2011-ci ildən DİOda, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvvəkkili vəzifəsində isə 2019-cu ildən xidmət aparmış, 10 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Zabrat -1 qəsəbəsi Nizami küçəsi ev 12 mənzil 2-də yaşayan Zərərçəkmiş şəxs Sumqayıt ŞPİ-nin 2-ci PB-nə ərizə ilə müraciət edərək, həmin gün saat 16 radələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində ona məxsus “Toyota Prius” markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində əyləşmiş tanımadığı şəxsin Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi ərazisində idarə etdiyi avtomobili saxlatdırıb, avtomobilin “şiti”nin üzərində olan ona məxsus 270 manat dəyərində bir ədəd “Samsung A 3” markalı mobil telefonu götürüb hadisə yerindən qaçdığını bildirdiyindən, tərəfindən həmin şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, bundan sonra hadisəni törətməkdə şübhəli şəxsin xx.xx.1986-cı ildə Cəlilabad şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, Cəlilabad şəhəri Vüqar Mürsəlov küçəsi ev 86-da qeydiyyatda olan və Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi S.Bəhlulzadə küçəsi ev 3-də yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, 13.09.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində tərəfindən saxlanıldıqdan sonra onu Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə gətirib raport tərtib etməklə aidiyyatı üzrə təhvil vermiş, Təqsirləndirilən şəxs saxlanılarkən törətdiyi əməli etiraf edərək, həqiqətən Zərərçəkmiş şəxs məxsus “Samsung A 3” markalı mobil telefonu sürücünün icazəsi olmadan avtomobildən götürərək qaçdığını və həmin mobil telefonu Sumqayıt şəhəri 34-cü məhəllə ərazisində yerləşən mağazada mobil telefonların alqı satqısı ilə məşğul olan tanımadığı şəxsə özününkü kimi təqdim edərək 30 manata satdığını bildirmiş, bundan sonra tərəfindən keçirilmiş bir sıra əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs mobil telefonu almış şəxsin şəxsiyyəti müəyyən olunmuş, həmin şəxsin Şahid2 olduğu müəyyən edildiyindən, tərəfindən Şahid2 olduğu yer müəyyən edilmiş və o Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə dəvət olunmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24.09.2020-ci il tarixli 9/3633 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Samsung” markalı, “SM-A310F” model mobil telefonun zədələnməmişdən əvvəl, istifadədə olmuş, normal vəziyyətdə və satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla 2020-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 120,00 manat, hal-hazırda istifadəyə yararsız vəziyyətdə ehtiyat hissəsi kimi 30,0 manat müəyyən olunur. Cinayət işinin materiallarına əlavə edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 02.10.2020-ci il tarixli 1966 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Şahid2 tərəfindən istintaqa təqdim edilmiş üz tərəfinin yuxarı hissəsində qələmlə “10.09.2020”, aşağı sağ hissəsində “(055) 229-87-90”, arxa yuxarı hissəsində “özüm satdım”, “oğurluq deyil” və imza qeydləri aparılmış “Təqsirləndirilən şəxs məxsus AA 0274262” seriyalı şəxsiyyət vəsiqəsinin surəti cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Şahid2 tərəfindən təqdim edilmiş bir ədəd “Samsung” markalı, “SM-A310F” model mobil telefon cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq, cinayət işinin nəticəsinə kimi saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan 14 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2020-ci il tarixdə saat 17:00-da Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 14 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs 15 sentyabr 2020-ci il tarixli qərarla cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və Lənkəran hərbi Məhkəməsinin 13 iyun 2006-cı il tarixli hökmünün və Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2011-ci il tarixli hökmünün surətərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Lənkəran Hərbi Məhkəməsinin 13.06.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2; 333.1, 334.1 68 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 07.06.2010-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76.3.1-ci maddəsinə əsasən 06 ay 05 gün müddətinə vaxtından əvvəl şərti azad olunub. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 11.08.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1; 181.2.2; 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19.02.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nə dəyişikliklər edilməsi haqqında 20.10.2017-ci il tarixli qanunu tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 181.2.2-ci maddəsi ittihamdan xaric edilib, Azərbaycan Respublikası CM-nin 181.2.1; 181.2.4 və 181.2.5-ci maddələri ilə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 27.02.2019-cu il tarixli qərarı ilə 09 ay 15 gün müddətinə vaxtından əvvəl şərti azad olunub. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Bununla da, Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət əməli törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivini yaratdığı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan 04 noyabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 180.2.4 və 181.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs şikayətçidir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinəəsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından vəəməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini və iş üzrə cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Renspublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal əməlində cinayətin residivinin olmasıdır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmçinin həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əvvəllər də məhkum olunması, hazırda da məhkumluğu üzərindən götürülmədən cinayət törətməsi Təqsirləndirilən şəxs islah olunmadığını göstərir və həmçinin sonuncunun əməlində cinayətin residivinin olması ilə bağlı da Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 55.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 14 sentyabr 2020-ci il tarixdən hesablanmalı və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məxsus 01 ədəd zədələnmiş (istifadəyə yararsız) “Samsung” markalı mobil telefonu zərərçəkmiş şəxsə qaytarılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs oğlnun məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 16noyabr 2020-ci il tarixli (iş № 1(060)-530/2020) qərarını icra edərək, 23 noyabr 2020-ci il tarixli orderə əsasən vəkil X2 onun vəkili təyin etmişdir. Müdafiəçi X2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saat ıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatıüçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun” xxxx Sumqayıt şəhər filialında olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzanın çəkilməsi müddətinin əvvəli 14 sentyabr 2020-ci il tarixindən hesablansın və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung” A3 markalı “SM- A310F” model mobil telefon aparatı Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar