Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-95/2023 31.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1989-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 10/12, mənzil 61də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 180.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını açıq talama məqsədilə 29 may 2022-ci il tarixdə saat 13:10 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən "Yaşar" restoranının sanitar qovşağında kabinədə təbii ehtiyaclarını ödəyən Zərərçəkmiş şəxs1 yerə qoyduğu, bir ədəd sellofan paketin içərisində olan 1 ədədinin qiyməti 1 manat, ümumi 358 manat qiymətində 358 ədəd "Qızıl", 1 ədədinin qiyməti 2 manat, ümumi 94 manat qiymətində 47 ədəd "Şans-ulduzu", 1 ədədinin qiyməti 2 manat, ümumi 278 manat qiymətində 139 ədəd "Uğurlu 7", 1 ədədinin qiyməti 5 manat, ümumi 430 manat qiymətində 86 ədəd "Briliyant", 1 ədədinin qiyməti 5 manat, ümumi 535 manat qiymətində 107 ədəd "5X" və 1 ədədinin qiyməti 10 manat, ümumi 370 manat qiymətində 37 ədəd "Pul yağışı" adlı oyun lotoreyalarını kabinənin qapısının alt hissəsində yerləşən boşluğundan əlini uzadaraq götürüb hadisə yerindən qaçan zaman bunu görən Zərərçəkmiş şəxs1 onun arxasınca gedərək ondan dayanmağı və oyun lotoreyaları qaytarmağını səsləyib tələb etməsinə baxmayaraq o, lotoreyaları qaytarmaqdan imtina edərək həmin yerdən qaçıb getməklə Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 2065 manat məbləğində oyun lotoreyalarını açıq yolla talayıb maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa, o. təkrarən özgənin əmlakını talamaq məqsədilə gizli yolla 26 iyul 2022-ci il tarixdə, saat 09 radələrində Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, 3-cü mkr, 6/2 saylı binanın sağ tərəfində yerləşən qarajın beton dam örtüyünü deşməklə saxlanc yeri hesab olunan həmin qaraja qanunsuz daxil olmaqla, oradan 1 ədəd 70 manat qiymətində "Zil-133 K.C3575" avtokran markalı avtomobilə aid işlənmiş dəmir kompressor, 850 manat qiymətində "Zil-133 KC3575" avtokran markalı avtomobilə aid işlənmiş 310 markalı dəmir gidravlik nasos, 1 ədədinin qiyməti 200 manat, ümumi qiyməti 400 manat olan "Zil-133 KC3575" avtokran markalı avtomobilə aid işlənmiş 2 ədəd arxa dəmir resorlar, 1 ədədinin qiyməti 350 manat ümumi 700 manat olan "Zil-133 KC3575" avtokran markalı avtomobilə aid işlənmiş 2 ədəd dəmir "qayçı, çənə" (mostu ramaya bağlayan sağ və sol hissələr), 1 ədədinin qiyməti 60 manat ümumi 360 manat olan "Zil-133 KC3575" avtokran markalı avtomobilə aid işlənmiş 6 ədəd dəmir roliklər, 1 ədəd 50 manat qiymətində hündürlüyü 25sm, eni 35sm, uzunluğu 55sm, divarın qalınlığı 0.6 sm nerj materiallı manqalı gizli olaraq talamaqla zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs2 ümumilikdə 2430 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 180.1-ci maddələri ilə elan olunan ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən ‘‘Mini Araz’’ adlı marketin qarşısında oyun lotoreyalarının satışı ilə məşğul olan şəxsə yaxınlaşıb üzərində cəmi 5 manat pulu olduğundan həmin şəxsdən bir ədəd 5 manatlıq “5X” oyun lotoreyası almış və həmin lotoreyanı pozduqda yenidən 5 manat pul udmuşdur. Daha sonra həmin uduşlu lotoreyanı təhvil verib yeni bir lotoreya almış, lakin bu dəfə heç nə uduzmuşdur. Bu səbəbdən kənarda dayanıb siqaret çəkən zaman lotoreya satışı ilə məşğul olan şəxs satdığı lotoreyaları sellofan paketə yığıb çıxıb getmişdir. O, siqareti çəkib qurtardıqdan sonra təbii ehtiyaclarını ödəmək üçün Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən ‘‘Yaşar” restoranının sanitar qovşağına daxil olduqda bir qədər əvvəl lotoreya aldığı şəxsin orada olduğunu, sanitar qovşağın kabinələrindən birinə daxil olaraq təbii ehtiyaclarını ödədiyini, satdığı lotoreyaları yığdığı sellofan paketi isə sol ayağının yanına qoyduğunu görmüşdür. Həmin vaxt sellofan paketdə olan lotoreyaları oğurlamaq, bir qismini pozub ona lazım olan üç yüz manatı uduşla əldə etmək qərarına gəldiyindən əlini kabinənin qapısının aşağı hissəsində yerləşən boşluğundan uzadıb sellofan paketi götürmüş və dərhal sanitar qovşağı tərk etmişdir. Oradan çıxandan sonra isə dərhal yolu keçib Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən yaşayış binalarının olduğu əraziyə getmişdir. Həmin lotoreya satan şəxs arxasınca onu səsləyib dayanmağını tələb etsə də, o, dayanmamış və qaçaraq 13-cü mikrorayon ərazisinə gəlib orada yaşayış binalarından birinin dəhlizinə daxil olub lotoreyalardan bir qismini, təxminən 50 ədəddən çoxunu pozmuşdur. Pozduğu lotoreyalardan bir miqdar uduş çıxmış, eləcə də sellofan torbanın içərisində də uduşlu lotoreyalar olduğundan, düşünmüşdür ki, onsuzda onu axtarırlar, ona görə də həmin lotoreyalarla Bakı şəhərinə gedib orada da pozaraq lotoreya satış məntəqələrinə təhvil vermək məqsədi ilə gizləndiyi yerdən çıxaraq yoldan keçən tanımadığı taksi avtomobili saxlatdırıb Bakı şəhərinə getmişdir. Bakı şəhəri 20 Yanvar metrosunun yaxınlığında olarkən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin polis işçiləri onu saxlayıb bölməyə gətirmişlər. O da özündə qalan oyun lotoreyaları təhvil verib törətdiyi əməli etiraf etmişdir. Hadisəni törədən zaman sanitar qovşağında ikisindən başqa şəxs olmamışdır. Bundan başqa, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, 3-cü mkr ərazisində Notarius binasının yaxınlığındakı yaşayış binaların həyətindən keçən zaman orada yerləşən betonlu damı olan qarajın üzərində dəmir borunun olduğunu görəndə oğurlamaq qərara gəlmiş, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra qarajın damına çıxmış, beton dam köhnə olduğundan üzərində hərəkət edən zaman damın arxa hissəsində kiçik dəliyin olmasını görmüş, həmin dəlikdən qarajın içərisinə daxil olmuşdur. Qarajda yerdə və divar boyunca düzülmüş iri həcmli avtomobillərə aid dəmir materiallı hissələr və istifadə olunmayan evməişət əşyaları görəndə, dəmir əşyaları oğurlamaq üçün qarajdan taxta stul tapıb ayağının altına qoyaraq qarajdan dəmir dəmir ressorlar, dəmir roliklər, dəmir kravat başlığı, yük avtomobilin arxasına aid 2 ədəd dəmir hissələri, 1 ədəd dəmir manqal və s. dəmir parçalarını qaldırıb hissə-hissə qarajın damına yığaraq çölə çıxartmış və yaxınlıqda yerləşən yaşayış binasının yan tərəfinə daşıyıb yığmışdır ki, taksi ilə metal qəbulu məntəqəsinə aparıb satar. Sonra yola çıxıb taksi axtarmağa başlamış, yoldan keçən yaşıl rəngli VAZ 2106 markalı taksi avtomobilinə əl edərək saxlatdırmış və sürücüyə özünə məxsus istifadə etmədiyi lazımsız olan köhnə dəmir əşyaları Aliminium zavodunun yaxınlığnda metal qəbulu məntəqəsinə aparacağını demiş, sonradan adını Kərim bildiyi taksi sürücüsü etiraz etməmiş və 8 manata razılaşmışlar. Sonra dəmir əşyaları taksiyə yükləmişdir və dediyi metal qəbulu məntəqəsinə getmişlər, orada metal qəbul edən sonradan adını Oqtay bildiyi işçi ondan şəxsiyyət vəsiqə istəmiş, şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün taksi sürücüsü Kərimdən xahiş etmişdir ki, heç bir problem yoxdur, öz əşyalarıdır, onun əvəzinə öz şəxsiyyət vəsiqəsini təqdim etsin. Kərim də ona inanıb öz şəxsiyyət vəsiqəsini Oqtaya təqdim etmiş, təhvil verdiyi dəmir əşyaları tərəzidə çəkilmiş, ümumilikdə dəmirin hər kiloqramı 0,37 manat hesablanmaqla Oqtay ona 102 manat pul vermişdir. Sonra o, taksi ilə yaşadığı məhəlləyə qayıtmış və Kərimə 8 manat pul vermişdir. Əldə etdiyi pulu bir neçə gün ərzində özünə xərcləmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında polislər onu saxlayanda qarajdan dəmir əşyaları oğurladığını etiraf etmişdir. Həmin qarajdan dəmir əşyaları tək oğurlamış, yanında və ətrafda heç kim olmamış, onu heç kim görməmişdir. Dəmir əşyaları "VAZ 2106" markalı taksi avtomobilə yükləməyə ona yoldan keçən tanımadığı cavan oğlan köməklik göstərmiş, o, həmin dəmir əşyaların oğurluq olduğunu bilməmiş və bu barədə həmin oğlana bildirməmişdir. Hal-hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən "Mini Araz” marketin qarşısında “Poz-qazan” oyun lotoreya biletlərinin satışı ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 13:10-da Sumqayıt şəhəri 9cu mikrorayon ərazisində yerləşən “Mini Araz” marketin qarşısında lotoreya biletlərinin satışını dayandırıb, əlində olan lotoreya biletlərini sellofan paketə yığıb yolun qarşı tərəfində yerləşən “Yaşar" restoranına təbii ehtiyaclarını ödəmək üçün getmiş və restoranın sanitar qovşağına daxil olmuşdur. Sanitar qovşağa daxil olan zaman orda kənar heç kəs olmamışdır. Bundan sonra içəridəki sanitar qovşağın kabinalarından birinə daxil olmuş və əlində olan sellofan paketdəki lotoreyaları sol tərəfindən ayağının yanında yerə qoymuşdur. Bundan sonra ayaq üstə dayanıb, təbii ehtiyaclarını ödəyərkən birdən sol ayağının yanında yerə qoyduğu sellofan paketi kabinanın qapısının alt hissəsində yerləşən boşluqdan kiminsə cəld şəkildə götürüb qaçmasını hiss etmişdir. O, cəld kabinadan çıxıb həmin şəxsə dayanmağını və paketi qaytarmağını bildirsə də, həmin şəxs sanitar qovşaqdan əlində sellofan paket qaçaraq çıxmış, sonra isə restoranın ərazisini tərk etmişdir. Həmin şəxsin arxasınca qaçsa da, Sumqayıt şəhər 10-cu mikrorayon ərazsində yerləşən yaşayış binalarının arasında həmin şəxsi gözdən itirmişdir. Sonra Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sellofan paketdə satışı ilə məşğul olduğu ümumi dəyəri 2065 manat olan müxtəlif adlı lotereya biletləri olmuşdur. Həmin sellofan paketdə 358 manat dəyərində hər biri 1 manat olan ümumilikdə 358 ədəd “Qızıl”, 94 manat dəyərində hər biri 2 manat olan ümumilikdə 47 ədəd "Şans ulduzu", 278 manat dəyərində hər biri 2 manat olan ümumilikdə 139 ədəd “Uğurlu 7”, 430 manat dəyərində hər biri 5 manat olan ümumilikdə 86 ədəd “Brilyant”, 535 manat dəyərində hər biri 5 manat ümumilikdə 107 ədəd “5X”, 370 manat dəyərində hər biri 10 manat olan ümumilikdə 37 ədəd ”Pul Yağışı” adlı oyun lotoreyaları olmuşdur. Hadisəni törətmiş şəxs əvvəllər ondan oyun lotereyaları alarkən tanıdığı, adını, ata adını, soyadını və digər anket məlumatlarını bilmədiyi, əynində qısa qol, göy rəngdə, üzərində ağ zolaqları olan kofta, tünd rəngli cins şalvar və qara rəngli ayaqqabı geyinmiş, üzündə saqqalı olan şəxs olmuş, sonradan polis bölməsinə dəvət edilərkən həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona məxsus talanmış 358 ədəd “Qızıl" oyun lotereyalarından 299 ədədi, həmin 299 ədəddən isə 13 ədədi pozulmuş vəziyyətdə, 186 ədəd “Şans-ulduzu” və “Uğurlu 7” oyun lotereyalarından 168 ədədi, həmin 168 ədəddən isə 28 ədədi pozulmuş, 86 ədəd “Brilyant” oyun lotereyalarından 77 ədədi, həmin 77 ədəddən isə 25 ədədi pozulmuş, 107 ədəd “5x” oyun lotereyalarından 103 ədədi, həmin 103 ədəddən isə 25 ədədi pozulmuş, 37 ədəd “Pul yağışı” oyun lotereyalarından 34 ədədi, həmin 34 ədəddən isə 22 ədədi pozulmuş vəziyyətdə geri qaytarılmışdır. Ona məxsus talanmış 358 ədəd 1 manatlıq “Qızıl” oyun lotereyalarından 59 manat dəyərində 59 ədədi, 186 ədəd 2 manatlıq "Şans- ulduzu” və “Uğurlu 7” oyun lotereyalarından 36 manat dəyərində 18 ədədi, 86 ədəd “Brilyant” oyun lotereyalarından 45 manat dəyərində 9 ədədi, 107 ədəd “5x” oyun lotereyalarından 20 manat dəyərində 4 ədədi, 37 ədəd "Pul yağışı” oyun lotereyalarından 30 manat dəyərində 3 ədəd geri qaytarılmamışdır. Bunlardan əlavə 13 ədəd pozulmuş "Qızıl” oyun lotereyalarında 42 manat, 28 ədəd pozulmuş “Uğurlu 7" və “Şans-ulduzu” oyun lotereyalarında 37 manat, 25 ədəd pozulmuş “Brilyant” oyun lotereyalarında 40 manat, 25 ədəd pozulmuş "5x” oyun lotereyalarında 45 manat. 22 ədəd pozulmuş "Pul-yağışı” oyun lotereyalarında 80 manat, ümumilikdə isə 244 manat uduşlar olduğu müəyyən edilmişdir. Ona məxsus 2065 manat dəyərində oyun lotoreyalarının talanması, sonradan isə geri qaytarılmış lotoreyaları və pozulmuş lotoreyalardakı uduşlarla birlikdə ümumilikdə 1600 manat dəyərində oyun lotoreyaları və uduşlar geri qaytarılıb, qalan 465 manat dəyərində ona dəymiş maddi ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir. Şikayətçidir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri 3 mikrorayon ərazisində yerləşən evinə gəlmiş, həmin vaxt həyətdə olan ona məxsus daş qaraja girərək orada olan avtokran avtomobilinə aid ehtiyat hissələrinə baxıb ordan çıxıb qarajın qapısını bağlayıb Novxanı kəndindəki evinə getmişdir. Avtomobilinin ehtiyat hissələrini və istifadə etmədiyi ev məişət əşyalarını həmin qaraja yığıb saxlayır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında qaraja gəlib baxanda, qarajın beton damının deşildiyini və qarajdan avtomobilinə aid ehtiyat hissələrinin olmadığını aşkar etmişdir. Qaraja diqqətlə baxanda orada olmuş avtokran avtomobilinə aid komperssor, gidravlik nasos, 2 ədəd arxa resorlar, 02 ədəd qayçı (mostu ramaya bağlayan hissə) deyilən hissələr, 06 ədəd roliklər və metal manqalın olmadığını görəndə bilmişdir ki, oğurlanmışdır. Ona görə də baş vermiş oğurluqla bağlı Sumqayıt ŞPİ-nin 3-cü PB-nə ərizə ilə müraciət etmişdir. Qarajın beton damı köhnə olduğundan damın arxa sağ hissəsində kiçik dəlik əmələ gəlmişdir, qaraja su dammasın deyə həmin dəliyin üzərinə metal örtük qoymuşdur, qaraja girən naməlum şəxs damın həmin hissəsində olan dəliyi genişləndirib girmişdir. Qarajdan "Zil-133 KC3575" avtokran avtomobilinə aid təxminən 100 manat qiymətində işlənmiş dəmir kompressor, təxminən 1000 manat qiymətində işlənmiş dəmir gidravlik nasos, hər biri təxminən 250 manat ümumi 500 manat qiymətində işlənmiş 2 ədəd arxa dəmir resorlar, hər biri təxminən 500 manat ümumi 1000 manat qiymətində işlənmiş 2 dəmir ədəd dəmir "qayçı"( mostu ramaya bağlayan hissə) deyilən hissələr, hər biri təxminən 100 manat ümumi 600 manat qiymətində işlənmiş 6 ədəd dəmir roliklər və 1 ədəd təxminən 50 manat qiymətində nerj materiallı manqal oğurlanmışdır. Ona ümumilikdə təxminən 3250 manat maddi ziyan dəymişdir. Göstərdiyi əşyalarından başqa qarajdan heç bir şey oğurlanmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir. Şikayətçidir. Dəymiş ziyanı tələb edir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 1 ildir özünə məxsus VAZ 2106 markalı **-XJ-*** qeydiyyat nişanlı avtomobili ilə taksilik fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, 3-cü mkr ərazisindən keçən zaman yolda bir nəfər əvvəllər tanımadığı cavan oğlan ona əl edərək saxlatdırmış, özünün dəmir metal əşyalarını satmaq üçün Alüminium zavodunun yaxınlığında metal qəbulu məntəqəsinə aparmağını demiş və danışaraq 8 manata razılaşmışlar. Sonradan adını Tural bildiyi həmin şəxs Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən notariusun yanındakı binanın yan tərəfində yığdığı dəmir metal əşyaları yoldan keçən şəxsdən kömək istəyərək daşıyıb avtomobilin baqajına yükləmiş, sonra metal qəbul məntəqəsinə getmişlər. Yolda söhbət zamanı Tural demişdir ki, satmağa apardığı dəmir metal əşyalar özünündür, lazımsız olduğu üçün maddi vəziyyətinə görə satmağa aparır. Metal qəbulu məntəqəsində o, baqajı açmış və Tural metalları verən zaman metalları qəbul edən şəxs Turaldan metalların oğurluq olub-olmamasını soruşaraq sənəd istəmiş, Tural metalların özünün olduğunu, oğurluq olmadığını, özünün sənədi olmadığını deyərək ondan xahiş etmişdir ki, öz şəxsiyyət vəsiqəsini versin, heç bir problem yoxdur, o da Turala inanaraq metal qəbulu məntəqəsinin işçisinə öz şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Sonra Tural dəmir metal əşyaları təhvil vermiş və tərəzidə çəkilmişdir. Metal qəbul edən şəxs Turala metalların müqabilində 102 manat pul vermişdir. Turalın satdığı dəmir metal əşyaların konkret olaraq nə əşya və çəkisinin nə qədər olduğunu o, bilməmişdir və bundan sonra oradan çıxmışlar. Tural razılaşdıqları kimi ona 8 manat pul vermiş və onu düşürdərək öz işi ilə getmişdir. xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 3cü PB-nə dəvət olunanda ona məlum olmuşdur ki, Tural həmin metal əşyaları oğurlamışdır. Turalın həmin əşyaları oğurlaması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, Sumqayıt şəhəri, Alüminium zavodunun qarşısında yerləşən metal qəbulu məntəqəsində işləyir. xx.xx.2022ci il tarixdə səhər radələrində işdə olan zaman tanımadığı şəxslər “VAZ 2106" markalı taksi ilə iri yük avtomobilə aid müxtəlif növ dəmir metal əşyaları gətirmişlər və orada olan cavan oğlan həmin əşyaların özünə məxsus olduğunu və satmaq istədiyini bildirmişdir. O, həmin cavan oğlandan şəxsiyyət vəsiqəsini istəmiş, həmin oğlan sənədi olmadığını, adının Tural olduğunu demiş və gəldiyi sürücüyə onun əvəzinə sənəd verməsini xahiş etmişdir. Bundan sonra Şahid1 adlı sürücü öz şəxsiyyət vəsiqəsini təqdim etmiş və o da anket məlumatlarını qeyd etdikdən sonra gətirilən dəmir metal əşyaları tərəziyə qoyduqda çəkisinin 286 kiloqram olduğu müəyyən olmuş, dəmirin kiloqramı 0,37 manat və çürüntü faizləri çıxmaqla Turala 102 manat pul vermişdir. Turaldan aldığı metal dəmir əşyalardan bircə metal manqal qalmışdır, qalan əşyaları bir neçə gündən sonra polad əritmə zavoduna təhvil vermişdir. xx.xx.2022-ci il tarixdə işlədiyi məntəqəyə polis işçiləri gəlib Tural barədə soruşanda o, baş verənləri danışmış və məntəqənin həyətində olan Turalın ona satdığı metal manqalı təqdim etmişdir. Turaldan aldığı metal əşyaların oğurluq olduğunu bilməmişdir, bu barədə polislər ona dedikdə bilmiş, həmin metal əşyaların oğurluq olması barədə məlumatı olmamışdır. Tural həmin əşyaların özünə məxsus olduğunu və maddi vəziyyəti ilə əlaqədar satdığını demiş, Turalın rahat şəkildə danışığı və hərəkəti onda ona qarşı hər hansı bir şübhə yaratmamışdır. Tural bundan əvvəl ona heç bir əşya satmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi yer Sumqayıt şəhəri, 3-cü mkr, 6/2 saylı yaşayış binasının yaxınlığında yerləşən Zərərçəkmiş şəxs2 məxsus daş qarajdır. Baxış zamanı müəyyən olunmuşdur ki, qarajdan Zərərçəkmiş şəxs2 məxsus metal manqal, avtokran avtomobilinə məxsus kompressor, gidravlik nasos, arxa ressorlar, 2 ədəd "qayçı" hissələri və 06 ədəd rolik oğurlanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 iyul 2022-ci il tarixdə saat 00:10-da cinayət töərtməkdə şübhəli olan şəxs qismində tutulmuş, 01 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-332/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 31 iyul 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Nizami küçəsi 111-də 30 may 2022-ci il tarixdə saat 00:05-də cinayət töərtməkdə şübhəli olan şəxs qismində tutulmuş, 31 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında" xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, soyğunçuluq hadisəsi Sumqayıt şəhəri, 9-cu mkr, "Mini Araz" marketin qarşısında yerləşən "Yaşar" restoranının sanitar qovşağında baş vermişdir, baxış zamanı restoranın çölündə görüntü kamerasında əks olunmuş videogörüntü əldə olunaraq götürülmüşdür. İş materiallarında olan 01 avqust 2022-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, 3-cü mkr, 6/2 saylı yaşayış binasının yaxınlığında yerləşən qaraja hansı şəraitdə daxil olmasını və oradan oğurladığı əşyaların haradan götürdüyünü yerində göstərərək istintaq zamanı ifadələrində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Abşeron rayon Məhkəməsinin 1(012)-47/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus oyun lotoreyaları iş üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ 4 nömrəli xəstəxananın poliklinikasının şöbəsi tərəfindən verilmiş 237 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirildiyi ********* nömrəli cinayət işi və Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirildiyi ********* nömrəli cinayət işi bir icraatda birləşdirilməklə ********* nömrəsi ilə davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki,220730549 nömrəli cinayət işi üzrə törədildiyi müəyyən edilmiş cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 180.1-ci maddələrinə tövsif edilmiş və cinayət işinin istintaqı Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 180.1-ci maddələri ilə davam etdirilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5987 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, anoloji malların markasına, modelinə müvafiq olaraq, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş malları orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orla bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2430.0 manat müəyyən olunmuşdur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir - "Zil-133 KC3575" avtokran markalı avtomobilə aid işlənmiş dəmir kompressor-70 manat, "Zil-133 KC3575" avtokran markalı avtomobilə aid işlənmiş 310 markalı dəmir gidravlik nasos-850 manat, "Zil-133 KC3575" avtokran markalı avtomobilə aid işlənmiş 2 ədəd arxa dəmir resorlar-1 ədədinin qiyməti 200 manat, ümumi qiyməti 400 manat. "Zil-133 KC3575" avtokran markalı avtomobilə aid işlənmiş 2 ədəd dəmir "qayçı, çənə" (mostu ramaya bağlayan sağ və sol hissələr)-1 ədədinin qiyməti 350 manat, ümumi qiyməti 700 manat, "Zil-133 KC3575" avtokran markalı avtomobilə aid işlənmiş 6 ədəd dəmir roliklər-1 ədədinin qiyməti 60 manat, ümumi qiyməti 360 manat, hündürlüyü 25 sm, eni 35 sm, uzunluğu 55 sm, divarın qalınğlı 0,6 sm 1 ədəd nerj materiallı manqal-50 manat təşkil edir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/4321 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş lotoreyaların 2022-ci ilin may ayına olan orta bazar qiymətləri - "Qızıl" lotoreyanın 1 ədədinin qiyməti 1 manat, "Şans-ulduzu" lotoreyannı 1 ədədinin qiyməti 2 manat, "Uğurlu 7" lotoreyanın 1 ədədinin qiyməti 2 manat, "Briliyant" lotoreyanın 1 ədədinin qiyməti 5 manat. "5X" lotoreyanın 1 ədədinin qiyməti 5 manat, "Pul yağışı" lotoreyanın 1 ədədinin qiyməti 10 manat təşkil etməklə ümumi dəyəri 25,0 manat müəyyən edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd nerj materiallı manqal iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 1 sayı MKS tərəfindən verilmiş 3182 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır, müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilərək və əlavələr edilərək ona həmin Məcəllənin 177.2.2, 177.2.3 və 180.1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixi “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 01 ədəd disk “HP” markalı komputerə daxil edildikdən sonra diskin yaddaşında 01 (bir) ədəd “VİD-20220529-WA0022” adlı xx.xx.2022-ci il tarixli, 14,5 mb həcmində faylın olduğu müəyyən olundu. “VİD-20220529-WA0022” adlı fayla baxdıqda yaddaşında 02 dəqiqə 01 saniyə davam edən, rəngli formatda, açıq işıqlı hava şəraitində çəkilmiş videogörüntünün olduğu müəyyən olunmuşdur. Videogörüntüyə baxdıqda Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində “Mini Araz” adlı marketin qarşısında yerləşən “Yaşar” adlı restoranın çöl tərəfində 3 nəfər kişi cinsli şəxsin həmin restoranda yerləşən masanın arxasında əyləşdikləri, sonradan onlara 1 nəfər kişi cinsli şəxsin əlində olan bir ədəd göy rəngli və bir ədəd ağ rəngli sellofan paketlərlə yaxınlaşdığı, əlində olan göy rəngli selofan paketin içərisindən bir bağlamadakı uduşlu lotoreya bileti həmin masada əyləşən şəxslərdən birinə satıb getdiyi, bir qədər sonra həmin masanın yanından bir nəfər qısaqol qara gödəkçədə, tünd-boz rəngli şalvarda orta yaşlı, kişi cinsli şəxsin keçdiyi, sonradan həmin şəxsin təlaş içində həmin restorandan çıxıb yol tərəfə qaçdığı və onun ardınca isə görüntünün əvvəlində əlində iki sellofan paketlər olan şəxsin və stol arxasında oturan şəxslərin qaçdığı müşahidə olunmuşdur. Həmin video çəkilişə baxış keçirilən zaman Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində “Mini Araz” adlı marketin qarşısında yerləşən “Yaşar” adlı restoranının sanitar qovşağında kabinədə Zərərçəkmiş şəxs1 yerə qoyduğu içərisində lotoreya biletləri olan selofan paketi götürüb yol tərəfə ilk əvvəl qaçan şəxsin özü olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 180.2.1-ci, 181 və 182-ci maddələri ilə cinayət təqibi rədd edilmiş, Şahid2 əməlində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığından barəsində cinayət təqibi rədd edilmiş, Şahid1 əməlində Azərbaycan Respublikası CM-nin 177-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığından barəsində cinayət təqibi rədd edilmiş, istintaq zamanı götürülmüş Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd nerj materiallı manqal maddi sübut qismində tanınması və saxlanılması üçün qanuni sahibi X2 qaytarılması nəzərə alınmış, istintaq zamanı götürülmüş Zərərçəkmiş şəxs1 məxsus oyun lotoreyaları maddi sübut qismində tanınması və saxlanılması üçün qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmış, cinayət işinin materiallarında olan Sumqayıt şəhəri, 9-cu mkr, "Mini Araz" marketin qarşısında yerləşən "Yaşar" restoranının çölündə Təqsirləndirilən şəxs görüntü videotəsvirlərini əks etdirən 1 ədəd DVD disk maddi sübut qismində tanınmış və cinayət işində saxlanılmışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 180.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 180.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu götürülməmiş və ya ödənilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi, məhkumluğu ödənilmədən yenidən cinayət törətməsi onun əvvəlki cinayətə görə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının məhkumun tərbiyələndirilməsinə, yeni cinayətin törədilməsindən çəkinməsi məqsədinə nail olunmadığını göstərir və o, islah olunmadığına və hazırda cinayətin residivi hesab edildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 180.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar olaraq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 31 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarix saat 00:05-dən xx.xx.2022-ci il tarix saat 16:00dək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizaları tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd nerj materiallı manqalın saxlanılması üçün qanuni sahibi Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 məxsus oyun lotoreyalarının saxlanılması üçün qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, "Mini Araz" marketin qarşısında yerləşən "Yaşar" restoranının çölündə Təqsirləndirilən şəxs görüntü videotəsvirlərini əks etdirən 1 ədəd DVD disk cinayət iş materiallarında saxlanılmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 180.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-794/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli, 1543 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 18 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizaları tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd nerj materiallı manqalın saxlanılması üçün qanuni sahibi Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 məxsus oyun lotoreyalarının saxlanılması üçün qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 180.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-95/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-95/2023
31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver