Məhkəmə qərarları › İş №1(060)-96/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-96/2021

11.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-96/2021 11.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1964-cü ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 12 sentyabr 2020-ci il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri, 30-cu məhəllə, Sulh küçəsi, 6/10 nömrəli yaşayış binasının qarşısında Zərərçəkmiş şəxs onun cibindən mobil telefonunu götürməsinə cəhd göstərməsini iddia etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunu bir necə dəfə yumruqla sifət nahiyəsindən vuraraq burun tənəffüsünün pozulması ilə müşahidə olunan burun sümüyünün tam yerdəyişən sınığı, burun belinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi, hər iki gözətrafının qançırı, burun sağ yan səthinin sıyrığı kimi xəsarətlər yetirərək sağlamlığın uzun müddətə pozulmasına səbəb olan Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 12 sentyabr 2020-ci il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri, Bulvarına gəzməyə getmiş, gəzdikdən sonra saat təxminən 23 radələrində evə qayıtdığı zaman Sumqayıt şəhəri Təhsil İdarəsinin qarşısından keçdiyi zaman orada iki tanımadığı şəxs ona yaxınlaşmışlar. Onlardan biri adı sonradan ona Zərərçəkmiş şəxs kimi məlum olan şəxs ona aqressiv şəkildə “telefonu ver bir dəqiqə danışaq” demişdir. O, isə Zərərçəkmiş şəxs telefonu olmadığını demiş və Zərərçəkmiş şəxs yanında olan şəxs əlini onun cibinə salmaq istədiyini hiss etmişdir. Zərərçəkmiş şəxs isə həmin vaxt oradan təcili uzaqlaşmış və yolu keçmişdir. Daha sonra “Bazarstore” adlı mağazanın yanına gəlmişdir. Sonra oğlu Şahid1 zəng edərək, baş vermiş hadisə barədə danışmış və oğlu bir necə dəqiqə keçdikdən sonra həmin yerə gəlmişdir. Sonra o, “Ekspress” adlı bankın binasının yanından keçərək bulvara doğru getmişdir. Oğlu Şahid1 ilə birlikdə onun əlindən telefonu almağa cəhd edən şəxslərə yaxınlaşdıqları anda adını sonradan Zaur olduğu bildiyi şəxsin yanında olan əlini cibinə atan tanımadığı şəxs dərhal oradan uzaqlaşmış, Zaur isə yerində qalmışdır. O, oğlu Şahid1lə orada Zaura yaxınlaşaraq ona “siz məndən nə istəyirdiniz ?” deyə sual etmişdir. Zauru isə onunla mübahisə etməyə başlamış və onu kənara heç kəsin olmadığı yerə çəkmiş, Zaur həmin vaxt onun üstünə qışqırmış, o, Zaurun sifət nahiyəsindən bir dəfə yumruqla vuraraq yerə yıxmışdır. Daha sonra ora həmin vaxt polis əməkdaşları yaxınlaşmışlar, onları Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparmışlar və orada izahatlarını almışlar. Zərərçəkmiş şəxs vurmamışdan əvvəl onun psixoloji xəstəliyi olması barədə onun heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmaqla zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam olaraq ödədiyini və zərərçəkmiş şəxslə, onun qanuni nümayəndəsi ilə barışdığının nəzərə alınaraq, barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Nümayəndə iştrakı ilə dindirilərkən ifadəsində göstərdi ki, İİ qrup əlildir və rəsmi olaraq heç bir yerdə işləmir. 12 sentyabr 2020-ci il tarixdə təxminən saat 23 radələrində yaşadığı ünvanın yaxınlığında tək dayanmış, həmin vaxt əvvəllər tanımadığı iki nəfər şəxs ona yaxınlaşmışlar. Ona yaxınlaşmış yaşlı olan şəxsin adı Samid, cavan isə Amid olduğu ona sonradan aydın olmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt ona yaxınlaşaraq guya onun telefonunu əlindən alıb qaçmaq istəməsinə cəhd etdiyini ona demişdir. O, isə elə bir əməli etmədiyini Samidə demişdir. Sonra isə Təqsirləndirilən şəxs onu qolundan tutaraq kənara çəkərək, yumruqla sifətindən, burun nahiyəsindən vurmuş və o, yerə yıxılmışdır. Həmin zaman hadisəni görən polis əməkdaşları onlara yaxınlaşmış və Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparmışlar. O, Təqsirləndirilən şəxs və Şahid1 tanımamış və onları birinci dəfə görmüşdür. Təqsirləndirilən şəxs telefon istəməmiş, eləcə də onun əlindən telefonu götürüb qaçmağa cəhd etməmiş, Təqsirləndirilən şəxs onu kimləsə səhv salmışdır. Bundan başqa Təqsirləndirilən şəxs sifət nahiyəsindən onu vuraraq yerə yıxanda cibində olan “Samsung” markalı telefon sındığı üçün ona 300 (üç yüz) manat məbləğində maddi ziyan dəymişdir. Həmin dava-dalaş zamanı orada Samid yumruqla onun sifət nahiyəsindən vurub burnunu sındıraraq sağlamlığına az ağır xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Nümayəndə birgə imzaladıqları yazılı ərizə ilə məhkəməyə müraciət edərək hazırda Təqsirləndirilən şəxs ilə barışdıqlarını, onlara vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayətinin olmadığını bildirərək qeyd olunanların nəzərə alınmaqla sonuncu barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya X2 14.09.2020-ci il tarixli 1113 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs Nüsrət oğlunun bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Burnun tənəffüsünün pozulması ilə müşahidə olunan burun sümüyünün tam yerdəyişən sınığı, burun belinin yumaşaq toxumlarının şişkinlik fonunda əziyi, hər iki gözətrafının qançırı, sağ qaş nahiyəsinin, burun sağ yan səthinin, boynun sol yan səthinin yuxarı 1/3nin sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törəmə müddəti zərərçəkmişinin Sumqayıt şəhər TTYX-nin zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 12 sentyabr 2020-ci il tarixdə əmələ gələ bilər, özüözünə yetirməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya X2 19.10.2020-ci il tarixli 49/1113 saylı əlavə rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs Nüsrət oğlunun 14.09.2020-ci il tarixdə məhkəmə tibbi ekspertizası zamanı onun bədənində aşağıdakı xəsarətlər vardır: Burun tənəffüsünün pozulması ilə müşahidə olunan burun sümüyünün tam yerdəyişən sınığı, burun belin yumuşaq toxumalrının şişkinlik fonunda əziyi, hər iki gölətrafının qançırı, sağ qaş nahiyəsinin burun sağ yan səthinin, boyunun sol yan səthinin yuxarı 1/3 sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törəmişdir, törənmə müddəti zərərçəkmişinin Sumqayıt şəhər TTYX-nin zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 12.09.2020-ci il tarixdə əmələ gələ bilər, özü-özünə yetirməsi istisna edilir və dərəcsinə görə burun tənəffüsünün pozulması ilə müaşhidə olunan burun sümüyünün tam yerdəyişən sınığı, burun belin yumuşaq toxumalarının şişkinlik fonunda əziyi , hər iki gözətrafının qançırı, burun sağ yan səthinin sıyrığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az AĞİR zərərvurmaya, digər xəsarətlər yəni- sağ qaş nahiyənin, boynunun sol yan səthinin yuxarı 1/3-nin sıyrıqları isə sağlamlığa zərərvurmaya xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi tam sübuta yetirilir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Nümayəndə yazılı ərizə verərək, Təqsirləndirilən şəxs ilə barışdığı üçün sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə ərizə verərək, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Nümayəndə ilə barışdığına görə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş 03.11.2020-ci il tarixli arayışdan (tələbnaməsindən) görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt şəhər polis idarəsinin İstintaq şöbəsinin müstəntiqinin 03.11.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işinin materiallarına əlavə olunmuş arayışdan görünür ki, cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi üçün vəkil Müdafiəçi1 Soltan oğlu 12 (on iki) saat iştirak etmişdir. Ona görə də 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli (iş № 1(060)-531/2020) qərarını icra edərək, 17 noyabr 2020-ci il tarixli 432 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 6 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 36 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 6 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 36 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Soltan oğlu tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar