Məhkəmə qərarları › İş №1(060)-96/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-96/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-96/2023 20.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1980-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, Xəzər bağları nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,335 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 12.55 radələrində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Xəzər bağları, “Dəniz kənarı” ərazisində yerləşən “Qamışlıq” adlanan ərazidə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sol cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş halda təmiz çəkisi 0,335 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o xx.xx.2022-ci il tarixdə polis əməkdaşları onu bölməyə aparmış, bölmədə onu döymüş, təzyiq etmişlər ki, üzərindən narkotik vasitə çıxmasını etiraf etsin. Bölmədə olarkən 3 nəfər polis əməkdaşı onun qabağına narkotik vasitə qoymuşlar, o da döyüldüyü üçün qorxaraq onlarla razılaşmışdır. Bölmədə onun üzərində 2 manat pul və Bakı siqareti olmuşdur. Yolüstü 1 nəfəri də saxlamışlar. Həmin vaxt onun üzərində telefon olmamışdır. Həmin narkotik vasitə ona aid deyildir. Saxlanılarkən üzərinə baxış keçirilməmiş, ciblərinə və paltarlarına müdaxilə edilmədən üzərində kəsici-deşici alətlər olub-olmaması üstdən təmas edilməklə yoxlanılmışdır. Göstərilənləri nəzərə almaqla ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, ona təsir edilməsi, döyülməsi, narkotik vasitənin ona aid olmaması və s. barədə göstərdiyi hallara tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən boyun qaçırmaq üçün belə ifadə verir. Çünki Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Onun göstərdiyi hallar arşdırılsa da təsdiq edilməmişdir. Təqsirləndirilən şəxs özü də istintaq zamanı verdiyi ifadəsində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs bildirmişdir ki, ünvan 3 ünvanda qeydiyyatdadır, lakin Sumqayıt şəhəri, Xəzər bağları nömrəsiz fərdi evdə yaşayır. 2020-ci ilin avqust ayında narkotikdən istifadə etdiyinə görə Sumqayıt şəhər məhkəməsi tərəfindən 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2021ci ilin avqust ayında cəzanın sonu ilə azad edilmişdir. Başqa cinayət hadisəsi törətməmişdir. Uzun müddətdir narkotik vasitə kakos adlandırdığı heroindən iynə vurmaqla daxilə qəbul edir. Narkotiki müxtəlif yerlərdən tanımadığı şəxslərdən alıb istifadə edir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə səhər saatlarında Novxanı qəsəbəsi ərazisində olan zaman tanımadığı bir şəxsdən bir bükümdə şəxsi istifadəsi üçün narkotik vasitə heroini 10 manata almış, əynində olan göy rəngli idman şalvarının sol cibinə qoymuş, üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 12:55 radələrində yaşadığı Sumqayıt şəhəri, Xəzər bağları “Dəniz kənarı” ərazisində yerləşən “Qamışlıq” adlanan ərazidə olan zaman polis əməkdaşları ona yaxınlaşmışlar, özlərini təqdim etmişlər və onu narkotik vasitələrin saxlanmasında, istifadə edilməsində şübhəli olduğunu bildirib Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə dəvət etmişlər. Etiraz etməmiş, özü onlarla birlikdə polis bölməsinə gəlmişdir. Bölmənin inzibati otaqların birində üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər, o, buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional vəkil bürosunun vəkili X3 təqdim olunmuşdur. Vəkilə etiraz etməmişdir. Daha sonra isə videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində qanunla qadağan edilmiş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif etmişlər. Bundan sonra o, əynində olan göy rəngli idman şalvarının sol cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş halda bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş, bildirmişdir ki, bu bükümdə olan kütlə narkotik vasitə kakosdur. Onun təqdim etdiyi büküm açıldıqda içərisində spesifik iyə malik qəhvəyi rəngli, toz şəkilli kütlə aşkar edilmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin bükümdə olan narkotik vasitəni şəxsi istifadəsi üçün xx.xx.2022-ci il tarixdə səhər saatlarında Novxanı qəsəbəsi ərazisində olan zaman tanımadığı bir şəxsdən 10 manata almışdır. Həmin təqdim etdiyi büküm elektron tərəzi vasitəsilə çəkilmiş, sonra isə bir ədəd zərfə qablaşdırılıb üzəri möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, Xəzər bağları nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 4- cü PB-nin əməkdaşı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2022-ci il tarixdə saat 12.55 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib yaşadığı Sumqayıt şəhəri, Xəzər bağları, “Dəniz kənarı” ərazisində yerləşən “Qamışlıq” adlanan ərazidə saxlayaraq Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə polis idarəsinə Sumqayıt şəhər Regional Vəkil bürosunun vəkili X2 dəvət etmişlər, şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra idarənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sol cibindən bir ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş halda narkotik vasitəni çıxarıb təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin bükümü şəxsi istifadəsi üçün xx.xx.2022-ci il tarixdə səhər saatlarında Novxani qəsəbəsi ərazisində tanımadığı bir şəxsdən 10 manata almışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlə üzərində olan kağız ilə birlikdə elektron tərəzi vasitəsi ilə çəkilmiş. Həmin kütlənin çəkisinin 0,46 qram olması müəyyən olunaraq “Panasonic” markalı video kamera ilə görüntüsü qeydə alınmışdır. Həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı X6 tərəfindən müvafiq qaydada qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin kiçik inspektoru, polis serjantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, həmin gün qardaşını dəniz kənarından, Qamışlıq adlanan ərazidən yuxudan oyadıb aparmışlar. Ondan üzərində narkotik vasitə olmasını soruşmuşlar, lakin onun üzərində heç bir narkotik vasitə olmamışdır. Onu bölməyə apararkən o da qardaşı ilə birlikdə bölməyə getmişdir. Qardaşına bölmədə iş olduğu üçün onu axtardıqlarını demişlər. Onu bölməyə aparmışlar, həmin vaxt qardaşı şortiklə “Qamışlıq” adlanan ərazidə tikdikləri evdə yatmışdır. Qardaşını içəridə vurub-vurmadıqlarını görməmişdir. Bölmədə onu qardaşından ayrı otağa salmışlar. Onları aparan polislərin arasında Emin və İbadət adlı polis əməkdaşları olmuşdur. Qardaşını yatdığı yerdən durğuzub bölməyə aparmışlar. Qardaşı İldırım 3-4 il olar ki, narkotik vasitə istifadə edir. Məhkəmə Şahid4 ifadəsinin Təqsirləndirilən şəxs üzərinə saxlanılarkən baxış keçirilməsi, üzərində narkotik vasitə olmaması hissəsinə tənqidi yanaşaraq hesab edir ki, o doğma qardaşını məsuliyyətdən yayındırmaq üçün belə ifadə verir. Onun göstərdikləri işdə olan və mötəbərliyi şübhə doğurmayan digər sübutlarla təkzib edilir. Təqsirləndirilən şəxs özü də göstərmişdir ki, saxlanılarkən üzərinə baxış keçirilməmiş, ciblərinə və paltarlarına müdaxilə edilmədən üzərində kəsici-deşici alətlər olub-olmaması üstdən təmas edilməklə yoxlanılmışdır. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12:55-də Sumqayıt şəhəri, Xəzər bağları, Dəniz kənarı ərazisində yerləşən, Qamışlıq adlanan ərazidə tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barədə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli və “Diskə baxış keçiriləməsi haqqında” xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Sumqayıt şəhəri Regional Vəkil bürosunun vəkili X1 iştirakları ilə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sol cibindən bir ədə siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində “kakos” adladırılan narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin büküm açıldıqda içərisindən qəhvəyi rəngli kəskin iyli toz halında narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, şəxsi istifadəsi üçün həmin bükümü xx.xx.2022-ci il tarixdə səhər saatlarında Novxani qəsəbəsi ərazisində tanımadığı bir şəxsdən 10 manata almışdır. Bundan sonra həmin bükümdəki kütlə üzərində olan kağız ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisinin 0,46 qram olması müəyyən olunaraq “Panasonic” markalı video kamera ilə görüntüsü qeydə alınmışdır. Həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı X6 tərəfindən müvafiq qaydada qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 128 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmə iclasında həmin diskdəki görüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6V4077 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün 128 saylı” dairəvi möhür əksi və “vət.Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə... Təqsirləndirilən şəxs-imza, Tərtib etdi: K.Hacıyevimza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,335 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkarolunaraq götürülmüş ilkin çəkisi 0,335 qram heroin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,285 qram heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı videogörüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 29, 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 09 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Bundan başqa o Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-367/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4188 saylı rəyində göstərilmişdir ki, Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə tibb ekspertizasının 1110 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan Sumqayıt ŞİHB-nin Corat QİƏD-nin xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,335 qram heroin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,285 qram heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı videogörüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Sumqayıt Şəhər Pİ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə tutulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-796/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs ona qarşı məhkəməyədək icraat zamanı qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd olunan qanunsuz hərəkətlərin edilməsi (o tutularkən polis əməkdaşları tərəfindən döyülməsi) iddiası ilə bağlı məhkəmədə verdiyi cinayət haqqında məlumat araşdırılıb müvafiq qərar qəbul edilməsindən ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroruna göndərilməsi qərara alınmışdır. Həmin qərar əsasında Sumqayıt şəhər prokurorluğun bir daha Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı döyülməsi və ya ona təsir edilməsi halları araşdırılmış, Sumqayıt şəhər prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət hadisəsi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs göstərdiyi bütün hallar araşdırılmış, amma təsdiq edilməmişdir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs göstərdiklərini məsuliyyətdən yayınmaq kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,335 qram çəkidə narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Belə ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi residiv sayılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran halı, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 17 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12:55-də tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Onun tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPMin 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyat alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,285 qram narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünün olduğu bir ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 (otuz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 17 fevral 2023-cü il tarixdən hesablansın və cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyat alınsın və ona narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,285 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntülərin olduğu bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar