Məhkəmə qərarları › İş №1(060)-97/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-97/2022

08.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-97/2022 08.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürülmüşdür ki, o, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində istintaqa “İbiş” adı ilə məlum olan şəxsdən, satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 10 (on) bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan, ümumi çəkisi 0,735 qram narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə saat 16:00-da Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 84 saylı binanın yaxınlığında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, həmin bölmənin inzibati binasına gətirilib, orada xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının kəmərinə bərkidilmiş qara rəngli eynək qutusunun içərəsindəki 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdən 10 (on) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,085 qram, 0,052 qram, 0,105 qram, 0,069 qram, 0,074 qram, 0,064 qram, 0,064 qram, 0,085 qram, 0,083 qram, 0,054 qram, ümumi təmiz çəkisi 0,735 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 84 saylı binanın yaxınlığında Sumqayıt ŞPİ-nin 3-cü PBnin əməkdaşları tərəfindən saxlanılaraq həmin bölmənin inzibati binasına gətirilmişdir. Bölmədə polis əməkdaşları ona üzərində narkotik vasitə olmasını etiraf etməsini bildirmişlər, ona qarşı zor tətbiq olunmuş və ona görə də, videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu demişdir. Həmin gün onun üzərində narkotik vasitə olmamışdır. O ancaq istifadəçisi olduğunu bildirmişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilmiş və əlavə olaraq qeyd etmişdir ki, bir neçə ildir ki, narkotik vasitə istifadəçisidir. 20 iyul 2021-ci il tarixdə, günorta saatlarında o, Sumqayıt şəhəri Corat qəsəbəsində olarkən “İbiş” kimi tanıdığı şəxslə rastlamış və onda narkotik vasitə olub-olmadığını soruşduqda, İbiş satılıq kakosun olduğunu bildirmişdir. O, İbişdən 20 manat müqabilindən 01(bir) ədəd iri büküm narkotik vasitə olan kakos almışdır. Daha sonra həmin narkotik vasitəni evə gətirib 10 (on) hissəyə bölüb, ayrı-ayrı siqaret kağızlarında bükümlərə büküb siqaret kağızlarının içərisinə yığmış və öz istifadəsi üçün ayırmışdır. 21 iyul 2021-ci il tarixdə qeyd olunan 10 (on) ədəd büküm olan sellofan paketi şalvarının kəmərinə keçirmiş olduğu eynək qutusunun içərisinə qoyub Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisinə getmişdir. Saat 16:00-da həmin ərazidə olarkən ona polis əməkdaşları yaxınlaşaraq narkotik vasitələri üstündə gəzidirməkdə şübhəli olduğunu bildirib ona 3-cü PB-nə getməyi təklif etmişdirlər. Daha sonra birlikdə Polis Bölməsinə getmişlər və ona müdafiəçi təqdim olunduqdan sonra xidməti otaqda polis əməkdaşları üstündə olan bütün qanunsuz əşyaları təqdim etməyi təklif etmişdirlər. Polis əməkdaşlarına həmin eynək qutusunun içərisində olan 10 (on) ədəd bükümdə narkotik vasitəni təqdim edib bir gün əvvəl Corat qəsəbəsi ərazisində İbiş adlı şəxdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Polis əməkdaşları bükümləri açaraq içərisinə baxmışlar, həmin bükümləri bir-bir elektron tərəzidə çəkilmiş və həmin kütlələr zərfdə qablaşdırılaraq möhürlənmişdir. Heç bir zaman hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi, polis leytenantı Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımayıb. Ona dair düşmənçilik və ədavət münasibətləri olmamışdır. xx.xx.2021-ci il tarixdə ona etibarlı və qərəzsiz mənbədən Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yaşayan əvvəllər tanımadığı, lakin adını agentura məlumatlarında narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərin siyahısında eşitdiyi Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib, satış məqsədi ilə daşıyaraq üzərində saxlaması barədə məlumat almışdır. Məlumatı şöbə rəhbərliyinə məruzə etdikdən sonra Şahid1, Rüsal Kərimov və ondan ibarət tərkibdə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü qrup yaradılmışdır. xx.xx.2021-ci il tarixdə onlar məlumata uyğun olaraq, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisinə getmişlər. Həmin tarixdə saat 16:00-da Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində Təqsirləndirilən şəxs əlamətlərinə uyğun şəxsin gəldiyini görüb həmin şəxsə yaxınlaşıb onu saxlamaqla özlərini təqdim etmişlər. Saxladıqları şəxsdən özünü təqdim etməsini tələb etmişlər. Saxlanılan Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün saxladıqlarını demişlər. Rəşadı Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər, Rəşad heç bir etiraz etməmiş və onlarla birgə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə getmişdir. Sumqayıt ŞPİ-nin 3-cü PB-də xidməti otaqlardan birinə daxil olmuşlar. Videoçəkiliş başlanılaraq Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis mayoru X5 özünü təqdim edərək saxlanılan şəxsdən özünü təqdim etməsini tələb etmişdir. Saxlanılan şəxs özünü təqdim edərək adının Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra saxlanılan şəxs ünvan 1-də yaşadığını, xx.xx.1986-cı ildə anadan olduğunu demişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs saxlanılmanın səbəbini izah edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyib üzərinə şəxsi axtarış keçiriləcəyini deyərək, Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüuqu və vəzifələri əks olunmuş A4 vərəqi ona təqdim etmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri ilə tanış olmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarının vəkil Ruslan Mustafazadənin müdafiə edəcəyini deyib həmin vəkili ona təqdim etmişdir. Təqsirləndirilən şəxs hüquqlarının Ruslan Mustafazadə tərəfindən müdafiə edilməsinə etiraz etməmişdir. X9 Quliyevə üzərində qanunsuz əşya varsa təqdim etməyi təklif etmiş, Təqsirləndirilən şəxs əynində olan şalvarın kəmərinə bərkidilmiş qara rəngli eynək qutusunun içərisindən bir ədəd şəffaf rəngi sellofan bükülünü çıxarıb təqdim edərək, həmin bükümün daxilindəki kütlənin narkotik vasitə olan “KAKOS” olduğunu, həmin narkotik vasitəni Sumqayıt şəhəri, Corat qəsəbəsindən “İbiş” adlı şəxsdən xx.xx.2021-ci il tarixində 20 manata aldığını bildirmişdir. Şəffaf rəngli sellofan büküm açıldıqda içərəsindən ümumi sayı 10 (on) ədəd olan büküm aşkar edilmişdir. Saxlanılan şəxs bükümləri şəxsi istifadəsi üçün ayırdığını demişdir. Daha sonra bükümlər təhqiqatçı tərəfindən açılmışdır. Hər birinin daxilində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlələr müşahidə edilmişdir. Elektron tərəzi işə salınmış, bükümlər çəkilmiş və aşkar olunmuş bükümlər kağız zərfə qoyularaq möhürlənməklə qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin CAŞ-ın kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 da Şahid3 göstərdiyi xüsusatları təstiq edərək onun ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd DVD formatlı diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən 10 (on) büküm narkotik vasitə olan heroin aşkar edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/3008 №li rəyində göstərilmişdir ki, üzərində “ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün 127” dairəvi möhürü olan “Təqsirləndirilən şəxs götürülmüş...” sözləri, soyad və imza qeyd edilmiş bir ədəd kağız paketdə 10 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,085 qram, 0,052 qram, 0,105 qram, 0,069 qram, 0,074 qram, 0,064 qram, 0,064 qram, 0,085 qram, 0,083 qram, 0,054 qram ümumi təmiz çəkisi 0,735 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin təmiz çəkisi – 0,735 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 0,635 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 3860 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,735 qram olan, tədqiqat zamanı aparılmış kimyəvi ekspertiza nəticəsində qalıq, xalis çəkisi 0,635 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərardan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadəsi ilə məşğul olması və üzərində narkotik vasitə saxlanılması haqqında məlumat daxil olmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 3-cü PB-nin xx.xx.2021-ci il tarixli, 126-10203 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində narkotik vasitə satması müəyyən edilmiş, lakin onun konkret olaraq narkotik vasitə satdığı şəxslərin kimliklərini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 2648 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatdadır. İş materiallarında olan 16 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan nikah və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 02 azyaşlı uşağı vardır (xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X7 oğlu) Göründüyü kimi, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni satmaq niyyəti ilə əldə etməsini təsdiq edən sübut, ən əsası isə onun bu kimi fəaliyyətlə məşğul olubolmamasına və ondan aşkar olunmuş narkotik vasitəni satmaq üçün hər-hansı istehlakçı ilə razılıq əldə etməsini və ya danışıqlar aparmasına dəlalət edən hər hansı dəlil mövcud deyildir. Qeyd edilməlidir ki, cinayət işi üzrə toplanmış və tədqiq edilmiş sübutlar təhlil edilərkən müəyyən olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitəni əldə etməsi ittihamını irəli sürərkən ittihamın əsasını təşkil edən sübut kimi yalnız onun üzərində narkotik vasitənin olmasına istinad etmiş, Təqsirləndirilən şəxs satış məqsədi ilə həmin narkotik vasitəsini əldə etməsini təsdiq edən hər-hansı əlavə sübut əldə edə bilməmişdir. Həmçinin iş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarda məlumat da Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadəsi ilə məşğul olması və üzərində narkotik vasitə saxlanılması haqqında olmuşdur. Həmin qərardan da görünür ki, Sumqayıt ŞPİ-nin 3-cü PBdə də məlumat Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə deyil, narkotik vasitələrin istifadəsi ilə məşğul olması və üzərində narkotik vasitə saxlanılması haqqında olmuşdur. İbtidai istintaq zamanı da Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təkzib etmiş, şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin onun tərəfindən satış məqsədi ilə əldə edilməsini, eləcə də, məhz satış məqsədini təsdiq edən mötəbər sübut aşkar edilmədiyi, habelə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını və ondan aşkar edilmiş narkotik vasitəni satmaq üçün istehlakçı müəyyən edilmədiyi, eyni zamanda onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut olmadığı üçün onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi yolverilməzdir. Çünki, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Bununla yanaşı nəzərə alınır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətmiş olduğu cinayət əməli, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəməkimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla sübuta yetirilir. Məhkəmə qeyd edir ki, göstərilənlərlə yanaşı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması, onun narkotik maddələrin istifadəçisi olmasını bir daha möhkəmləndirir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təkzib olunsa da, sadalanan sübutlara əsasən onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı səhvən Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsüf edilməklə o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olmağı nəzərə alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ilkin çəkisi 0,735 qram olan, tədqiqat aq zamanı aparılmış kimyəvi ekspertiza nəticəsində qalıq, xalis çəkisi 0,635 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 65,0 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 21 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olmağı nəzərə alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,635 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 65,0 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar