Məhkəmə qərarları › İş №1(060)-99/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-99/2021

25.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-99/2021 25.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə 1983-cü il martın 20-də Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvələr məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özünün yaşaması üçün fərdi yaşayış evi inşa etmək məqsədi ilə 29 iyun 2004-cü il tarixli ”Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 5 və 12-ci bəndlərinin tələblərini kobud surətdə pozaraq, 2020-ci ilin fevral ayından 2020-ci ilin mart ayının sonunadək olan müddət ərzində “xxxx” MMC-nin balansında olan 110 kVluq 2-ci Sumqayıt Hava Xəttinin Sumqayıt şəhəri, “Beton zavod” ərazisindən keçən hissəsində, xətdən 11 metr məsafədə, yəni yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zonasında həmin xəttin istismarçısı və mülkiyyətçisi olan “xxxx” MMC-dən icazə almadan mişar daşlarından uzunluğu 7 metr, hündürlüyü isə 3.5 metr ölçüdə fərdi yaşayış evinin inşasını başa çatdıraraq tikinti işləri aparmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş üzrə məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham ilə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, 2020-ci ilin fevral ayında Sumqayıt şəhərinin “Beton zavod” adlı ərazisində yaşayan tanışından həmin ərazidə ev tikmək üçün Rövşən adlı şəxsə məxsus boş torpaq sahəsinin olduğunu öyrənmişdir. Həmin vaxtı Rövşənin xəstəxanada olduğunu bildikdən sonra onun yanına gedərək, torpaq sahəsini ev tikmək üçün ona verilməsini xahiş etmiş, Şahid4 isə torpaq sahəsini ona təmannasız verərkən səhhətinin ağır olduğunu, həmin torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin altına düşdüyündən tikinti işləri apara bilmədiyini bildirmişdir. Tikinti işlərini apardığı torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin altında yerləşdiyini bilmiş, lakin ailəsinin yaşaması üçün 2020-ci ilin fevral-mart ayları ərzində həmin torpaq sahəsində tikinti işləri aparmış və 1 mərtəbəli fərdi yaşayış evini inşa etmişdir. Hazırda evin daxili və bayır tərəfdən olan divarları suvaq qatı ilə suvanmışdır. Belə ki, o, tikinti işlərini apararkən “xxxx” MMC-nin əməkdaşları və başqa hər hansı bir qurumun əməkdaşları tərəfindən ona apardığı tikinti işlərinin mühafizə zonasına düşməsi barədə rəsmi xəbərdarlıq olunmamışdır. Tikinti işlərini başa çatdırdıqdan sonra 2020-ci ilin mart ayında tanımadığı bir nəfər şəxs özünü Sumqayıt şəhər Memarlıq və şəhərslama idarəsinin əməkdaşı kimi təqdim edərək inşa etdiyi fərdi yaşayış evinin ərazidən keçən elektrik xəttinin mühafizə zonasına düşməsi barədə şifahi xəbərdarlıq etmişdir. Mübahisəli ərazidəki torpağa dair onun heç bir mülkiyyət sənədi, həmçinin fərdi yaşayış evi inşa etməsi ilə əlaqədar tikinti işlərinin aparılmasına dair hər hansı bir icazəverici sənəd yoxdur və bununla bağlı heç bir quruma müraciət etməmişdir. Həmin ərazinin də mühafizə zolağına düşməsindən də məlumatsız olmuşdur. Yaşayış yeri olmadığından və ailəsini düşünərək məcburiyyət qarşısında bu evi inşa etmişdir. Hal-hazırda o, əməlindən peşman olduğunu, himayəsində azyaşlı uşaqlarının olmasını və ailəsinin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. İş üzrə məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsin özbaşına inşa etdiyi evin mühafizə zonası, yəni 110 kv-luq 2-ci Sumqayıt Hava Xətti “xxxx” MMC-in balansında və istismarındadır. 10 iyun 2005-ci il Azərbaycan Resöpublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın tələblərinə görə elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkənin istismarçılarından və mülkiyyətçilərindən rəsmi razılığ olmadan tikintiquraşdırma işlərinin aparılması qadağandır. Qeyd olunan yüksək gərginlikli elektrik xəttinin bir hissəsi Sumqayıt şəhərinin “Beton zavod” adlanan ərazisindən keçir. Sumqayıt şəhərinin “Beton zavod” ərazisinə “xxxx” MMC-nin elektrik montyoru Şahid1 tərəfindən 18 fevral 2020-ci il tarixdə baxış keçirilərkən qeyd olunan xətdən 11 metr məsafədə mühafizə zonasında Şahid4 tərəfindən fərdi yaşayış evinin inşası üçün özülün qazıldığı və betonun töküldüyü aşkar edilmiş və həmin gün 181 nömrəli akt tərtib edilmiş, Şahid4 inşa etdiyi tikilinin yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasına düşdüyü üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli qərarına əsasən qanunsuz olduğunu izah etmiş, qanunsuz tikinti işləri apardığı ərazini qısa müddətdə boşaltmayacağı halda barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuş, lakin vətəndaş Şahid4 aktı imzalamaqdan imtina etmişdir. Daha sonra 07 mart 2020-ci il tarixdə əraziyə təkrar baxış keçirilərkən torpaq sahəsinin daş hasara alındığı, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edildiyi və dam örtüyü vurulduğu aşkar edilmişdir. Sonradan tikinti işlərinin Təqsirləndirilən şəxs tərəfindən aparıldığı məlum olmuşdur. Sumqayıt şəhəri “Beton zavod” adlı ərazidə 110 kv-luq 2-ci Sumqayıt Hava Xəttinin mühafizə zonasında tikinti-quraşdırma işlərinin aparılmasına heç bir icazə alınmamış və tikinti işlərinin aparılması “xxxx” MMC ilə razılaşdırılmamışdır. Aparılmış tikinti-quraşdırma işləri “xxxx” MMC-nin balansında olan 110 kv-luq 2-ci Sumqayıt Hava Xətinin 20-21 saylı dayaqlararası aşırımında, xətdən 11 metr məsafədə mühafizə zonasında yerləşməsi qeyd olunan elektrik xətlərində normal təmir işlərinin aparılmasını, hətta qəza-bərpa işləri zamanı qəzanın nəticələrinin vaxtında aradan qaldırılmasını çətinləşdirir, bəzən isə qeyrimümkün edir. Həmçinin Yüksək Gərginlikli X1 mühafizə zonasında yaşayış evlərinin və digər məişət obyektlərinin yerləşdirilməsi həmin sahədə yaşayan və işləyən insanların həyatı üçün hər an təhlükə mənbəyidir. Qeyd olunan fakta görə o, təqsirləndirilən şəxs S.Ə.Aslaovun barəsində həbslə bağlı cəza təyin edilməsini xahiş etdi. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, Qubadlı rayonunun Sarıyataq kəndində qeydiyyatda olsada, Sumqayıt şəhərinin “Beton zavod” ərazisində ailəsi ilə birlikdə yaşayır. Belə ki, o, 1993-cü ildə Sumqayıt şəhərinə köçərkən həmin ərazidə əkinçilik üçün istifadə olunması nəzərdə tutulan torpaq sahəsini xatırlamadığı bir nəfər şəxsdən almış, 2020-ci ilin fevral ayının əvvəllərində həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikmək məqsədilə 12x11 metr ölçüdə özül qazaraq beton tökmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs ASC-nin əməkdaşları tərəfindən özül qazılan və beton tökülən torpaq sahəsinin “xxxx” MMC-nin balansında olan 110 kV-luq elektrik hava xətlərinin mühafizə zonasına düşdüyü bildirilmiş, bununla bağlı ona şifahi və yazılı xəbərdarlıq olunmuşdur. “xxxx” MMC-nin əməkdaşları elektrik xəttinin mühafizə zonasında tikinti işlərinin aparılması ilə bağlı akt tərtib edərək rəsmi xəbərdarlıq etmiş, apardığı tikinti işlərinin elektrik xətlərinin mühafizə zonasına düşməsi barədə məlumatı olmadığından həmin xəbərdarlığı imzalamaqdan imtina etmiş, əlavə tikinti işləri aparmamış, qazılan və beton tökülən özülü olduğu vəziyyətdə saxlamışdır. Həmin torpaq sahəsində tikinti işləri apara bilmədiyindən və əkin üçün yararsız olduğundan, 2020-ci ilin fevral ayının əvvəlində 3 sot torpaq sahəsini əvvəllər tanımadığı Təqsirləndirilən şəxs təmannasız vermişdir. Təqsirləndirilən şəxs torpaq sahəsini verərkən həmin torpaq sahəsinin “xxxx” MMC-nin 110 kV-luq elektrik xəttinin mühafizə zonasından 11 metr məsafədə yerləşdiyini və mühafizə zonasına düşdüyünü, bu barədə xəbərdarlıq olunduğunu, buna görə də tikinti işləri aparılmasına icazə verilmədiyini bildirmişdir. Lakin Səmid ona tikə biləciyini demişdir. Torpaq sahəsini Səmidə verdikdən sonra onunla maraqlanmamışdır. Fövqəladə Hallar Nazirliyinin Əməliyyat istintaq idarəsinə dəvət olunarkən həmin torpaq sahəsində Təqsirləndirilən şəxs tərəfindən fərdi yaşayış evi tikildiyini öyrənmiş, sonra əraziya gedərək həqiqətən də həmin torpaq sahəsində fərdi yaşayış evinin tikildiyini və evin hasara alındığını görmüşdür. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, “xxxx” MMC-nin Elektrik verilişi hava xətti və təmiri xidməti üzrə elektrik montyoru vəzifəsində işləyir. Belə ki, 18 fevral 2020-ci il tarixdə təhkim olunduğu əraziyə baxış keçirərkən “Beton zavod” adlanan ərazisindən keçən, “xxxx” MMC-nin balansında olan 110 kV-luq 2-ci Sumqayıt Hava Xəttinin 20-21 saylı dayaqlararası aşırımının yaxınlığında qazılmış özülün betonlanması ilə bağlı aparılan tikinti işlərini aşkar etmiş və ərazi ölçülərkən müəyyən edilmişdir ki, betonlanma işləri yüksək gərginlikli elektrik xəttindən 11 metr məsafədə aparılır. Tikinti işlərinin Şahid4 tərəfindən aparıldığını müəyyən etmiş, sonuncuya inşa etdiyi beton özülünün yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasına düşdüyü üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli qərarına əsasən qanunsuz olduğu izah edilmiş, ərazini qısa müddətdə boşaltmayacağı halda barəsində müvafiq tədbirlər görüləcəyi barədə 18 fevral 2020-ci il tarixli rəsmi xəbərdarlıq aktı tərtib etmiş, lakin Şahid4 aktı imzalamaqdan imtina etmişdir. 07 mart 2020-ci il tarixdə əraziyə təkrar baxış keçirilərkən “xxxx” MMC-nin balansında olan 110 kV-luq 2-ci Sumqayıt HX-nin 20-21 saylı dayaqları arası aşırımından 11 metr məsafədə fərdi yaşayış evinin inşa edildiyi, həmin evin hasara alındığı, qapı və pəncərələrinin qoyulduğu və dam örtüyünün qırmızı rəngli azbest şiferlə örtüldüyü və tikintinin başa çatdığı müəyyən edilmişdir. Həmin əraziyə yenidən baxış keçirilərkən torpaq sahəsində tikinti işləri aparan şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəməyəqədər icraat zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, 2015-ci ildən Sumqayıt şəhəri Memarlıq və şəhərsalma idarəsində aparıcı mühəndis vəzifəsində işləyir. Əsas vəzifəsi mütəmadi olaraq təhkim olunduğu ərazilərdə monitorinq aparmaq, idarəyə daxil olmuş məktub və ərizələri araşdırmaq və cavablandırmaqdan ibarətdir. Sumqayıt şəhəri ərazisində tikinti işləri ilə bağlı monitorinqin həyata keçirilməsi qaydaları Memarlıq və şəhərsalma idarəsinin rəisi tərəfindən müəyyən olunmuşdur. Mühəndislər tərəfindən onlara təhkim olunmuş ərazilərdə mütəmadi olaraq monitorinq həyata keçirilir. 2020-ci ilin mart ayında Sumqayıt şəhərinin “Beton zavod” adlı ərazisində monitorinqdə olarkən “xxxx” MMC-nin balansında olan 110 kV-luq hava elektrik xətlərindən 11 metr məsafədə mühafizə zonasında tikinti işlərinin aparıldığı, fərdi yaşayış evinin inşa olunduğu, mişar daşları ilə hasara alındığı və dəmir darvaza qoyulduğu müəyyən olunmuşdur. Tikinti işləri aşkar olunarkən fərdi yaşayış evi tam tikilmiş və dam örtüyü vurulmuş, həyətyanı sahə mişar daşları ilə hasara alınmış vəziyyətdə olmuşdur. Həmin vaxt özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs inşa edilən fərdi yaşayış evinin özünə məxsus olduğunu, özünün yaşaması üçün tikdiyini, torpağa dair heç bir icazəsi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən “xxxx” MMC-nin balansında olan 110 kV-luq hava elektrik xətlərinin mühafizə zonasında qeyri-qanuni tikinti işlərinin aparılması ilə bağlı Memarlıq və şəhərsalma idarəsində daxili akt tərtib olunaraq aidiyyəti dövlət qurumlarına məlumat verilmişdir. Aparılmış tikinti işləri ilə bağlı Təqsirləndirilən şəxs tikdiyi fərdi yaşayış evinin “xxxx” MMC-nin balansında olan 110 kV-luq elektrik xətlərinin mühafizə zonası düşməsi şifahi bildirilmiş, həmin torpaq sahəsi “xxxx” MMC-nin balansında olduğundan bununla bağlı müvafiq quruma məlumat verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş “xxxx” MMC-nin 14 sentyabr 2020-ci il tarixli, 16/01-20/771 saylı məktubundan görünür ki, Sumqayıt şəhəri Beton zavodu ərazisindən keçən və “xxxx” MMC-nin balansında olan 110kV-luq 2-ci Sumqayıt Hava Xəttinin 20-21 saylıdayaqlararası aşırımından 11 metr məsafədə Təqsirləndirilən şəxs tərəfindən aparılmış tikinti işləri xəttin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 nömrəli, 10 iyun 2005-ci il tarixli qərarına əsasən 110 kV-luq HX-nin mühafizə zonasıxəttin altı və kənar məftillərdən hər iki tərəfə 20 metr məsafədə təyin edilmişdir. 110 kV-luq 2-ci Sumqayıt HX 1951-ci ildə istismara verilmişdir. Xəttin ümumi uzunluğu 4.21 km, dayaqların ümumi sayı 32 ədəddir. Cinayət işi materiallarına əlavə olunmuş Sumqayıt bələdiyyəsinin 18 sentyabr 2020ci il tarixli 2742 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Sumqayıt şəhərinin “Beton zavod” ərazisində tikinti işləri apardığı torpaq sahəsi Sumqayıt bələdiyyəsinin mülkiyyətində deyildir. Sumqayıt bələdiyyəsi tərəfindən Təqsirləndirilən şəxs hər hansı bir məqsəd üçün torpaq sahəsi ayrılmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş Sumqayıt şəhər İcra Hakimiyyətinin 18 sentyabr 2020-ci il tarixli 1121 saylı məktuundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhərinin “Beton zavodu” adlanan ərazisində hər hansı məqsədlə tikinti işlərinin aparılmasına dair icazə sənədi verilməmişdir. Bundan başqa Memarlıq və Şəhərsalma idarəsi tərəfindən dövlət şəhərsalma nəzarəti tədbirləri çərçivəsində vətəndaş Təqsirləndirilən şəxs qanunsuz fərdi yaşayış evi tikintisi barədə Sumqayıt ŞPİ-nə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və Zərərçəkmiş şəxs ASC “xxxx” MMC-nə yazılı məlumat göndərilmiş, həmçinin Təqsirləndirilən şəxs qanunsuz tikinti işlərini dayandırmaq tövsiyyə olunmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyul 2020-ci il tarixli 10/774 nömrəli rəyindən görünür ki, tədqiq olunan tikilinin inşa edilməsi ilə əlaqədar aparılmış işlərin tikinti-quraşdırma işlərinə aid olduğu və həmin işlərin aparılması üçün torpağa və ya tikiliyə dair hər hansı sənədlərin olmaması səbəbindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin müvafiq bəndlərinin tələblərinin pozulması müəyyən edilir. Sumqayıt şəhəri “Beton zavod” ərazisində yüksək gərginlikli 110 kV-luq elektrik xətləri ilə tikili arasındakı məsafənin 11 metr təşkil etməsi və həmin xətlərin mühafizə zolağının müvafiq qaydalarının tələblərində 20 metr məsafədə müəyyən olunduğu nəzərə alınarsa, tədqiq olunan tikilinin 110 kV-luq yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zonasında inşa olunduğu və bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi qaydalarının və gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 5-ci, 12-ci bəndlərinin tələblərinin pozulması müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 29 iyun 2004-cü il tarixli ”Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 5 və 12-ci bəndlərinin tələblərini kobud surətdə pozaraq, 2020-ci ilin fevral ayından 2020-ci ilin mart ayının sonunadək olan müddət ərzində “xxxx” MMC-nin balansında olan 110 kV-luq 2-ci Sumqayıt Hava Xəttinin Sumqayıt şəhəri, “Beton zavod” ərazisindən keçən hissəsində, xətdən 11 metr məsafədə, yəni yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zonasında həmin xəttin istismarçısı və mülkiyyətçisi olan “xxxx” MMC-dən icazə almadan mişar daşlarından uzunluğu 7 metr, hündürlüyü isə 3.5 metr ölçüdə fərdi yaşayış evinin inşasını başa çatdıraraq tikinti işləri aparmışdır. Bununla da o, Azərbaycan Respublikası CM-nin 222-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrilə, ekspertiza rəyi ilə və müvafiq orqanların rəsmi sənədlərilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 222-2.1-ci maddəsilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 11.09.2020-ci il tarixli tələbnamədən göründüyü kimi, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş AZ-İİİ № 009767 saylı və AZ-İİ № 307488 saylı doğum haqqında şəhadətnamələrin sürətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən ilk dəfə olaraq az ağır cinayət törətməsi, himayəsində iki azyaşlı uşağının olması, ailəyə qazanc gətirən yeganə şəxs olması və səmimi peşmançılığı cəzanı yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – islah işləri növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci olan 100 (yüz) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir və maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 222-2.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib qazancından dövlət nəfinə 20 (iyirmi) % məbləğdə pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat tutularaq dövlət nəfinə ödənilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə ona 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq («xxxx» ASC-nin Sumqayıt filialı, № AZ 03TURA********************, VÖEN:**********) hesabına ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar