Məhkəmə qərarları › İş №1(060)-99/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-99/2022

21.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-99/2022 21.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1979-cu il tarixdə Şamaxı rayonu Nərimankənd kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0.114 qram və 0.106 qram ümumi təmiz çəkisi 0.220 qram kustar üsulla hazırlanmış, narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 23.07.2021-ci il tarixdə saat 18:15-da Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində, Şəhidlər Xiyabanı yaxınlığında saxlanılmış və narkotik vasitələrin istifadəsi, qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu bildirilərək, Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynində olan ağ rəngli şalvarın arxa cibindən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,114 qram və 0,106 qram ümumi təmiz çəkisi 0,220 qram kustar üsulla hazırlanmış, narkotik vasitə olan heroin edilib götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamışdur. 22.07.2021-ci il tarixdə Novxanı kəndi ərazisində fəhlə kimi günəmuzd işdə işlədiyi zaman ona bir nəfər tanımadığı 40-45 yaşlarında kişi rast gəlmişdir. Həmin şəxs ilə aralarında söhbət etmiş və söhbət əsnasında onun da narkotik vasitələrdən istifadə etdiyini öyrənmişdir. Daha sonra ona ağrıları olduğunu narkotik vasitə təşkil etməsini bildirmiş və o, cibində olan iki büküm heroini ona verərək bunun müqabilində 10 manat pul almışdır. Həmin gün istifadə etməyi üçün imkan olmamış və düşünmüşdür ki, bir gün sonra istifadə edər və əynində olan ağ rəngli şalvarın arxa cibinə qoymuşdur. 23.07.20201-ci il tarixdə təxminən saat 18 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon Şəhidlər Xiyabanı yaxınlığında olduğu zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış və narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirərək Sumqayıt ŞPİ-nin 3-cü PB dəvət etmişlər. Birlikdə Sumqayıt ŞPİ-nin 3cü PB-nə getmiş, Polis Bölməsində üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdə buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş və Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 təqdim olunmuş, daha sonra isə üzərinə şəxsi axtarış keçirələciyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman özü əynində olan ağ rəngli şalvarın arxa sağ cibində olan iki büküm narkotik vasitə olan heroini çıxartmış və masanın üzərinə qoymuşdur. Şəxsi axtarışın sonunda onun üzərində aşkar olunmuş iki büküm narkotik vasitə olan heroin bükümü elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırılmışdır. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı rəhbərliyə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 23 iyul 2021-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. İdarə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin gün əməliyyat qrupunun üzvü NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 18.15 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürmüş, bir qədər sonra onu Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində Şəhidlər Xiyabanı yaxınlığında piyada hərəkət etdiyini müşahidə etmiş, onlar birlikdə qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlayaraq hər iki tərəfdən əllərini möhkəm tutaraq onu hərəkətsiz hala gətirmişlər. Sonra özülərini ona təqdim etmiş və üzərində narkotik vasitə olduğundan şübhələndiyinə görə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparılacağını ona bildirmişlər. Bundan sonra o, müqavimət göstərmədən avtomobilə mindikdən sonra 3-cü PB-na gətirilmişdir. 3cü PB-də Təqsirləndirilən şəxs təhqiqatçı, polis mayoru Şahid3 tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı Şahid3 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan ağ rəngli şalvarın arxa cibindən 02 ədəd üzəri sellofana bükülmüş, içərisində göy rəngli siqaret kağızı olan bükümləri çıxardaraq təqdim etmiş və içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin bükümlər açılaraq baxıldığı zaman içərisində qəhvəyi rəngli tozşəkilli maddə olduğu görülmüş və hər bir büküm ayrı-ayrılıqda elektron tərəzi vasitəsilə çəkilmiş və zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş şahid Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 24 iyul 2021-ci il tarixli, 6\3063 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində:” Təqsirləndirilən şəxs üzərindən..” yazı və imzalar olan zərfdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,114 qram, 0,106 qram ümumi təmiz çəkisi 0,220 qram qəhvəyi rəngli maddə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: Heroinin təmiz çəkisi-0,220 qram, tədqiqata sərf edildi-0,08 qram, qalıq-0,140 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 18 sentyabr 2021-ci il tarixli, 3517 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan Asılılıq SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxsun üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,140 qram narkotik vasitə heroin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23.07.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 25.07.2021-ci il tarixdə MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 azyaşlı uşağı vardır. İş materiallarında olan 7 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində 01 azyaşlı uşağın olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, peşman olmasını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 40 (qırx) saat sərf etmişdir. Ona görə də, 240 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, şahidlərin ifadələrini tədqiq edib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, onun məhkəməyədək icraat zamanı 23.07.2021-ci il tarixdən 25.07.2021-ci il tarixədək 02 (iki) gün həbsdə saxlanılma müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, 04 gün kimi hesab edilməli və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti cəza təyin edilməli, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalı, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq qalmış 0,140 qram narkotik vasitə heroin məhv edilməli, 01 (bir) ədəd DVD-R formatlı disk maddi sübut kimi cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 65.0 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 23.07.2021-ci il tarixdən 25.07.2021-ci il tarixədək 02 (iki) gün həbsdə saxlanılma müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, 04 gün kimi hesab edilsin və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər probasiya şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqana iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,140 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 65.0 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 240 (yüz əlli) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar