Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-99/2023 18.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Cəbrayıl rayonunda anadan olmuş, subay, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, reəmi işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2rki cinayət işi üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, barəsində olan başqa bir cinayət işi üzrə Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə etməklə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs məxsus 2013-cü il buraxılışlı, rəngi ağ mirvari, mühərrikin iş həcmi 2000 sm3, yürüşü 201.000,00 km, tam saz vəziyyətdə olan “Mazda CX-5” markalı, **-DF- *** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq məqsədi ilə kömək edəcəyinə dair yalan məlumatlar verib aldadaraq xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən notariat kontorunda öz adına baş etibarnamə aldıqdan sonra 29 mart 2022-ci il tarixdə həmin avtomobili satıb pulunu ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda-25000 (iyirmi beş min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qimsində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və mülki iddia tələbinin qismən qəbul edərək ifadəsində göstərdi ki, 2012-ci ildən 2019-cu ilədək ƏMDK-yanında dövlət reyestr xidmətində müxtəlif vəzifələrində işləmişdir. Zərərçəkmiş şəxs iş yoldaşı olmuş və normal münasibətləri olmuşdur. Emilin Mazda CX5 markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil aldığını və 20000 manat dəyərində satmaq istədiyini eşitmiş və buna görə Emilə zəng edib həmin avtomobili satıb 3500 manat da üstündə əlavə pul verə biləcəyini demişdir. Emil ona inanmışdır. 2022-ci ilin mart ayında Emilin mobil nömrəsinə zəng edərək həmin avtomobili satmaq üçün ona etibarnamə vermək lazım olduğunu demişdir. Emil xx.xx.2022-ci il tarixdə onun adına aldığı baş etibarnaməni Votsap nömrəsinə göndərmişdir. O Emilə 1 həftə ərzində avtomobili satıb ona 23500 manat verəcəyini demişdir. Həmin günün səhəri Emilə zəng edərək avtomobilə müştəri olduğunu və göstərmək lazım olduğu üçün avtomobili ona verməyini xahiş etmiş, xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində Sumqayıt şəhərinin çıxacağında Azpetrol yanacaq doldurma məntəqəsinin yanında Emilin avtomobilini və etibarnaməsini götürmüş, həmin gün avtomobili sata bilməmişdir. Axşam saatlarında Emillə danışıb avtomobili sabah satacağını və səhəri gün səhər saatlarında Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində Emillə görüşüb avtomobilin texpaspartonu almış və axşam pulu verəcəyini demişdir. Ona təcili pul lazım olduğu üçün xx.xx.2022-ci il tarixdə Bakı şəhərində Neftçilər metrosu yaxınlığında adını xatırlamadığı lombard şirkətinə avtomobili girov qoyub pul götürmək istəmiş, avtomobili 18000 manat qiymətləndirib 1800 manat komissiya pulu çıxdıqdan sonra 16200 manat pul götürmüş və avtomobil həmin şirkətin adına keçmişdir. O gecə saatlarında Emilə zəng edərək avtomobili satdığını, pulun bir hissəsini bu gecə, qalan hissəsini 2 gün sonra verəcəyini, həmin pulu həmin gün borclu olduğu şəxslərə verdiyini demişdir. Həmin gün gecə saatlarında atası Vahid ona zəng edərək Emili aldatdığını, avtomobili kimə satdığını soruşmuşdur. O atası ilə danışıb telefonu söndürmüşdür. Həmin gün gecə saatlarında Emil onunla yaşadığı evin yaxınlığında görüşmüş, həmin vaxt xalası oğlu Tural da yanında olmuşdur. O, Emilə avtomobili satdığını, pulu borclu olduğu üçün xərclədiyini və 2-3 gün ərzində 10000 manat pul verə biləcəyini demişdir. xx.xx.2022-ci il tarixdə lombarda dostu Orxanla gedib 18000 manat pul ödəyərək avtomobili Orxanın adına keçirtmişlər. Daha sonra Bakı şəhərində 28 may ərazində lizinq şirkətinə avtomobili verib komissiya haqqını çıxdıqdan sonra 18000 manata yaxın pul götürüb Orxanın pulunu qaytarmış, avtomobil lizinqin adına keçmiş və orada 1 ay müddətinə Emilin adına etibarnamə alıb avtomobili idarə etmək üçün ona verərək tez müddətdə avtomobilini Emilin adına keçirəcəyini demişdir. Daha sonra 1 ay müddətinə Emilin etibarnaməsinin müddəti qutardığı üçün avtomobil lizinq şirkətinə təhvil verilmişdir. Buna baxmayaraq Emilin pulun qaytara bilməmiş, borcu olduğu üçün həmin avtomobili satıb Emilin pulunu qaytarmağı düşünmüşdür. Emildən heç vaxt borca pul almamışdır. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi zərəri ödəməyə maddi imkanının olmadığını bildirərək mülki iddia tələbinin qismən, yəni 23000 manat hissədə təmin olunması və barəsində yüngül cəza təyin olunması barədə hökm çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiasını müdafiə edərək ifadəsində göstərdi ki, 2009-cu ildən Dövlət Reyestr Xidmətinin Sumqayıt şəhər şöbəsində, 2018-ci ildən Xızı rayon şöbəsində işləyir. 2021-ci ilin yanvar ayında özünə idarə etmək üçün “Mazda CX-5” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili almış, 2022-ci ilin mart ayında avtombilini satmaq qərarına gəldiyindən bu barədə tanışlarına, iş yoldaşlarına məlumat vermişdir. 2018-ci ilədək birlikdə işləmiş Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil nömrəyə zəng edərək avtomobili satmaq istədiyini eşitdiyini demişdir. O düz eşitdiyini dedikdə Rəhim real müştəri olduğunu və neçə manata satmaq isdədiyini soruşmuşdur. Rəhim 23500 manatı ona verəcəyini, qalan hansı məbləğə satarsa həmin pulu özünə götürəcəyini demiş və Rəhimlə razılaşmışdır. Bundan 2-3 gün sonra Rəhim ona zəng edərək avtomobili satmaq üçün baş etibarnamə verməyini xahiş etmiş, ondan bunun nəyə lazım olduğunu soruşduqda o, müştərinin Bakı şəhərində olduğunu, onunla başqa pul söhbətinin olduğunu və satıb həmin gün də pulu gətirib verəcəyini bildirmişdir. O Rəhimə inanmış və xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən natariusa gedərək həmin avtomobili satmaq üçün Rəhimə baş etibarnamə vermiş və etibarnamənin şəklini çəkib Votsapla Rəhimə göndərmişdir. Rəhimin təklifi ilə avtomobili də ona vermiş və Rəhim 1 gün ərzində alqı satqı edib pulu verəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində Rəhimlə Sumqayıt şəhərinin girişində Azpetrol yanacaq doldurma məntəqəsinin yanında görüşüb avtomobili və baş etibarnaməni Rəhimə vermişdir. Rəhim ona həmin gün avtomobili satıb pulunu gətirəcəyini demişdir. O, avtomobili Rəhimə verərkən yanında iş yoldaşı Şahid1 də olmuşdur. Həmin gün axşam Rəhim ona zəng edərək notariusun bağlandığına görə avtomobili sənədləşdirib sata bilmədiyini və texpasportu da verməyini xahiş etmişdir. O Rəhimə avtomobilin satışında özü də iştirak etmək istədiyini və ona inanmadığını demiş, lakin Rəhim and içərək onu inandırmışdır. Səhəri gün saat 10 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən Daş bazarı deyilən yerdə Rəhimlə görüşüb texpasportu ona vermişdir. Rəhim ona axşam 18 dək avtomobili satıb pulu verəcəyini bildirmiş, həmin vaxt Rəhimlə görüşməyə tək getmişdir. O həmin gün narahat olduğu üçün Rəhimə zəng edib satışda iştirak etmək istədiyini və Bakı şəhərinə gəldiyini bildirdsə də, Rəhim ona narahat olmamağını, alqı-satqı etdiyini, 1 saata onunla görüşəcəyini demişdir. Rəhimi gözləmiş, lakin sonuncu zəng etmədiyi üçün onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə dəfələrlə yığsa da zəng çatmamışdır. Rəhimin atası Vahidə zəng edərək bu barədə məlumat vermiş, Vahid ona səbrli olmağını, Rəhimin onu aldatmayacağını demişdir. O axşan saat 21 radələrində evə gələrək Vahidə yenidən zəng etmiş, Vahid ona Rəhimin mobil telefonunun enerjisinin qutardığını, evə gəlmədiyini, gələn kimi pulunu verəcəyini bildirmişdir. O həmin gün YPX-nin əməkdaşına avtomobilinin onun adından çıxdığını yoxlatdırarkən avtomobilin adından çıxarılıb başqa şəxsin adına keçdiyini gördmüşdür. Rəhim ona zəng edərək avtomobili satdığını, pulun bir hissəsini bu gecə verə biləcəyini, qalan hissəsini 2 gün sonra verəcəyini desə də, o əsəbləşmiş və pulunu ya tam verəcəyini, vermirsə avtomobilini gətirməsini demişdir. Həmin gecə tək Vahidin yaşadığı Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisindəki evinə getmiş, bu söhbəti Vahidə danışmış, Vahid ona Rəhimlə danışdığını və guya onunla razılaşdığını demiş və Rəhimlə yenidən danışmağını demişdir. O Rəhimə Vahidin yanında zəng edib pulunu ya tam verəcəyini, vermirsə avtomobilini gətirməsini bildirmişdir. O yenə də 2 gün ərzində pulunu tam gətirəcəyinə and içdiyinə görə razılaşıb ordan çıxıb getmişdir. Vahidin yanından getdikdən sonra Rəhimə zəng edib onunla görüşmək istədiyini demişdir. Rəhimin evinin yaxınlığında yerləşən məktəbin qarşısında onunla görüşmüş, Rəhimin yanında xalası oğlu Tural da olmuşdur. Rəhim ona avtomobili satdığını, özünə xeyir götürdüyünü, ona çatacaq 23500 manat pulu borcu olduğu şəxsə verdiyini, pulunu 2 günə qaytaracağını demişdir. xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində Rəhimlə daş bazarı deyilən yerdə görüşmüş, həmin vaxt onun yanında bir nəfər şəxs olmuş, Rəhim ona pul tapa bilmədiyini, 2-3 gün vaxt verməyini, indi 10000 manat pul verə biləcəyini bildirmişdir. O Rəhimlə razılaşmamışdır. Rəhimin yanında olan şəxs 3 gün ərzində pulu verəcəklərini demişdir. xx.xx.2022-ci il tarixdə Rəhim ona zəng edərək avtomobilini gətirib ona vermək istədiyini və idarə etmək üçün 1 aylıq etibarnamə aldığını demiş, Rəhimlə razılaşmamışdır, lakin, ona 1 ay vaxt verməyini, onu polisə şikayət etməməyini xahiş etmişdir. O, Rəhimlə görüşmək istəməmiş, ona avtomobili və sənədi Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən Gülağanın avtosalonuna qoymasını demişdir. O, həmin gecə avtomobili ora qoymuşdur. Bundan sonra 1 ay keçmiş və avtomobilin sahibi ona yaxınlaşıb avtomobilini istədikdə məcbur olub avtomobili qaytarmışdır. Rəhimin maşınla bağlı planlarından xəbəri olmamış, sonuncu maşını satıb dərhal pulu verəcəyi dediyi üçün maşını ona vermiş, lakin Rəhim maşını onun mülkiyyətindən çıxararaq başqa şəxsə satmış, pulu isə öz məqsədləri üçün xərcləmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs oğlu hazırki vaxtadək təqsirləndirilən şəxs tərəfindən ona heç bir məbləğdə pulun ödənilmədiyini bildirərək mülki iddia tələbinin təmin olunaraq təqsirləndirilən şəxsin barəsində ağır cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Emillə iş yoldaşı olmuşlar, hal-hazırda da münasibətləri normaldır. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Emillə Xızı rayonu ərazisində olarkən Emil özünə məxsus Mazda CX-5 markalı, 90DF-553 dövlət qeydiyyat nişanlı avtomobilini keçmiş iş yoldaşlıarı olmuş Təqsirləndirilən şəxs satmaq üçün etibarnamə verdiyini və müştəri tapdığından avtomobili Sumqayıt şəhəri ərazisində ona vermək lazım olduğunu bildirmişdir. Həmin gün saat 17 radələrində Emilin avtomobili ilə Sumqayıt şəhərinin girəcəyində Azpetrol yanacaq doldurma məntəqəsinin yaxınlığına gəlmiş və avtomobildən Rəhimin onu görməməsi üçün düşmüşdür. Emil həmin yerdə avtomobilini Rəhimə satmaq üçün vermiş və birlikdə taksiylə evə qayıtmışlar. Daha sonra Emil ona Rəhimin avtomobili satdığını, lakin 23500 manat pulunu vermədiyini və aldadıldığını demişdir. Bundan sonra baş verənlərdən məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Rəhim onun xalası oğludur, münasibətləri normal olmaqla həm də qonşuluqda yaşamışlar. xx.xx.2022ci il tarixdə gecə saatlarında Rəhimlə evinin yaxınlığında yerləşən 2 nömrəli məktəbin ətrafında söhbət edərkən Rəhimin mobil nömrəsinə dayanmadan zəng gəldiyini və cavab vermədiyini görmüşdür. O Rəhimdən kim olduğunu və niyə cavab vermədiyini soruşduqda Rəhim iş yoldaşı Emil olduğunu demişdir. O, Rəhimdən nə baş verdiyini soruşduqda Rəhim Emilə məxsus Mazda CX 5 markalı avtomobili 16200 manata lombarda qoyub pul götürdüyünü, borcu olduğu üçün həmin pulu borcuna qaytardağını bildirmişdir. Daha sonra Rəhim Emillə danışmış və bir qədər sonra Emil gəlmiş, onlar öz arasında söhbət etmişdir. Rəhim Emilə avtomobili satdığını, pulunu borclu olduğu üçün xərclədiyini, 23500 manat pulu 2 gün ərzində Emilə verəcəyini demişdir. Bundan sonra Emil çıxıb getmiş və onun daha sonra baş verənlərdən məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Rəhim onun oğludur. Zərərçəkmiş şəxs 5 ilə yaxındır ki, tanıyır. Emil oğlu Rəhimlə birlikdə Sumqayıt şəhər reyestr xidmətində işləmişlər və münasibətləri normal olmuşdur. 17 mart 2022-ci il tarixdə Emil onun istifadəsində olan mobil nömrəyə zəng edərək Rəhimin ona məxsus Mazda markalı avtomobilini satdığını və hal-hazırda Rəhimin mobil nömrəsinə zəng çatmadığını demişdir. O, Emilin Rəhimin avtomobili necə satmasını soruşduqda Emil Rəhimə etibarnamə verdiyini demişdir. Daha sonra Emilə Rəhimdən bu barədə öyrənib məlumat verəcəyini bildirmiş, Rəhimə zəng edib bu barədə soruşmuşdur. Rəhim ona Emilin Mazda markalı avtomobilini satdığını, 5000 manat pulu bu gün gəlib verəcəyini, qalan pulunu tezliklə verəcəyini demişdir. Həmin gün axşam saatlarında Emil onların həyətinə gəlmiş və onunla görüşmüşdür. O Emilə Rəhimin özünün onunla danışıb razılaşacağını bildirmiş və 5000 manat pulunu bu gün, qalan pulu tezliklə verəcəyini demişdir. Emil razılaşmayaraq çıxıb getmişdir. Sonradan Emil Sumqayıt ŞPİ-nə şikayət etmişdir. Oğlunun işlərindən onun məlumatı olmamışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 iyul 2022-ci il tarixli 9/5006 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən, tədqiqata fotoşəkilləri təqdim edilmiş 2013-cü il buraxılışlı, rəngi ağ mirvari, mühərrikin iş həcmi 2000 sm3, yürüşü 201.000,00 km, tam saz vəziyyətdə olan “Mazda CX-5” markalı, 90-DF- 553 dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə tam yararlı (normal) vəziyyətdə 2021-ci ilin mart ayına olan ortaq bazar qiyməti nəzəri qaydada təxminən 25000,00 (iyirmi beş min) manat müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir. ( maddə 8.0.3). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-nin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs vurulmuş maddi zərərin ödənilməsi üçün heç bir cəhd göstərməməsi nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən tutularaq MSY-nə təhvil verilmiş və xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə çıxılmalı və qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli hökmün çıxarıldığı 18 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilməli və barəsində olan başqa bir cinayət işi üzrə Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəməyə mülki iddia ilə müraciət edərək, Təqsirləndirilən şəxs 25000 (iyirmi beş min) manat məbləğində maddi ziyanın tutularaq ona verilməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs vurulmuş maddi zərərin əvəzi olaraq 25000 (iyirmi beş min) manat alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün cəmi 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilısin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 18 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilsin və digər cinayət işi üzrə Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsdə olması nəzərə alınsın. Mülki iddia təmin olunsun. Təqsirləndirilən şəxs vurulmuş maddi zərərin əvəzi olaraq 25000 (iyirmi beş min) manat alınaraq Zərərçəkmiş şəxs ödənilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-99/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-99/2023
18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver