Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-99/2024 30.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, müdafiəçi "Şimal" Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmələ məşğul olan, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 müəyyən məbləğdə pul müqabilində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində kadrlar şöbəsinə işə düzəltmək kimi imkanının olmasına inandıraraq, buna dair yalan vəd verib, etibarından suiistifadə etməklə aldadıb, həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs1 17 mart 2023-cü il tarixdə Lənkəran rayonu, Şəhidlər xiyabanı küçəsində yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsi ilə ona məxsus istintaqa məlum olmayan plastik bank kartına göndərdiyi 300 manat pulu, 23 mart 2023-cü il tarixdə sonuncunun İmişli rayonunda yerləşən Asan Xidmət mərkəzində olan “eManat” ödəmə terminalı vasitəsi ilə 5261 6333 3394 8597 nömrəli plastik bank kartına göndərdiyi 390 manat pulu və 27 mart 2023-cü il tarixdə Teymur Məmmədovdan Sumqayıt şəhəri, Bakı-Quba avtomaqistralımn kənarında yerləşən "xxxx" MMC-nin qarşısında 1510 manat pulu alıb, ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş Məmmədov Teymur Gülhəsən oğluna ümumilikdə 2200 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 müəyyən məbləğdə pul müqabilində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sürücü işinə düzəltmək kimi imkanının olmasına inandıraraq, buna dair yalan vəd verib, etibarından suiistifadə etməklə aldadıb, həmin işin görülməsi müqabilində sonuncunun tanışı Şahid2 vasitəsi ilə göndərdiyi 2000 manat pulu 27 mart 2023-cü il tarixdə Sumqayıt şəhəri, Bakı- Quba avtomagistralının kənarında yerləşən "xxxx" MMC-nin qarşısında alıb, ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib, zərərçəkmiş Zərərçəkmiş şəxs2 2000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olaraq ailəsinin dolanışığını təmin etmişdir. O, 2023-cü ilin mart ayının əvvəllərində Lənkəran rayonunda, Ləvəngi adlanan yerdə olarkən Hyundai Accent markalı avtomobil saxlayıb Bakı şəhərinə getdiyini demişdir. O da həmin vaxt taksi gözləmişdir. Həmin avtomobilə minmiş, yolda həmin avtomobilin sürücüsü ilə tanış olmuş, Teymur adlı şəxs olduğunu öyrənmişdir. Avtomobilin arxa hissəsində zəli tutmaq üçün lazım olan ləvazimatlar və zəli olduğunu görüb, nə işlə məşğul olduğunu soruşmuş, Teymur da Əmək və Əhalinin Sosial müdafiə fondunda işlədiyini, rüşvət almaqla işdən çıxarıldığını indi isə işsiz olduğundan zəli alıb satmaqla məşğul olduğunu demişdir. O da biraz maraqlanmış, Teymur zəli alış verişində yaxşı qazanc olduğunu demiş, o da bunu necə etmək olar deyə soruşmuşdur. Teymur da bunun üçün dövriyyə lazım olduğunu demişdir. O da pulu olmadığını demişdir. Ondan harada işlədiyini soruşduqda, işsiz olduğunu deməmiş, Sumqayıt şəhərində STP zavodunda sürücü olduğunu demişdir. Teymur da zəli alış verişi üçün əllərində dövriyyə saxlamaq üçün işləmək istəyənləri oraya işə düzəltmək olarmı deyə soruşmuş, o da bunun mümkün olmadığını demişdir. O, Teymura STP-də işlədiyini desə də hazırda orada işləmədiyi üçün bunu edə bilməzdi. Beləcə o, Bakı şəhərində düşmüş, Teymur ondan mobil nömrəsini istəmiş, o da vermişdir. Səhəri gün Teymur ona zəng edərək zəli alverini necə edəcəklərini soruşmuş, o da pulunun olmadığını demişdir. Bundan sonra Teymur ona bir neçə nəfər şəxsin olduğunu, işə düzəlmək istədiklərini, onların yanında ona zəng edəcəyini, guya onları STP-ə işə düzəldə biləcəklərini deyib pul almağı təklif etmiş, onlardan aldığı pulla zəli alveri edib ona da gəlirdən pul verəcəyini demişdir. Beləcə dəfələrlə ona “Vatsapp” mesajlaşma tətbiqi ilə zəng edib yanında adam olarsa ona deyəcəyini, onun da səs atacağmı bildirmişdir. Teymur ona demişdir ki, «guya mən onu işə düzəldəcəm, bu formada səs yazıları göndərim». Həmin səs yazılarını da Teymur digər şəxslərə göndərib onları inanadırcaqdı. Beləcə tanışlıqlarından iki gün sonra Elçin adlı şəxslə Teymur birlikdə Sumqayıt şəhəri ərazisində yerləşən STP zavodun qarşısına gəlmişlər. Elçinin Teymura işə düzəlməsi üçün nə qədər pul verdiyini bilmir. Elçin STTP-ə sürücü düzələcəkdi. Onun üçün görüşdükləri gün STP-nin qarşısında Elçin ona 200 manat pul vermişdir. Sonradan Teymura nə qədər pul verdiyini bilmir. Guya Teymur pulu Elçindən alıb sonradan ona verəcəkdi. Elçin həmin gün ərzində ona zəng edərək qalan pulu Teymura məxsus bank kartına vurduğunu demişdir. xx.xx.2023-cü il tarixdə Teymur ona zəng edərək əldə etdiyi pulla aldığı zəlidən gəlir əldə etdiyini ona da 300 manat çatacağını demişdir. Ona məxsus bank kartı yoxdur. O da həmin vaxt Sumqayıt şəhəri ərazisində olarkən tanışı Şahid1 adlı şəxsin bank kartına atmasını xahiş etmişdir. Teymur da Şahid1 məxsus bank kartına 300 manat pul atmışdır. Orxan da həmin pulu cibindən ona vermiş, sonradan da çıxarıb özünə götürmüşdür. Bundan sonra yenidən onunla əlaqə saxlamış, yanında adam olduğunu deyib, özünün dediyi kimi danışmağını xahiş etmişdir. Sonra Teymurla birlikdə Xırdalan qəsəbəinə getmişlər. Teymurun tanışı olan Əliağa adlı şəxsin qardaşı oğlunu və bir nəfər digər şəxsi sürücü kimi STP-ə işə düzəldəcəklərini demişdir. Onu STP MMC-nin kadrlar şöbəsinin direktoru kimi təqdim etmişdir. Onun onları işə düzəldəcəyini demişdir. Lakin o, içəri girməmiş, onların heç birini üzbəüz görməmişdir. Lakin, sonradan Teymur və Əliağa adlı şəxlərin hərəsi əlində müəyyən qədər pulu götürərək getdiklərini görmüşdür. Teymur taksiyə əyləşən kimi pul ala bilmədiyini, sabaha qaldığını, aldıqdan sonra ona da 300-400 manat pul verəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə o, Sabirabad rayonu ərazisində olarkən Teymur ona zəng edərək pulu göndərəcəyini demiş, o da yolda olarkən tanımadığı bir ərzaq mağazasına daxil olmuşdur. Siqaret su alacağını, lakin üzərində pul olmadığını deyib bank kartları olub olmadığını soruşmuşdur. Həmin şəxs bank kartı olduğunu pulu ona göndərə biləcəklərini demişdir. O da həmin şəxsə çox pul göndərəcəklərini deyib, alacağı şeylərin pulunu çıxıb qalan pulu ona verib verə biləcəyini soruşmuş, həmin şəxs razılaşmışdır. Teymur ona 400 manat pul atacağını, lakin həmin gün taksinin haqqı olan 10 manatı çıxıb 390 manat atdığını demişdir. O da mağaza işlədən şəxsdən pulunu almışdır. O, Teymuru işə düzəltmək məqsədilə sonuncudan heç nə almamış, ona qeyd edilən məbləğdən başqa pul çatmamışdır. Əgər digər şəxslərdən də pul alınıbsa bu Teymurun işidir, pulları Teymur almışdır. Teymur onun heç bir yerdə işləmədiyini bilmişdir. Düzdür o, həmin şəxslərə Teymur vasitəsilə vədlər vermiş, lakin heç kimdən işə düzəlmək üçün pul almamışdır. Sonradan o, Heydər Əliyev adına Hava Limanına müştəri aparan zaman içəridə olarkən video kamera ilə çəkiliş etmiş və videoda demişdir ki, «mən Türkiyəyə gedirəm, sən də işə gedərsən». Onun həmin videonu çəkib Teymura ona görə atmışdır ki, Teymur bundan istifadə edib onun barəsində şikayət edib etməyəcəyini, yəni digər insanlardan özü üçün aldığı pulu onun üzərinə atıb atmayacağmı bilmək istəmişdir. Beləcə Teymur da bundan istifadə edib onun barəsində yalandan məlumat vermişdir. Yəni, onun Türkiyəyə getməyindən istifadə edib özü aldığı pulları onun aldığı kimi qələmə verərək şikayət etmişdir. O, dediyi kimi heç kimdən pul almamış, heç kimi işə düzəltməmiş, haqqında deyilənlər şər və böhtandır. O, Kamrandan pul almamışdır. Elçini o, tanımır, həmin şəxsi Teymur tanıyır. Zərərçəkmiş şəxs2 da tanımır, yanız onunla telefonda danışmışdır. Belə ki, Teymurun xahişinə əsasən İkramla telefonda iş barədə danışmışdır, lakin onu görməmiş və pul almamışdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, zərərçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş səs yazıları və iş materiallarında olan digər sənədlər ilə onun təqsiri tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayının əvvəllərində özünə məxsus Hyundai Accent markalı avtomobillə Lerik rayonundan gələrkən Lənkəran rayonu, Ləvəngi adlanan ərazidən keçərkən sərnişin qismində avtomobilinə əyləşən Saleh adlı şəxslə tanış olmuşdur. Həmin şəxs Bakı şəhərinə gəldiyini demiş, o da götürmüşdür. Yol gələrkən özünü Sumqayıt şəhərində yerləşən STP adlanan zavodda şöbə müdiri işlədiyini, zavodun direktorunun isə əmisi olduğunu demişdir. O da işsizlikdən əziyyət çəkdiyini demişdir. Onun mobil nömrəsini götürmüşdür ki, zavoda getdikdə dəqiqləşdirib iş yeri olub olmadığını ona deyəcəyini, iş yeri olarsa onu işə düzəldəciyini demişdir. O da razılaşmışdır. Bir neçə gün sonra o, özü Saleh adlı şəxsə zəng edib zavoddan işlə bağlı nəsə öyrəndiyini soruşmuşdur. Saleh ona iş yeri olduğunu, Vita markalı sərnişin mirkoavtobusunun sürücüsü kimi işə düzəldə biləcəyini, bunun üçün 1000 manat məbləğdə pul istədiklərini demişdir. O da razılaşmışdır. O, Saleh adlı şəxsin ondan istədiyi sənədləri, sürücülük vəsiqəsinin şəxsiyyət vəsiqəsinin surətini istəmiş, sağlamlıq haqqında yaşayış yeri haqqında arayışlar istəmiş, o da bu sənədləri toplayıb STP MMC-nin qarşısında həmin şəxsə vermişdir. Bu zaman o, ali təhsili ilə bağlı diplomun da sürətini verdiyi üçün iki gün sonra zəng edib ali təhsilli olduğunu, bunun üçün onu kadrlar şöbəsinə yerləşdirə biləcəyini demiş, lakin bunun üçün əlavə 4000 manat da pul istəmiş, amma o, olmadığını deyib, ümumi 2200 manat pulla razılaşmışdır. Aylıq 1050 manat əmək haqqı alacağını demişdir. O, həmin 2200 manat pulu 3 dəfə olmaqla ayrı ayrı vaxtlarda vermişdir. İlk dəfə xx.xx.2023-cü il tarixdə Salehin təqdim etdiyi kart hesabına 300 manat pul göndərmiş, xx.xx.2023-cü il tarixdə Salehin təqdim etdiyi kart heasbına 390 manat pul göndərmişdir. xx.xx.2023-cü il tarixdə o, Saleh adlı şəxslə Sumqayıt şəhəri ərazisində STP MM-nin qarşısında görüşüb 1510 manat pul vermişdir. Həmin vaxtdan sonra o, lazım olan arayışları və digər sənədləri toplamış və yenə də həmin zavodun qarşısında Saleh adlı şəxslə görüşüb sənədləri vermişdir. Ona həftənin 1- ci günə işə çıxacağını demiş, yəni xx.xx.2023-cü il tarixdə o, işə çıxmalı olmuşdur. Lakin, bazar günü axşam ona zəng edərək kadrlar şöbəsinin rəisi Zəhra xanımın dayısının vəfat etdiyini deyib, xx.xx.2023-cü il tarixdə işə çıxacağını demişdir. O da gözləmişdir. Lakin xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Saleh ona zəng edərək vacib işi olduğu üçün Türkiyə Respublikasına getdiyini, xx.xx.2023-cü il tarixdə onunla əlaqə saxlayıb işə dəvət edəcəklərini demişdir. Lakin, xx.xx.2023-cü il tarixdən o, Saleh adlı şəxslə əlaqə saxlaya bilməmişdir. O, sonradan həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmiş, atasının Sumqayıt şəhər, 5-ci mkr ərazisində kafe işlətdiyini bilmişdir. O, Salehin atası Səxavətin işlətdiyi yerə getmiş, lakin Salehlə əlaqəsi olmadığını, 9 aydır onunla danışmadığını demişdir. Beləliklə, Təqsirləndirilən şəxs onu STP MMC-ə işə düzəltmək adı ilə ondan 2200 manat pul alaraq ona qarşı dələduzluq etmişdir. Bundan başqa təhqiqatda araşdırma aparılan zaman Təqsirləndirilən şəxs onun barəsində yalan məlumatlar verdiyini bilmişdir. Belə ki, o, Salehin dediyi kimi zəli alqı satqısı ilə məşğul olmamış, bu işlə əlaqəsi yoxdur. Bütün bunları Saleh özünü məsuliyyətdən kənarlaşdırmaq üçün yalan bildirmişdir. Onun Təqsirləndirilən şəxsla olan əlaqəsi yalnız onu işə düzəldəcəyi ilə bağlı olmuşdur. O, Təqsirləndirilən şəxs heç nə təklif etməmiş, sonuncu ona bir neçə iş yeri boş olduğunu, adam tapmağını istəmişdir. O da tanışı Əliağaya demiş, Əliağa da qardaşı oğlu Şahid2 və tanışı İkramın da işə düzəlməyini istəmişdir. Qalan bütün söhbətləri Saleh özü onlarla danışmışdır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında STP MMC-nin qarşısında onun nəqliyyat vasitəsində olarkən Şahid2 özü və İkramın STP zavoda işə düzəlməsi üçün 2000 manat miqdarda pul vermişdir. O, heç bir işdən gəlir əldə etməmişdir. Təqsirləndirilən şəxs onun barəsində dedikləri yalan və böhtandır. O, Elçin adlı şəxsi şəxsən tanımır, Elçini Salehin vasitəsilə tanıyır. Saleh Elçini də STP MMC-ə işə düzəltmək istəmiş, onun üçün Saleh Elçin adlı şəxsdən 200 manat pulu əlbəəl STP zavodun yaxınlığında sonra isə 500 manat pulu bank kartına köçürmə vasitəsilə almışdır. Həmin puldan 200 manat onun yanında alınsa da digər 500 manatı o, Elçinin tanışından eşitmişdir. O, Elçini dəqiq tanımır, Elçinin kim olduğunu, harada yaşadığını əlaqə nömrəsini bilmir. Sadəcə Elçin də Saleh tərəfindən zərərçəkənlərdən biridir. Təqsirləndirilən şəxs onu STP-də işlədiyinə inandırmış, buna görə sonuncuya inanaraq 2200 manat pul vermişdir. Daha sonra ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin tam ödənilməsini, təqsirləndirilən şəxsə qarşı hər hansı tələbinin və şikayətinin olmamasını bildirmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs tanımır. Əliağa Bəşirovu və Şahid2 uşaq vaxtından tanıyır. Onlarla yaxşı münasibəti vardır, qonşu olmuşlar. 2023-cü il fevral ayında o, işdən çıxmışdır. Bundan sonra iş axtarmağa başlamışdır. 26 mart 2023-cü il tarixdə Kamran ona zəng edərək STP zavodundan sürücü işi olduğunu demişdir. Kamran həmin zavodda tanışı olduğunu və onu işə düzəldə biləcəyini bildirmişdir. Kamran 2000 manata onu işə düzəldə biləcəyini bildirmişdir. Kamran STP zavodunda kadrların rəisinin əmisi Əliağanm dostu olduğunu demişdir. Əliağa da bu barədə ona bildirmişdir. O, razı olandan sonra Kamranın istəyi ilə müvafiq sənədləri hazırlayıb xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Q.Musabəyov küçəsində yerləşən “Lahmacun” adlı kafedə Kamranla görüşmüş və 2.000 manat pulu sənədlərlə bir yerdə Kamrana vermişdir. Bir neçə gün sonra Kamran ona xx.xx.2023-cü il tarixdə STP zavodunun qarşısında olmasını bildirmişdir. Həmin gün o, STP-nin qarşısında olmuş və Saleh adlı şəxsin telefonuna zəng vurmuşdur. Saleh telefona cavab verib rəhmətə gedənin olduğunu bir neçə gündən sonra gəlməyini bildirmişdir. Salehin telefon nömrəsini Kamrandan almışdır. Bir neçə gün sonra yenidən STP-nin qarşısına gedərək Salehə zəng etmiş, ancaq telefon sönülü olmuşdur. Bir saat gözləyəndən sonra geri qayıtmışdır. Bir neçə gün sonra Kamran və Əliağa ilə danışmış və onlar aldadıldıqlarını demişlər. Bundan sonra şikayət edəcəklərini demişlər. O isə Saleh adlı şəxsi tanımadığını sadəcə bir dəfə telefonla danışdığını, şikayət etməyəcəyini demişdir. Bundan sonra onlar şikayət etmişlər. Həmçinin göstərmişdir ki, ola bilsin anlaşılmamazlıq olmuş, o, özü işə düzəlmək üçün Kamrana 2000 manat pul vermiş, sonuncunun işə düzəlmək üçün pul verib-vermədiyini bilmir. Kamranın deməsinə görə onun verdiyi pul Salehə çatmışdır. Daha sonra ərizə ilə məhkəməyə müraciət edərək pulu verdiyi X2 tərəfindən ona 1250 manat ödənildiyini, ona görə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, tanıyır, sonuncu həmişə avtomobilinə yanacaq dolduran zaman onunla tanış olmuşdur. İşlədiyi YDM Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşir. Salehlə münasibətləri yaxşı olduğundan Saleh onlardan nisyə benzin alıb daha sonra pulunu vermişdir. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Saleh işlədiyi YDM-yə gəlmişdir. Həmin vaxt Salehin ona 55 manat borcu vardır. Saleh üzərində nağd pulun olmadığını, kartına pul göndəriləcəyini həmin puldan benzinin pulunu götürməyini demişdir. O, razılaşmış və özünə məxsus “Rabitə Bank”a məxsus kartının nömrəsini Salehə demişdir. Bir neçə dəqiqə sonra onun kart hesabıma 390 manat pul göndərilmişdir. Salehin xahişi ilə həmin puldan 55 manat benzinin pulunu götürüb sonuncuya 335 manat pul vermişdir. Bundan bir müddət sonra Saleh ona bildirmişdir ki, STP zavodunda sürücü işi vardır və kimisə istəsə həmin işə düzəldə bilər. O isə ehtiyac olmadığını bildirmişdir. O, Salehi taksi sürücüsü kimi tanımışdır. Bir müddət sonra 2023-cü ilin aprel ayında Saleh ona zəli alıb-satdığını bildirmişdir. Həmin işdə yaxşı xeyr olduğunu və şərikli işə girmək üçün ondan 1350 manat pul istəmişdir. O da həmin vaxt Abşeron rayonundan yerləşən “Araz” marketin yaxınlığında ona 1350 manat pul vermişdir. Bundan sonra Salehin onu aldatdığını bilmişdir. Bu barədə Saray polis bölməsinə şikayət etmişdir. Toplanmış material Abşeron RPİ-yə göndərilmiş və istintaq şöbəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. O da həmin qərardan Abşeron rayon prokurorluğuna şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid2 onun qardaşı oğludur. Təqsirləndirilən şəxs barəsində şikayət olunandan sonra bölmədə görmüşdür. Zərərçəkmiş şəxs1 4-5 ildir ki, tanıyır. Onunla yaxşı münasibətləri olmuşdur. 2023-cü ilin mart ayının sonlarında Teymur ona zəng edərək STP zavoduna işçi axtarıldığını və tanışları varsa işə düzəldə biləcəyini demişdir. Teymur həmin zavodda kadrlarda Saleh adlı dostu olduğunu həmin şəxsin bu işlə məşğul olduğunu demişdir. Bundan sonra o, bu barədə Kamrana və sonuncunun dostu İkrama demişdir. Teymurun deməsinə görə həmin şəxs STP-də sürücü işinə düzəldəcəkmiş. Bundan sonra İkram və Kamran sənədləri yığmışlar. Kamran İkramdan 2000 manat pul almışdır ki, həm özünün həm də İkramın işə düzəlmə məsələsinə görə versin. Bundan sonra Kamran Teymurla bir yerdə Salehə STP zavodunun qarşısında 2000 manat pul vermişlər. Ancaq həmin vaxt o, onların yanında olmamışdır. Bundan sonra Salehin dediyi müddət tamam olandan sonra müəyyən olmuşdur ki, Saleh STP zavodunda işləmir və onları aldatmışdır. Teymurla bu barədə danışan zaman sonuncu Salehin onu da aldatdığını və STP zavodunda işə düzəltmək üçün pul aldığını demişdir. Bundan sonra bu barədə Kamran və Teymur polisə şikayət etmişlər və 2-ci polis bölməsində araşdırma aparılmışdır. O, Saleh Rüstəmovu şikayət olunandan sonra ilk dəfə bölmədə görmüş, onunla telefon vasitəsi ilə əlaqə saxlamamış, Kamran isə əlaqə saxlamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, əmisi Əliağa Bəşirovun tanışı Zərərçəkmiş şəxs1 tanımır, Teymuru xx.xx.2023-cü il tarixdə tanımışdır. Əmisi Əliağa ona bildirmişdir ki, tanışı Teymur xx.xx.2023-cü il tarixdə zəng edərək STP-də iş olduğunu, işçi axtardıqlarını demişdir. Əmisi də ona zəng edərək iş olduğunu, işləmək istədiyini soruşmuş, o da razılaşmış, iki nəfər sürücü lazım olduğunu dedikdə o da tanışı və qonşusu İkrama demiş, sonuncu da razılaşmışdır. Teymur əmisinə demişdir ki, hər biri üçün 2000 manat pul lazımdır. Əmisi də onlara dedikdən sonra o, dostu İkrama bu barədə demişdir. İkram 2000 manat pul düzəltmiş və ona vermişdir. Əmisi Əliağa ona Teymurun mobil nömrəsini vermişdir. O, artıq Teymurla əlaqə saxlamışdır. Teymur ona sağlamlıq haqqında arayış, yaşayış yerindən arayış, məhkumluq haqqında arayış, 3x4 ölçüdə fotoşəkil və boş CV lazım olduğunu demiş, o, sənədləri hazırlaya bilmədiyi üçün dostu İkram bunları hazırlamışdır. Teymur ona Salehə məxsus 077-365- 0706 saylı mobil nömrəsini vermişdir. O, Salehlə danışmış, İkrama məxsus sənədləri vermək üçün xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində Saleh adlı şəxslə Masazırın dairəsində görüşmüşdür. Salehə sənədləri vermiş və axşama pulu da verəcəyini, özünə məxsus sənədləri də bir neçə günə çatdıracağını demişdir. Beləcə həmin gün, yəni xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs1 onu Xırdalan şəhərindən götürmüş və birlikdə Saleh adlı şəxslə görüşməyə yəni Suqmayıt şəhəri ərazisinə, STP zavodunun qarşısına gəlmişlər. Orada təxminən 10-15 dəqiqə söhbət etmişlər və o, cibində olan ümumi 2000 manat miqdarda pulu Təqsirləndirilən şəxs vermişdir. Saleh ondan pulu almış və xx.xx.2023-cü il tarixdə ona zəng edib işin vaxtını deyəcəyini bildirmişdir. Ancaq o, özünün işə düzəlməyi üçün Salehə veriləsi 2000 manat pulu tapıb verə bilməmişdir. O və əmisi X3 Muradova inanıb həmin pulu vermişlər. Onlar Saleh adlı şəxsi tanımamışlar, Teymur həmin adamın dostu olduğunu, STP-nin kadrlar şöbəsində işlədiyini, işə düzəltmə ilə məşğul olduğunu demişdir. Onlar da buna inanmışlar. Şahid2 ifadəsində həmçinin göstərmişdir ki, Zərərçəkmiş şəxs2 qeyd etdikləri düzdür. Saleh 1 nəfər şəxsi işə düzəltmək üçün 2000 manat pul istəmişdir. O, ilk öncə İkramdan 2000 manatı alıb Salehə vermiş, ancaq özünə görə 2000 manat pulu düzəldə bilmədiyindən Salehə verə bilməmişdir. Cinayət işinin 79-cu vərəqəsində olan axtarışda olan şəxsin tutulması haqqında 17 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 114-115-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında 18 iyun 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və sonuncu tapılanadək iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili tərəfindən tərtib edilmiş axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 66-cı vərəqəsində olan Zərərçəkmiş şəxs1 tərəfindən istintaq orqanına təqdim edilmiş 01 ədəd diskə məhkəmə iclasında baxış zamanı müəyyən olunmuşdur ki, diskdə 56 ədəd səs yazısı vardır. Həmin səs yazılarından Təqsirləndirilən şəxsla, Zərərçəkmiş şəxs1 biri-birilərinə göndərdiyi səs yazıları eşidilir. Həmin səs yazılarında Təqsirləndirilən şəxs vakansiyaları maraqlanıb deyəcəyini, sürücü işinin olduğunu, STP zavodunun harada yerləşdiyini, zavoda gələndən sonra ərazini gəzdirəcəyini, sənədləri verəndə heç kimin görməməsini, həmin şəxsin yanında digər şəxslərin olduğunu, işə gələndə avbtomobil ilə gəlməməsini, işdən ona avtomobil veriləcəyini bildirir. Bundan başqa Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 müxtəlif sənədləri hazırlamağı, şəkillər çəkdirməsini, bayramdan sonra işə gedə biləcəyini, sürücülər üçün xüsusi yerin olduğunu, yeməyin MMC tərəfindən verildiyini bildirir. Bundan başqa diskdə olan videodan görünür ki, Təqsirləndirilən şəxs hava limanından video çəkərək təcili zəng gəldiyini, Türkiyə Respublikasına getdiyini, səhər zəng gələcəyini, həmin şəxslər görüşməsini, bundan sonra işlərinin həll olunacağını bildirir. Cinayət işinin 131-132-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş səs yazıları və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni təkrarən aldatma və etibardan sui-istifadə etməklə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsinə əsasən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə təkrar törədildikdə dörd min manatdan yeddi manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsini (bir zəzərçəkmiş şəxsə münasibətdə tam, digərinə münasibətdə qismən) zərərçəkmiş şəxslərin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsini (bir zəzərçəkmiş şəxsə münasibətdə tam, digərinə münasibətdə qismən) zərərçəkmiş şəxslərin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 17 iyun 2023-cü il tarixdən 18 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün, həmçinin 11 fevral 2024cü il tarixdən hazırkı tarixədək, yəni 30 aprel 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 19 (on doqquz) gün, ümumilikdə isə 02 (iki) ay 20 (iyirmi) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 05 (beş) ay 10 (on) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilərək o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 iyun 2023-cü il tarixdən 18 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün, həmçinin 11 fevral 2024-cü il tarixdən hazırkı tarixədək, yəni 30 aprel 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 19 (on doqquz) gün, ümumilikdə isə 02 (iki) ay 20 (iyirmi) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 05 (beş) ay 10 (on) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə "Şimal" Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 24 saata görə 144 (yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-99/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-99/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver