Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-99/2025 25.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1977-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilməmiş, Ağdam rayon, Gülablı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Əsəd Əhmədov küçəsində yerləşən keçmiş məcburi köçkünlərin məskunlaşdığı binada yaşayan, barəsində “Həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə, xeyli miqdarda üç ədəd şəffaf sellofan bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,324 qram, 0,319 qram, 0,304 qram, ümumilikdə təmiz çəkiləri 0,947 qram qəhvəyi rəngli maddə kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 00:40 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən qəbiristanlığın giriş qapısının yaxınlığında saxlanılaraq 1-ci PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bağlamanın içindən yuxarıda qeyd edilən narkotik vasitə heroin və bir ədəd “AOSAİ” markalı elektron tərəzi polis əməkdaşları tərəfindən qanunsuz olaraq aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən, yəni həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotikdən qanunsuz istifadə etdiyinə görə əvvəllər məhkum olmuşdur. Narkotikə olan tələbatını ödəmək üçün tanımadığı şəxslərdən narkotik vasitə heroin və metamfetamin alıb çəkmək üsulu ilə istifadə etmişdir. İfadəsinin davamı olaraq bildirdi ki, 16 avqust 2024-cü il tarixdə Yasamal rayonunda “Asan Xidmət” mərkəzinin yanında iş yerindən çıxaraq sifariş verdiyi taksi ilə Binəqədi rayonuna getmək üçün Sumqayıt şəhərinə gəlmişdir. Məqsədi Sumqayıt şəhərindən keçməklə Binəqədi rayonuna getmək olmuşdur. Sumqayıt şəhərinə gəldikdən sonra Corat qəsəbəsi ərazisində yerləşən qəbirstanlığın yanında təbii ehtiyaclarını ödəmək üçün gəldiyi taksini saxlatmış, və yerə düşərək təbii ehtiyacını ödəmişdir. Qeyd etmişdir ki, Sumqayıt şəhərinə nəfsinə aldanaraq gəlmişdir. Verilmiş sualların davamında Təqsirləndirilən şəxs "Ən gözəl biclik düzlükdür" deyərək hadisəni olduğu kimi danışmağa başlamışdır. O, ifadəsində bildirmişdir k, İran İslam Respublikasının Oruc adlı vətəndaşını təxminən 5-6 il olar ki, tanımışdr. Belə ki, Oruc 16 avqust 2024-cü il tarixdə Yasamal rayonu ərazisində işlədiyi dərzi sexində olarkən ona “Watsap” proqramı vasitəsilə səsli mesaj göndərərək Sumqayıt şəhəri, Corat qəsəbəsində qəbristanlığın yaxınlığında telefon olduğunu, həmin telefonu götürüb bacısı oğlu Əli adlı şəxsə çatdırmağını bildirmişdir. Oruc ona “Watsapla telefonun olduğu yerin məkanını və şəklini də atmışdır. O, Bolt proqramı vasitəsilə taksi sifariş vermiş və saat təxminən 23:15-də Bakı şəhərindən Sumqayıt şəhərinə gəlmiş, təxminən 00:30 radələrində Orucun ona göndərdiyi konumun olduğu Sumqayıt şəhəri, Corat qəbristanlığının yanına gəlmiş, orada küncdə mişar daşının yanında balaca bağlamanı görmüşdür. Bu zaman polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim etmişlər və onu narkotik vasitələrin qanunsuz dövriyyəsində, qəbulunda və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib onu 1-ci PB-nə dəvət etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə bir yerdə PB-nə gəlmişdir. Bölmədə üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilərək, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün müdafiəçi təqdim olunmuşdur. Videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman ona üzərində hər hansı qanunla qadağan olunmuş əşyanın olub-olmaması, olduğu təqdirdə həmin əşyanı təqdim etməyi təklif etmişlər. O, əynində olan şalvarın cibindən yapışqan lentə sarılmış bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülü açıldıqda içərisində 3 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə və bir ədəd elektron tərəzi olduğu müəyyən edilmişdir. Qeyd edir ki, tərəzi ona məxsus olmamışdır. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, çəkiləri müəyyən edilmişdir. Bundan başqa üzərindən bir ədəd özünə məxsus Redmi Note 8 Pro markalı mobil telefon və üzərində olan ***-***-**-** saylı mobil nömrə aşkar olunaraq götürülmüş, iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılmış və protokola əlavə edilmişdir. Həmin bükümlərdə olan kütlə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. O, narkotik vasitə istifadəçisi olsa da heç bir zaman onun satışı ilə məşğul olmamışdır. Əməlindən peşmandır. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən, o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələrin müəyyən hissəsində ziddiyyətlər olduğundan ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. İbtidai istintaq zaman Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, İran İslam Respublikasının Oruc adlı vətəndaşını təxminən 5-6 il olar ki, tanıymışdır. Belə ki, Orucla bir yerdə cəzaçəkmə müəssisəsində olmuş, 16 avqust 2024-cü il tarixdə Yasamal rayonunda dərzi sexində olan zaman Oruc ona VVatsapda səsli mesaj göndərərək Sumqayıt şəhəri, Corat qəsəbəsində qəbristanlığın yaxınlığında telefon olduğunu, həmin telefonu götürüb bacısı oğlu Əli adlı şəxsə çatdırmağını tapşırmışdır. Oruc ona VVatsapla telefonun olduğu yerin məkanını və şəklini də göndərmişdir. O, taksi sifariş verərək saat təxminən 23:15-də Bakı şəhərindən Sumqayıt şəhərinə gəlmişdir. Həmin gün saat təxminən 00:30 radələrində Orucun ona göndərdiyi konumun olduğu Sumqayıt şəhəri, Corat qəbristanlığının yanına gəlmiş, Orada küncdə mişar daşının yanında balaca bağlamanı görmüşdür. Həmin vaxt mülki geyimli polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edərək və onu narkotik vasitələrin qanunsuz dövriyyəsində, qəbulunda və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib onu 1-ci PB-nə dəvət etmiş, birlikdə Bölməyə gəlmişlər. Bölmədə ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün müdafiəçi təqdim olunmuş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunmuşdur. O, əynində olan boz rəngli şalvarın sağ yan cibindən yapışqan lentə sarılmış bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Yapışqan lentə bükülmüş kütlə açılmış, bükülünün içərisində 3 ədəd şəffaf sellofan bükümdə tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə və bir ədəd “AOSAİ” markalı elektron tərəzi aşkar edilmişdir. Həmin kütlələrin hər biri elektron tərəzidə çəkilmiş, ayrı ayrılıqda çəkiləri, 0,33 qram, 0,33 qram, 0,33 qram cəmi çəkiləri isə 1,00 qram gəlmişdir. Bundan başqa üzərindən bir ədəd özünə məxsus Redmi Note 8 pro markalı mobil telefon və üzərində olan ***-***-**-** saylı mobil nömrə də aşkar olunaraq götürülmüş, iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılmış və protokola əlavə edilmişdir. Həmin bükümlərdə olan kütlə təhqiqatçı tərəfindən qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Üzərindən aşkar olunan narkotik vasitəllər, elektron tərəzi və telefon qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün dolayısı ilə etirafedici ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonunda yerləşən keçmiş məcburi köçkünlərin yaşadığı binada yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə 1-ci PB-nin əməkdaşı Şahid2la birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2024-cü il tarixdə saat 00:40 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən qəbiristanlığa giriş qapısının yaxınlığında saxlayaraq ona nədə şübhəli olduğunu bildirib 1-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuş, ona hüquq və vəzifələri izah edildikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan şalvarın cibindən bükülünü çıxararaq təqdim etmişdir. Bükülü açılmış, içərisində 3 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin kütlələrin hər biri elektron tərəzidə çəkilmiş, çəkiləri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bilmədiyini bildirmiş, İran İslam Respublikasının Oruc adlı vətəndaşının ona telefon götürəcəyini demiş, götürəcəyi bükümün içərisində telefon olduğunu zənn etmiş, narkotik vasitə olmasını bilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən bir ədəd özünə məxsus Redmi Note 8 Pro markalı mobil telefon aşkar olunaraq götürülmüş, qablaşdırılmış və protokola əlavə edilmişdir. Məhkəmədə şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış (saat 16:30) və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 16 avqust 2024-cü il tarixdə, saat 00:40 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.19); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 17 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v.49-50); “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 17 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:30-da CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v.58-59); “təqsirləndirilən şəxsin Müvəqqəti saxlama yerindən azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.60- 61); “Şəxsi axtarışın keçirilməsi barədə” 16 avqust 2024-cü il tarixli protokoldan görünür ki, 1ci PB-nin inzibati binasında xidməti otaqların birində video çəkilişlə polis əməkdaşlarının və müdafiəçi X3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə 1-ci PB-nin təhqiqatçısı tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən yapışqan lentə sarılmış bükülünü masanın üzərinə qoymuş, yapışqan lentə bükülmüş kütlə açılmış, içərisində 3 ədəd şəffaf sellofan bükümdə tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə və bir ədəd “AOSAİ” markalı elektron tərəzi aşkar edilmişdir. Həmin kütlələrin hər biri elektron tərəzidə çəkilmiş, çəkiləri, 0,33 qram, 0,33 qram, 0,33 qram cəmi çəkiləri isə 1,00 qram gəlmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində narkotik vasitə olduğunu bilməmiş, İran İslam Respublikasının Oruc adlı vətəndaşının ona telefon götürəcəyini demiş, götürəcəyi bükümün içərisində telefon olduğunu zənn etmiş, narkotik vasitə olmasını bilməmişdir. Bundan başqa onun üzərindən bir ədəd özünə məxsus Redmi Note 8 pro markalı mobil telefon da aşkar olunaraq götürülmüş, iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılmış və protokola əlavə edilmişdir. Həmin bükümlərdə olan kütlə təhqiqatçı tərəfindən qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Bundan başqa aşkar edilmiş bir ədəd elektron tərəzi və 1 ədəd mobil telefon qablaşdırılaraq götürülmüşdür. (i.v.28-29); “Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə fiziki- kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/4185 №li rəyindən görünür ki, DİN “Zərflər üçün № 125” möhür əksi, “Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr və tərəzi” və s. adlar, soyadlar, imzalar olan zərfdəki 03 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,324 qram, 0,319 qram, 0,304 qram; ümumilikdə təmiz çəkiləri 0,947 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 03 ədəd bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd “AOSAİ” markalı elektron tərəzinin səthində narkotik vasitəheroinin izləri müəyyən edildi. Elektron tərəzinin səthində heroin iz şəkilində olduğu üçün heroinin çəkisini və bükümlərdəki heoinlərlə eyni kimyəvi tərkibli olub-olmamasım müəyyən etmək mükün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“ Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir.(i.v. 36-40) “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Redmi note 8” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. (i.v. 70); “maddi sübut kimi tanıma haqqında” 17 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,947 qram heroin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,827 qram heroin maddi sübut kimi tanınmış və məsul saxlanc üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd disk və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınsın və cinayət işinə əlavə edilsin.(i.v.72); Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 Şəxsi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 5748 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində MET(+), MOP(+), THC(+) aşkar olunmuşdur. Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v.83-84); DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər 4 (dörd) dəfə cinayət məsuliyyətinə cəlb olunmuş, sonuncu dəfə Səbail rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 06 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v.77-79); CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının sonu ilə azad edilsə də, məhkumluğu ödənilmədən yenidən cinayət törətmişdir. Onun yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. “sübutların qiymətləndirilməsi haqqında” 21 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə CM-nin 234.2-ci maddəsi ilə verilmiş ittiham qanuni və əsaslı olduğundan öz qüvvəsində saxlanılmış, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri nəzərə alınmışdır. İş üzrə ilkin yoxlama materialları, şahid ifadələri, kimyəvi ekspertizanın xx.xx.2024-cü il tarixli 3-16-16\2-6\4185 saylı rəyi, narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 5748 saylı rəyi, xx.xx.2024-cü il tarixli şəxsi axtarış keçirilməsi barədə protokol, DVD diskə baxış keçirilməsi barədə protokol sübut növü kimi tanınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,947 qram olan narkotik vasitə heroin və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, aparılmış kimyəvi tədqiqatlardan sonra 0,827 qram heroınm qalıq çəkisinin və bir ədəd elektron tərəzinin məhkəmənin hökmünə qədər Sumqayıt ŞPİnın maddisübutları saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. Sumqayıt şəhər Məhkəməsinin 11 fevral 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, qərarın icrası “Həbs” növündə inzibati tənbeh tədbirini çəkdikdən dərhal sonra icra edilməsi müəyyən edilmişdir. AR ƏN Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli məktubda Təqsirləndirilən şəxs Yasamal rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə təyin edilmiş inzibati həbs müddəti 12 fevral 2025-cil tarixdə başa çatdığı üçün sonuncu saxlanılması üçün 13 fevral 2025-ci tarixdə 3 saylı istintaq təcridxnasına gətirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun dolayısı ilə etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamla özünü CM-nin 234.2-ci maddəsi deyil, həmin məcəllənin 234.1-cü maddəsi təqsirli bilməsini, narkotik vasitənin satışı ilə məşğul olmaması, elektron tərəzinin ona məxsus olmaması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, həmin maddə ilə məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri, ekspert rəyi ilə təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini müqayisəli şəkildə təhlil etməyi zəruri hesab edir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək həqiqətən də əvvəldən tanıdığı Oruc adlı İran İslam Respublikası vətəndaşının ona göndərdiyi məkana əsasən Sumqayıt şəhərinə gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllər CM-nin 234.1-ci maddəsi ilə 4 dəfə cinayət məsuliyyətinə cəlb ediliyini nəzərə alsaq onun heç də qeyd edilən tarixdə gecə vaxtı saat təxminən 00:00-radələrində məhz telefon götürmək məqsədilə Yasamal rayonundan Sumqayıt şəhərində yerləşən qəbirstanlığa gəlməsi heç də ağlabatan qəbul edilməməlidir. Oruc adlı şəxs əgər ona telefon göndərirdisə sonuncu onu daha uzaq məsafəyə deyil, elə Novruzovun yaşadığı və ya işlədiyi ünvana həmin telefonu çatdırma edə bilərdi. Lakin göründüyü kimi bunun tam əksi müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs ifadə verərkən “ən doğru biclik düzlükdü” deməklə, nəfsinin qurbanına çevrilərək Sumqayıt şəhərinə gəldiyini bildirməklə əslində baş vermiş cinayət əmlini etiraf etmişdir. O, ifadəsinin davamında üzərində şəxsi axtarış istintaq hərəkəti keçirilərkən bükülünün içərisində aşkar edilmiş elektron tərəzinin ona məxsus olmadığını bildirməklə, narkotik vasitələrin ona məxsus olduğunu dolasıyısı etiraf etmişdir. Bir halda ki, həmin sellofan büküm yapışkan lentlə bağlı olmuş, məhz şəxsi axtarış zamanı iştirakçıların iştirakı ilə açılmış və içərisindən həm elektron tərəzi, həm də həmin narkotik vasitə aşkar edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bükümün içərisində olan narkotikin ona məxsus olduğunu etiraf etsə də, tərəzinin onun olmasını inkar etməklə qeyri-səmimi olmuşdur. Halbuki, bu hal məntiqə uyğun deyildir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşin hallarından müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə bükümlər şəklində olmaqla-ümumilikdə 03 bükümdə olmuş, həmçinin onun üzərində xüsusi avadanlıq yəni elektron tərəzi də aşkar edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. İşin qeyd edilən halları bir daha təsdiq edir ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə məhkəmə iclasında səmimi olmamışdır. CM-nin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. (30 aprel 2021-ci il tarixli dəyişikliklər nəzərə alınmaqla) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə qəsdən cinayət törədilmənin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Lakin Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməklə, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin çəkisini, bundan əvvəl də qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etdiyi üçün bir neçə dəfə məhkumluq həyatı yaşamasını, buna baxmayaraq islah olunmamasını və yenidən narkotik vasitələri qanunsuz olaraq satış məqsədilə əldə etməsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 13 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar cəmi 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut - Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan-tədqiqatdan sonra qalıq qalmış 0,827 qram olan narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilməli, şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı İbrahim Xəlilovun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 18 (on səkkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 108 (bir yüz səkkiz) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, İbrahim Xəlilovun həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 16 avqust 2024-cü il tarixdən 17 avqust 2024-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 03 (üç) il 09 (doqquz) ay 29 (iyirmi doqquz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 13 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Həbs” qətimkna tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,827 qram olan narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilsin. Şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-99/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-99/2025
25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver