Məhkəmə qərarları › İş №1(061)-10/2025

Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-10/2025

08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-10/2025 08.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi X4, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1991-ci ildə Göygöl rayonun Mollacəmilli kəndində anadan olmuş, evli, ali təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, Göygöl rayon Mollacəmilli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş 01 ədəd şəffaf sellofan bükümdə xeyli miqdar, ümumi təmiz çəkisi 1,805 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, 01 ədəd şəffaf sellefan bükümdə, xeyli miqdarda, ümumi təmiz çəkisi 1,786 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 01 ədəd ağ rəngli sellofan paketdə, xeyli miqdarda, ümumi təmiz çəkisi 405 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, 20 avqust 2024-cü il tarixdə saat 01:30 radələrində Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, daşınmasında və istifadəsində sübhəli bilindiyi üçün Tərtər rayon Seydimli kənd ərazisində “Çəpərqala” kafesinin qarşısında saxlanılaraq Tərtər rayon Polis Şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılarkən həmin psixotrop maddə olan metamfetamin, narkotik vasitə olan heroin və qurudulmuş marixuana onun əlində olan sellofan torbadan aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında veridiyi izahatında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 3 ildir ki, narkotik vasitələrdən istifadə etmişdir. 3-cü qrup vətən müharibəsi əlilidir. Ailəlidir, 2 azyaşlı övladı vardır. Ali təhsillidir, “Cəsur döyüşçü”, “Ağdamın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Müharibədə yaşadığı sarsıntılardan sonra yəni son 3 ildə narkotik vasitə hesab olunan qurudulmuş marixuanadan istifadə etmişdir. 19 avqust 2020-ci il tarixdə Ağcəbədi rayon Minəxorlu kəndinə əvvəl qulluq etdiyi hərbi hissəyə əşya təhcizat pulunu götürmək üçün getmişdir. Hərbi hissədən qayıdarkən yolüstü müxtəlif avtomobillərlə gəlmişdir. 20 avqust 2024-cü il tarixdə gecə saat 01:30-da isə yaşadığı Göygöl rayonuna getmək üçün üzərində “Çəpərqala” sözləri yazılmış kafenin qarşısında avtomobil gözləyərək, gəzinmişdir. Gəzərkən yerdən bir ədəd göy sellofan torba tapmış və həmin bükümün içərisində olan maddəni qurudulmuş marixuanaya, heroinə və metamfetaminə bənzədib bir tərəfini açıb baxmış və həmin torbanın içərisində qurudulmuş marixuananı görüb onu götürmüş şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşıb üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduğundan onu Tərtər rayon Polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsində növbətçi vəkil Müdafiəçi və polis əməkdaşları Şahid1 və Şahid2 iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əlində olan torbaya baxış keçirilərkən torbanın içərisindən bir iri bükümdə qurudulmuş marixuana, bir ədəd sellofan bükümdə narkotik vasitə hesab olunan heroin və bir ədəd sellofan bükümdə pxisotrop maddə hesab olunan metamfetamin aşkar olunmuşdur. Bundan sonra hər bir büküm ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuana bükümlə birlikdə ümumi çəkisi 445 qram, narkotik vasitə hesab olunan heroin bükümlə birlikdə 1,92 qram, psixotrop maddə hesab olunan metamfetamin isə bükümlə birlikdə 1,93 qram müəyyən olunmuşdur. Daha sonra hər üç büküm bir zərfdə ekspertizaya göndərilməsi üçün qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış videoçəkiliş vasitəsi ilə həyata keçirilmişdir. O, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O, həmin psixotrop maddəni və narkotik vasitələri istifadə etmək üçün götürüb saxlamışdır. Polis Şöbəsində ona heç bir zorakılıq edilməmiş və o, törətdiyi əməldən peşiman olmuşdur. Göstərilənləri nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş 1 il müdddətində azadlığın məhdudlaşdırılması cəzasının verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 östərmişdir ki, Tərtər Rayon Polis X2 Qrupunun əməliyyat müvəkkili vəfizəsində xidmət edir. 20 avqust 2024-cü il tarixdə ona Göygöl rayonunda yaşayan Təqsirləndirilən şəxs Tərtər rayonu ərazisində narkotik vasitə qəbul etməsi, üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatı alan kimi dərhal rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş və rayon Polis Şöbəsinin rəhbərliyinin razılığından sonra Təqsirləndirilən şəxs əməllərini ifşa etmək məqsədilə 20 avqust 2024-cü il tarixdə tərəfindən əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra o, Tərtər RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı Şahid2 ilə birlikdə 20 avqust 2024-cü il tarixdə saat 01:30 radələrində Təqsirləndirilən şəxs Tərtər rayon Seydimli kəndində yerləşən “Çəpərqala” kafesinin ərazisində saxlayaraq rayon Polis Şöbəsinə gətirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət edilmiş Müdafiəçi və onların iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan göy rəngli sellofan torba aşkar edilmişdir. Həmin göy rəngli sellofan torbaya baxarkən içərisindən narkotik vasitələrə və psixotrop maddəyə bənzər kütlələr aşkar edilmişdir. Həmin aşkar olunmuş kütlələr onların iştirakı ilə elektron tərəzidə çəkilərək ağ rəngli sellofan paketdə ümumi çəkisi 445 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, 01 ədəd sellofan bükümdə ümumi çəkisi 1,92 qram narkotik vasitə olan heroinə bənzər kütlə və 01 ədəd sellofan bükümdə ümumi çəkisi 1,93 qram psixotrop maddə olan metamfetaminə bənzər kütlə müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələrə və psixotrop maddəyə bənzər kütlələr müvafiq qaydada qablaşdırılmış və möhürlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir şübhəli əşya və ya predmet aşkar edilməmişdir. Sonra isə bununla bağlı protokol tərtib edilmiş və o da digər iştirakçılar kimi protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi vəfizəsində xidmət edir. 20 avqust 2024cü il tarixdə şöbəyə Göygöl rayonunda yaşayan Təqsirləndirilən şəxs Tərtər rayonu ərazisində narkotik vasitə qəbul etməsi, üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatı qəbul edən kimi dərhal rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə edilmişdir. Polis Şöbəsinin rəhbərliyinin razılığından sonra Təqsirləndirilən şəxs əməllərini ifşa etmək məqsədilə 20 avqust 2024-cü il tarixdə tərəfindən əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra o, Tərtər rayon Polis X2 Qrupunun əməliyyat müvəkkili Şahid1 ilə birlikdə 20 avqust 2024-cü il tarixdə saat 01:30 radələrində Təqsirləndirilən şəxs Tərtər rayon Seydimli kəndində yerləşən “Çəpərqala” kafesinin ərazisində saxlayaraq rayon Polis Şöbəsinə gətirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət edilmiş Müdafiəçi və onların iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan göy rəngli sellofan torba aşkar edilmiş, həmin göy rəngli sellfona torbaya baxan zaman içərisindən narkotik vasitələrə və psixotrop maddəyə bənzər kütlələr aşkar edilmişdir. Həmin aşkar olunmuş kütlələr onların iştirakı ilə elektron tərəzidə çəkilərək müvafiq qaydada qablaşdırılmış və möhürlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir şübhəli əşya və ya predmet aşkar edilməmişdir. Sonra isə bununla bağlı protokol tərtib edilmiş və o da digər iştirakçılar kimi protokolu imzalamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Şahid3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq vaxtı veridiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində Şahid3 göstərmişdir ki, Tərtər Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəridir. Əməliyyat-istintaq qrupunun üzvü olduğu vaxt polis şöbəsinə videoçəkiliş aparılmasında və ya hadisə yerinin müayinəsinin aparılmasında köməkilik göstərmişdir. 20.avqust 2024-cü il tarixdə polis şöbəsinin əməkdaşları tərəfindən Tərtər rayonu ərazisində narkotik vasitələr və psixotrop maddə qəbul edilməsi, üzərində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddə saxlaması və daşımasında şübhəli olduğu üçün Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət edilmiş Müdafiəçi və onların iştirakları ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan göy rəngli sellofan torba aşkar edilmişdir. Həmin göy rəngli sellofan torbaya baxış zamanı içərisindən narkotik vasitələrə və psixotrop maddəyə bənzər kütlələr aşkar edilmişdir. Həmin aşkar edilmiş kütlələr onların iştirakları ilə elektron tərəzidə çəkilərək ağ rəngli sellofan paketdə ümumi çəkisi 445 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, 01 ədə sellofan bükümdə ümumi çəkisi 1,92 qram narkotik vasitə olan heroinə bənzər kütlə və 01 ədəd sellofal bükümdə ümumi məkisi 1,93 qram psixotrop maddə olan metamfetaminə bənzər kütlə müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələrə və psixotrop maddəyə bənzər kütlələr müvafiq qaydada qablaşdırılmış və möhürlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir şübhəli əşya və ya predmet aşkar edilməmişdir. Bununla bağlı tərtib edilmiş protokola imza etmişdir. İş materiallarında olan iş üzrə 20 avqust 2024-cü il tarixdə Tərtər rayon Polis Şöbəsinin inzibati binasında Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X7 tərəfindən NMQnun əməliyyat müvəkkili, polis kapitanı Şahid1, İTB-nin polis sahə rəisi, polis leytenantı Şahid2, PPXB-nün polis nəfəri, polis serjantı Şahid3 və Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan sellofan torbadan psixotrop maddə olan metamfetamin, narkotik vasitə olan heroin və qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs əlində olan göy rəngli sellofan torbanın içərisindən ağ rəngli sellofan paketdə təmiz çəkisi 405 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,786 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,805 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin müəyyən edilmişdir. Həmin aşkar edilmiş bir ədəd göy rəngli torba ekspertizaya göndərilməsi üçün bir ədəd zərfdə qablaşdırılmışdır. (Bax iş vərəqə: 26-31) İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə X5 regional Bölməsinin 20 avqust 2024-cü il tarixli 16/876 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə hesab olunan qurudulmuş marixuana və heroinə bənzər kütlə eyni zamanda aşkar olunmuş psixotrop maddə hesab edilən metamfetaminə bənzər kütlə” sözləri və imzalar olan kağız paketdəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 1,805 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 1 (bir) ədəd şəffaf sellofan bökümdə təmiz çəkisi 1,786 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 1 (bir) ədəd ağ rəngli sellofan paketdə təmiz çəkisi 405 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (Bax iş vərəqə: 34; 40-43) İşdə olan sənədlərdən aydın olur ki, istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə 20 sentyabr 2024-cü il tarixdə Tərtər rayon Seydimli kənd ərazisində “Çəpərqala” kafesinin qarşısında təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti aparılmışdır. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təkrar təsdiq edərək 20 avqust 2024-cü il tarixdə Tərtər rayon Seydimli kənd ərazisində “Çəpərqala” kafesinin qarşısında psixotrop maddə olan metamfetamini, narkotik vasitələr olan heroini və qurudulmuş marixuananı tapıb götürdüyü yeri göstərmişdir. Bununla bağlı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. (Bax:iş vərəqə: 118-120) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji dispanserinin 27 avqust 2024-cü il tarixli 1621 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (Bax iş vərəqə: 78-80; 125) İşdə olan cinayət işi üzrə 20 avqust 2024-cü il tarixdə Tərtər rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasının videogörüntüsünü özündə əks etdirən bir ədəd diskə 20 avqust 2024-cü il tarixdə baxış aparılmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 03:38-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması başlanmış, şəxsi axtarış zamanı sonuncunun əlində olan göy rəngli sellofan torbanın içərisindən ağ rəngli sellofan paketdən narkotik vasitə olan marixuana və heroin həmçinin psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Həmin narkotik vasitələ və psixotrop maddə elektron tərəzidə çəkilərək sellfona torba ilə birlikdə ümumi çəkisi 445 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd sellofan büküm ilə birlikdə ümumi çəkisi 1,92 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd sellofan büküm ilə birlikdə ümumi çəkisi 1,93 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin müəyyən edilmişdir. Baxış xx.xx.2024-cü il tarixdə saat 03:47-də başa çatmışdır. (Bax iş vərəqə: 28; 48) İşdə olan Göygöl rayonu İcra Hakimiyyəti başçısının Göygöl Mənzil-Kommunal Təsərrüfatının 14 oktyabr 2024-cü il tarixli 3590 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayon Mollacəmilli kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında daimi yaşayır, həmin tarixli xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunmuşdur. (Bax iş vərəqə: 131-134) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04 sentyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. (Bax iş vərəqə: 99-100) İş materiallarından aydın olur ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılıb üzərində şəxsi axtarış aparılarkən və şübhəli şəxs qismində izahatı alınarkən, onun üzərində aşkar olunmuş qurudulmuş marixuananın ona məxsus olduğunu, lakin ümumi çəkisi 1,92 qram narkotik vasitə olan heroinin və ümumi çəkisi 1,93 qram psixotrop maddə olan metamfetaminin ona məxsus olmadığını qeyd edərək özünün müdafiəsi üçün dəlillər gətirmiş, lakin şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində dindirilərkən əməlini səmimi etiraf etmiş və həmin narkotik vasitənin və psixotrop maddənində özünə məxsus olduğunu bildirmişdir. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən və izahatı alınarkən göstərdiyi həmin xüsusatlar əsassız olduğundan və özünü müdafiə xarakterli olduğundan iş üzrə rədd edilmişdir. (Bax iş vərəqə: 28; 32-33; 58-60; 71- 73) İş materiallarından aydın olur ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,805 qram olmuş, ekspertiza zamanı ümumi 0,06 qram istifadə edildikdən sonra hazırda qablaşdırılmış vəziyyətdə ümumi təmiz çəkisi 1, 745 qram psixotrop maddə olan metamfetaminin, ümumi təmiz çəkisi 1,786 qram olmuş, ekspertiza zamanı ümumi 0,06 qram istifadə edildikdən sonra hazırda qablaşdırılmış vəziyyətdə ümumi təmiz çəkisi 1, 726 qram narkotik vasitə olan heroinin və ümumi təmiz çəkisi 405 qram olmuş, ekspertiza zamanı ümumi 0,08 qram istifadə edildikdən sonra hazırda qablaşdırılmış vəziyyətdə ümumi təmiz çəkisi 404,92 qram narkotik vasitə olan qurudulmuş marixuananın 23 avqust 2024-cü il tarixdə cinayət işi üzrə maddi sübut kimi tanınması və saxlanması üçün Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. (Bax iş vərəqə: 89-93) İş materiallarından aydın olur ki, 20 avqust 2024-cü il tarixdə Tərtər rayon Polis Şöbəsinin inzibati binasında TB-nin təhqiqatçısı, polis baş leytenantı X7 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən bir ədəd diskin 23 avqust 2024-cü il tarixdə cinayət işi üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilərək saxlanmışdır. (Bax iş vərəqə: 28; 89-93). Məhkəmə iclasında müəyyən texniki səbəblərdən həmin diskə baxış keçirilməsi mümkün olmamışdır. Lakin işdə olan fotoşəkillər baxış keçirilmiş, bununla bağlı təqsirləndirilən şəxsə verilmiş sullara ətraflı cavab alınmış və təqsirləndirilən baxış keçirilmiş fotoşəkillərə qarşı heç bir etirazı olmamışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da işüzrə sübut növləri kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi yuxarıda şərh olunan və işdə olan digər dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş 01 ədəd şəffaf sellofan bükümdə xeyli miqdar, ümumi təmiz çəkisi 1,805 qram olan kustar üsulla hazırlanmışpsixotrop maddə olan metamfetamini, 01 ədəd şəffaf sellefan bükümdə, xeyli miqdarda, ümumi təmiz çəkisi 1,786 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 01 ədəd ağ rəngli sellofan paketdə, xeyli miqdarda, ümumi təmiz çəkisi 405 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotikvasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, 20 avqust 2024-cü il tarixdə saat 01:30 radələrində Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, daşınmasında və istifadəsində sübhəli bilindiyi üçün Tərtər rayon Seydimli kənd ərazisində “Çəpərqala” kafesinin qarşısında saxlanılaraq Tərtər rayon Polis Şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılarkən həmin psixotrop maddə olan metamfetamin, narkotik vasitə olanheroin və qurudulmuş marixuana onun əlində olan sellofan torbadan aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara vəəşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinəəsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olması, 44 günlük Vətən Müharibəsi zamanı “Cəsur döyüşçü”, “Ağdamın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunması, yaşayış yerində müsbət xarakterizə olunması, törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq çəkməsi, ilk dəfə az ağır cinayət törətməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Onun Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə də cəzanın məqsədlərinə çatmaq olar. Ona görə də məhkəmə ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Təqsirləndirilən şəxs üzərinə Göygöl rayonunun hüdudlarını tərk etməmək, Göygöl rayonunda yerləşən yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, narkomaniyadan müalicə kursu keçmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Azərbaycan Respublikası CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə həmçinin, cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 avqust 2024-cü il tarixdən 21 avqust 2024-cü il tarixə kimi saxlanıldığı 01 (bir) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən çıxılmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş üzrə mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri barəsində olan hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut hesab edilən Tərtər Rayon Polis Şöbəsində saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,805 qram olmuş, ekspertiza zamanı ümumi 0,06 qram istifadə edildikdən sonra hazırda qablaşdırılmış vəziyyətdəümumi təmiz çəkisi 1,745 qram psixotrop maddeə olan metamfetamin, ümumi təmiz çəkisi 1,786 qram olmuş, ekspertiza zamanı ümumi 0,06 qram istifadə edildikdən sonra hazırda qablaşdırılmış vəziyyətdə ümumi təmiz çəkisi 1,726 qram narkotik vasitə olan heroin və ümumi təmiz çəkisi 405 qram olmuş, ekspertiza zamanı ümumi 0,08 qram istifadə edildikdən sonra hazırda qablaşdırılmış vəziyyətdə ümumi təmiz çəkisi 404, 92 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs cinayət işi üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və gütürmə aparılmasını özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi 20 avqust 2024-cü il tarixdən 21 avqust 2024-cü il tarixə kimi saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzası növündə cəzanın 2 (iki) gününə bərabər tutulmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Göygöl rayonunun hüdudlarını tərk etməmək, Göygöl şəhərində yerləşən yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, narkomaniyadan müalicə kursu keçmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri barəsində olan hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut hesab edilən Tərtər Rayon Polis Şöbəsində saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi təmiz çəkisi 1,745 qram psixotrop maddeə olan metamfetamin, ümumi təmiz çəkisi 1,726 qram narkotik vasitə olan heroin və ümumi təmiz çəkisi 404, 92 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Həmçinin Təqsirləndirilən şəxs cinayət işi üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və gütürmə aparılmasını özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökmün icrası Göygöl rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar