Məhkəmə qərarları › İş №1(061)-11/2025

Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-11/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-11/2025 12.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Mircəlal oğlunun, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Nümayəndə, Müdafiəçi iştirakları ilə xx.xx.2007-ci ildə Tərtər rayonun Hüsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Tərtər rayonu Hüsənli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “yetkinlik yaşına şatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 13 avqust 2024-cü il tarixdə saat 23 radələrində Tərtər rayon Hüsənli kəndi ərazisində yerləşən Nizami Gəncəvi küçəsində həmkəndlisi Zərərçəkmiş şəxs Mircəlal oğlunun onun bibisi qızına mobil telefon vasitəsi ilə sevgi mesajı yazması səbəbindən sonuncu ilə aralarında həmin səbəbdən qısqanclıq zəminində yaranmış mübahisə zamanı əlində olan istintaqla əlamətləri müəyyən edilməmiş ağacla Zərərçəkmiş şəxs sağ ayaq nahiyəsinə qəsdən bir dəfə vurub yerə yıxaraq sonuncuya sağ qamış sümüyünün orta 1/3-nin yerdəyişmiş sınığı, sağ dirsək oynağının arxa səthinin piqmentasiya sahələri (sıyrıq izləri) xəsarətləri ilə müşayiət edilən və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri yetirmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Nümayəndə iştirakı ilə izahat vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Tərtər rayonu Hüsənli kəndində nənəsi Nümayəndə ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Mircəlal oğlu ilə həmkəndlidir. Onunla heç bir ədavəti olmamışdır. Zərərçəkmiş şəxs Bakı şəhərində yaşayan bibisi qızı Elminaz Həsənovaya mesaj yazıb onu narahat etdiyini, Elminaz Həsənovanın ona mesaj yazaraq Mehracın ona mesaj yazıb narahat etdiyini, həmin şəxsin mobil nömrəsini bloka atsada Mehracın başqa nömrələrlə ona yenə zəng edib mesaj yazdığını bilmişdir. Buna görədə təqribən 2024-cü ilin may ayında Mehraca zəng edib onu görüşə çağırıb bununla bağlı iradını bildirmiş və bir daha bibisi qızına mesaj yazmamasını istəmişdir. Söhbət zamanı Mehrac bir daha onun bibisi qızına mesaj yazmayacağına söz vermiş, ona inanıb həmin vaxtı yanından uzaqlaşıb getmişdir. Həmin vaxt aralarında heç bir mübahisə olmamışdır. xx.xx.2024-cü il tarixdə bibisi qızı Elminaz Həsənova ona zəng edib Mehracın ayrı-ayrı nömrələrdən zəng edib onu narahat etməsi barədə məlumat vermişdir. Bu səbbədən həmin gün saat 17 radələrində Mehraca zəng etmiş, lakin o zəngə cavab verməmişdir. Həmin gün axşam saat 21 radələrində Mehrac ona zəng etmiş, onunla telefon danışığı zamanı Mehracla görüşmək istədiyini bildirmişdir. Qonşusu və həmkəndlisi Rəvanla birlikdə Mehracla görüşməyə getmişdir. Rəvanı həmin yerə aparmaq məqsədi hər hansı bir xoşa gəlməz hadisə baş verməsinin qarşısını almaq olmuşdur. Yaşadığı Tərtər rayon Hüsənli kəndi ərazisində həmin gün sutqanın qaranlıq vaxtı yəni saat 23 radələrində Mehracla görüşmüşlər. O, yenə Mehraca iradını bildirib nə üçün yenidən bibisi qızı Elminaz Həsənovaya zəng edib onu narahat etdiyini soruşmuşdur. Mehrac əvvəlcə etiraf etməsə də sonradan bibisi qızına zəng etdiyini etiraf etmiş, buna görədə Mehraca “bir daha bibim qızını narahat etmə, lazım olsa məndə sənin bibin qızının nömrəsini alaram” deyə söz demişdir. Bunu deyərkən onlar biri-birilərinin yaxasından tutmuşlar. Aralarında mübahisə baş vermiş, mübahisə zamanı o, Mehracı biraz qabağa itələmiş, əlində olan əvvəlcə özü ilə götürdüyü ağacla Mehracın sağ ayağına vurmuşdur. Mehrac aldığı zərbədən yerə yıxılmışdır. O, yerə yıxıldıqdan sonra Rəvan onları sakitləşdirmişdir. Oradan yaşadığı evə getmiş, ağacı isə xatırlamadığı yerə atmışdır. Həmin günün sabahısı yəni xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs sağ ayağından sınıq xəsarəti alması və onun barəsində şikayət etməsi barədə məlumat almışdır. Mübahisə təqribən 5-6 dəqiqə davam etmiş, ancaq ətrafa zərər dəyməmiş, hadisə zamanı orada Rəvandan başqa heç kim olmamış və hadisə yerinə heç kim toplaşmamışdır. Hazırda əməlindən səmimi peşiman olmuşdur. Baş vermiş hadisədə aldığı xəsarətə görə müalicə olunması üçün zərərçəkən şəxsə 5500 manat maddi köməklik etmişlər. Tezliklə hərbi xidmətə getmək istədiyini, eləcə də yuxarıda qeyd etdiklrini və ailə vəziyyətini nəzərə alaraq ona köməklik olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs Mircəlal oğlu göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla eyni kənddə yaşayır. Onunla heç bir ədavəti olmamışdır. xx.xx.2024-cü il tarixdə gecə saat 23 radələrində Müseyib ona zəng edərək onunla yaşadığı evin yaxınlığında yerləşən küçədə görüşmək istədiyini bildirmişdir. Müseyiblə görüşmək üçün həmin yerə getmişdir. Deyilən yerə çatdıqda Müseyibin yanında Rəvan adında şəxsin olduğunu görmüşdür. Söhbət zamanı Müseyib ona nə üçün bibisi qızını istədiyini və bibisi qızına mesaj yazdığını bildirmişdir. Müsyibə bibisi qızını istədiyini etiraf etmiş, həmçinin bibisi qızınında onu istədiyini demişdir. Müseyib isə ona yalan danışdığını və onun bibisi qızını ciddi istəmədiyini demişdir. Bu vaxt Müseyiblə aralarında sözlü mübahisə daha da yüksəlmişdir. O, Müseyibin üzərinə gələndə Rəvan onu dava etməmələri üçün kənara çəkmiş, bu zaman Təqsirləndirilən şəxs əlində olan ağacla onun sağ ayağından bir dəfə vuraraq ona xəsarət yetirmişdir. Zərbənin təsirindən yerə yıxılmış, sonra Müseyib oradan uzaqlaşıb getmişdir. Şahid isə ona yaşadığı evə gələnə kimi köməklik göstərmişdir. Hadisə zamanı Şahid başqa heç kim orada olmamış, Rəvan ona xəsarət yetirməmiş, hadisə 5-6 dəqiqə davam etmiş və hadisə zamanı ətrafa ziyan dəyməmişdir. Təqsirləndirilən şəxs və yaxınları ona və yaxınlarına müalicə üçün heç bir maddi köməklik göstərməmişlər. Onunla barışmamış, şikayətçi olduğunu bildirmiş, barəsində həbslə bağlı cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə şahid qismində ifadə vermiş Şahid göstərmişdir ki, Təqsirləndirilən şəxs və zərərçəkən şəxs Zərərçəkmiş şəxs Mircəlal oğlu onun həmkəndliləridirlər. Onlarla heç bir ədavəti olmamışdır. xx.xx.2024cü il tarixdə saat 23 radələrində qonşusu Təqsirləndirilən şəxslə söhbət edən zamanı, Zərərçəkmiş şəxs Müseyibə zəng gəlmişdir. Onlar telefonla danışandan sonra yaşadığı Nizami Gəncəvi küçəsində görüşməklə bağlı razılaşmışlar. Təqsirləndirilən şəxs həmin yerə onunla birlikdə getməsini və baş verə biləcək davanı sakitləşdirməsini təklif etmişdir. Onunla razılaşıb deyilən yerə getmişlər. Yol gedərkən Müseyib ona Zərərçəkmiş şəxs onun bibisi qızına mesaj yazaraq narahat etdiyini bildirmişdir. Onlar ora çatmağa azalmış Müseyib yolun kənarında olan ağac parçasını əlinə götürmüşdür. Müseyib Mehraca nə üçün onun bibisi qızına mesaj yazaraq onu narahat etdiyini demiş və iradını bildirmişdir. Əvvəlcə Mehrac etiraf etməsə də sonradan bunu etiraf etmişdir. Bu vaxt Müseyib Mehraca “lazım olsa mən də sənin bibin qızının nömrəsin alıb ona yazaram” deyə bildirmişdir. Mehrac isə Müseyibin yaxasından tutmuş, Müseyib isə Mehracı geri itələyib əlində olan ağacla Mehracın sağ ayağına vurmuşdur. Mehrac yerə yıxılmışdır. O, isə araya girərək onları sakitləşdirmiş, daha sonra Müseyib oradan uzaqlaşıb getmişdir. O, Mehraca kömək edərək onu yaşadıqları evə kimi gətirmiş, daha sonra isə yaşadığı evə getmişdir. Hadisə zamanı o, heç bir xəsarət almamışdır. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində ifadə vermiş X2 göstərmişdir ki, zərərçəkən şəxs Zərərçəkmiş şəxs onun doğma oğludur. Təqsirləndirilən şəxs və ailə üzvləri ilə heç bir ədavətləri olmamışdır. xx.xx.2024-cü il tarixdə gecə saat 23 radələrində Müseyib oğlu Mehraca zəng edərək onunla yaşadığı evin yaxınlığında yerləşən küçədə görüşmək istədiyini bildirmiş,oğlu Mehrac Müseyiblə görüşmək üçün həmin yerə getmişdir. Hadisə yerində Müseyibin yanında Rəvan adlı şəxs olmuşdur. Həmin vaxt Müseyiblə Mehracın aralarında sözlü mübahisə davaya səbəb olmuşdur. Müseyib Mehracın üzərinə gəlmiş, Rəvan Mehracı tutumuş, Müseyib əlindəki ağacla Mehracın sağ ayağından bir dəfə vuraraq ona xəsarət yetirmişdir. Rəvan onun adının çəkməmək şərti ilə Mehracı yaşadığı evə gələnə kimi köməklik göstərmişdir. Təqsirləndirilən şəxs yaxınları ona hər hansı maddi köməklik etməmiş, ona oğlunun müalicəsi üçün 3000 manat verəcəklərinə söz versələr də, 2000 manat pul vermiş, lakin həmin pulu qaytarıb təqsirləndirilən şəxsin qanuni nümayəndəsinə vermişdir. Bundan sonra təqsirləndirilən və ya yaxınları oğlu Mühracın müalicəsi üçün onlara heç bir maddi köməlik etməmişlər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da işüzrə sübut növləri kimi qəbul edir. İş materiallarında olan Təqsirləndirilən şəxs istintaqa verdiyi əvvəlki ifadəsinin düzgünlüyü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs verdiyi ifadə ilə istintaqa verdiyi əvvəlki ifadəsi arasında heç bir ziddiyyət müəyyən edilməmişdir. İfadənin yerində yoxlanması istintaq hərəkəti foto görüntü ilə qeydə alınaraq protokola əlavə edilmişdir. (Bax: i.v. 101-104). İş materiallarında olan Tərtər rayon Hüsənli kəndi ərazisində Zərərçəkmiş şəxs Mircəlal oğlunun Təqsirləndirilən şəxs tərəfindən ağac ilə döyülüb-döyülməməsini müəyyən etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə əməliyyat tapşırığı verilmiş və həmin verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Tərtər rayon Hüsənli kəndi ərazisində Zərərçəkmiş şəxs Mircəlal oğlunun Təqsirləndirilən şəxs tərəfindən ağacla döyülməsi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs xəsarət aldığı ağacın isə tapılması mümkün olmamışdır. Hadisə zamanı hadisə yerində Şahid olması müəyyən edilmişdir. (Bax:i.v. 31,62) İş materiallarında olan sorğu əsasında cinayət işinə əlavə edilmiş Tərtər RMX-dən daxil olmuş 06 noyabr 2024-cü il tarixli, 18-1-75/2-1279/2024 nömrəli məktubdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs xəstəxananın polikilinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatında dayanmır.(Bax:i.v. 54) İş materiallarında olan Tərtər rayon İcra Hakimiyyəti Başçısının Hüsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 395 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Əliyev X4 rayon Hüsənli kəndində qeydiyyatda olmaqla yaşayır və müsbət xarakterizə olunur. (Bax:i.v. 64-65) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin 18 oktyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Bax:i.v. 67-68) İş materiallarında olan Tərtər rayon İcra Hakimiyyəti Başçısının Hüsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 396 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs Mİrcəlal oğlu Tərtər rayon Hüsənli kəndində qeydiyyatda olmaqla yaşayır və müsbət xarakterizə olunur. İş materiallarında olan Tərtər Rayon Polis X3 müstəntiqi tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş sübutların qiymətlənirilməsi haqqında qərardan görünür ki, 03 sentyabr2024-cü il tarixdə hadisə yerinə baxış keçirilmiş və hadisə yerinə baxəış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Tərtər rayon Hüsənli kənd ərazisində yerləşən Nizami Gəncəvi küçəsində baş vermişdir. Hadisə sutqanın qaranlıq vaxtı kənd sakinlərinin küçədə olmadığı vaxtda baş vermişdir. Baxış zamanı hadisə yerində şübhəli əşya və ya predmet aşkar edilməmişdir. İş üzrə Tərtər rayon Hüsənli kənd ərazisində Zərərçəkmiş şəxs Mİrcəlal oğlunun Təqsirləndirilən şəxs tərəfindən ağac ilə döyülüb-döyülməməsini müəyyən etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə əməliyyat tapşırığı verilmiş və həmin verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Tərtər rayon Hüsənli kənd ərazisində Zərərçəkmiş şəxs Mİrcəlal oğlunun Təqsirləndirilən şəxs tərəfindən ağac ilə döyülməsi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs xəsarət aldığı ağacın isə tapılması mümkün olmamışdır. Hadisə zamanı hadisə yerində Şahid olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə və işin digər materallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetrilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə tövsüf edilmişdir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CMnin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən əməl olmaqla, həyat və sağlamlıq əleyhinə olan cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cinayət törədərkən yetkinlik yaşına çatmayan şəxs olması, əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, gənc olmasını barəsində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Təqsirləndirilən şəxs üzərinə Tərtər rayonunun hüdudlarını tərk etməmək, Tərtər rayonunda yerləşən yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Azərbaycan Respublikası CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanın nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Tərtər rayonunun hüdudlarını tərk etməmək, Tərtər rayonunda yerləşən yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanın nəzarəti altına vermə” qətimkan tədbiri barəsində olan hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN : KAMİL RZAYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar