Məhkəmə qərarları › İş №1(061)-20/2025

Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-20/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-20/2025 11.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə xx.xx.1954-cü il tarixdə Göygöl rayonu Sərkara kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Tərtər rayonu Yuxarı Sarıcalı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Tərtər rayonu Yuxarı Sarıcalı kəndi ərazisində qeyd olunan kənd sakinləri xx.xx.1958-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə keçmiş həyat yoldaşı xx.xx.1954-cü il təvəllüdlü Təqsirləndirilən şəxs arasında ailə münasibətləri zəmnində yəni sonuncunun yaşadığı evdə təmizlik işləri görmək məqsədi ilə Tərtər rayonu Yenikənd kəndində yaşayan X1 yaşadığı evə dəvət etməsi, Lyuda Oqorodinkin isə təmizlik işləri gördükdən sonra həmin evin hamamında duş qəbul etmək istəməsi səbəbindən mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs sağ qolunun sıxaraq onu kənara itələyərək ona kəllə- beyin travması, beyin silkəllənməsi, sağ bazunun aşağı 3/1-nin bayır səthinin qançırı yarası ilə müşayət olunan və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vuran bədən xəsarətləri yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə iclasında izahat vermiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Tərtər rayonu Yuxarı Sarıcalı kəndində yaşayır. Zərərçəkmiş şəxs ilə əvvəllər qeyri-rəsmi münasibətdə olmuşdur. Zərərçəkmiş şəxs ilə 2013-cü il tarixdə tanış olmuş, bir neçə il birlikdə Tərtər şəhəri Axundov küçəsində yaşasalarda 2018-ci il tarixdə Tərtər rayonu Yuxarı Sarıcalı kəndində ev tikib ora köçmüşlər. Həmin dövrdə Zərərçəkmiş şəxs Sarıcalı kənd tam orta məktəbində işlədiyini bildirmişdir. Onunla münasibətinin pisləşməsinə səbəb 2022-ci il tarixdə yaşadığı evə aldığı çıxarışda onun adının qeyd olunmaması olmuşdur. Belə ki, 2022-ci il tarixdə Zərərçəkmiş şəxsda yaşadığı evə çıxarış verilərkən evin onun tərəfindən tikildiyinə görə çıxarışda Mirvarinin adı deyil, onun adı qeyd olunmuşdur. Lakin Zərərçəkmiş şəxs çıxarışa onun da adının qeyd olunmasını istədiyini, bu səbəbdəndə aralarında mübahisələr baş verməyə başladığını və daha sonra münasibətləri tamamilə kəsildiyini bildirmişdir. Əvvəlki həyat yoldaşı vəfat etdiyindən, övladları Rusiya Federasiyasında yaşadıqlarından Tərtər rayonunda heç bir yaxını olmadığını, bu səbəbdən də Tərtər rayonu Yenikənd kəndində yaşayan Lüdmila adlı qadına hər dəfədə yaşadığı evə gəlib təmizlik işləri görməsinə, paltarlarını yumasına görə pul verdiyini bildirmişdir. Lüdmilanın yaşadığı evə gəlməsinə Zərərçəkmiş şəxs etiraz etmiş, bu səbəbdən də yaşadıqları evdə yersiz münaqişələr baş vermişdir. xx.xx.2024-cü il tarixdə Lüdmilanın yaşadığı evə gəlib evdə təmizlik işləri gördüyünü, onun iş gördüyünə görə üzəri toz olduğunu, bu səbəbdən də evin hamamında duş almaq istədiyini bildirmişdir. Lüdmila hamama girmək istəyərkən Zərərçəkmiş şəxs onun qarşısını kəsib hamamda duş almasına imkan verməmişdir. Bu səbəbdən də onların arasında sözlə mübahisə baş vermişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs onun üzərinə gedib vurmaq istəyərkən onun sağ qolundan tutub kənara çəkmiş, daha sonra mübahisənin sakitləşdiyini, davamında Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng edib mübahisə olması barədə məlumat vermiş, heç bir xəsarətinin olmadığını bildirmişdir. O, iş üzrə verilmiş ekspert rəyi ilə razı olmadığından, iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş və rəy alınmışdır. O, Zərərçəkmiş şəxs vurmamış, yalnız iki qadının dalaşmaması üçün Zərərçəkmiş şəxs qolundan tutaraq kənara onu itələmişdir. Göstərdiklərini nəzər alınması və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə belə, onun həmin cinayət əməlini törətməsi aşağıda qeyd olunan zərərçəkmişin ifadəsi və digər mötəbər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə iclasında izahat vermiş zərərçəkən şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, Tərtər rayonu Yuxarı Sarıcalı kəndində yaşayır. Təqsirləndirilən şəxs onun həyat yoldaşı olduğunu, onunla 2013-cü il tarixdə ailə həyatı qurduğunu, lakin aralarında rəsmi nigah bağlanmadığını bildirmişdir. Ailə qurduqdan sonra münasibətləri yaxşı olmamış, Təqsirləndirilən şəxs onunla birlikdə yaşadığı dövrdə başqa qadınlarla ona xəyanət etmişdir. Onunla birlikdə eyni evdə yaşasada münasibəti tamamilə kəsilmişdir. 2022-ci ilin əvvəllərində başlayaraq Təqsirləndirilən şəxs yaşadıqları evdən onu çıxarmağa çalışmış, ona həmin evdən çıxmayacağını demiş, lakin Bahadin razılaşmayıb onu evdən çıxarmaq üçün məhkəməyə müraciət etmişdir. Bundan sonra həmin evdə yaşamaq hüququ almaq üçün məhkəməyə müraciət etmişdir. Təqsirləndirilən şəxs ilə birlikdə yaşadığı ev 2013-cü ildə hər ikisinin maddi dəstəyi ilə tikilmişdir. Məhkəməyə etmiş olduğu müraciətlə bağlı Gəncə İnzibati Məhkəməsində araşdırılma aparıldığını, son bir ildə Bahadin onunla eyni evdə yaşasada evə tanımadığı başqa şəxsləri gətirmişdir. Bu səbəbdən də evdə mütamadi olaraq mübahisələr baş vermişdir. Təqsirləndirilən şəxs Luda adlı qadınla qeyri-rəsmi münasibət saxladığından, Bahadinin həmin qadını yaşadıqları evə gətirdiyinə görə onunla arasında mübahisə baş vermişdir. xx.xx.2024-cü il tarixdə Lüda yenə onun yaşadığı evə gəlmişdir. Lyuda hamama girib duş almaq istəyərkən ona iradını bildirib hamamda duş almasına icazə verməmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs aqresiv şəkildə ona iradını bildirib niyə Lüdanın hamamda duş almasına icazə verməsini soruşmuş, cavabında ona evin qaz və işıq pulunu verdiyini o səbəbdəndə həmin şəxsin hamamda duş almasına icazə verməyəcəyini demişdir. Lyuda ilə arasında sözlə mübahisə baş vermiş, həmin vaxt Bahadinin əli ilə onun sağ qolundan tutub sıxmağa başlamış, sözlə hədələmiş, ondan tutduğu qolunu buraxmasını istəyən zaman Bahadinin onu itələyib qolunu buraxmış, boynundan tutumuş və onun gicgahına vurmuşdur. Həmin vaxt boynunun arxası hamamın qapısının tininə dəymişdir. Daha sonra DİN-nin 102 xidmətinə zəng edib münaqişə olması barədə məlumat vermişdir. Həmin vaxt əsəbi olduğuna və bədənində ağrılar olmadığına görə yaşadığı ünvana gələn polis əməkdaşlarına münaqişə olması ilə bağlı ərizə vermişdir. Həmin günü axşamı Təqsirləndirilən şəxs əli ilə sıxdığı qolunda ağrılar hiss etmiş, ağrı olan yerə baxarkən qolunun dirsəkdən yuxarı nahiyyəsinin qaraldığını görmüşdür. Bu səbəbdən də xx.xx.2024-cü il tarixdə Tərtər RPŞ-yə ərizə ilə müraciət etmiş, xəsarətinin olduğunu, MTE-dən keçmək istədiyini, tələbinin Təqsirləndirilən şəxs barəsində tədbir görülməsi olduğunu bildirmişdir. O, ekspertizadan keçmiş və rəy verilmişdir. O, iş üzrə verilmiş ekspert rəyi ilə razıdır. Təqsirləndirilən şəxs iş üzrə verilmiş ekspert rəyi ilə razı olmadığından, iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilməsi və rəy alınmışdır. Həmin rəylə tanış olmuş və etirazə olmadığını bildirmişdir. X2 evin inşa edilməsi üçün xərclədiyi məbləğin verəcəyi təqdirdə ondan şikayətçi olmayacağı, əks təqdirdə onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan “MTE və PA” Birliyinin Bərdə rayon şöbəsindən daxil olmuş 25 dekabr 2024-cü il tarixli 367 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-kəllə-beyin travması, beyin silkəllənməsi, sağ bazunun aşağı 3/1-nin bayır səthinin qançırı xx.xx.2024-cü il tarixdə yetirilə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarından aydın olur ki, 25 dekabr 2024-cü il tarixdə hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilərək baxış protokolu tərtib edilmiş, foto çəkilişdən istifadə edilmiş və araşdırma materialına əlavə edilmişdir. İş materiallarından aydın olur ki, araşdırma zamanı Zərərçəkmiş şəxs həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən döyülən zaman ətrafda kənar şəxslərin toplaşması, əmlaka ziyan vurulub vurulmaması və dava dalaş zamanı ictimai qayda pozulub-pozulmamasının müəyyən edilməsi, Təqsirləndirilən şəxs həyat yoldaşı X3 xəsarət yetirməsinin müəyyən edilməsi məqsədi ilə rayon polis şöbəsinin CAB-a əməliyyat tapşırılığı verilmişdir. Alınmış cavab məktubunda xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən döyülən zamanı ətrafda kənar şəxslər toplaşmamış, əmlaka ziyan vurulmamış, dava dalaş zamanı ictimai qayda pozulmamış, mübahisə zamanı Təqsirləndirilən şəxs tərəfindən həyat yoldaşı Zərərçəkmiş şəxs xəsarət yetirildiyi göstərilmişdir. İş materiallarından aydın olur ki, araşdırma zamanı Təqsirləndirilən şəxs barəsində Tərtər rayon Yuxarı Sarıcalı kənd İƏD üzrə nümayəndiliyi tərəfindən verilmiş, 323 saylı yaşayış yeri ilə bağlı arayış, 324 saylı ailə tərkibi ilə bağlı arayış və 325 saylı xasiyyətnamə müvafiq protokol tərtib olunaraq materiala əlavə edilmişdir. İş materiallarında DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, aşkar cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarından aydın olur ki, araşdırma zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə izahatı alınarkən və xx.xx.2024-cü il tarixdə məhkəməyədək sadələşdirilmiş icraat materialları ilə tanış olan zaman heç bir dəlil gətirmədən özünü təqsirli bilmədiyini və məhkəməyədək sadələşdirilmiş icraat materialına bəraət verilməsini göstərmişdir. Sonuncunun göstəridiyi xüsusatlar üzrə xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə vəsatət kimi qiymətləndirilərək əsassız olduğu və özünü müdafiə xarakteri daşıdığı üçün rədd edilmişdir. İşdə olan Təqsirləndirilən şəxs vəsatəti əsasında təkrar məhkəmə-tibbi ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə -Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi -X9 daxil olmuş 28 aprel 2025-ci il tarixli T 271/2025 saylı həmin rəydə, vətəndaş Zərərçəkmiş şəxs kəllə-beyin silkələnməsi, sağ bazunun aşağı 1/3 -nin bayır səthinin qançırı olması, qeyd olunan xəsarətlərin bərk küt əşyanın (əşyaların) təsirindən törənməsi, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi və dərəcəsinə görə kəllə-beyin travması, beyin silkələnməsi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilməsi, sağ bazunun aşağı 1/3 -in bayır səthinin qançırı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmədiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqında müəyyən olundu ki, xx.xx.2024-cü il tarixdə Tərtər rayonu Yuxarı Sarıcalı kəndi ərazisində qeyd olunan kənd sakinləri xx.xx.1958-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə keçmiş həyat yoldaşı xx.xx.1954-cü il təvəllüdlü Təqsirləndirilən şəxs arasında ailə münasibətləri zəmnində yəni sonuncunun yaşadığı evdə təmizlik işləri görmək məqsədi ilə Tərtər rayonu Yenikənd kəndində yaşayan X5 yaşadığı evə dəvət etməsi, Lyuda Oqorodinkin isə təmizlik işləri gördükdən sonra həmin evin hamamında duş qəbul etmək istəməsi səbəbindən mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs sağ qolunu sıxaraq onu kənara itələməklə ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən sağlamlığa yüngül zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, eləcə də onun ahıl yaşında olmasını, müharibə veteranı olmasını barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin materiallarında olan Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Düyərli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış və müsbət xarakterizə olunmuşdur. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, X6 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 1000 (bir min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar