Məhkəmə qərarları › İş №1(061)-28/2025

Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-28/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-28/2025 07.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, X9 qızının katibliyi, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Ağdam rayonu Baş Qərvənd kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki nəfəq azyaşlı uşağı olan, Ağdam rayon 111 saylı köçkün tam orta məktəbdə gözətçi işləyən, məhkumluğu olmayan, Ağdam rayon Xaçın Çay qəsəbəsində (Ağdam rayon Soltanbut meşəsi ətrafında) yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 07 may 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 12 noyabr 2024-cü il tarixdə saat 23:30 radələrində sürücülük hüququ olmaqla və sərxoş olmadan, etibarnamə əsasında idarə etdiyi, mülkiyyət hüququ üzrə X6 məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “VAZ-21074” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Hindarx-Borsunlu avtomobil yolunun Tərtər rayonu, Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində Ağdam rayonu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hadisənin qarşısının alınması məqsədi ilə nəqliyyat vasitəsinin idarə olunma prosesinə daim nəzarət etməli, avtomobilin təhlükəsiz idarə olunmasını təmin etməli, qarşıda piyadanın yolun hərəkət hissəsinə yaxın dayanmasını nəzərə almalı və daim hərəkət şəraitinə nəzarət etməklə piyada üçün təhlükəsiz yan məsafə seçərək hərəkətini davam etdirməli olduğu halda bunları etməyərək həmin vaxt yolu sağ tərəf hərəkət zolağının mərkəzinə doğru keçmək istəyən piyada xx.xx.1975-ci il təvəllüdlü, Tərtər rayonu, Qaynaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan X4 ehtiyatsızlıqdan vuraraq sonuncunun döş qəfəsi sümüklərinin çoxsaylı sınıqları, qara ciyərin və dalağın əzilmiş-cırılmış yaraları, kəskin qanitirimə, bədənin çoxsaylı küt travmaları yaraları ilə müşayiət edilən və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına və aldığı kəllə qapağı və əsası sümüklərinin çoxsaylı qəlpəli sınıqları nəticəsində baş beyin toxumasına və qişaları altına qansızma nəticəsində ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməklə nəqliyyat vasitəsini dayandırmalı, zərər çəkənə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “X13” maşını çağırmalı, zərər çəkəni həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı olduğu halda bunları etməmiş və hadisəni törətdikdən sonra nəqliyyat vasitəsini dayandırmayaraq yolnəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Ağdam rayon Xaçın Çay qəsəbəsində (Ağdam rayon Soltanbut meşəsi ətrafında) yaşayır. Himayəsində iki azyaşlı övladı vardır. Ağdam rayon 111 saylı köçkün tam orta məktəbdə gözətçi vəzifəsində işləyir. X4 əvvəllər tanımamışdır. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Gəncə şəhərində yaşayan dayısı Şakir Musayevin yaşadığı evdən etibarnamə əsasında idarə etdiyi “Vaz2107” markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Ağdam rayon Xaçın Çay qəsəbəsinə gedərkən Hindarx- Borsunlu avtomobil yolunun Tərtər rayon Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində saatda 80 km surətlə hərəkətdə olarkən təxminən saat 23:30 radələrində həmin kənd ərazisində yolun sağ kənarında qara rəngli avtomobilin dayandığını və həmin avtomobilə təxminən 10 metr qalmış sonradan adı ona məlum olan X4 yolun hərəkət hissəsində görmüş, onu vurmamaq üçün avtomobili yolun sol zolaq hissəsinə çəkmiş, lakin buna baxmayaraq avtomobilinin sağ kreli ilə Şəhriyar Əhmədovu vurmuşdur. Zərbədən sonra sağ yan güzgüdən baxan zaman Şəhriyar Əhmədovun yolun ortasında uzanmış vəziyyətdə qaldığını görüb həyacanlanmış, həm də avtomobilin arxa oturacağında əyləşmiş arvadı Aynurə və azyaşlı övladı Yusifin qorxacaqlarını düşünüb avtomobili saxlamayaraq Ağdam rayonu Quzanlı qəsəbəsi istiqamətində sürərək hadisə yerindən uzaqlaşmışdır. Zərbədən sonra avtomobilin arxa oturacağında əyləşmiş arvadı Aynurə yuxudan oyanaraq nə baş verdiyini soruşduqda ona yolda it olduğunu və həmin iti vurduğunu deyərək hərəkətini davam etdirmişdir. xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olan zaman polis əməkdaşları onlara gələrək özlərini təqdim edib ondan avtomobillə adam vurub-vurmadığını soruşduqda törətdiyi əməli etiraf edərək onlarla birlikdə Tərtər rayon Polis şöbəsinə gəlmişdir. Hazırda törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən ona cəza təyin edilərkən qeyd olunanların nəzərə alınmasını və yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona ittiham elan olunan cinayət əməllərinin törədilməsində təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, məhkəmə-tibb ekspertizasının və yol-nəqliyyat hadisələri ekspertizasının rəyləri, eləcə də işin digər materalları ilə tam sübüta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X7 ifadəsində göstərmişdir ki, mərhum X5 onun doğma qardaşı olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində yaşadığı evdə olan zaman həmkəndlisi Şahid3 ona zəng edərək həyacanlı səslə ona qardaşı Şəhiriyarı naməlum şəxsin Tərtər rayon Qaynaq qəbiristanlığının yaxınlığında avtomobillə vuraraq qaçdığını bildirmişdir. Bundan sonra qohum-əqraba ilə əlaqə saxlamış, bir neçə saatdan sonra ona qardaşı Şəhriyarın vəfat etməsi məlum olmuşdur. Təqsirləndirilən şəxs onunla barışıq əldə etmişdir. Təqsirləndirilən şəxsin iki uşağı var, yazıqdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Tərtər rayon Qaynaq kəndində yaşayır. Hazırda mərhum X5 onun həmkəndlisi və dostu olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində yaşadığı evdə olan zaman Şəhriyar ona zəng edərək Tərtər rayon Qaynaq qəbiristanlığının yanında yol kənarında olduğunu və onu avtomobil ilə gedib götürməyini xahiş etdiyi üçün idarə etdiyi “Vaz2107” markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtombillə Qaynaq kənd qəbiristanlğının yanına gələrək Şəhriyarı oradan götürmüş, avtomobilində benzinin az olduğundan Tərtər rayon Azad Qaraqoyunlu kəndində yerləşən yanacaq doldurma məntəqəsindən avtomobilə yanacaq tökmək üçün Şəhriyarla birlikdə yanacaq doldurma məntəqəsi istiqamətində hərəkət etmişdir. Lakin çox keçməmiş yolda avtomobilin tok sistemində nasazlıq yarandığından avtomobilin mühərriki sönmüşdür. Ona görə də avtomobilin qapotu açıb aşağı düşmüş və avtomobilin tok sistemini yoxlamağa başlamışdır. Həmin vaxt Şəhriyar bir nəfər tanışına zəng edərək avtomobilin xarab olduğunu deyərək dayandığı yerə gəlməsini bildirmişdir. O, avtomobilin mühərrik hissəsinə baxan zaman birdən yolun hərəkət hissəsindən səs eşitmiş, həmin istiqamətə baxdıqda Şəhriyarı yoldan keçən avtomobilin vurduğunu, zərbədən Şəhriyarın asfaltın hərəkət hissəsinin ortasına yıxıldığını görmüşdür. Şəhriyarı vurduqdan sonra həmin avtomobil dayanmadan sürüb uzaqlaşmışdır. Arxadan həmin avtomobilin ağ rəngli “Vaz2107” markalı olduğunu görmüş, ancaq dövlət qeydiyyat nişanı görməmişdir. Dərhal Şəhriyarı yolun hərəkət hissəsindən yolun kənarına çəkmiş və sonuncunun bacısı Minayə Əhmədovaya zəng edərək məlumat vermişdir. Təxminən yarım saat sonra hadisə yerinə X13 Biriqadası gəlmiş və Şəhriyara baxan zaman onun artıq öldüyünü bildirmişlər. Bir müddət sonra polis əməkdaşları da gələrək hadisə yerini müayinə etmişlər və o, gördüklərini polis əməkdaşlarına danışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Tərtər rayon Polis Şöbəsinin KTQ-nin baş inspektoru vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə əməliyyat istintaq qrupunun üzvü olarkən Tərtər RPŞ-nin məsul növbətçisindən Tərtər rayonu Azad Qaraqoyunlu kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması ilə bağlı məlumat alıb, əməliyyat istintaq qrupunun digər üzvləri ilə birlikdə qeyd edilən ünvana getmişdir. Hadisə yerinə çatan vaxt avtomobilin piyadanı vurması nəticəsində Tərtər rayon Qaynaq kənd sakini Şəhriyar Əhmədovun vəfat etməsi məlum olmuşdur. Hadisə yerinə müstəntiq tərəfindən əməliyyat istintaq qrupunun üzüvləri və iki hal şahidinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı qeyd edilən yol nəqliyyat hadisəsinin tutqun hava şəraitində baş verməsi, hadisənin Hindarx-Borsunlu avtomobil yolunun Tərtər rayon Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində baş verməsi, yolun düz, quru, bişmiş asfalt təbəqə ilə örtüklü olması, yolun iki tərəfli olması, yolun orta hissəsində nəqliyyat vasitələrinin axınlarını ayırmaq üçün uzununa tək nişanlanma xəttinin olması, yolun işıqlandırılmaması, hadisə yerinin yaşayış məntəqəsi hesab edilməməsi, Hindarx qəsəbəsi istiqamətində yolun ümumi eninin 7.30 metr, yolun sol tərəfində hərəkət hissəsinin eni 3.65 metr, yolun sağ tərəfində hərəkət hissəsinin eni 3.65 metr olması müəyyən edilmişdir. Həmçinin baxışla müəyyən edilmişdir ki, sağ tərəfdə ehtiyat hissənin eni 3.80 metr, sol tərəfdə isə 5 metrdir. Yolun sağ hərəkət hissəsində yerə tökülmüş şüşə qırıntıları, torpaq dənəcikləri və avtomobilə məxsus sınmış ehtiyat hissələrindən piyadanın vurulduğu yer müəyyən edilmiş, piyadanın vurulduğu yerdən Hindarx istiqamətində yolun sağ tərəfində olan hərəkət hissəsinə kimi olan məsafə 3.50 metr, yolun sol kənarına kimi olan məsafənin 3.80 metr olması, piyadanın vurulduğu yerdən yolun hərəkət hissəsindəki qan izinədək olan məsafənin 2.30 metr olması, Hindarx istiqamətində yolun kənarından meyitə qədər olan məsafənin 4.95 metr olması, həmçinin baxış zamanı sürücünün piyadanı vurduqdan sonra hadisə yerindən yayınması müəyyən edilmişdir. Baxış keçirildikdən sonra protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir qeyd daxil edilməmiş, sonra protokol iştirakçılar tərəfindən imza edilmişdir. Cinayət işində olan məhkəmə tibbi-ekspertizasının xx.xx.2024-cü il tarixli, 31 saylı rəyindən görünür ki, X1 meyitinin bədənində aşağıdakı xəsarətlər – kəllə qapağı və əsası sümüklərinin çoxsaylı qəlpəli sınıqları, baş beyin toxumasına və qişaları altına qansızma, döş qəfəsi sümüklərinin çoxsaylı sınıqları, qara ciyərin və dalağın əzilmiş-cırılmış yaraları, kəskin qanitirmə, bədənin çoxsaylı küt travmaları vardır. Həmin xəsarətlər həyatidirlər, ölümdən az vaxt əvvəl törənmişdir, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi zamanı minik avtomobilinin piyadanı vurması nəticəsində törənə bilərdilər, dərəcələrinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. X1 ölümünə səbəb kəllə qapağı və əsası sümüklərinin çoxsaylı qəlpəli sınıqları nəticəsində baş beyin toxumasına və qişaları altına qansızma olmuşdur. X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meytinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 10-12 saat olar baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqiatı nəticəsində aşkar edilmiş etil spirtinin qatılığı 1,16 % dir. Buda canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Qanda metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, prazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (əsas:xx.xx.2024-cü il tarixli 3975/K saylı akt). Cinayət işində olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/52 saylı rəyindən görünür ki, “Vaz 21074” markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barədə müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım gösərmədən hadisə yerindən getdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işində olan xx.xx.2024-cü il tarixli, 227 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, sürücü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə sərxoş olmamışdır. Cinayət işində olan “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin və “nəqliyyat vasitəsinin istifadə edilməsi”nə dair etibarnamənin surətlərindən görünür ki, “Vaz 21074” markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X8r və o, Təqsirləndirilən şəxs həmin avtomobili 10 il müddətinə, yəni xx.xx.2018-ci ildən xx.xx.2028-ci il tarixədək idarə etmək hüququ vermişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İinformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğuna dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işində olan “şübhəli səxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan, “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Tərtər RPŞ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan şəxsiyyət vəsiqələrinin təsdiq edilmiş surətlərindən, Ağdam RİHB-nın Qərvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zakir Əliyev tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağı vardır, kənddə yaşadığı müddət ərzində özünü müsbət cəhətdən xarakterizə etmiş, bacarıqlı, nızam-intizamlı göstərmiş, iştimai-siyasi həyatda yaxından iştirak etmiş, kənd əhalisinin hörmətini qazanmış, onun barəəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Cinayət işində olan zərərçəkmiş şəxsin hüquqi varisi X7 tərəfindən istintaq orqanına notarial qaydada təsdiq edilməklə verilmiş xx.xx.2024-cü il tarixli ərizədən və məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayəti və tələbinin olmadığını qeyd etmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinə, ekspert rəylərinə, işin digər materiallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfəindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddələrlə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə məhkum olmasını, əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını barəsində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd etməyi lazım bilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əməlini səmimi şəkildə etiraf edərək peşiman olmasını bildirməsi onun müsbət fərdipsixi xüsusiyyəti barədə mülahizə yürütməyə əsas verir, onun islah olunmaz, yaxud çətin islah olunan insan kimi xarakterizə etməyə imkan vermir. Məhkəmə prosesinin gedişində də təqsirləndirilən şəxsin müsbət fərdi-psixi xüsusiyyətləri müşahidə olunmuş, proses iştirakçısı kimi mədəni və etik qaydalara uyğun davranış nümayiş etdirmişdir. Qeyd olunan hallar ona cəzanın məqsədlərinin təmin olunması baxımından daha yüngül cəza təyin edilməsinin zəruriliyini şərtləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə işin yuxarıda müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 263.2-ci maddəsi ilə isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasın təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin CM-in 68.1, 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli cinayətlərin məcmusunu yaratdığından və ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə əsas cəza olaraq azadlıqdan məhrum etmə cəzasın təyin edildiyindən CM-nin 264-cü maddəsi ilə təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası iki günə bir gün hesabı ilə hesablanmaqla ona CM-nin 66.2-ci maddəsinin müəyyən etdiyi qaydada cəzasını qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün ona qəti olaraq təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən çıxılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 manat məbləğində pul Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinib 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzası iki günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş cəzaları Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün bir günə bir gün hesabı ilə ona qəti olaraq təyin olunan azadlıqdan məhrum etmə cəzasından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən çıxılmaqla üzərində qəti olaraq 02 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə salanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 manat məbləğində pul Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağdam rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər SƏDRLİK EDƏN: TAHİR QUBADOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar