Məhkəmə qərarları › İş №1(061)-34/2025

Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-34/2025

19.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-34/2025 19.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi X12 oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər rayon Vəkil Bürosunun vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Tərtər şəhəri, S.Vurğun küçəsi, ev 01-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğurluq, yəni tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə gecə saat 22:53 radələrində Tərtər şəhəri, Elman Hüseynov küçəsi ərazisində yerləşən "xxxx" MMC-nin giriş qapısınından içəriyə daxil olaraq sol tərəfdə qəbul (reception) hissəsində masanın üzərində olan kimsəsizlərə yardım toplanması üçün nəzərdə tutulmuş saxlanc yeri hesab edilən ianə qutusunun işrisindən 400 manat məbləğində pulu gizli yolla talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə 400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş 01 ədəd kağız bükümündə, xeyli miqdarda, ümumi təmiz çəkisi 1,705 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, 06 dekabr 2024-cü il tarixdə saat 19 radələrində Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, daşınmasında və istifadəsində şübhəli bilindiyi üçün Tərtər şəhəri, E.Hüseynov küçəsi ərazisində saxlanılaraq Tərtər rayon Polis Şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılarkən xeyli miqdarda, təmiz çəkisi 1,705 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamin onun əynində olan qara rəngli gödəkcənin sol üst cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə gecə saat 22:53 radələrində sərxoş halda Tərtər şəhəri, Elman Hüseynov küçəsi ərazisində yerləşən "xxxx" MMC-nin giriş qapısınından içəriyə daxil olaraq sol tərəfdə qəbul (reception) hissəsində masanın üzərində olan kimsəsizlərə yardım toplanması üçün nəzərdə tutulmuş və içərisində pul olan ianə qutusunu götürərək çölə çıxmış, bir qədər kənarda ianə qutusunu işrisindəki pulları götürüb qutunu kənara tullamışdır. İanə qutusunun içərisində cəmi 148 manat pul olmuşdur. Həmin pula özünə şalvar, kofta, corab almış, qalanını da çörək pulu etmişdir. Səhərisi günü polis əməkdaşları onu Tərtər şəhəri ərazisində saxlayıb Tərtər rayon Polis Şöbəsinə aparmışlar. Şöbədə əynindəki gödəkçəni soyundurub, gözü görə-görə psixotrop maddəni cibinə qoymuşlar. Sonra müdafiəçi dəvət edərək üstünə baxış keçirib həmin maddəni cibindən götürmüşlər. Şöbədə polislər ona təsir göstərərək, bildirmişlər ki, “de ki, həmin maddəni otelin yanından tapmışam”. Sonrakı məhkəmə iclasında Təqsirləndirilən şəxs əlavə ifadəsində göstərmişdir ki, baxış zamanı üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə ona məxsusdur. Belə ki, xx.xx.2024-cü il tarixdə Tərtər şəhəri, E.Hüseynov küçəsi ərazisində "xxxx" ASC-nin Tərtər filialı istiqamətində ara yol ilə piyada hərəkət edərkən qarşısına ağ şəffaf sellofan büküm çıxmış, maraqlı gəldiyinə görə, həmçinin həmin bükümün narkotik vasitə və hər hansı hallandırıcı vasitə olduğunu düşünüb gələcəkdə tanışlarından kiməsə vermək məqsədi ilə götürüb üzərində olan qara rəngli gödəkcənin cibinə qoymuş, bundan sonra hərəkətinə davam etmişdir. "xxxx" ASC-nin Tərtər filialının qarşısında hərəkətdə olarkən Tərtər rayon Polis Şöbəsinin əməkdaşları yaxınlaşıb üzərində psixatrop maddə olmasına şübhələr olduğunü bildirib şəxs axtarış keçirilməsi üçün onu RPŞ-yə aparmışlar. Şöbədə vəkilinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı üzərində olan qara rəngli gödəkcənin ön sol yan cibindən bir ədəd bükümdə psixotrop maddə hesab edilən metamfetamin aşkar olunaraq götürülmüşdür. Hazırda törətdiyi əməllərindən çox peşimandır. Narkoman deyildir, heç vaxt narkotik istifadə etməmişdir. Azərbaycanda heç kimi yoxdur. X2. Ona köməklik edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə məktub ünvanlamışdır. Qeyd olunanları nəzərə alıb ona ağır olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsiri özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materalları ilə tam sübüta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxs Elit inn Hotel” MMC-nin nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Tərtər şəhəri, E.Hüseynov küçəsi ərazisində yerləşən "xxxx" MMC-nin direktoru vəzifəsində çalışır. X4 əvvəllər tanımamışdır. 06 dekabr 2024-cü il tarixdə oteldə olarkən ona məlum olmuşdur ki, "xxxx" MMC-nin giriş qapısından içərisində sol tərəfdə qəbul (reception) hissəsində masanın üzərində olan kimsəsizlərə yardım toplanması üçün nəzərdə tutulmuş ianə qutusu yerində yoxdur. Bundan sonra otelin müşahidə kamerlarına baxmışlar. Bxış zamanı müəyyən etmişlər ki, otelin giriş qapısından içərisində sol tərəfdə qəbul (reception) hissəsində masanın üzərində olan kimsəsizlərə yardım toplanması üçün nəzərdə tutulmuş ianə qutusundakı pulları 05 dekabr 2024cü il tarixdə axşam saat 22 radələrində təxminən 50-55 yaşlarında, əvvəllər tanımadığı, ağ saçlı, kişi cinsinə məxsus bir nəfər şəxs oğurlayıb. Dərhal DİN-nin 102 xidmətinə zəng edərək "xxxx" MMC-dən ianə qutusundan pulların oğurlanması barədə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, hoteldən oğurluq edən şəxs hazırkı təqsirləndirilən şəxs Tərtər şəhər sakini Təqsirləndirilən şəxsdur. Oğurlanmış pullar 350-400 manat miqdarında olardı. Dəymiş ziyan ödənilməsə də, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid2 ifadəsində göstətmişdir ki, Tərtər rayon Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Tərtər rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid1 Tərtər şəhəri S.Vurğun küçəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə hesab olunan metamfetamini əldə edərək, üzərində saxlamaqda, daşımaqda və istifadə etməkdə şübhəli bilinməsi barədə əməliyyat məlumatı daxil olmuş, Maarif Abbasszadə məlumatı alan kimi həmin şəxsin ifşa olunmasından ötrü əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün qərar qəbul edərək bu barədə raportla şöbə rəhbərliyinə məlumat vermiş əməliyyat-axtarış tədbirləri keçirilməsi məqsədi ilə onun, Tərtər rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid1 və PPXB-nin polis nəfəri X5 iştirakı ilə əməliyyat qrupunun yaradılmışdır. Bundan sonra həmin gün keçirilən əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs saat 19 radələrində Tərtər şəhəri, E.Hüseynov küçəsi ərazisində saxlanılaraq Tərtər rayon Polis Şöbəsinə gətirilmişdir. Şöbədə onların və dəvət olunmuş Müdafiəçi1 iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində, yəni əynində olan qış gödəkçəsinin sol üst cinindən 01 ədəd bükümdə psixotrop maddə hesab olunan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Aşkar olunmuş həmin kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilərək çəkisinin bükümlə birlikdə 1.88 qram olduğu məlum olmuşdur. Bundan sonra həmin psixotrop maddə hesab olunan metamfetaminə bənzər kütlə ekspertizaya göndərilməsi məqəsdi ilə qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilərək onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümü tapdığını bildirmişdir. Cinayət işində olan “şəxsi axtarış və götürmə barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Tərtər rayon Polis Şöbəsinin inzibati binasında Tərtər RPŞ-nin TB-nin təhqiqatçısı X3, Tərtər RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2, Tərtər RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 və Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol üst cibindən 01 ədəd bükümdə psixotrop maddə hesab olunan metamfetaminə bənzər kütlə ... aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 1,88 qram olduğu müəyyən edilmiş, həmin aşkar edilmiş kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhrlənib götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kütlənin metamfetamin olduğunu bildirmişdir. Cinayət işində olan “baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Tərtər rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı Yusif Yusifli tərəfindən hotelin direktoru Zərərçəkmiş şəxs, Tərtər şəhər sakinləri Murad Qasımov və Seymur Məmmədlinin iştirakı ilə Tərtər şəhəri, E.Hüseynov küçəsi ərazisində yerləşən "xxxx" MMC-nin binasına baxış baxış keçirilmiş, baxış zamanı hotelin direktoru Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə tanımadığı şəxs otelin girişində yerləşən “reception” hissəsindən plastik qabın içərisində 350-400 manat pulu oğurlamışdır. Baxış zamanı "xxxx" MMC-dən oğurluq edilməsini özündə əks etdirən 01 ədəd diskə baxış keçirilməklə götürülmüş və protokola əlavə edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. Cinayət işində olan “diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, videokamera xx.xx.2024-cü il tarixdə saat 22:52:42 radələrindən həmin gün saat 22:52:48 radələrinədək "xxxx" MMC-nin reception hissəsini qeyd alır. Reception hissəsində masa, masanın üzərində 01 ədəd ianə qutusu və digər əşyalar vardır. Reception hissəsinin qarşı tərəfində 02 ədəd stul və 01 ədəd dairəvi masa nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22:53:10 radələrində otelin giriş qapısından içəriyə daxil olur, sol əli ilə qapını buraxmadan sağ əli ilə ianə qutusunu götürərək gödəkcəsinin sol iç hissəsinə qoyur və oteli tərk edir. Videogörüntü 22:53:48 radələrində sona çatır. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X6 bölməsinin xx.xx.2024-cü il tarixli 16/1106 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Tərtər şəhər S.Vurğun küçəsində yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə hesab edilən matemfetaminə bənzər kütlə...» yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə tədqiqatdan sonra təmiz qalıq çəkisi 1,655 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji dispanserinin xx.xx.2025-ci il tarixli 363 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,655 qram psixotrop maddə olan metamfetamin və Təqsirləndirilən şəxs "xxxx" MMC-nin binasından içərisindən pul vəsaitlərini oğurladığı 01 ədəd plastik ianə qutusu cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş; Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasının videogörüntüsünü özündə əks etdirən bir ədəd disk, "xxxx" MMC-dən oğurluq edilməsini özündə əks etdirən bir ədəd disk və Təqsirləndirilən şəxs dindirilməsini özündə əks etdirən bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işində olan Müdafiəçi1 Tərtər RPŞ-nin MSY-nin konvoy hissəsinin konvoyu polis nəfəri X15 və hazırkı Təqsirləndirilən şəxs iştirakı ilə tərtib edilmiş “təqsirləndirilən şəxsin ifadəsnin yerində yoxlanması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş metamfetamini tapdığı yeri göstərməklə ifadəsindəki xüsusatları bir daha yerində göstərmişdir. Bununla bağlı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində dindirilməsinə dair xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli protokollardan görünür ki, o, üzərində şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş metamfetami xx.xx.2024-cü il tarixdə Tərtər şəhəri, E.Hüseynov küçəsi ərazisində "xxxx" ASC-nin Tərtər filialı istiqamətində ara yol ilə piyada hərəkət edərkən qarşısına ağ şəffaf sellofan büküm çıxdığını, maraqlı gəldiyinə görə, həmçinin həmin bükümün narkotik vasitə və hər hansı hallandırıcı vasitə olduğunu düşünüb gələcəkdə tanışlarından kiməsə vermək məqsədi ilə götürüb üzərində olan qara rəngli gödəkcənin sol sibnə cibinə qoyduğunu bildirmişdir. Cinayət işində olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs X7 rayon məhkəməsinin 193 saylı sahə sülh məhkəməsinin xx.xx.2017-cı il tarixli hökmünə əsasən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 119-cu maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 250 (iki yüz əlli) saat ictimai işlər cəzasına, X7 şəhər məhkəməsinin xx.xx.2018-cı il tarixli hökmünə əsasən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci maddəsinin 2-ci hissəsinin V bəndi, 158-ci maddəsinin 2-ci hissəsinin V bəndi, 158-ci maddəsinin 2-ci hissəsinin A bəndi, 69-cu, 70ci maddələri ilə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay 17 (on yeddi) gün azadlıqdan məhrumetmə cəzasına, X7 şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 119-cu maddəsinin 1-ci hissəsi, 158-ci maddəsinin 3-cü hissəsinin A bəndi, 69-cu maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinib 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, X7 şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci maddəsinin 2-ci hissəsinin V, Q bəndləri ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs nun məhkum edilməsinə dair X7 rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, X7 şəhər məhkəməsinin xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2023-cü il tarixli hökmlərinin Azərbaycan Respublikasında tanınması barədə Bakı Ağır Cinayətlər Məhkəməsində heç bir material mövcud deyildir. Cinayət işində olan “şübhəli səxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Tərtər RPŞ-nin MSYdən azad edilmişdir. Cinayət işində olan Tərtər Rayon Məhkəməsinin 4(061)-13/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Tərtər RİHB-nın Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi S.Həsənov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Fedarasiyasından qayıtdıqdan sonra Tərtər şəhəri S.Vurğun küçəsi, ev 01-də qeydiyyatda olmaqla yaşamışdır. Onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Cinayət işində olan zərərçəkmiş hüquqi şəxs Elit inn Hotel” MMC-nin nümayəndəsi (direktoru) Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, dəymiş ziyan ödənilməsə də, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə, şahidlərin ifadələrinə, cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilən müdafiəçisinin iştirakı ilə həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində dindirilməsinə dair xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli protokollara, “təqsirləndirilən şəxsin ifadəsnin yerində yoxlanması haqqında” xx.xx.2025-ci il tarixli protokola, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 16/1106 nömrəli və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 363 nömrəli rəylərinə və işin digər materallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetrilmişdir. Onun əməli istintaq orqanı tərəfəindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddələrlə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını barəsində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclasında CM-nin 177.2.3-cü maddəsi ilə özünü təqsirli bilib CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməsə də, sonradan CM-nin 234.1-ci maddəsi ilə də özünü təqsirli bilib peşimançılıq hissi keçirərək əməllərini səmimi etiraf etmiş, məhkəmə prosesinin gedişində də proses iştirakçısı kimi mədəni və etik qaydalara uyğun davranış nümayiş etdirmişdir. Qeyd olunan hallar ona cəzanın məqsədlərinin təmin olunması baxımından daha yüngül cəza təyin edilməsinin zəruriliyini şərtləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməli törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinəyət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, cəmiyyətdəki mövqeyinə, ailə vəziyyətinə və s. aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkildə bir-biri ilə əlaqəli şəkildə qiymət verilməlidir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyi cəza təyin edilərkən cinayətin xarakterini və ictimai təhlukəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi CM-nin 32-ci maddəsinin şərh edilməsinə dair qərarında qeyd etmişdir ki, cəza sitəm olmayıb məhkumun islah olunmasına xidmət etməlidir. Həmçinin Cinayət Məcəlləsində yalnız cinayətlərin residivinə görə sərt cəzanın təyin edilməsi imperativ olaraq təsbit edilmişdir. Məhkəmə yuxarıda istinad olunan cinayət qanunvericiliyi normalarının mahiyyətini və yuxarıda qeyd olunan məsuliyyəti yüngülləşdirən halları məcmu halında qiymətləndirərək, ona maddənin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin (ağır cəzanın verilməsi heç də həmişə cəzanın məqsədlərinə nail olunmasına xidmət etmir) həm təqsirləndirilən şəxsin özünün, həm də başqalarının tərbiyyə olunmasındakı əhəmiyyətini nəzərə alaraq, eləcə də "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli sərəncamından irəli gələrək cəza təyini zamanı hümanizm prinsiplərinin rəhbər tutulması, alternativ cəzaların daha geniş tətbiq edilməsi barədə tövsiyyələri rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona ittiham elan olunan maddənin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi həm qanunauyğundur, həm də həmin cəza ilə də cəzanın məqsədlərinə çatmaq olar. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsasən hesab edir ki, ona azadlıqdan məhrum etmə cəzası deyil, azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ədalətli olar. Ona görə də yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həm təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə, həm də Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli cinayətlərin məcmuyunu yaratdığından ona Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinin müəyyən etdiyi qaydada cəzasını qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu iki gün və xx.xx.2025-ci il tarixdən hazırkı hökm çıxarılanadək həbsdə saxlandığı 06 ay 04 gün müddəti bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə iclas zalından dərhal azad edilməli, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli və “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə narkoloji ekspertizasının rəyinə uyğun olaraq yaşayış yeri üzrə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X13 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Tərtər rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlaması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,655 qram psixotrop maddə olan metamfetamin məhv edilməli; Təqsirləndirilən şəxs "xxxx" MMC-nin binasından içərisindən pul vəsaitlərini oğurladığı 01 ədəd plastik ianə qutusu sahibinə qaytarılmalı; Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasının videogörüntüsünü özündə əks etdirən bir ədəd disk, "xxxx" MMC-dən oğurluq edilməsini özündə əks etdirən bir ədəd disk və Təqsirləndirilən şəxs dindirilməsini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin olunmuş cəzaları Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu iki gün və xx.xx.2025-ci il tarixdən hazırkı hökm çıxarılanadək həbsdə saxlandığı 06 ay 04 gün müddət nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, o, məhkəmə iclas zalından dərhal azad edilsin, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə salanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Tərtər rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X13 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlaması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,655 qram psixotrop maddə olan metamfetamin məhv edilsin; Təqsirləndirilən şəxs "xxxx" MMC-nin binasından içərisindən pul vəsaitlərini oğurladığı 01 ədəd plastik ianə qutusu sahibinə qaytarılsın; Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasının videogörüntüsünü özündə əks etdirən bir ədəd disk, "xxxx" MMCdən oğurluq edilməsini özündə əks etdirən bir ədəd disk və Təqsirləndirilən şəxs dindirilməsini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat məbləğində pul Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə ödənilsin. Hökmün icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar