Məhkəmə qərarları › İş №1(061)-49/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №1(061)-49/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 1(061)-49/2025 09.07.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Maya Vahid qızının sədrliyi, Hacıyev Ramin Firidun oğlunun katibliyi, X1 iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X2 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əlavə edilmiş o ailə üzvləri ilə birlikdə Ağdam Rayon Əfətli kəndində yaşayır. Ərizəyə əlavə edilmiş audio diskdən və Tik Tok sosial şəbəkə yazışmasından görünür ki, X6 tərəfindən Tiktok sosial şəkəsi vasitəsilə qəmlibaxışlar səhifə adı ilə onun barəsində təhqiredici yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən məlumatlar yaymış və həmin səhifə 281 nəfər izləyici tərəfindən oxunmuşdur. Həmin şikayətə əlavə edilmiş Tiktok sosial şəbəkə yazışmasında “özüm tikib yaşadığım evə saxta sənəd düzəldərək üsdümə basqın edib evi mən tikmişəm deyib məni evimnən çıxartmaq istəyən bu alçaq şərəfsiz hər kəs tanısın və görən hamı paylaşsın orqanlar görsün bu alçaqları xahiş edirəm görün hər kəsin, bu şərəfsizləri tanıyın evimə basqın edirlər mən tikmişəm deyib” sözləri yazılmışdır. Odur ki, Xəyalə Əlizadənin məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçı X5 şikayətin mahiyyətinə uyğun izahat verərək Azərbaycan Respublikası X3 Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 hazırlıq iclasının vaxtı və yeri barədə bildirilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məlumat bildirməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Xüsusi ittiham qaydasında verilmiş şikayətdən görünür ki, şikayət vermiş şəxs qanunvericiliklə üzərlərinə düşən vəzifələri icra etməyərək şikayət ərizəsinin forma və məzmununda yuxarıda qeyd edilən qüsurlara yol verməklə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin “Təhqir” adlandırılan 148-ci maddəsinin dispozisiyasına görə həmin cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikası CPM ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən Azərbayjan Respublikası CPM-in 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması haqqında xüsusi ittihamçı X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Maya Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar