Məhkəmə qərarları › İş №1(061)-51/2024

Tərtər Rayon Məhkəməsi Qərar — İş №1(061)-51/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 1(061)-51/2024 27.11.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Məhərrəmov Anar Təvəkkül oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər Vəkil Bürosunun vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ailəli, Tərtər şəhəri Q.Qəmbərli küçəsi, ev 34-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs”qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tətrər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qərəzli xuliqanlıq cinayət əməlini törətməkdə təqsirləndirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkəməyə verilmişdir. Belə ki, ittihama görə Təqsirləndirilən şəxs 17 aprel 2024-cü il tarixdə saat 18:13 radələrindən Saat 19:44 radələrinədək olan müddət ərzində Tərtər şəhəri, E.Hüseynov küçəsi ərazisində yerləşən içtimai yer hesab edilən “059” adlı kafenin əvvəlcə qarşısında və daha sonra içərisində şərxoş vəziyyətdə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış mübahisə zamanı aşkar surətdə ictimai qaydanı pozub cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət-ənənələr, axlaq normaları, habelə qüvvədə olan qanunvericilikə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarına, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydanı əhəmiyyətlə dərəcədə laqeyidlik və etinasızlıq göstərərək öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə öz şəxsiyyətini başqa şəxslərin fövqündə qoyaraq, kafedə istirahət edən müştərilərə əhəmiyyət vermədən vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə və əmlakına zərər vurulması ilə müşayiət edilən hərəkətlər edərək Zərərçəkmiş şəxs1 əvvəlcə qəsdən yumruqla döyərək və daha sonra kafenin içərisində masanını üzərində olan spirtli içki içdiyi və silah qismində istifadə etdiyi pivə bakalı ilə Zərərçəkmiş şəxs1 baş sağ qaş nahiyəsinə və alın nahiyələrinə bir neçə dəfə qəsdən vuraraq ona “sağ qaşüstü nahiyənin çapılmış-kəsilmiş yarası, sol alın gicgah nahiyəsinin, alının sol yarısının, sol almacıq nahiyəsinin cızıqları, sol gözətrafı nahiyənin, sol əlin birinci əldaraq nahiyəsinin ovuc səthinin qançırları, sağ qaş üstü nahiyənin, sağ almacıq nahiyəsinin, alının sol yarısının, sağ və sol diz oynaqlarının ön səthinin sıyrıqları ilə müşayiət edilən yüngül dərəcəli bədən xəsarətləri yetirərək, vətəndaşlar üzərində zor tətbiq edilməsi və kafe sahibi Zərərçəkmiş şəxs2 icarə əsasında istifadə etdiyi “059” adlı kafeyə məxsus 02 ədəd pivə bakalını sındırıb əmlakına zərər vurulması və normal iş fəaliyyətinin pozulması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Tərtər şəhərində yaşayır. İki nəfər yetkinlik yaşına çatmayan övladı vardır. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Tərtər şəhərində yerləşən “059” adlı kafedə birinci masada əyləşib qohumu Ceyhun və qonşusu Vüqarla birlikdə pivə içmişlər. Həmin vaxt Emin də üçüncü masada əyləşib, tanımadığı şəxslə pivə içmiş, idmançılar və onun idman müəllimi Ruhi haqqında söhbət açaraq “Ruhi haranın idmançısıdır. Mən onu idmançı gözündə görmürəm”dediyi üçün ona iradını bildirərək “Rühi mənim idman müəlimim olub. Onun haqqında düzgün danış” dediyi üçün aralarında sözlü mübahisə yaranmışdır. Lakin kafedə olan digər şəxslər onların mübahisəsinin böyüməsinə imkan verməmişlər. Az sonra, o, kafenin qarşısına çıxmış, evlərinə getmək üçün qohumu Ceyhuna məxsus “Toyota prius” markalı avtomobilin sağ qabaq sərnişin hissəsində əyləşmişdir. Bu zaman Emin kafedən çıxıb sərxoş vəziyyətdə onun ünvanına söyüş söyə-söyə üstünə gəlmişdir. Bundan sonra maşından düşməyə məcur olub yerə düşərək dalaşmağa başlamışlar. Dalaşma zamanı Eminə bir neçə yumruq zərbəsi vurmuşdur. Həmin vaxt avtomobildə olan Təhməz adlı şəxs avtomobildən düşüb onları ayırmış, onun qolundan tutaraq kafeyə salmış və o, yenə də masalardan birində əyləşmişdir. Təxminən 10 dəqiqə sonra Emin əlində pivə bakalı tutaraq onların əyləşdiyi masaya gəlmiş, o, Eminə “buyur, əyləş, qonaq ol” dedikdə qəfldən Emin əlində tutduğu pivə bakalı ilə onun baş nahiyəsinə vurmaq istəmişdir. O, cəld tərpənərək Eminin atdığı zərbədən yayınmış, özünümüdafiə etmək üçün qarşısındakı pivə bakalı ilə Eminin baş nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Həmin vaxt Ceyhun araya girərək onları ayırmışdır. Bundan sonra, o, kafedən çıxaraq yaşadığı evə getmişdir. Özünü Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə deyil, CM-nin 128-ci maddəsi ilə təqsirli bilir və həmin əməlindən peşimandır. Zərərçəkmiş şəxslərlə barışmış, onlara dəyən ziyanın əvəzini ödəmişdir. Zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də məhkəmədən işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Tərtər şəhərində yaşayır. Tərtər şəhəri, E.Hüseynov küçəsində yerləşən “059” adlı kafeni icarə müqaviləsi əsasında işlədir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 həmin kafeyə gedib-gələn müştəri kimi tanımışdır. Hadisə baş verən vaxt, yəni xx.xx.2024cü il tarixdə, o, öz evində olmuşdur. Həmin gün təxminən saat 18 radələrində kafedə işləyən Şahid3 mobil telefonla ona zəng edərək Hüseynlə Eminin əvvəl kafedə sözlü mübahisə etdiklərini, sonra isə kafenin qarşısına çıxaraq orada dalaşadıqlarını bildirmişdir. Bundan sonra kafeyə gəlmiş, onların hər ikisi ilə ayrılıqda söhbət edib belə hərəkətlərə yol verməmələrini bildirib evinə getmişdir. Təxminən 30 dəqiqə sonra evdən öz mobil telefonu vasitəsilə kafenin videomüşahidə kameralarına baxarkən kafenin içərisində qarışıqlıq olduğunu görüb zəng edərək Rəşadla danışmışdır. Rəşad ona kafeyə gəlməli olduğunu, kafedə dava-dalaş olduğunu, Hüseynin pivə bakal ilə Eminin baş nahiyəsinə vuraraq ona xəsarət yetirdiyini bildirmişdir. Bakalların sınması nəticəsində ona dəymiş ziyanın əvəzi ödənilmişddir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunan Zərərçəkmiş şəxs1 (o, səhhəti ilə bağlı məhkəmə iclasında bilavasitə iştirak edə bilməmişdir) ibtidai istinraq zamanı ifadəsində göstərmişdir ki, ailə üzüvləri ilə birlikdə Tərtər rayon Hacıqərvənd kəndində yaşayır. "xxxx" MMCdə fəhlə işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla və onun yaxın qohumları ilə heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. O, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Tərtər şəhəri, E.Hüseynov küçəsi ərazisində yerləşən “059” adlı kafedə üçüncü masada əyləşib pivə içmişdir. Bu zaman Hüseyn də birinci masada əyləşib özü ilə eyni masada əyləşmiş şəxslərlə idmançılar haqqında söhbət etmişdirlər. Söhbət zamanı Hüseyn və yanındakı şəxslər X4 yaxşı idmançı olduğu, Tərtər şəhərində yerləşən idman kompleksində yeni idman zalı açdığı və orada idman dərsləri keçdiyi barədə söhbət etmişdirlər. O, Ruhi müəllimi yaxşı tanıdığını, onunla dostluq münasibətlərinin olduğunu bildirmişdir. Buna görə də əyləşdiyi birinci masadan Hüseyngilin əyləşdiyi birinci masaya zarafatyana “Ruhi haranın idmançısıdır” deyə səslənmişdir. Bu zaman Hüseynlə onun arasında sözlü mübahisə baş vermişdir. Lakin orada olan şəxslər Hüseynlə onun dava etməsinə mane olmuşdur. Mübahisədən təxminən bir neçə dəqiqə sonra Hüseyn kafenin qarşısına çıxmışdır. Bundan sonra, o, da kafenin qarşısına çıxmış və Hüseynin olduğu yerə tərəf getmişdir. Həmin vaxt Hüseyn göy rəngli “Toyota prius” markalı avtomobildə əyləşmişdir. O, Hüseynə tərəf yaxınlaşan zaman Hüseyn avtomobildən düşərək ona tərəf gəlmiş, anidən onun baş nahiyəsinə bir neçə dəfə yumruq zərbəsi vurmuş, yerə yıxıldıqdan sonra isə yerdə bir neçə dəfə yumruq zərbəsi vurmuşdur. Bundan sonra bir nəfər tanımadığı şəxs Hüseynlə onu ayırmış və Hüseynin qolundan tutaraq kafenin içərisinə salmışdır. Bundan sonra o da həmin kafenin içərisinə getmiş, mobil telefonu vasitəsi ilə Ruhiyə zəng etmişdir. Bu zaman isə onun mobil telefonun səsucaldıcısı qoşulu vəziyyətdə olmuşdur. Onun Ruhiyə zəng etməkdə və telefonu səsucaldıcıya qoymaqda məqsədi Ruhi ilə arasında olan dostluq münasibətlərini Hüseynə göstərmək olmuşdur. Telefon danışığı zamanı, o, Ruhi ilə hal-xoş etmiş, Ruhiyə qarşı dediyi sözü zarafatyana dediyini bildirmişdir. O, Ruhini oturduqları kafeyə dəvət etmiş, lakin Ruhi işi olduğunu, axşam gələ biləcəyini bildirmişdir. Telefon danışığından sonra Hüseyn onu oturduqları masaya çağırmışdır. O da bu zaman əlində olan pivə bakalı ilə Hüseynin əyləşdiyi masaya getmiş, həmin masanın yanında ayaq üstə dayanmışdır. Həmin vaxt Hüseyn ona qarşı nalayiq ifadələr işlətmişdir. O da Hüseynin dediyi nalayiq ifadələrdən əsəbləşib sağ əlində olan pivə bakalı ilə Hüseyni vurmaq istəmişdir. Lakin Hüseyn onun atdığı pivə bakalının zərbəsindən yayınmış, sağ əlində olan pivə bakalı ilə onun baş nahiyəsinə bir neçə dəfə bakal zərbəsi vurmuşdur. Bundan sonra isə oradakı şəxslər Hüseynlə onu ayırmışdır. (Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə göndərərək, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun doğma oğludur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Eminin uşaqlıqdan psixoloji problemləri olmuş, hazırda eplepsiya xəstəsidir. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Tərtər şəhərində yerləşən “059” adlı kafedə Eminlə Hüseynin arasında mübahisə və dava-dalaş olmuşdur. Dava-dalaş zamanı Hüseyn Emini yumruqla və əlində olan pivə bakalı ilə vurub xəsarət yetirmişdir. O, özü hadisəni bilavasitə görməmişdir. Məlumatı digər oğlu Seymurdan almışdır. Hadisə zamanı Emin sərxoş olmuş, ayıldıqdan sonra baş verənləri Emindən də öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 Əliyar oğlu ifadəsində göstərmişdir ki, Tərtər şəhərində yaşayır. Təqsirləndirilən şəxs onun dayısı nəvəsidir. Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. O, xx.xx.2024-cü il tarixdə əvvəl dostu Vüqar Məmmədovla başqa kafedə oturmuş, sonra isə Tərtər şəhərində yerləşən “059” adlı kafeyə gəlmişlər. Kafeyə daxil olan zaman Hüseynin də orada olduğunu görüb salamlaşıb görüşmüşlər. Hüseyn həmin vaxt tanımadığı başqa bir şəxslə oturmuş, həmin şəxs getdikdən sonra Hüseyn də gəlib onların əyləşdiyi birinci masada əyləşmiş və pivə içməyə başlamışlar. Həmin vaxr Emin də kafedə masalardan birində əyləşmişdir. Söhbət əsnasında Hüseynlə Eminin onlar gəlməmişdən əvvəl idman müəllimi olan Ruhi müəllimə görə mübahisə etdiklərini bilmişlər. Təxminən 15-20 dəqiqə sonra Emin onların əyləşdiyi masaya yaxınlaşıb getmiş, sonra yenidən onların əyləşdiyi masaya yaxınlaşmışdır. Bu zaman Eminin əlində pivə bakalı olmuşdur. Hüseyn Eminə “gəl, qonağım ol” desə də, Emin qəfldən əlində olan pivə bakalı ilə Hüseynin baş nahiyəsinə vurmaq istəmiş, Hüseyn Eminin atdığı bakal zərbəsindən yayınaraq əlində olan pivə bakalı ilə sonuncunun baş nahiyəsinə bir dəfə vurmuşdur. Davanın daha da böyüməsinə imkan verməyərək onları ayırmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Tərtər şəhərində yaşayır. Taksiçiliklə məşğul olur. Təqsirləndirilən şəxs onun qonşusudur. Zərərçəkmiş şəxs1 rayon sakini kimi tanımışdır. O, xx.xx.2024-cü il tarixdə əvvəl dostu Şahid1lə başqa kafedə oturmuş, sonra isə Tərtər şəhərində yerləşən “059” adlı kafeyə gəlmişlər. Kafeyə daxil olan zaman Hüseynin də orada olduğunu görüb salamlaşıb görüşmüşlər. Hüseyn həmin vaxt tanımadığı başqa bir şəxslə oturmuş, həmin şəxs getdikdən sonra Hüseyn də gəlib onların əyləşdiyi birinci masada əyləşmiş və pivə içməyə başlamışlar. Həmin vaxt Emin də kafedə masalardan birində əyləşmişdir. Bir müddət sonra ona zəng gəldiyi üçün çıxıb getmiş, qayıtdıqdan sonra Eminlə Hüseynin dalaşdıqlarını və bir-birini pivə bakalı ilə vuduqlarını eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Tərtər şəhərində yerləşən “059” adlı kafedə işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 həmin kafeyə gedib-gələn müştərilər kimi tanımışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 18-19 radələrində Hüseyn və Emin ayrı-ayrı masalarda əyləşib pivə içmişlər. O, işi ilə əlaqədar çöldə olarkən içəridə səs-küy eşitmiş, qayıdarkən Hüseynlə Eminin arasında mübahisə baş verdiyini görüb onları digər şəxslərlə birlikdə sakitləşdirmişlər. Həmin vaxt kafeni işlədən Raminə zəng edərək kafedə Hüseynlə Emin arasında sözlü mübahisə yarandığını bildirmişdir. Bundan sonra isə Ramin kafeyə gəlmiş, Hüseyn və Emindən kafedə problem yaratmamalarını xahiş edərək çıxıb getmişdir. Təxminən 15-20 dəqiqə sonra kafedə yenidən səs-küy yaranmışdır. O, kafedə olan şəxslərdən Hüseynin əlində olan pivə bakalı ilə Emini vurduğunu eşitmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilən kafedə olan videomüşahidə kameralarına baxış keçirilməsinə dair DİSK-dəki videogörüntülərdən görünür ki, 17 aprel 2024-cü il tarixdə saat 18:12 radələrində Təqsirləndirilən şəxs kafenin qarşısında dayanmış “Toyota prius” markalı avtomobilin sərnişin yerində əyləşmiş, sonra Zərərçəkmiş şəxs1 kafenin qarşısına çıxıb Təqsirləndirilən şəxs tərəf gəldikdə Təqsirləndirilən şəxs avtomobildən düşərək Zərərçəkmiş şəxs1 tərəf gələrək ona bir neçə yumruq zərbəsi vurmuş və qarşılıqlı şəkildə bir-birini vuraraq dalaşmışlar, həmin vaxt “Toyota prius” markalı avtomobilin sürücü yerində əyləşmiş bir nəfər şəxs (X2) Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 bir-birindən ayırmış, Hüseynin Əhmədovun qolundan tutaraq kafenin içərisinə aparmış, sonra Zərərçəkmiş şəxs1 də kafeyə daxil olmuş, onnlar ayrıca öz masasında əyləşmişlər, saat 19:43 radələrində Zərərçəkmiş şəxs1 əlində olan pivə bakalı ilə Təqsirləndirilən şəxs əyləşdiyi masaya yaxınlaşmış və birdən ara qarışmış və ətrafdakı insanlar onra tərəf qaçmağa başlamışlar. (Videogörüntü də Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs pivə bakalı atması və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 pivə bakalı ilə vurması bilavasitə əks olunmamışdır) Cinayət işində olan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 99 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ qaş üstü nahiyənin çapılmış-kəsilmiş yarası, sol alın gicgah nahiyəsinin, alının sol yarısının, sol alıncıq nahiyəsinin cızıqları iti kənara malik əşya(lar) ola bilsin sınmış şüşə parçası, sol gözətrafı nahiyənin, sol əlin birinci əldaraq nahiyəsinin ovuc səthinin qançırları sağ qaşüstü nahiyəsinin, alının sol yarısının, sağ və sol diz oynaqlarının ön səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törəmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işində olan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 105 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sol əlin birinci barmağı və sağ əlin üçüncü barmağının səthi kəsilmiş yaraları kəsici xassəyə malik əşyanın (əşyaların) təsirindən törənmişdir, törəmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işində olan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 267 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 5x5 sm ölçüdə bir ədəd şüşə qırıntısı, iki ədəd salfet üzərində olan ləkələrdə insan qanı aşkar edilmişdir. Bu qan ləkələri AB0 sistemi üzrə B alfa /İİİ/qruplu şəxsə Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Ekspertizaya təqdim edilən digər 01 ədəd şüşə qırıntısında isə qan aşkar olunmamışdır. Cinayət işində olan « maddi sübut kimi tanınma haqqında » xx.xx.2024-cü il tarixli qərardan və raportdan görünür ki, üzərində qanabənzər ləkələr olan pivə bakalının qırıntıları və üzərində qanabənzər ləkələr olan 02 ədəd ağ rəngli salfetlər iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Tərtər rayon Polis Şöbəsinin maddi sübutları saxlaması otağına təhvil verilmişdir. Cinayət işində olan « sübutların qiymətləndirilməsi haqqında » xx.xx.2024-cü il tarixli qərardan görünür ki, hadisənin videogörüntüsünü özündə əks etdirən 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işində olan Tərtər Zülfüqaroğlu MMC-nin direktoru B.Mehtiyev tərəfindən veerilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 2024-cü ilin aprel ayı üçün Azərbaycan istehsallı 02 ədəd pivə bakalının sərbəst satış qiyməti 08 (səkkiz) manat müəyyən edilir. Cinayət işində olan “şübhəli səxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixli qərarla Tərtər RPŞ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Tərtər Rayon Məhkəməsinin 4(061)-25/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Tərtər Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünün surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi xx.xx.2024 il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Tərtər Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib 05 ay il müddətə azadlıqdan məhrum etmə cəzasına; Tərtər Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 62, 66.5, 333.4-cü maddəsi ilə təqsirli bilinib 07 ay il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işində olan Tərtər RİHB-nin Tərtər şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəsi S.Həsənov tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Cinayət işində olan şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs iki nəfər yetkinlik yaşına çatmayan uşaqları vardır. Cinayət işində olan Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə göndərilən xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, təqsirləndirilən şəxs Hüseyn Əhməddovla barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bildiyini və barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə görə dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) 1-ci hissəsinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 1.3-cü maddəsinə görə Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin 10.1-ci maddəsinə görə məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və işdə olan və məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərək istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını düzgün hesab etmir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı məhkəmə iclasında tədqiq edilən baş vermiş hadisəni özündə əks etdirən videogörüntüdən müəyyən olunur ki, mübahisənin (hadisənin) baş verməsi təqsirləndirilən şəxsin təşəbbüsü ilə deyil, Zərərçəkmiş şəxs1 özünün təşəbbüsü ilə olmuşdur. Belə ki, kafenin içərisində olan sözlü mübahisədən sonra təqsirləndirilən şəxs əvvəlcə kafeni tərk edib kafenin qarşısında dayanmış “Toyota prius” markalı avtomobilə əyləşib çıxıb getmək istəsə də, Zərərçəkmiş şəxs1 onu təqib edib dalınca gedərək mübahisəni körükləmiş və mübahisənin dava-dalaşa çevrilməsinə səbəb olmuşdur. Ətrafda olan şəxslərin müdaxiləsi ilə aralaşdırıldıqdan sonra hər ikisi yenidən kafeyə keçib ayrı-ayrı masalarda əyləşdikdən sonra Zərərçəkmiş şəxs1 yenə də təqsirləndirilən şəxsin əyləşdiyi masaya yaxınlaşınb əlindəki pivə bakalını tərsirləndiirilən şəxsə atmaqla onu cinayət əməli törətməyə sövq etmişdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, “təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqcasına hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz”. Məhkəmə istintaqı zamanı araşdırılan sübutlardan Təqsirləndirilən şəxs özünü cəmiyyətə qarşı qoyması, cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərməsi, özünü başqalarından üstün tutması və bu üstünlüyünü nümayişkarcasına ifadə etməsi kimi hallar müəyyən olunmamışdır. Ümumiyyətlə onun ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqcasına hörmətsizlik ifadə etmək niyyəti olmamışdır. Onun niyyəti ona qarşı edilmiş hərəkətlərə görə zərərçəkmiş şəxsə cavab vermək olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qərəzli xuliqanlıq hərəkətləri etməsi istintaq orqanı tərəfindən sübut edilməmiş və həmin faktı təsdiq edəcək hər hansı bir mötəbər sübut əldə edilməmişdir. Əksinə məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrindən, eləcə də və baş vermiş hadisəni özündə əks etdirən videogörüntüdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl qərəzli xuliqanlıq hərəkətləri deyil, şəxsi münasibətlər zəminində baş vermiş münaqişə nəticəsində şəxsiyyət əleyhinə törədilmiş olan əməldir. Azərbaycan Respublikası CPM-nin 32.2.7-ci maddəsinə görə məhkəmə tərəfindən hökm yalnız cinayət prosesi tərəflərinin iştirakı bərabər əsaslarla təmin edilməklə tədqiq olunmuş sübutlarla əsaslandırılır. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respuybliaksı Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli 1№-li qərarının 3-cü bəndinə görə ictimai qaydanı kobud sürətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkmiş şəxsin təşəbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirlmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda sadalanan qanunvericilik normalarını, eyni zamanda cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs qərəzli xuliqanlıq hərəkətləri məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, onun əməli ittiham edildiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə deyil, şəxsiyyət əleyhinə yönələn əməl kimi qiymətləndirilərək Zərərçəkmiş şəxs1 yetirilmiş xəsarətlərin dərəcəsinə uyğun olaraq (ona yetirilmiş xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olmuşdur) Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsüf olunmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun xx.xx.2021-ci il tarixli 15 saylı Qərarının 37-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, ... ittihamın ... dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericilik aktı normalarını, eyni zamanda cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs qərəzli xuliqanlıq hərəkətləri məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, onun əməli ittiham edildiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 128-ci maddəsi ilə tövsüf olunmalıdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə və baş vermiş hadisəni özündə əks etdirən videogörüntüdəki məlumatlara məcmu halında qiymətt verərək, onların ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət əməli olmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73-cü maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi qanuna uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsində göstərilir ki, ictimai xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulan hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyi baxımından da Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. İş üzrə maddi sübut olan və Tərtər rayon polis şöbəsində saxlanılan üzərində qanabənzər ləkələr olan pivə bakalının qırıntıları və üzərində qanabənzər ləkələr olan 02 ədəd ağ rəngli salfetlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; hadisənin videogörüntüsünü özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. İş üzrə maddi sübut olan və Tərtər rayon polis şöbəsində saxlanılan üzərində qanabənzər ləkələr olan pivə bakalının qırıntıları və üzərində qanabənzər ləkələr olan 02 ədəd ağ rəngli salfetlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; hadisənin videogörüntüsünü özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. HAKİM: TAHİR QUBADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar