Məhkəmə qərarları › İş №1(061)-76/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №1(061)-76/2025

04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 1(061)-76/2025 04.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1967-ci il təvəllüdlü, Ermənistan Respublikası, Ararat rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Tərtər rayon Bəyimsarov kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaq məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik maddələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 440 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək yaşadığı evdə saxlamış, 15 sentyabr 2025-ci il tarixdə saat 18 radələrində Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirən zaman evin həyətində yerləşən əl damının qarşısında olan masanın üzərində təmiz çəkisi 440 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında veridiyi izahatında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 1991-ci il tarixdən narkotik vasitə olan marixuana istifadə edir. Təxminən xx.xx.2025-ci il tarixdə saat 17 radələrində yonca almaq məqsədilə tək halda həmkəndlisi yoncasını satan Elçin adlı şəxsin torpaq sahəsində yoncaya baxmağa yollanmışdır. O, yonca sahəsinə baxıb geri qayıdan zaman orada su arxının kənarında yabanı halda bitmiş çətənə kolları aşkar etmiş və onları toplayıb evə aparmaq qərarına gəlmişdir. Həmin yerdən sellofan paket tapıb çətənə kollarının hissələrini onun içərisinə toplayıb evə gətirmişdir. Sonra çətənə kollarının yarpaqlarını təmizləyib qurutmaq məqsədi ilə həyətində olan stolun üzərinə sərmişdir. Bir gün sonra topladığı çətənə kolundan istifadə etmiş və yaxşı olmadığını bilmişdir. xx.xx.2025-ci il tarixdə polis əməkdaşları yaşadığı fərdi yaşayış evinə gəlib həyətində çətənə bitkilərinin olubolmaması bildirdikdə polis əməkdaşlarına olanları danışmışdır. Bundan sonra o, Tərtər rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evinə və həyətinə baxış keçirilməsinə etirazının olmamasını bildirmişdir. Bundan sonra polis əməkdaşları yaşadığı evin həyətinə baxış keçirən zaman həyətində olan masanın üzərinə qurutmaq məqsədilə sərdiyi marixuananı aşkar etmişdirlər. Bundan sonra polis əməkdaşları tərəfindən həmin narkotik vasitə hesab olunan qurudulmuş marixuana sellofan torbaya yığılmış və elektron tərəzidə çəkildikdə ümumi çəkisi torba ilə birlikdə 470 qram müəyyən olunmuşdur. Bundan sonra həmin kütlə müvafiq zərfdə qablaşdırılıb, möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Daha sonra fərdi yaşayış evinə baxış keçirilmiş və hər hansı bir narkotik vasitə aşkar olunmamışdır. Bundan sonra birlikdə narkotik vasitə hesab olunan marixuananı tapdığı sahəyə getmiş və həmin bitkilərin bitdiyi torpaq sahəsinə də baxış keçirilmişdir və ekspertizaya göndərilməsi üçün həmin ərazidən torpaq nümunəsi də qablaşdırıb götürülmüşdür. Daha sonra polis əməkdaşları onu rayon Polis Şöbəsinə gətirmişdirlər. Rayon Polis Şöbəsində maddi imkanı olmadığından dövlət hesabına növbətçi vəkil Müdafiəçi ilə təmin olunmuş və vəkili Müdafiəçi iştirakı ilə üzərində şəxsi axtarış keçirilsədə üzərindən hər hansı bir qanunazidd əşya və ya predmet aşkar olunmamışdır. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Polis Şöbəsində ona heç bir zorakılıq edilməmiş və o, törətdiyi əməldən peşiman olmuşdur. Müharibə veteranı, 1988-ci ildə Ermənistan Respublikasından məcburi qaçqın düşdüyünü, İİ qrup əlil olduğunu nəzərə alıb barəsində “Konstitusiya və Süverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq edilməsini xahiş etmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X5 göstərmişdir ki, Tərtər RPŞ-də polis sahə rəisi vəzifəsində xidmət edir. 15 sentyabr 2025-ci il tarixdə ona Tərtər rayon Bəyimsarov kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq özünə məxsus fərdi yaşayış evində narkotik vasitə saxlaması və istifadə etməsi barədə etimad doğuran, məlum, qərəsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumatı qəbul edilən kimi dərhal rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və rayon Polis Şöbəsinin rəhbərliyinin razılığından sonra Təqsirləndirilən şəxs əməllərini ifşa etmək məqsədilə 15 sentyabr 2025-cü il tarixdə əməliyyataxtarış tədbiri keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra o, Tərtər RPŞ-nin NMQnun əməliyyat müvəkkili Şahid1, Tərtər RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru, polis leytenantı Şahid4 və Tərtər RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X7 və mütəxəssis Şahid3 ilə birlikdə 15 sentyabr 2025-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs yaşadığı Tərtər rayon Bəyimsarov kəndində gəlmişlər. Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətinə baxış aparan zaman həyətdə masanın üzərində sərilmiş vəziyyətdə olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkarlamışdır. Həmin aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə Tərtər RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən elektron tərəzi vasitəsi ilə çəkilmiş, 01 ədəd qırmızı rəngli sellofan torba ilə birlikdə ümumi çəkisi 470 qram müəyyən olunmuşdur. Həmin aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə müvafiq qaydada qablaşdırılmış, ekspertizaya göndərilməsi üçün götürülmüş və imzalarla təsdiq etmişdirlər. Sonra onlar Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirmiş və evdən hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Baxış videoçəkiliş vasitəsi ilə həyata keçirilmişdir. Sonra Təqsirləndirilən şəxs saxlayaraq, Rayon Polis Şöbəsinə gətirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət edilmiş Müdafiəçi və onların iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, onun üzərindən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Sonra isə bununla bağlı protokol tərtib edilmiş və o da digər iştirakçılar kimi protokolu imzalamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, müstəqil mütəxəssisdir. Polis əməkdaşları 15 sentyabr 2025-ci il tarixdə ona Tərtər rayon Bəyimsarov kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq özünə məxsus fərdi yaşayış evində narkotik vasitə saxlaması və bununla bağlı Təqsirləndirilən şəxs həyətinə baxış keçiriləcəyini və baxış zamanı iştirak etməsini bildirmişlər. O, polis əməkdaşları ilə birlikdə Tərtər rayon Bəyimsarov kəndində yaşayan Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətinə keçirilən baxışda iştirak etmişdir. Fərdi yaşayış evinin həyətinə baxış aparan zaman həyətdə masanın üzərində sərilmiş vəziyyətdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkarlamışdır. Baxış zamanı müəyyən etmişdir ki, torpaqda bitkinin yetişməsi üçün əlverişli bir forma yaranıb və müəyyən olunmuşdur ki, həmin bu yabanı çətənə kolları becərilməmiş, öz-özünə bitən bir şəraitdə inkişafını davam etdirmişdir. Baxış zamanı həmin qurudulmuş marixuananın bitdiyi ərazidən Təqsirləndirilən şəxs Məhəmmədəli oğlunun, onun və Tərtər rayon polis şöbəsinin əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən torpaq nümunələri qablaşdırılaraq götürülmüşdür. Baxış videoçəkiliş vasitəsi ilə həyata keçirilmişdir. Aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər polis əməkdaşı tərəfindən elektron tərəzi vasitəsi ilə çəkilmiş, 01 ədəd qırmızı rəngli sellofan torba ilə birlikdə ümumi çəkisi 470 qram müəyyən olunmuşdur. Həmin aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə müvafiq qaydada qablaşdırılmış, ekspertizaya göndərilməsi üçün götürülmüş və imzalarla təsdiq etmişlər. İş materiallarından aydın olur ki, 15 sentyabr 2025-ci il tarixdə Tərtər rayon Bəyimsarov kəndində Tərtər RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən Tərtər RPŞ-nin NMQnun əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Tərtər RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Şahid2, Tərtər RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru, polis leytenantı Şahid4, mütəxəssis Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətinə baxış aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən əl damının qarşısında olan masanın üzərində səpələnmiş vəziyyətdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə Tərtər RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən sellofan torbaya yığılaraq, tərəzidə ölçülmüşdür. Ölçmə zamanı narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin sellofan torba ilə birlikdə ümumi kütləsi 470 qram müəyyən edilmişdir. Həmin aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır. Baxış videoçəkiliş vasitəsi ilə həyata keçirilmişdir. (İş vərəqə: 14-19). İş materiallarından aydın olur ki,15 sentyabr 2025-ci il tarixdə Tərtər rayon Bəyimsarov kəndində Tərtər RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən Tərtər RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Tərtər RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Şahid2, Tərtər RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru, polis leytenantı Şahid4, mütəxəssis Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs qurudulmuş marixuananı topladığı qeyd etdiyi torpaq sahəsinə baxış aparılmışdır. Baxış zamanı mütəxəssis Şahid3 bildirmişdir ki, “torpaqda bitkinin yetişməsi üçün əlverişli bir forma yaranıb və müəyyən olunub ki, həmin bu yabanı çətənə kolları becərilməmiş, öz-özünə bitən bir şəraitdə inkişafını davam etdirmişdir”. Baxış zamanı həmin qurudulmuş marixuananın bitdiyi ərazidən Təqsirləndirilən şəxs Məhəmmədəli oğlunun, mütəxəssis Şahid3 və Tərtər rayon polis şöbəsinin əməkdaşlarının iştirakı ilə təhqiqatçı Rəşad Hüseynov tərəfindən torpaq nümunələri qablaşdırılaraq götürülmüşdür. Baxış videoçəkiliş vasitəsi ilə həyata keçirilmişdir. (İş vərəqə: 20-23). İş materiallarından aydın olur ki, 15 sentyabr 2025-ci il tarixdə Tərtər rayon Polis Şöbəsinin inzibati binasında Tərtər RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən Tərtər RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Tərtər RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Şahid2, Tərtər RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru, polis leytenantı Şahid4 və Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan ağ-göy rəngli idman gödəkçəsinin sol daxili cibindən 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd alışqan, 01 ədəd “Milano” markalı siqaret paçkası, həmin gödəkçənin sol yan cibindən 02 ədəd alışqan , üzərində olan göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd “Milano” markalı siqaret paçkası, cins şalvarın sağ yan cibindən 01 ədəd 10 manatlıq əskinas, həmin şalvarın sağ arxa cibindən 01 ədəd əl dəsmalı aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Şəxsi axtarış videoçəkiliş vasitəsi ilə həyata keçirilmişdir. (İş vərəqə: 42-46). İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X3 regional Bölməsinin 16 sentyabr 2025-ci il tarixli 16/791 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Tərtər rayon Bəyimsarov kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar olunaraq götürülmüş narkotik vasitə hesab olunan qurudulmuş marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan paketdə təmiz çəkisi 440 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (İş vərəqə: 49; 52-55) İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X3 regional Bölməsinin 16 sentyabr 2025-ci il tarixli 16/791 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Tərtər rayon Bəyimsarov kənd sakini Təqsirləndirilən şəxs yığdığı çətənə bitkilərinin bitdiyi yerdən götürülmüş torpaq nümunəsi” yazı və imzalar olan kağız paketdəki torpaq nümunəsində, narkotik tərkibli bitki hissələri və narkotik vasitə qalıqları yoxdur.(İş vərəqə: 49; 52-55). İş materiallarından aydın olur ki, müstəqil mütəxəssis X4 xx.xx.2025-ci il tarixdə daxil olmuş rəyindən görünür ki, baxış zamanı müəyyən olunmuşdur ki, həmin kütlənin yarpaq hissəcikləri xüsusi olaraq qurudulmuş və Təqsirləndirilən şəxs tərəfindən qulluq olunmuş vəziyyətdədir. Həmçinin o, Təqsirləndirilən şəxs və polis əməkdaşlarının iştirakı ilə Tərtər rayon Bəyimsarov kəndi ərazisində yerləşən su arxının kənarındakı torpaq sahəsinə baxış keçirtmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin yarpaq hissəciklərini sonuncu həmin torpaq sahəsindən yığmışdır. Torpağın münbitliyindən və torpaq sahəsinin suya yaxın olmasından müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs göstərdiyi yer həmin yarpaq hissəciklərinin həmin torpaq sahəsindən yığılması mümkündür. (İş vərəqə: 56). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji dispanserinin 07 oktyabr 2025-ci il tarixli 1577 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (İş vərəqə: 98-100; 126). İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə 19 oktyabr 2025-ci il tarixdə Tərtər rayon Bəyimsarov kəndində tərəfimdən təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti aparılmışdır. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təkrar təsdiq edərək narkotik vasutə olan qurudulmuş marixuananı saxladığı yeri göstərmişdir. Bununla bağlı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. (İş vərəqə: 132-134). İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30 sentyabr 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(İş vərəqə: 112). İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi Tərtər rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 29 sentyabr 2025-ci il tarixli 18-1-75/2-839/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında dayanmır.(İş vərəqə: 111). İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 31 oktyabr 2025-ci il tarixli GQ-2-952-787-2025 nömrəli məktubu ilə daxil olmuş və iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olan və xaric olan zəngləri özündə əks etdirən bir ədəd diskə 05 noyabr 2025-ci il tarixdə tərəfimdən baxış aparılmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrə vasitəsilə müxtəlif mobil nömrələr ilə telefon danışıqları aparmış, lakin iş üzrə sübut əhəmiyyəti olan hər hansı xüsusat aşkar edilməsi mümkün olmamışdır.(İş vərəqə: 113-119; 158-161). İş materiallarına əlavə edilmiş Tərtər rayon Bəyimsarov kənd İƏD-İ üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayon Bəyimsarov kəndində daimi yaşayır, həmin tarixli xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunmuşdur.(İş vərəqə: 107-110). İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs Tərtər rayon Bəyimsarov kəndində oğlunun fərdi yaşayış evinin həyətində olan masanın üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın ümumi təmiz çəkisi 440 qram olmuş, ekspertiza zamanı ümumi 0,1 qram istifadə edildikdən sonra hazırda qablaşdırılmış vəziyyətdə ümumi təmiz çəkisi 439,9 qram narkotik vasitə olan qurudulmuş marixuananın 22 sentyabr 2025-ci il tarixdə tərəfimdən cinayət işi üzrə maddi sübut kimi tanınması və saxlanması üçün Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir.(İş vərəqə: 91-94). İş materiallarına əlavə edilmiş 15 sentyabr 2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokola əlavə edilən və Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətinə baxış aparılmasının videogörüntüsünü özündə əks etdirən bir ədəd diskin 22 sentyabr 2025-ci il tarixdə tərəfimdən cinayət işi üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilərək saxlanılmışdır. (İş vərəqə: 91-94). İş materiallarına əlavə edilmiş 24 sentyabr 2025-ci il tarixdə Tərtər RPŞ-nin CAB-nə əməliyyat tapşırığı verilmiş, Tərtər RPŞ-nin CAB-nin 04 oktyabr 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Tərtər rayon Bəyimsarov kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin alğı-satqısı məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətində olan masanın üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı kimdən, haradan və nə vaxt əldə etməsinin müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs Tərtər rayonu ərazisində və Respublikasının digər ərazilərində analoji cinayətlərdə iştirakının olması müəyyən edilməmişdir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da işüzrə sübut növləri kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi yuxarıda şərh olunan və işdə olan digər dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, satış məqsədi olmadan istintaq məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik maddələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 440 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək yaşadığı evdə saxlamış, 15 sentyabr 2025-ci il tarixdə saat 18 radələrində Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirən zaman evin həyətində yerləşən əl damının qarşısında olan masanın üzərində təmiz çəkisi 440 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə ərizə təqdim edərək göstərmişdir ki, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Tərtər Rayon Məhkəmənə göndərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, əvvəllər məhkyum olunmamışdır. Törötdiyi cinayət əməlinə görə peşmandır. Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Müharibə veteranıdır. 1988-ci ildə Ermənistyan Respublikasından məıcburi qaçqın düşmüş və Tərtər Rayon Bəyimsarov kəndində məskunlaşmışdır. Müddətsiz İİ qrup əlildir. Qeyd etdiklərini nəzərə alaraq “Konstitusiya və Süverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1-ci hissəsinin 1.1, 1,5 və 1.15-ci bəndlərinə əsasən cinayət məsuliyyətindən azad olunması və barəsində olan cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi da vəsatətlə məhkəməyə müraciət edərək vəsatətdə göstərdiklərini nəzərə alaraq Təqsirləndirilən şəxs “Konstitusiya və Süverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025ci il tarixli Qərarının 1-ci hissəsinin 1.1, 1,5 və 1.15-ci bəndlərinə əsasən cinayət məsuliyyətindən azad olunması və barəsində olan cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Konstitusiya və Süverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndində göstərilmişdir ki, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 1.1-ci bəndində göstərilmişdir ki, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19– 20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları (bu qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) müəyyən müddətə azadlıqdan məhrum etmə cızasından azad edilsinlər. Həmin qərarın 1.5-ci bəndində göstərilmişdir ki, 1948–1953-cü və 1987–1991-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistandan deportasiya olunmuş şəxslər amnistiya tətbiq edilən şəxslər dairəsinə aid edilən şəxslərdir(bu qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 1.15-cı bəndində göstərilmişdir ki, bu Qərar qüvvəyə mindiyi günədək orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər amnistiya tətbiq edilən şəxslər dairəsinə aid edilən şəxslərdir(bu qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Cinayət işinin materiallarına əlavə edilmiş MV № 083756 vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranı olmaqla veteranlar üçün Azərbaycan Respublikasının qanunverciliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Cinayət işinin materiallarına əlavə edilmiş Tərtər rayon Bəyimsarov kənd İƏD-i üzrə nümayəndənin verdiyi 22 saylı, xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 1988-ci ildə Ermənistan Respublikasının Ararat rayonundan məcburi qaçqın düşmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 21 saylı X10 Komissiyasının verdiyi tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən müddətsiz İİ qrup əlildir. Cinayət işinin materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin təsiri altına düşmür. Azərbaycan Respublikası CPM-in 39.1.12-ci maddəsində göstərilmişdir ki, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsində göstərilmişdir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə “Konstitusiya və Süverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.1, 1.5, 1.15-ci bəndlərinin eləcə də, qanunun qeyd olunan normalarının tələblərini, habelə müdafiə tərəfinin mövqeyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlivə cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən xitam verilməlidir. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə əsasən iş üzrə maddi sübut hesab edilən Tərtər Rayon Polis Şöbəsində saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 439,9 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs cinayət işi üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və gütürmə aparılmasını özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə “Konstitusiya və Süverenlik ili münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.1, 1.5, 1.15 və 5.1-ci bəndlərinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edisin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasə xitam verilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut hesab edilən Tərtər Rayon Polis Şöbəsində saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 439,9 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs cinayət işi üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və gütürmə aparılmasını özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, qərqr həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar